Azərbaycanda şəhidə toy etdilər - VİDEO

28, 11, 21
16:30

Azərbaycanda şəhidə toy etdilər - VİDEO


Bakıda şəhidə toy ediblər.

"Azərbaycan Reallığı" xəbər verir ki, bunu əks etdirən görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Əldə etdiyimiz məlumata görə, bu mərasim əslən Cəbrayıl rayonundan olan şəhid Emin İsmayılovun ildönümündə baş tutub. Mərasim zalına şəhidin maketi “Vağzalı” sədaları ilə gətirilib.

Qeyd edək ki, Emin İsmayılov 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu idi. Goranboy rayonunda yerləşən “N” saylı hərbi hissədə xidmət edirdi.

Azərbaycan Ordusunun əsgəri olan Emin İsmayılov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Suqovuşanın və Kəlbəcərin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Emin İsmayılov 6 oktyabr 2020-ci ildə Kəlbəcər rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. II Şəhidlər Xiyabanında dəfn olunmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Emin İsmayılov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Emin İsmayılov ölümündən sonra “Cəsur döyüşçü” medalı ilə təltif edildi.

Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Emin İsmayılov ölümündən sonra “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildi.

Həmin videonu təqdim edirik:


AZƏRBAYCANREALLIĞI.COM

Bizimlə əlaqə saxlayın