Ərdoğanın Füzuli və Zəngilan səfərinin şifrəli mənası

28, 10, 21
18:00

Ərdoğanın Füzuli və Zəngilan səfərinin şifrəli mənası

Qarabağ təkcə Azərbaycan deyil, həm də Türkiyədir!; Türkiyə və Azərbaycan prezidentləri dost-düşmənə BİR MİLLƏT, İKİ DÖVLƏTin sözünü dedilər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Füzuli aeroportunun açılış törəninə gəlməsi böyük siyasi hadisə oldu. Bu səfər, o törən Qarabağın, Azərbaycanın Türkiyə və onun siyasi rəhbərliyi üçün nə demək olduğunu növbəti dəfə ortaya qoymaqla yanaşı, həm də bütün dünyaya nümayiş etdirdi.

Azərbaycan və Türkiyə liderlərinin Şərqi Zəngəzurda bərabər addımlamaları ermənilərə, “artsax” ideologiyasına vurulan ağır zərbə oldu. İki Türk dövlət başçısı Qarabağın mərkəzində - Füzulidə aeroport açılışında iştirak etdilər, bəyanatlar verdilər, bölgə ölkələrinə, o cümlədən Ermənistana ünvanlı xəbərdarlıqlarını etdilər. Azərbaycan Ərdoğan və Türkiyə qədər böyüdü oktyabrın 26-dakı törənlərlə. Səfərin ən vacib və həssas məqamı isə təbii ki, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun - Zəngəzur dəhlizinin təməlinin qoyulduğu törən idi. Zəngəzur dəhlizinin - Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməlinin qoyulmasının tarixi əhəmiyyəti danılmazdır. Bakıdan İstanbula avtomobil və dəmir yolu dəhlizinin yaradılması ümumdünya əhəmiyyəti kəsb edir, artıq bununla bağlı müsbət mesajlar gəlməkdədir. Zəngəzur dəhlizinin regionda kommunikasiyaların, iqtisadi əlaqələrin möhkəmlənməsində rolu danılmazdır. Bu layihə reallaşdırılandan sonra bütün iştirakçı ölkələrin Zəngəzur dəhlizindən yararlanmaq imkanları olacaq, yetər ki, onlar normal mövqe sərgiləsinlər. R.T.Ərdoğanın bəyan etdiyi kimi, “bu regiondan keçəcək quru və dəmir yolları təkcə Azərbaycana və Türkiyəyə xidmət etməyəcək”.
Şuşa Bəyannaməsinin tarixi əhəmiyyəti - TƏHLİL
Şuşa Bəyannaməsinin imzalandığı tədbirdən sonra deyilirdi ki, Türkiyə Qarabağda rəsmən təmsil olunmağa başladı. İndi isə Türkiyə Zəngəzur layihəsinin rəsmən ortağı, əsas tərəflərdən biri oldu. Bu dəhlizdə Türkiyə əsas aparıcı üzv dövlət statusu qazanmış oldu. İndi bu koridorun inşasına mane olan hər hansı dövlət qarşısında həm də Türkiyəni görəcək. Füzuli və Zəngəzura Ərdoğanla Əliyevin birgə səfəri həm də o əraziləri İranın təhdidlərindən, aqressiyasından qorumuş oldu.

“Ümid edirik ki, İran sağlam düşüncə ilə hərəkət edəcək. Əgər belə olarsa, İranla Azərbaycan arasında heç bir problem olmayacaq”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan səfərdən qayıdarkən jurnalistlərin suallarını cavablandırarkən deyib.

Prezident ardınca bildirib: “Azərbaycan Prezidenti İlham Əliyev qətiyyətli mövqedədir və heç bir güzəştə getmir. O dedi: ”Biz İsrailə heç bir güzəşt etmirik. Biz İsraillə hər cür mal mübadiləsi edə bilərik. Biz müxtəlif ölkələrlə necə davranırıqsa, İsraillə də bu cür əlaqələrimiz var və gələcəkdə də bunu davam etdirəcəyik". Bu məsələlərdə ölkələr bir-birinin qərar mexanizmlərinə təsir etməməlidir və edə bilməz. Ümid edirik ki, İran burada sağlam düşüncə ilə hərəkət edəcək. Əgər belə olarsa, İranla Azərbaycan arasında heç bir problem olmayacaq".
Ərdoğandan İran açıqlaması: "Sağlam düşüncə ilə hərəkət edərsə..."
Kifayət qədər açıq və konkret mövqedir. Rəsmi Ankara üçün geri dönüş yoxdur və hədəflərə çatmaqda israrlıdır. Bir sözlə, Türkiyə və Azərbaycan prezidentləri dost-düşmənə BİR MİLLƏT, İKİ DÖVLƏTin sözünü dedilər. Bundan sonra Qarabağ təkcə Azərbaycan deyil, həm də Türkiyədir!

Deputat Ceyhun Məmmədov açıqlamasında Ərdoğanın bir günlük səfərinin böyük önəmindən bəhs etdi: “Artıq bir neçə dəfədir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edir və ölkəmizə həm siyasi, həm də mənəvi dəstəyini nümayiş etdirir. Azərbaycanın tarixi Zəfərindən sonra, bu artıq üçüncü səfərdir. Müharibə dövründə və ondan sonrakı dövrlərdə Türkiyə hər zaman Azərbaycana öz dəstəyini nümayiş etdirib. Bu baxımdan cənab Ərdoğanın ölkəmizə səfəri və Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirak etməsi xüsusi əhəmiyyətə malikdir. Eyni zamanda ikitərəfli əlaqələrin inkişafına öz ciddi töhfəsini verəcək. Füzuli artıq beynəlxalq şəhərə çevrilir və burada hava limanının inşa olunması bölgənin inkişafına da ciddi dəstəyini göstərəcək”. Deputatın sözlərinə görə, Türkiyə Prezidentinin ölkəmizə səfəri bir daha Azərbaycanın yanında olduğunu və öz dəstəyini əsirgəməyəcəyini nümayiş etdirir: “Azərbaycan xalqı da Türkiyənin bu dəstəyini hər zaman yüksək qiymətləndirir. Qarşıda duran əsas mühüm məsələlərdən biri də iki qardaş ölkə olaraq birlik və həmrəyilimizi qorumaq, möhkəmləndirməkdir. Bu səfər və Zəngilanda bir sıra birgə layihələrin icrasına başlanılması bölgədə sabitliyi pozmaq istəyən, Azərbaycanla təhdid dilində danışmaq istəyənlərə də mesajdır. Bu gündən sonra Azərbaycana qarşı hansısa təxribat törətmək istəyənlər qarşılarında həm də Türkiyəni görəcəklər”.
Azərbaycanda rektor vəzifədən gedir - Modern.Az Azərbaycan və dünya  xəbərləri
Deputat: “Bu gündən sonra Azərbaycana qarşı hansısa təxribat törətmək istəyənlər qarşılarında həm də Türkiyəni görəcəklər”
C.Məmmədov qeyd etdi ki, bölgədə əsas söz sahibi artıq Türkiyə və Azərbaycandır: “Zəngəzur dəhlizi mütləq açılmalıdır. Bunu cənab Prezident əvvəl də bildirmişdi. Ermənistan bunu ya könüllü edəcək ya da buna məcbur ediləcək. Nə qədər gec deyil, bunu Ermənistan və onun havadarları anlamalıdırlar. Əgər anlamasalar, nəticəsi və vəbalı Ermənistan üçün çox ağır olacaq”.

Politoloq Məhəmməd Əsədullazadə hesab edir ki, İkinci Qarabağ müharibəsində qalibiyyət regionda Türkiyə Azərbaycan müttəfiqliyinin ən yüksək zirvəsidir: “Bu müttəfiqlik məhz Şuşa Bəyannaməsi ilə rəsmiləşdi. Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan təkcə iki Türk dövlətinin qardaşlığını inkişaf etdirmir, həm də Türk dünyasının birləşməsinə aparır. Məhz Zəngəzur dəhlizi və Qarabağın işğaldan azad olunması buna xidmət edir. Türkiyə Prezidentinin təyyarəsinin Füzuli Beynəlxalq Hava Limanına birbaşa enməsi təbii ki, region ölkələrinə ciddi mesaj olmaqla yanaşı, Araz vadisində, Şərqi Zəngəzurda və Qarabağda iqtisadi inkişafın təməlinin qoyulması deməkdir. Regionda yeni bir geosiyasi-geoiqtisadi və geostrateji nizam formalaşır və bunu Ankara-Bakı həyata keçirir. İranın son günlər bu tandemə qarşı destruktiv siyasəti də fiaskoya uğradı və regionda bu nizamla barışmaq məcburiyyətində qaldı. Təkcə İran deyil, Ermənistanında 200 illik xəstə ideologiyası da artıq tənəzzülə uğradı”.
Fransanın qərəzli mövqeyi (Murad Özkalili, Məhəmməd Əsədullazadə) - ARB24  (Gündəm) - YouTube
Məhəmməd Əsədullazadə

M.Əsədullazadə digər məsələyə də diqqət yetirməyi vacib sayır: “Türkiyə Prezidenti Ermənistanla sərhədə gedir və ”buradan İstanbula yol açılacaq" kimi mesaj verirsə, demək, artıq dəhliz də öz həllini tapıb. Ümumiyyətlə, bu səfər regionda iqtisadi rifaha və təhlükəsizliyə xidmət edir. Biz regionda yeni bir platformanın yaradılmasının da şahidi olacağıq. Yeni regional bir avtomobil yolunun təməlinin atılması İstanbulla Mərkəzi Asiyanı birləşdirir və bu, Türkiyənin artıq beynəlxalq gücə çevrilməsini şərtləndirir".

“Son 10 ay ərzində Türkiyə Prezidenti cənab Ərdoğanın Azərbaycana 3 səfəri olub və hər 3 səfərdə də Türkiyə-Azərbaycan əlaqələrinin daha da yaxşılaşdırılması və möhkəmləndirilməsi istiqamətində konkret addımlar atıb. Bu addımlarla, hər şeydən əvvəl, bütün dünyaya o mesaj verilib ki, Türkiyə və Azərbaycanı təkcə din, dil, kök eyniliyi birləşdirmir, həm də hər iki dövlətin regionumuzun gələcəyi ilə bağlı baxışları, strategiyaları da eynidir, ortaqdır”.

Elxan Şükürlü

Bu fikirlər Ədalət Partiyasının sədr müavini Elxan Şükürlüyə məxsusdur. E.Şükürlü hesab edir ki, R.T.Ərdoğanın Azərbaycana son ildəki hər üç səfəri Qarabağ məsələsində Azərbaycana beynəlxalq təzyiqlərin artdığı vaxt gerçəkləşib və Türkiyə Prezidenti də bu səfərləri ilə Azərbaycanı meydanda tək qoymayacağını birmənalı nümayiş etdirib: “Cənab Ərdoğan 44 günlük Qarabağ savaşının gedişində Azərbaycanı hədəf seçən güclərin önünə sipər olub onları neytrallaşdırdığı kimi, ondan sonrakı müddətdə də bölgədə qalıcı sülhün əldə edilməsində köməyini əsirgəmir. Baxın, 2020-ci ilin dekabrında Bakıdakı Zəfər Paradına qatılmaqla və o paradda da Türkiyə hərbçilərinin ayrıca kolonla iştirakını təmin etməklə, bütün dünyaya o mesajı verdi ki, Türkiyə bu zəfərin payçısıdır, onu bölüşür, Azərbaycanla hərbi sahədə bir yerdədir və kimsə revanş həvəsinə düşməsin. Ardınca da 15 iyunda Şuşaya gəlməklə və Azərbaycanla bütün sahələr üzrə müttəfiqiliyin bəyanı olan Şuşa Bəyannaməsini imzalamaqla, 20 iyunda seçki keçirəcək Ermənistanda revanşistlərin mövqeyinə növbəti ağır zərbəni vurmuş oldu. 26 oktyabrda yenə birbaşa işğaldan azad edilmiş Füzuliyə və Zəngilana gəlməklə, təyyarəsini birbaşa Füzuli limanına endirməklə və Zəngəzur dəhlizinin əsas hissəsi olacaq yolun təməlini atmaqla, göstərdi ki, Türkiyə Qarabağdakı tikinti-quruculuq işlərində də söz sahibidir, bölgənin inkişafında və nəqliyyat-kommunikasiya əlaqələrinin tezliklə işə düşməsində maraqlıdır".
Elçin Mirzəbəyli: “Vətəndaşlar reketçiliyə qarşı mübarizədə fəal  olmalıdırlar” - ONN İnformasiya Agentliyi
Elçin Mirzəbəyli

BAXCP sədrinin müavini, siyasi analitik Elçin Mirzəbəyli də səfərin əhəmiyyətini danılmaz sayır: “Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın işğaldan azad olunan Azərbaycan ərazilərində həyata keçirilən ilk böyük layihənin - Füzuli Beynəlxalq Hava Limanının açılış mərasiminə qatılması, Qarabağdan dünyaya açılan pəncərə sayıla biləcək hava limanına edilən ilk beynəlxalq səviyyəli uçuşun məhz qardaş ölkənin dövlət başçısının iştirakı ilə gerçəkləşməsi mühüm tarixi hadisə olmaqla yanaşı, Azərbaycanla Türkiyənin sarsılmaz birliyini, qardaşlığını nümayiş etdirir. Əgər ”Əsrin müqaviləsi"ndən başlayaraq, Azərbaycan və Türkiyənin təşəbbüsləri, həmçinin iştirakları ilə həyata keçirilən layihələr hər iki ölkənin gücünə güc qataraq, onların və bu prosesdə iştirak edən tərəflərin inkişafına böyük töhfə vermişdisə, həmçinin Azərbaycan torpaqlarının işğaldan azad edilməsinə gətirib çıxaran strategiyanın həyata keçirilməsində mühüm rol oynamışdısa, 44 günlük Vətən müharibəsində və daha sonra iki qardaş dövlətin nümayiş etdirdiyi birlik, həmrəylik və prinsipiallıq milli iradəmizin təzahürü olan ittifaqımız üçün geniş perspektivlər açır. Azərbaycan-Türkiyə əməkdaşlığı, qardaşlığı artıq regional, və qlobal faktora çevrilib və hər iki ölkənin beynəlxalq miqyasda mövqelərinin daha da möhkəmləndirilməsi üçün yeni imkanlar yaradıb". E.Mirzəbəyli hesab edir ki, bir millətin, xalqın vahid dəyərlərə söykənərək toparlanmaq, milli iradəsini ifadə etmək, torpağına, dilinə, mədəniyyətinə sahiblənmək bacarığı nə qədər mühümdürsə, bu milli iradəni ifadə edə biləcək qətiyyətli liderlərinin olması bir o qədər əhəmiyyətlidir: “Bu xüsusda İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın eyni və həm də həlledici tarixi əhəmiyyətə malik zaman çərçivəsində dövlətlərimizə rəhbərlik etmələri, dostluq, qardaşlıq münasibətlərinə malik olmaları, milli maraqları hər şeydən üstün tutmaları və qətiyyətlə qorumaq iradəsinə sahib olmaları, qənaətimə görə, Azərbaycan-Türkiyə xalqının - iki dövlətin bir millətinin ən böyük qazancıdır. Məhz bu iki liderin birgə səyləri nəticəsində türk xalqlarının ortaq milli iradəsinin həyata keçirilməsi üçün tarixi bir şans yaranıb. Azərbaycan və Türkiyənin həyata keçirdiyi birgə layihələr Türk Dövlətləri arasındakı mənəvi və coğrafi bağların möhkəmləndirilməsi üçün, həm enerji və nəqliyyat dəhlizləri, həm də digər istiqamətlərdə, əlverişli və möhkəm əsas formalaşdırıb. Təməl qurulub və bütün qonşu xalqlara, dövlətlərə rifah, inkişaf, sabitlik və təhlükəsiz gələcək vəd edən EVin inşasının davam etdirilməsi üçün bütün imkanlar yaradılıb. Azərbaycanın Türk Şurasına sədrlik etdiyi zaman kəsiyində tarixi nailiyyətlərə imza atılıb, bir zamanlar, hətta ideya kimi davamlılığı şübhə altında olan Türk Birliyinin cazibədarlığı artıb. Növbəti Zirvə Toplantısında Türk Şurasına sədrlik Azərbaycandan Türkiyəyə keçəcək və şübhə etmirəm ki, yenə də birgə səylər nəticəsində qarşılıqlı əməkdaşlığın, müttəfiqlik münasibətlərinin inkişafı üçün perspektivlərin formalaşdırılması prosesi əzmlə, qətiyyətlə irəliyə doğru aparılacaq. Yolumuz açıq olsun!”

Təbii ki, hər birimiz bu yolda ancaq uğurlu sonluğa, daha böyük hədəflərə çatmağı arzulayırıq. “Yurdda sülh, cahanda barış” amaclı Türkiyə Qarabağın, Şərqi Zəngəzurun yenidən qurulması və inkişafı ilə əslində region ölkələrini də inkişafdan bəhrələnməyə səsləmiş olur. Qarabağ məsələsinin həllindən, probemin “açar”ı tapılandan sonra çox müşkül qapılar da açılacaq, şübhəmiz yoxdur...Azərbaycan və Türkiyə qardaşlığı ancaq inkişaf vəd edir, kimisə təhdid məqsədi daşımır, əsla. Amma yanlış anlayanlar olacaqsa, o halda Dəmir yumruq və “Osmanlı tokatı” yerində olacaq...

AZƏRBAYCANREALLIĞI.COM





Bizimlə əlaqə saxlayın