Ay yarım əvvəl yaranan şirkət Ağdam rayon İcra hakimiyyətinin keçirdiyi 7 tenderin qalibi oldu - FOTOFAKT

03, 10, 21
17:00

Ay yarım əvvəl yaranan şirkət Ağdam rayon İcra hakimiyyətinin keçirdiyi 7 tenderin qalibi oldu - FOTOFAKT


Ağdam rayon İcra Hakimiyyəti tərəfindən keçirilən 7 müxtəlif tenderin (Kotirovka sorğusu) qalibi eyni şirkət olub.

Tender müsabiqələrinin qalibi cəmi ay yarım əvvəl dövlət qeydiyyatına alınan “Qələbə-A 2020” MMC (VÖEN – 3201474241) olub.

Qeyd edək ki, “Qələbə-A 2020” MMC ümumi dəyəri 111 min 643 manat 90 qəpik olan tender müsabiqələrinin qalibi olub:

1.  Ağdam rayon İcra Hakimiyyəti İnzibati binasının cari təmir işləri – 9 998 AZN

2. Ağdam rayon Quzanlı qəsəbə 2 nömrəli uşaq baxçasının cari təmir işləri – 12 172.9 AZN

3. Ağdam rayon Hacıturallı kənd uşaq baxçasının təmiri işləri – 26 226 AZN

4. Yumuşaq inventar yataq ləvazimatları və xüsusi geyimlərin alınması – 14 955 AZN

5. Maşın və avadanlıqların alınması işləri – 22 930 AZN

6. Dəftərxana və təsərrufat xərcləri – 7 404 AZN

7. Digər malların alınması – 17 958 AZN
 
Məlumat üçün bildirək ki, “Qələbə-A 2020” MMC 16.02.2021-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Ağdam rayonunun Quzanlı qəsəbəsində yerləşir. Qanuni təmsilşisi isə Həsənov Əvəz İslam oğludur.

Maraqlıdır ki, 16.02.2021-ci il tarixində dövlət qeydiyyatına alınan MMC cəmi  ay yarım sonra - 02.04.2021-ci il tarixində elan olunan tender müsabiqələrində iştirak edib və qalib elan olunub.

Dövlət qeydiyyatına alınan kimi 112 min manatlıq tender qalibi olan MMC-nin hansı peşəkarlığa sahib olduğu da başqa bir müəmma olaraq qalır.

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanunun 6-cı maddəsinin 2-ci bəndində açıq şəkildə yazılır ki, satınalma prosedurlarında iştirak etmək üçün malgöndərənlərin (podratçıların) ixtisas göstəriciləri aşağıdakı meyarlara uyğun gəlməlidir: Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığı, təcrübəsi, texniki və maliyyə imkanları, işçi qüvvəsi, idarəetmə səriştəsi, etibarlığı. (Yeniavaz.com)

AZƏRBAYCANREALLIĞI.COM

Bizimlə əlaqə saxlayın