Məni bağışlayın, şəhidlər...

27, 09, 21
11:00

Məni bağışlayın, şəhidlər...


Şəhidlər-27 sentyabr onların günü! Balasını torpağa qoymaq nə nə qədər ağır bir sınaq, Allahım...İtkin balasının nəşi qapısına gələndə qurban kəsənlər...Bu bir ailəyə sığan dərd deyil, bu yükü bir el, bir oba toplaşıb ancaq çəkə bilər. Bu şəhid hekayələri bir varağa sığan deyil, bu bir əfsanədir, kitablara düşəcək, dildən-dilə gəzəcək əfsanə... 

Nələr gördük bu müharibədə:nişanlısının tabutuna kişilərlə bərabər çiyin verən qızlar, övladının məzarına onda əvvəl girən, “məni da basdıran” deyən ana! Övladının ili çıxmamış ürəyi qübar olub dünyadan köçən neçə-neçə şəhid atası xəbəri oxuyuruq son günlər.  Birinci Qarabağ savaşındakı itkilərimizin yarası qaysaqlamamıdı axı heç... İkinci Qarabağ savaşında da itkilərimiz o qədər ağır, ağrılı ki...

Doğum tarixlərinə baxıram, bir çoxu hələ ana quzusu-2000, 2001, 2002-ci il doğumlular. Əksəriyyət atəşkəs uşaqlarıdır- 1993, 1994, 1995, 1996...Rütbələri-polkovnik, polkovnik-leytenant, baş gizir, gizir, baş əsgər, əsgər! Doğum yerləri-Azərbaycanın dörd bir yanı, dörd bir yanının kəndləri, qəsəbələri. Milliyyətləri- azərbaycanlı, avar, ləzgi, tat, talış, rus... Denis Pronin və Dmitri Solnsevi digər şəhidlərimizdən necə ayıra bilərik ki...

Bir müqəddəs Vətən savaşı ancaq bu qədər milli, millətləri bir bayraq altında, bir amal uğrunda birləşdirə bilərdi. Hamısı bizim övladlardır, hamısı bizim qardaşlarımızdır, hamısı... 

Vətən müharibəsinin yeganə qadın şəhidi Arəstə Baxışova... Bizim yaralı yerimiz.  Onun ruhu qarşısında başımızı dik tuta bilmərik. Biz çoxduq, növbələr vardı hərbi komissralıqların qarşçısında. O gərək, iki körpəsini qoyub getməyəydi. Amma getdi, bayrağa bükülüb qayıtdı, bir əfsanə də o qadın oldu. Qadın qəhrəmanımız Arəstə, bağışla bizi, həm də icazə ver səninlə fəxr edək!  

Böyük bir Azərbaycan yatır şəhidlər adı altında. Adları? Həsrət, İntiqam, Nicat, Müzəffər...Necə də müharibəmizə uyğun adlardır! Tariximiz də şəhid adları ilə ucaldı-Laçın, Təbriz, Tərlan, Babək, Beyrək, Cahangir, Mübariz...Daha kimlər var?  Elsevər, Elgün, Amal... Sonrası da var- Adəm, Məhəmməd, Əli, Cəbrayıl, Yusif, İman... Və... Bizi torpaqlara qovuşduran daha iki ad- Məsud və Firəvan...    
 
Vikipediyadakı siyahı uzandıqca, uzanır, sanki bitməyəcək kimi, adamın ürəyi necə qanamasın axı...2904 ad!  Hələ də bir neçə nəfər itkin hesab olunur. Anaları oğul tabutunun yolunu gözləyir... Müharibə budur- bu qədər ağır, bu qədər dərdli, bu qədər göz yaşlı! Bu qədər qəddar həm də! 
Biz bu müharibəni haqq edirdik, düşmənin belini qırdı iğidlərimiz, and yerimiz oldular. Düşmən qıydığı hər cana qarşılıq ən azı iki can verdi. Amma bu içimizi soyutmaz. Qanları ilə aldıqları azad torpaqlara ayaq basırıq, amma sanki hər tərəf onların qanı ilə boyanmış...

Xudayarının oxuduğu təsnif İkinci Qarabağ müharibəsinin himnidir. Birinci savaşda himnimiz “Marş irəli, Azərbaycan əsgəri!” olmuşdu. İkinci Qarabağ müharibəsində o marşı da, himni də Xudayar yazdı oxuduğu təsniflə...Təsirli deyil, təsnif də deyil, havalandırır adamı onu dinlədikcə. Bir kino lenti kimi keçir 44 günklük müharibə gözün qarşısında. Film kimi bir müharibə! Sonluğu Qələbəmizlə bitən müharibə! 

Biz Qələbənin hər dəqiqəsinə görə onlara borcluyuq-Şəhidlərimizə! Dövlət onların ana-atasını, uşaqlarını bərk-bərk qucaqlayıb. Atasız deyil o uşaqlar. Bundan belə dövlətdir onların babaları. Dövlət babalıq nə olduğunu hamımızdan yaxşı bilir. Dövlətə əmanətdir şəhid ailələri. Bizim borcumuz? Onların ruhu qarşısında ödənməz. Onların ailələrinə isə dövlət qədər, bayraq qədər sayğı göstərməliyik. Şəhidlər bizim bayrağımızdır, gerbimizdir, simvolumuzdur!      

...Şəhidlər üçün ağlamazlar deyirlər, mən bunu o günlər də bacarmadım, bu anım günün də bacarmıram. Bağışlayın, məni şəhid qardaşlarım. Bağışlayın. Şuşaya  SİZSİZ getdiyim üçün bağışlayın...

Nazim SABİROĞLU, 

AZƏRBAYCANREALLIĞI.COM

Bizimlə əlaqə saxlayın