İrəvanın masaya qayıtmasının sirri: “Erməni separatçıları mühasirədədir...”

19, 08, 21
15:00

İrəvanın masaya qayıtmasının sirri: “Erməni separatçıları mühasirədədir...”

Üçtərəfli danışıqlardan imtina edən Ermənistan hakimiyyəti dəmir yumruğun ab-havasını hiss etdikdən sonra yenidən “konstruktiv” görünməyə başlayıb; politoloq: “Nə qədər ki, növbəti müharibə başlamayıb, Moskvanın 10 noyabr və 11 yanvar bəyanatlarının yerinə yetirilməsini təmin etməsi vacibdir”Azərbaycan, Rusiya və Ermənistan baş nazir müavinlərindən ibarət üçtərəfli işçi qrupu yenidən fəaliyyətini bərpa edib. Belə ki, avqustun 17-də Moskvada Azərbaycan, Ermənistan və Rusiya baş nazir müavinləri Şahin Müstafayev, Mher Qriqoryan və Aleksey Overçukun iştirakı ilə üçtərəfli işçi qrupun növbəti iclası keçirilib.

Rusiya hökumətinin rəsmi saytında dərc olunmuş məlumatda deyilir ki, iclasda tərəflər Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının bərpası perspektivlərini nəzərdən keçirib və üç ölkə liderinin 11 yanvar 2021-ci il tarixli bəyanatı çərçivəsində aparılacaq işlərin gedişini müzakirə ediblər. 
Xatırladaq ki, bu ilin 11 yanvarında Moskvada Azərbaycan, Rusiya və Ermənistan liderlərinin görüşünün yekunları ilə bağlı baş nazirlərin müavinlərindən ibarət üçtərəfli işçi qrupun yaradılması qərara alınmışdı. Vaxtaşırı keçirilən görüşlərə bu ilin may ayından etibarən uzun fasilə verilmişdi. Belə ki, mayın 12-də Azərbaycan Ordusu delimitasiya və demarkasiya prosesi ilə əlaqədar olaraq dövlət sərhədimizin Qaragöl istiqamətindəki mövqelərində möhkəmlənəndən sonra rəsmi İrəvan absurd iddialarla çıxış edərək, üçtərəfli formatda danışıqlarda iştirakdan imtina qərarını açıqladı. Üçtərəfli işçi qrupun işlərinin dayandırılması iyunun 1-də məlum olmuşdu. Ermənistan baş nazirinin müavini Mher Qriqoryan İrəvanda  demişdi: Ermənistan-Azərbaycan sərhədində yaranmış vəziyyətə görə Ermənistan hesab edir ki, “bu formatda konstruktiv işləmək mümkün deyil”.
VİRTUAL AZƏRBAYCAN
Əslində növbədənkənar parlament seçkiləri ərəfəsində Nikol Paşinyana müxtəlif bəhanələrlə danışıqlardan yayınmaq hava və su kimi lazım idi. Bununla da o, 10 noyabr 2020-ci il üçtərəfli razılaşma sənədinin - imzaladığı kapitulyasiya aktının müddəalarının yerinə yetirilməsini uzatmaq imkanı əldə edirdi. Çünki erməni baş nazir revanşist qüvvələrin, o cümlədən Qarabağ klanının, daşnakların əlinə əlavə arqumentlər vermək, barəsində “xain” obrazı yaradanlara uduzmaq istəmirdi.

Düzdür, Azərbaycan baş nazirin müavini Şahin Mustafayev iyunda bildirmişdi ki, Ermənistanda yeni hökumət formalaşandan sonra işçi qrupu fəaliyyətini davam etdirəcək. Ancaq məsələnin kifayət qədər uzanması, məğlub Ermənistanın şərtlə danışmaq cəhdləri də aydın görünürdü. Ermənistandakı seçkilərdən sonra isə Azərbaycan rəhbərliyi xəbərdarlıq edərək, təqribən “seçki bitdi, oyunbazlığı da bitirin”, mesajını vermiş oldu. Lakin Ermənistanın Gədəbəydən Naxçıvanadək davam edən təxribatları, atəşkəsin pozulması halları intensiv hal almağa başladı. Azərbaycan Ordusunun düşmənə layiqincə cavab verməsi və mövqelərində möhkəmlənməsi, üstəlik, ali rəhbərliyin nəinki Ermənistana, hətta onun sahiblərinə ünvanlı açıq çağırışları, xəbərdarlıqları heç şübhəsiz ki, ciddi şəkildə götür-qoy edilib və sonda üçtərəfli danışıqların davamına alternativ olmadığı qəbul olunub. Dövlət başçımız İlham Əliyev üç gün əvvəl Laçın və Kəlbəcərə səfəri zamanı bir daha bəyan etdi ki, Zəngəzur və Göyçə tarixi Azərbaycan əraziləridir, bizim vətəndaşlarımız tarixi yurdlarına qayıtmalıdırlar. Prezident Qaragölün də Azərbaycana məxsus olduğunu elə bu məkandan bəyan etdi.
Prezident İlham Əliyev: Zəngəzur dəhlizi Avrasiyanın yeni bir nəqliyyat  layihəsinə çevrilə bilər - AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
Bundan əvvəl isə dövlət başçısı “CNN Türk” telekanalına müsahibəsində Zəngəzur dəhlizin açılacağını qətiyyətlə bəyan etmişdi.

Sitat: “Zəngəzur dəhlizinin açılması bir çox məqsədlərə, hədəflərə xidmət edir. Azərbaycanla Türkiyə yeni bir nəqliyyat layihəsi ilə birləşəcək. Dörd il bundan əvvəl Bakıda Bakı-Tiflis-Qars dəmir yolunun rəsmi açılış mərasimi olmuşdur. Biz bu dəmir yolu sayəsində Türkiyə ilə birləşdik. Zəngəzur dəhlizi isə ikinci bir birləşmə istiqaməti olacaq. Beləliklə, bizim üçün yeni fürsətlər ortaya çıxacaq. Eyni zamanda Azərbaycan öz ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə də dəmir yolu ilə birləşəcək. Eyni zamanda biz tələb edirik ki, avtomobil yolu da çəkilsin - Ermənistanın nəzarəti altında olan Qərbi Zəngəzur ərazisində, Mehri bölgəsində. Çünki bu da mütləq lazımdır. Zəngəzur dəhlizinin tam fəaliyyəti üçün həm dəmir yolu, həm avtomobil yolu olmalıdır. Əfsuslar olsun ki, Ermənistan buna etiraz edir. Son günlərə qədər Zəngəzur dəhlizinin açılmasına etiraz etmişdi. Ancaq biz Bakıda avtomobilə əyləşib oradan rahatlıqla Türkiyəyə və Naxçıvana keçməliyik”.

Qalib ölkənin liderinin qətiyyətli mövqeyini erməni tərəfi sükutla qarşıladı, mediası isə Prezident Əliyevin dediklərini şərhsiz yaymaqla kifayətləndi. Bəzi erməni rəsmilərin bu arada kommunikasiyaların açılmasının Ermənistana faydası barədə xalqa izahat verməyə başlaması isə maraqlı oldu. Deməli, dəmir yumruğun ab-havasını hiss edəndə ağıllanırlar. Necə ki, Azərbaycan Prezidenti bəzi revanşist meyllərin cavabında “Nədir, Ermənistan yeni müharibəyəmi hazırlaşır? Əgər belədirsə, onda biz qabaqlayıcı tədbirlər görəcəyik. Mən bunu demişdim və bir daha demək istəyirəm, əgər yenə də erməni faşizmi baş qaldırmağa cəhd belə göstərsə, biz onun başını bir daha əzəcəyik”, - deyərək, kəskin xəbərdarlıq edib, həmçinin erməniləri silahlandıran Rusiyaya müraciətlə buna son qoyulmasını istəyib. Dövlətimizin başçısı demişdi ki, “Biz istəyirik Ermənistanla sülh müqaviləsi imzalansın, Ermənistan və Azərbaycan bir-birilərinin ərazi bütövlüyünü tanısınlar və sərhədlərin delimitasiyası prosesi başlasın”. Azərbaycan Prezidenti Bakının “bu günə qədər Ermənistandan müsbət cavab alınmadığını” vurğulayaraq əlavə etmişdi: “Belə görünür ki, Ermənistan buna hazır deyil, ya da bunun əleyhinədir... Bu, böyük yanlışlıq olar və onlar özləri də peşman olacaqlar”. Prezident onu da qeyd etmişdi ki, biz bu təklifi masa üzərində əbədi saxlamalı deyilik. Sitat: “Əgər buna etiraz edirlərsə, açıq söyləsinlər ki, onlar Azərbaycanla sülh müqaviləsi imzalamaq istəmirlər. Belə olan halda biz də öz siyasətimizi buna uyğun şəkildə aparacağıq”. Kifayət qədər qətiyyətli, açıq mövqenin sərgilənməsindən sonra seçim imkanı sözsüz ki, Ermənistanın idi. Bəs Moskva toplantısı nədən xəbər verir? Ermənistan bunun ardınca sülh müqaviləsini imzalaya bilərmi? Üçtərəfli görüşün baş tutması Ermənistanın, Paşinyanın yola gəlməsi deməkdir, yoxsa yenə də erməni hiyləgərliyinin vaxt qazanmaq məqsədi var? Hər halda, Azərbaycanın Rusiyadan, onun Qarabağdakı sülhməramlılarından şikayət etdiyi, sərt mövqe nümayiş etdirdiyi bir vaxtda görüşün baş tutması olduqca maraqlıdır...
Dostumuzu itirdik” - Elxan Şahinoğlu vəfat edən diplomatdan yazdı | KONKRET
Elxan Şahinoğlu

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, uzun fasilədən sonra Rusiya, Azərbaycan və Ermənistan baş nazir müavinlərindən ibarət üçtərəfli işçi qrupunun avqustun 17-də Moskvada toplanaraq kommunikasiya xətlərinin açılma ilə bağlı müzakirələri davam etdirməsi hələ Ermənistan hakimiyyətinin məsələni uzatmayacağından xəbər vermir: “Ermənistanın baş naziri Nikol Paşinyan bir tərəfdən deyir ki, Azərbaycanla dəhlizin açılması zərurəti yarana bilər, o biri tərəfdən Zəngəzur koridorunun əleyhinə olduğunu vurğulayır. Paşinyan tərəddüd içərisindədir. O, bir tərəfdən koridor vasitəsilə bölgədə sülhün bərpası istiqamətində önəmli addımın atılacacağını anlayır, digər tərəfdən, güzəştə gedən tərəf kimi görsənmək istəmir. Onun tərəddüdünü Moskva çözə, 11 yanvar bəyanatının əsas bəndini əlində rəhbər tutaraq koridorun açılmasını təmin edə bilər”. Ancaq E.Şahinoğlunun fikrincə, problem ondadır ki, Rusiyanın özü də 10 noyabr və 11 yanvar bəyanatlarına sadiq deyil: “Laçın dəhlizindən silah, hərbi texnika və hərbçilər Qarabağa keçir, Qarabağda qanunsuz postlar qurulur, erməni separatçıları mövqelərini gücləndirməyə çalışırlar. Rusiyanın bölgədə sülh quruculuğu ilə məşğul olmadığını Prezident İlham Əliyev də son müsahibəsində etiraf etdi. Ona görə də Moskvanın kommunikasiya xətlərinin açılması məsələsində də ikili oynadığına dair şübhələrim var. Ancaq Moskvada onu da anlamalıdırlar ki, erməni separatçıları mühasirədədir və İlham Əliyevin təlimatı ilə Azərbaycan Ordusu bu mühasirəni daraltmağa çalışacaq. Ona görə nə qədər ki, növbəti müharibə başlamayıb, Moskvanın 10 noyabr və 11 yanvar bəyanatlarının yerinə yetirilməsini təmin etməsi vacibdir”. Politoloq xatırlatdı ki, yeni müharibə Ermənistan kimi Rusiyanın da maraqlarına cavab vermir. “Biz isə istənilən varianta hazırıq. Növbəti mərhələdə Ermənistanın Azərbaycanla sülh sazişi və sərhədlərin müəyyənləşməsi məqsədilə danışıqlara başlaması zərurəri yaranacaq. Biz istədiyimiz nəticələri əldə etmək üçün təzyiqlərimizi davam etdirməliyik”, - E.Şahinoğlu əlavə etdi.
Tiqran Abramyan - Qarabağ ermənilərinin gələcəyə olan son ümidləri də puç  oldu
Tiqran Abramyan

Bu arada, Ermənistanda da üçtərəfli formatda görüşlərin bərpasına verilən reaksiya birmənalı deyil.  “Şərəfim var” deputat blokunun üzvü Tiqran Abramyan 12 may hadisələrindən sonra dayandırılan danışıqların bərpasına görə qəzəbini ifadə edib. Baş verən gərginliklərə görə ölkəsini deyil, Azərbaycanı ittiham edən erməni şovinisti belə olan halda danışıqların bərpasının səbəbləri barədə sual edib. “Bu, Azərbaycanın təklif etdiyi gündəliyin Ermənistan hakimiyyəti tərəfindən təsdiq edildiyi anlamına gəlirmi”, erməni deputat hakimiyyətə səslənib. İddia edib ki, kommunikasiyaların açılması məsələsi, sərhədlərin demarkasiyası, Qarabağla bağlı məsələlərə bir paketdə baxılmalıdır. Təbii ki, bu, Abramyanın xəyalıdır və necə deyərlər, yalnız “ölü gözü görər”. Amma fikirlərinin bir hissəsinə haqq qazandırmaq olar, prosesləri diktə edən də, gündəliyi masaya qoyan da Azərbaycandır! Ermənistanın xilası da Azərbaycanın təkliflərinə razılıq verməkdən keçir...

İrəvanın masaya qayıdışı da çarəsizliyin, düşmənin başqa yolu olmamasının məntiqi nəticəsidir.

Elşad PAŞASOY, 

Azerbaycanrealligi.com




Bizimlə əlaqə saxlayın