Avqustun sonu və karantin: vətəndaş da, dövlət də itirəcək...

13, 08, 21
19:00

Avqustun sonu və karantin: vətəndaş da, dövlət də itirəcək...


“Modul tipli xəstəxanalar hələ açılmayıb, demək ki, kifayət qədər yer var” - infeksionist


Azərbaycanda son həftələr həm koronavirusa yoluxmada, həm də bu virus aşkarlananlar arasında ölüm halları artıb. Artıq bəzi  mütəxəssislərin iddialarına görə, karantin yenə sərtləşdiriləcək. Statistika onu göstərir ki, avqustun axırına  xəstələnənlərin sayı və ölüm hallarının sayı da artacaq. Əgər avqustun axırına qədər yoluxmaların sayı çox artarsa, Operativ Qərargah karantin qaydalarını sərtləşdirməyə, məhdudiyyətlər tətbiq etməyə məcbur olacaq. Bundan isə dövlət də, vətəndaş da itirəcək...

Bu gün ölkəmizdə vaksinasiya aparılır, amma çox təəssüf ki, dövlət bu yöndə bütün gücünü, resurslarını səfərbər etsə də, hələ də vaksinasiya olunmayanların sayı kifayət qədərdir. Bəs sərtləşdirmə iddiaları nə dərəcədə realdır? Sərtləşdirmə olmalıdır, olmalıdırsa hansı formada?

İnfeksionist-hepatoloq Mərdan Əliyev bu və digər mövzu ilə bağlı danışıb: “Artıq koronavirusa yoluxma sayı sürətlə artmaqda davam edir, buna yeni dalğa da demək olar. Nəzərə alsaq ki, payıza doğru gedirik, o zaman, demək, həqiqətən də vəziyyət ciddidir. Təbii ki, vaksin olunanların və xəstəliyi keçirib sağalanların hesabına burada yoluxma sayı çox olsa da, xəstəxana şəraiti tələb olunan halların sayı o qədər də çox deyil. Ölüm hallarının sayı da əvvəlki qədər çox deyil. Xəstəxanalarda yer olduğu üçün ölkə səhiyyəsinə əvvəlki dalğalarda olduğu kimi güc düşmür. Bildiyiniz kimi, ötən dalğalarda xeyli sayda modul tipli xəstəxana da açılmışdı. Bakı şəhərində də kifayət qədər var idi. Hazırda bu modul tipli xəstəxanalar son dalğa bitəndən sonra bağlandı və hələ də yeni modul tipli xəstəxanalar açılmayıb. Bu da onu göstərir ki, hələ bizdə kifayət qədər yer var. Həmin modul tipli xəstəxanalar ehtiyat kimi saxlanılır. Ola bilsin, yaxın günlər ərzində yavaş-yavaş açıla bilər. Bizdə əsas ən böyük xəstəxana olan Fövqəladə Hallar Nazirliyinin modul tipli xəstəxanası və  ”Yeni Klinika"dır, bunlar hazırda tam gücü ilə işləyir, amma digər xəstəxanalarda hələ ki kifayət qədər yer var".
Mərdan Əliyev - Hepatoloq, İnfeksionist
 Mərdan Əliyev

İnfeksionist antiteli olanların qan analizi ilə müəyyənləşdirməsindən də bəhs edib: "Əslində bizdə vaksinasiya prosesi kifayət qədər sürətlə gedir və vaksinasiyaya 18 yaşdan yuxarı olanlar da cəlb edilib. Hər halda, Avropa ölkələrində artıq  böyüklərin peyvəndlənməsi bitib. Ona görə artıq 18 yaşdan, hətta 15 yaşdan kiçiklərə peyvənd vurmağa başlayıblar. Yəqin ki, bizdə də əgər 18 yaşdan yuxarı şəxslərin vaksinasiyası tamamilə bitərsə, bundan sonra növbəli şəkildə 12-15 yaşlıları da peyvənd edə bilərik. Amma ən vacib olan yaşı yuxarı olan şəxslərin peyvəndlənməsidir. Bizdə yoluxanların sayı qeyri-rəsmi çoxdur və bunlar ancaq qan analizi vasitəsilə bilinir. Həmin şəxslər xəstəxanaya müraciət eləyib analizi verməyiblər və ona görə qeydiyyata düşməyiblər. Halbuki əksəriyyət xəstəliyi çox ağır formada keçirib. Hazırda həmin şəxsləri müəyyən etməyin ən etibarlı yolu qan analizidir, bunun vasitəsilə antitellərin tipini müəyyən etmək olar. Təbii ki, bu analiz əvvəldən olsaydı, peyvənd bu şəxslər xaric insanlara tətbiq olunsaydı, o zaman ən vacibləri müəyyənləşdirib peyvəndləri vura bilərdik. Çünki yoluxub sağalanlar var və onlara da peyvənd vurulur. Hazırda bu həm peyvənd, həm də vaxt itkisi hesab oluna bilər. Amma ümumi götürəndə peyvəndləmə bizdə yaxşı gedir. Eyni zamanda 12-15 yaşlı uşaqlar, 18 yaşdan aşağı uşaqların peyvənd olunmasının bir vacib xüsusiyyəti odur ki, bu şəxslər məktəbə gedirlər. Müəyyən toplum içində olurlar, məktəbdə profilaktik qaydalara əməl etmək çətindir və şagirdlər arasında yoluxma sürətli şəkildə olur. Buna görə əgər onlar peyvənd  olunarsa, o zaman əyani şəkildə tədrisin bərpasına da hər hansı məhdudiyyət qoyulmaz. Böyük ehtimalla o ölkələrdə də o niyyətlə aparılır ki, əyani tədrisə keçə bilinsin".

Həkim-pediatr Aytən İsmayılzadə də mövzu ilə bağlı “Yeni Müsavat”a fikir bildirib: "Hələ normal şəkildə xəstələnən uşaqların statistikası məlum deyil. Uşaqlardan yaxma götürülsün. Görək, onlarda “kolit”dir, yoxsa  koronavirusdur. Bundan da başqa böyükləri tam peyvənd eləsinlər, sonra keçsinlər uşaqlara. Böyüklər tam peyvənd olunmamış uşağa peyvənd etməyə ehtiyac yoxdur. Birinci növbədə böyüklər peyvənd edilməlidir".
Viktor Qasımov: Koronavirusa qarşı vaksinasiya pulsuz həyata keçiriləcək -  AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
Viktor Qasımov

Səhiyyə nazirinin müavini Viktor Qasımov isə son zamanlar sosial şəbəkələrdə vaksinasiya ilə bağlı səsləndirilən qeyri-peşəkar fikirlərə münasibət bildirib. Nazir müavini deyib ki, yoluxucu xəstəliklərlə mübarizədə ən effektiv üsul vaksinasiyadır: "Bu, bütün dünyada elmi cəhətdən təsdiq olunmuş profilaktika üsuludur və təbabətin ən böyük nailiyyətlərindən biri hesab olunur. COVİD-19-la mübarizədə də vaksinasiyanın ən vacib profilaktika üsulu olduğu artıq bütün dünyada sübut olunub və bunun bəzi “ekspertlər” tərəfindən şübhə altına alınması təəccüb doğurur. Bu gün bütün dünya ölkələri vaksin tədarükü ilə məşğuldur ki, əhalinin sağlamlığını təmin edə bilsinlər. Təəssüflə qeyd etmək istərdim ki, hazırda bütün ölkələrin peyvəndlərə əlçatanlığı bərabər deyil və bəzi ölkələr hələ də kifayət qədər vaksinlə təmin olunmayıb. Sosial şəbəkələrdə çıxış edən “ekspertlər” vaksinlərin saxlanma şəraiti ilə bağlı məsələyə toxunur. Həqiqətən peyvənd istehsalçılarının təlimatına görə peyvəndlərin düzgün qaydada saxlanılması onların keyfiyyətinin itirilməməsi və lazımi effekti əldə etmək baxımından çox vacibdir. Qeyd etməliyik ki, ölkəmizdə irimiqyaslı peyvənd kampaniyasının aparılması məqsədilə qabaqcadan hazırlıq işləri görülüb".

V.Qasımov əlavə edib ki, digər vaksinlərin saxlanılması üçün +2-8°C temperatur şəraiti tələb olunduğu halda, “Pfizer” vaksininin saxlanılması üçün bu şərt -70°C-dir: “Ölkəmizdə pandemiyadan əvvəlki dövrdə bu kimi şəraitdə saxlanılması tələb olunan vaksinlərdən istifadə edilməyib. Bu səbəbdən ”Pfizer" vaksininin ölkəyə gətirilməsindən əvvəl Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzi üçün 10 ədəd dərin dondurucu alınaraq quraşdırılıb. Beləliklə, bu gün ölkədə istifadə olunan bütün vaksinlərin (CoronaVac, AstraZeneca, Sputnik V və Pfizer) istehsalçının təlimatına uyğun şəkildə saxlanılması üçün tam şərait yaradılıb. Bundan əlavə, vaksin preparatları müvafiq şəraitdə saxlanılmasaydı, vaksinasiyadan sonra ağırlaşmalar, fəsadlar baş verməli idi. Lakin kampaniyanın ilk günündən bu günə qədər bir hadisə də olsun, kəskin reaksiya və ya ağırlaşma qeydə alınmayıb. Çox nadir hallarda inyeksiya yerində ağrı və ya vaksinasiyadan sonrakı 1-2 gün ərzində müəyyən halsızlıq kimi yüngül reaksiyalar qeyd edilir ki, bu da istənilən vaksinə qarşı baş verə biləcək təbii haldır və insan orqanizmində vaksinasiyaya qarşı yaranan immun cavabdır. Hesab edirəm ki, bu gün ölkədə uğurla davam etdirilən peyvənd kampaniyasına qarşı belə qeyri-peşəkar fikirlər səsləndirmək məqsədəuyğun deyil. Fürsətdən istifadə edərək, COVİD-19 xəstəliyinə tezliklə qalib gəlmək və vətəndaşlarımızın sağlamlığını qorumaq məqsədilə əhalini peyvənd kampaniyasında daha fəal iştirak etməyə dəvət edirəm".

Azerbaycanrealligi.com



Bizimlə əlaqə saxlayın