Şəhid ailəsi: NAZİRLİK BİZİ ƏLƏ SALIB - NARAZILIQ!

10, 08, 21
22:00

Şəhid ailəsi: NAZİRLİK BİZİ ƏLƏ SALIB - NARAZILIQ!


Redaksiyamıza Lənkəran rayonu Hirkan qəsəbə sakini, 08.04.1993-cü ildə Birinci Qarabağ müharibəsi zamanı şəhid olmuş Əkbərov Habil Səhəng oğlunun ailəsi tərəfindən məktub daxil olub. Məktubda, şəhid ailələri üçün ayrılmış 11 000 manat pulu aylardır ala bilməmələri və Nazirliyin işçiləri tərəfindən dəfələrlə boş vədlərlə aldadıldıqları bildirilir.

Şəhidin əmisi oğlu Rahim Əmən oğlunun sözlərinə görə, Əkbərov Habil Füzuli rayonunda gedən döyüşlər zamanı tankın içərisində yanaraq şəhid olub. Ondan geriyə qalan yalnız kül olub. Ailəsi həmin külü gətirərək Lənkəran rayonunda torpağa tapşırıblar.

“Biz 2020-ci ilin oktyabr ayında bütün lazımi sənədləri hazırlayıb Lənkəran şəhər notariusunda qeydiyyatdan keçirib Əmək və Əhalinin Sosial Müdafiəsi Naazirliyinə (ƏƏSMN) göndərmişik. Lakin 10 ay keçməsinə baxmayaraq hələ də puldan bir xəbər yoxdur.

Dəfələrlə Nazirliyə telegramlar vurmuşuq. Hər dəfə bizə vəd verirlər ki, 5 gün gözləyin düzələcək. 10 ay tamam olub, amma səs-soraq yoxdur. Hər dəfə gedirik banka ki, bəlkə pulu köçürüblər. Artıq bank işçilərini də bezdirmişik. Deyirlər ki, "Vallah köçməyib hələ pul". Nazirlikdən hər dəfə bizi aldadırlar

Pul məsələsi olmayanda bilirdik ki, yoxdur. Amma indi bizi bu gün-sabah deyə-deyə ələ salıblar”.

Şikayətçi söyləyir ki, o, Nazirliyin bu hərəkətlərini bir hədisə bənzədir və həmin hədisi yazaraq nazir Sahil Babayevə göndərib.

“Bir kasıb adam olur. Şah ondan soruşur ki, bala, qışın bu soyuğunda nazik köynəkdə gəzirsən. Bəs üşümürsən sən? Kasıb kişi cavab verir ki, soyuqdur. Şah deyir ki, gözlə sənə paltar göndərəcəm. Lakin şahın yadından çıxır həmin kişiyə paltar göndərmək. Kasıb kişi də çöldə soyuqdan donub ölür. Yazır qoyur ki, mən ümidlə yaşayırdım, amma siz mənim ümidimi öldürdünüz və mən donuram. Bu kişinin yerinə qoyub bizi Sahil Babayev”,- deyə şikayətçi bildirib.

Məsələni araşdırmaq üçün ƏƏSMN ilə əlaqə saxlamağa çalışdıq, lakin zənglərimizə cavab verən olmadı. Nazirliyin mövqeyini aldıqdan sonra oxuculara təqdim edəcəyik. (bizimyol.info) 

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın