Dostluğu xülya olmayan Fülya – bədxahlarımızın acıdilli qənimi

09, 08, 21
21:00

Dostluğu xülya olmayan Fülya – bədxahlarımızın acıdilli qənimi


1 ay öncə türkiyəli jurnalist Fülya Öztürkün ətrafında bir “fırtına” qopmuşdu, yəqin xatırlayırsınız.

44 günlük müharibə zamanı ölkəmizdə çəkdiyi pozitiv reportajlarla, müharibəyə dair gerçək xəbərlərlə dünya mediasında istinad obyekti olan Fülya barədə ölkəmizdə çəkilməsi nəzərdə tutulan film bəzi həmkarlarımız tərəfindən təpki ilə qarşılanmış, onların bu etirazına sərt etiraz edənlərin sırası isə 5 qat artıq olmuşdu.

Fülya Öztürkü müdafiə edənlər deyirdilər ki, durduğumuz yerdə haqq işimizi müdafiə edən bir dost qazanmışıq, onu itirmək, incitmək olmaz.

Xoşagəlməz müzakirələrlə az qala bu səmimi Azərbaycansevəri incidəcəkdik. Amma xanım jurnalist onu müdafiə edənlərin sırasının sıxlığını, çoxluğunu görərək anladı ki, o, Azərbaycanı sevdiyi kimi, Azərbaycan da onu sevir və bu hisslər həm qarşılıqlı, həm də səmimidir.

Budur, özünü xalqımızın bağrından qopmuş biri sayan Fülya xanım Azərbaycanın adının pis niyyətlə çəkildiyi situasiyada söhbətə biganə qalmayıb, bədxahımızın cavabını 5 qat artıqlamasıyla, özü də yüz qat böyük auditoriyanın önündə verib.

Məlum olduğu kimi, milli mənşəyi şübhəli olan bir qadın həkim Türkiyəyə köməyə gedən azərbaycanlı yanğınsöndürənlər haqqında tam yersiz və əsassız olaraq, xoşagəlməz ifadələr işlədib. Fulya Öztürk isə Azərbaycandan köməyə gələn yanğınsöndürənlərin əleyhinə danışan həkimə, eləcə də onun kimi düşünənlərə tutarlı cavablar verərək, həqiqətin nədən ibarət olduğunu başa salıb.

Fülya Öztürkün bu hərəkətinin qarşısında ona yalnız “bu Vətənin çörəyi, suyu sənə halal olsun” demək olar. Bir də onu əsassız yerə qaralayanlara xatırlatmaq olar ki, gördünüzmü, bu xanım barədə yanlış düşüncədəymişsiniz. Belə səmimi müdafiəçilərə, rəğbətimizə nankor çıxmayanlara ehtiyacımız var.

Aşağıda həmin videonu yenidən yayırıq.


Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın