Keçmiş icra başçısı Elmar Vəliyevin güllələnməsindən danışdı: "İnsan olmaq lazımdır".

05, 07, 18
23:33

Keçmiş icra başçısı Elmar Vəliyevin güllələnməsindən danışdı: "İnsan olmaq lazımdır".

Azerbaycanrealligi.com saytı Culfa rayonunun keçmiş İcra başçısı Ramiz Tagıyevdən bir neçə gün bundan əvvəl sui-qəsd nəticəsində güllələnən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev haqqında vətəndaş mövqeyini və olaylara münasibətini öyrənib. Ramiz Tağıyevin məlum hadisə barəsində bildirdiyi fikirləri olduğu kimi təqdim edirik

“Əvvəla, mən kimə qarşı olmağından asılı olmayaraq sui-qəsdlərin, terrorların tərəfdarı deyiləm. Çünki bu hal, belə bir ənənənin yaranması ölkəni acınacaqlı duruma sala bilər, xaosa apara bilər. Belə işlərin həmişə iki başı olur. Necə deyirlər, bir gün bir evdə, sabah başqa evdə. Yəni məlum hadisə həm Yunisin bu dəqiqə ailəsində, nəslində nə qədər ağrılı qarşılandığının fərqindəyəm, həm də icra hakimiyyəti başçısının qohum-əqrəbasının içində nə qədər göz yaşları ilə qarşılandığının fərqindəyəm. Ancaq bir tərəfdən də ciddi fikirləşmək lazımdır. Mən həmişə demişəm ki, idarə edənlər - həm ölkəni, həm bir rayonu, bir şəhəri idarə edənlər milləti sevə-sevə, sayğı ilə idarə etməlidirlər. Millətin hər bir oğlunu, hər bir qızını özlərininki, yaxınları, doğmaları kimi sevməlidirlər, onlara o cür xidmət göstərməlidirlər. Xalqın içində olmağı bacarmalıdırlar, kobud olmamalıdırlar, xalqın psixoloji durumunu anlamağı bacarmalıdırlar. Təbii ki, ən başlıcası isə yaxşı insan olmaq lazımdır.

xalqın içindən bir an ayrı düşməmişəm. Təbii ki, bizim dövrlərimiz ağır dövrlər idi. Biz SSRİ imperiyasının xarabalıqları üzərində rəhbərliyə gəlmişdik. Elə bil, yenidən bir ölkə qururduq. Ölkənin büdcəsi indiki kimi deyildi. Neft pulları ölkəyə axmırdı. Çətinliklər çox da olsa, açıq söyləyim bunu, “mənəm-mənəm”lik kimi, özünətərif kimi başa düşülməsin, ancaq mən o vaxt insanların durumunu, vəziyyətini bilirdim. Hər evlə maraqlanırdım. Hətta ucqar kəndlərdə olan xəstələrlə maraqlanırdım. Onların dava-dərmanlarını təşkil eləməyi özümə borc bilirdim. Qəbuluma gələn insanların heç birini qəbul günü olmasa da, həmin dövrü nəzərə alıb onları dinləməyi bacarırdım. Belə bir epizodu xatırlatsam, yerinə düşər. Bir dəfə ümumi qəbul idi. Rayonun rəhbər işçiləri, o cümlədən, hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak eləyirdilər. Bir fəqir ailə, ər-arvad qəbuldaydılar. Və onlar stolumun üstünə, masanın üstünə yumruqlarını vura-vura deyirdilər: “Biz, Ramiz bəy, biz haqqımızı, hüququmuzu tələb edirik”. Ordan biri səsləndi, dedi ki, bunlara 15 sutka verək, ağılları başlarına gəlsin, filan. Dedim ki, oturun yerinizdə. Mən bunu gülüşlə, sevinclə qarşıladım və dinləyib onların düşdüyü problemləri həll etmək yollarını axtardım. Və gedəndən sonar həmin hüquq-mühafizə orqanlarının rəhbərləri dedilər ki, çox səbrlə yanaşırsınız. Dedim: “Bu gün mənim qalib olduğum gündür”. Dedilər: “Nə qalib? Necə qələbə?” Dedim: “Bəli, mən ömrümü sərf etmişəm ki, millətimin hər bir övladı öz haqqını, hüququnu tələb eləyə bilsin.  Əgər bu fəqir ailə öz haqqını, hüququnu bu cür - stola yumruq vurmaq cəsarəti ilə tələb edə bilirsə, artıq, doğrudan da, qələbə çalmışam”. Və bunu hər kəs nəzərə almalıdır. Ölkədə bilirik, və açıq deyim, korrupsiya tüğyan eləyir, rüşvət baş alıb gedir. Ölkənin ermənilər - əzəli düşmənlərimiz torpaqlarımızın 20%-ni işğal eləyib, bizim bu oleqarx məmurlar - gözləri ayaqlarının altını görməyənlər artıq ermənilərdən də çox torpaqlarımızı işğal altında saxlayırlar. Yüzlərlə villaya sahib olublar. Şadlıq sarayları bunların, heyvan sürüləri bunların, otellər bunların. Yəni ölkədə nə varsa, bir yaxın çevrənin əlindədir. Və bu zamansa insanlar ac-susuz dolanır və təbii ki, son olaylarda da insanlar, açığı deyim, ciddi sınağa çəkildilər. Hələ də evlərin çoxusunda Bakı şəhərində bu istidə su tapılmır. İnsanlar əsəbi durumdadırlar. Onsuz da, çörəyi əzab-əziyyətlə qazananlar və qazana bilməyənlər var ki, hər gün psixoloji durumlarında bir gərginlik hiss olunur. Bu səbəbdən də, mən elə bilirəm ki, ölkə iqtidarı, ölkə məmurları xalqla davranmağı bacarmalıdırlar, bacara bilmirlərsə, bir çoxları istefaya göndərilməlidir. Və yaxud, deməlidirlər ki, biz yorulduq, bizim artıq işlərin öhdəsindən gəlmək imkanlarımız yoxdur. Yeni nəfəslər ortalığa çıxmalıdır. Yeni rəhbərlik metodlarından istifadə olunmalıdır. Xalqla epizodik anlarda görüşüb pafosla çıxışlar etmək yetər, xalqla mütəmadi əlaqədə olmaq lazımdır”.

Elmar Vəliyevin Fotosu
Müsahibənin sonunda Culfa rayonunun keçmiş İcra başçısı Ramiz Tagıyev fikrini tamamlayarkən bir daha Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin güllələnməsi hadisəsinə qayıdaraq bildirdi: “Təbii ki, mən sui-qəsdlərin heç vaxt tərəfdarı deyiləm və olmayacağam da. Kimin necə başa düşməyindən asılı olmayaraq, burda insan taleyindən söhbət gedir. Burda ailələrdən, nəsillərdən, övladlardan söhbət gedir. Göz yaşlarından söhbət gedir. Bu səbəbdən də mən hesab edirəm ki, terror, sui-qəsd çıxış yolu deyil. Və bunu da həm ölkə iqtidarı başa düşməlidir və həm də xalq da bilməlidir ki, məsələlər sui-qəsdlə, terrorla həll oluna bilməz. Ölkədə də demokratik mühit yaradılmalıdır ki, hər kəs sözünü desin. Yəni insanlar içində toplayıb-toplayıb birdən vulkan kimi püskürməsinlər. Gündəlik sözlərinə ifadə azadlığı, mətbuat azadlığı olmalıdır

 Bax, digər tərəfdən də, açıq deyim, mən ölkə iqtidarını ona görə qınayıram ki, Allah köməyi olsun, allah şəfa versin Elmar Vəliyeva, onun haqqında ard-arda tənqidi yazılar gedirdi mətbuatda, Gəncədə baş verən olaylar, Gəncədə baş verən özbaşınalıq - bunlar nəzərə alnmalıydı vaxtında, bu qədər də, axırı bu cür müsibətli, faciəvi yekunlaşmamalıydı”

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın