Prezidentimiz Ermənistana qurtuluş yolunu göstərdi: “Dağlıq Qarabağı və düşmənçiliyi unudun!..” - VİDEO

27, 06, 21
22:00

Prezidentimiz Ermənistana qurtuluş yolunu göstərdi: “Dağlıq Qarabağı və düşmənçiliyi unudun!..” - VİDEO


Prezident İlham Əliyevin iyunun 26-da “Gülüstan” sarayında Ordu Günü ilə bağlı hərbçilərlə görüşdə etdiyi çıxışdakı əsas mesajlar şübhəsiz ki, ən əvvəl Ermənistana və onun xalqına ünvanlanmışdı. Bu çıxış eyni zamanda dünyaya, qlobal güclərə bölgənin sülhpərvər və açar dövləti kimi Azərbaycanın müharibədə maraqlı olmadığı, əksinə, regionda əmin-amanlıq, əməkdaşlıq və qarşılıqlı inteqrasiya istədiyi, lakin özünün müdafiə qabiliyyətini də həmişə diqqətdə saxlayacağı haqda bəlli çevrələrə və bədxahlara ismarışlardan ibarət idi. Yəni müharibə arzulamayan Azərbaycanı yenə kimsə zəif bilib silahla təhdid eləmək fikrinə düşsə, o zaman cavabını artıqlaması ilə alacaq.

Müzəffər Ali Baş Komandan Silahlı Qüvvələr Günündə ordumuzun keçdiyi inkişaf yolu və 44 günlük Vətən müharibəsindəki şanlı zəfərimiz və onun səbəbləri üzərində məxsusi dayandı. Müharibə zamanı ordusu darmadağın edilən Ermənistanı və onun xalqını bir daha öz başına gələnlərdən ibrət dərsi götürməyə çağırdı.

“Aprel döyüşləri Ermənistana dərs olmadı. Ondan iki il sonra Naxçıvan əməliyyatı nəticəsində biz böyük ərazini götürmüşdük və gücümüzü, peşəkarlığımızı bir daha göstərmişdik. O da dərs olmadı. Nəhayət, İkinci Qarabağ müharibəsi elə dərs oldu ki, onlar bu dərsi əbədi yadda saxlayacaqlar”.

İlham Əliyevin bu sözləri Ermənistandakı “qaynar başları” işğalçılıq siyasətinin onlara neçəyə başa gəldiyi barədə ciddi şəkildə düşünməyə vadar edir, İrəvanı yeni ordu quruculuğu barədə planlardan ümumiyyətlə vaz keçməyə çağırır. Çünki bu xalqın bütün bədbəxtlikləri heç vaxt reallaşmayacaq sərsəm iddiaları silah gücünə, zorakı üsullarla həyata keçirmək cəhdləri ilə bağlıdır. Yenə də belə cəhdlər olarsa, cavab qat-qat ağır olacaq.

“İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Bu tarix Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq. Bu, ədalətin, qürurun təntənəsi idi, milli ləyaqətin təntənəsi idi, Azərbaycan xalqının əyilməz ruhunun təntənəsi idi. Biz bütün gücümüzü səfərbər edib bu müharibədə Qələbə qazanaraq düşməni torpaqlarımızdan qovduq. Düşməni elə rəzil vəziyyətə qoyduq ki, onlar bizim qabağımızda diz çökdülər, ağ bayraq qaldırdılar və məcbur olub kapitulyasiya aktına imza atdılar... Müharibə nəticəsində Ermənistan ordusu məhv edilib. Ermənistan ordusu yoxdur”.

Ali Baş Komandanın vurğuladığı kimi, İkinci Qarabağ müharibəsi Azərbaycanın tam qələbəsi ilə nəticələndi. Şəhidlərimizin qisası döyüş meydanında alındı və Azərbaycan öz ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ döyüş meydanında təmin etdi.

Məhz döyüş meydanında, çünki ölkə başçısının söylədiyi kimi, uzun illər aparılan danışıqlar həmsədr və aparıcı dövlətlərin – Rusiyanın, ABŞ-ın, Fransanın ədalətsizliyi, qərəzli “vasitəçiliyi” ucbatından heç bir nəticə vermədi, əksinə, işğalçı Ermənistanı daha da azğınlaşdırdı, hətta Nikol Paşinaynın dövründə “yeni ərazilər uğrunda yeni müharibə” şüarı ortaya çıxdı. Özü də bu şüarı ovaxtkı müdafiə naziri David Tonoyan ABŞ-da səfərdə olarkən elan elədi. Beləcə, Azərbaycan dövləti və xalqına yalnız bir yol saxlanmışdı: mənasız danışıqlara son verib Vətən müharibəsinə başlamaq.

Başladıq və qələbə çaldıq. “Qürur hissi ilə deyə bilərik ki, biz Silahlı Qüvvələr Gününü müzəffər ordu kimi, qalib xalq kimi qeyd edirik. Bu, tarixi nailiyyətdir”, - Prezident çıxışında dedi. Azərbaycan bundan sonra müzəffər ölkə, Ermənistanın isə məğlub edilmiş, kapitulyasiya edən ölkə kimi yaşayacaq.


Bəli, bu, tarixi nailiyyətdir. Eyni zamanda, üstümüzə silahla gələn işğalçının bundan sonra da acınacaqlı aqibətlə üzləşəcəyi barədə İrəvana, dünyaya, işğalçının havadarlarına, lap elə qərəzli vasitəçilərə, öncəliklə də Ermənistanı “kiçik bacı” sayan Fransaya xəbərdarlıq və dərsdir.
Əlbəttə ki, şanlı zəfərimiz milli birliyimiz və beynəlxalq səviyyədə aparılan uğurlu diplomatiya və təbliğat işləri ilə yanaşı, həm də Ermənistan üzərində üstün iqtisadi potensialımız sayəsində mümkün oldu.


Hansı potensial ki, qardaş Türkiyənin də dəstəyi və uzun illərin titanik zəhmətinin yekunu olaraq, modern və qalib Ordunun qurulmasına gətirdi. Düşməni və onun havadarlarını şoka saldı. Nə barədə ki, Prezident ətraflı danışdı. Bildirdi ki, 2-ci Qarabağ müharibəsi ərəfəsində Ermənistan artıq tam təcrid olunmuş vəziyyətdə idi və İrəvanın danışıqlar prosesində sərgilədiyi riyakar mövqe vasitəçiləri də artıq bezdirmişdi.
Aparılan siyasi-diplomatik fəaliyyətin nəticəsində bütövlükdə dünyada 44 günlük müharibə barədə konkret və həqiqəti əks etdirən təsəvvür formalaşmışdı: “O cümlədən, ikitərəfli formatda bir çox ölkələrlə bərabərhüquqlu və qarşılıqlı maraqlar üzərində qurduğumuz münasibətlər bizim gücümüzü artırırdı. Qardaş ölkələr – Türkiyə başda olmaqla Pakistan və Əfqanıstan, eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər ölkələr müharibənin ilk saatlarından öz dəstəyini göstərirdi”.


Təbii ki, əsas ağırlıq və məsuliyyət ölkəmizin, onun xalqının və Ali Baş Komandanın üzərində idi. Və bu sınaqdan millət, dövlət, ordu olaraq alnıaçıq, qalib xalq, qalib dövlət kimi çıxa bildik.


Söz yox ki, Azərbaycanın əzici iqtisadi və hərbi üstünlüyü bundan sonra da davam edəcək. Bunu da ölkə rəhbəri çıxışında boşuna anons eləmədi. Deməli, Ermənistanın inkişafı üçün yeganə yol öz qonşuları ilə, ilk növbədə də Azərbaycanla normal əlaqələr qurmaq və ərazi iddialarından, millitarist planlardan əl çəkməkdir. Azərbaycan liderinin çıxışının leytmotivi həm də bu idi – nə qədər gec deyil, Ermənistanın ağlını öz başına yığması.

Prezident bu xüsusda İrəvana və onun havadarlarına bir daha ismarış göndərdi ki, boşuna vaxt itirməsinlər, “Dağlıq Qarabağ” adlı ərazi vahidi, “Dağlıq “Qarabağ münaqişəsi” anlayışı artıq yoxdur. Sülh, əməkdaşlıq istəyirsinizsə, bunu unudun! Qarabağ münaqişəsi həll olunub və Ermənistan inkişafda maraqlıdırsa, bunu belə də qəbul etməli, qalib ölkə ilə hesablaşmalı, onun şərtlərini qəbul eləməlidir - üstəlik, bu şərtlər tam ədalətlidirsə və beynəlxalq hüquqa söykənirsə.


Acı gerçəyin diktəsi də elə budur ki, düşmənçilik Ermənistana çox baha başa gəlib. Ermənilər 30 il ərzində müstəqil dövlət qura bilməyiblər. Onlar hələ də xarici dairələrdən və xarici hərbi yardımdan asılı durumdadırlar. Xaricdən gələn siyasi sifarişlərdən asılıdırlar. Düşmənçilik və Azərbaycan xalqına nifrət Ermənistanı indiki ağır günə saldı. Bir daha bu böhrana düşməmək üçün isə böhrana gətirən səbəbləri bilmək və aradan qaldırmaq lazımdır. Özü də təcili. Çünki ləngimə Ermənistan adlı formal dövlətin dünyanın siyasi xəritəsindən silinməsinə gətirə bilər.
Bununla belə, Azərbaycanın heç bir ölkənin ərazisində gözü yoxdur, ancaq öz torpaqlarımızın da bir qarışını kimsəyə güzəşt etməyəcək. Ali Baş Komandanın Ordu Günü etdiyi çıxışında bir mühüm mesaj da bu idi. Yenilməz ordu barədə danışan Prezidentin “biz istənilən hərbi vəzifəni icra edə bilərik və heç kim bizi dayandıra bilməz” sözləri isə qədim Türk torpaqlarında təşəkkül tapmış Ermənistana özünü həmişəlik yığışdırmaq üçün başqa bir ciddi dəlil sayıla bilər...


Prezident çıxışında dünyadakı münaqişələrlə bağlı “İkili standartlar”dan da danışdı. “İkili standart” siyasətin beynəlxalq təşkilatlara etibarı sarıtdığını bildirdi. Qeyd elədi ki, beynəlxalq hüquq normaları faktiki işləmir. Böyük dövlətlər onlara sərf edən qərarları icra edir, sərf etməyənləri isə etmirlər. Əks halda, BMT TŞ-nin qəbul elədiyi və erməni silahlı qüvvələrinin torpaqlarımızdan dərhal çıxarılmasını tələb edən qətnamələr 30 il ərzində kağız üzərində qalmazdı. “Sanki beynəlxalq hüquq normaları elə bil kiçik ölkələr, orta səviyyəli, gücü o qədər olmayan ölkələr üçün yazılıb. Böyük ölkələr isə buna məhəl qoymaya bilərlər”. Bunu da ölkə başçısı söylədi.


Nəhayət, bölgənin açar dövləti kimi Azərbaycanın nüfuzu və qüdrəti indi həm də işğaldan azad edilən ərazilərimizin sürətli bərpası və böyük quruculuq işlərində özünü qabarıq şəkildə göstərməkdədir. Müharibədən cəmi 7 ay keçməsinə baxmayaraq, artıq böyük işlər görülüb. Ölkə rəhbərinin söylədiyi kimi, əgər bizdə müvafiq hazırlıq olmasaydı, bunu edə bilməzdik.


“İndi nə qədər vəsaitin olursa-olsun, əgər sənin texniki imkanın yoxdursa, kadr potensialın yoxdursa, infrastruktur layihələri vaxtında icra edilməyibsə, bunların heç yüzdə birini edə bilməzsən. Amma bu gün misli görünməmiş bərpa işləri aparılır...”

Ən əsası, müharibədən sonra da Azərbaycan güclənir, Ermənistan isə məhvə doğru gedir, çünki yerə-göyə sığmayan ədası, hikkəsi, iddiası üzündən yeganə doğru yolu tapa bilmir. Ancaq Ermənistan artıq dərk etməlidir ki, Azərbaycan bundan sonra da güclənəcək, o cümlədən hərbi gücümüz durmadan artacaq. Təsadüfi deyil ki, müharibədən sonra Prezident səviyyəsində müvafiq göstərişlər verilib, yeni kontraktlar imzalanıb, yeni silahların, texnikanın, müasir texnologiyaların əsasında texnikanın alınması prosesi başlayıb. Həmçinin Silahlı Qüvvələrimizin struktur islahatları təsdiqlənib. Bundan əlavə, Silahlı Qüvvələrimizin, Ordumuzun say tərkibi artırılacaq. İkinci Qarabağ müharibəsinin nəticələrini və gedişatını düzgün təhlil edərək, öz hərbi gücümüzü artıracağıq.


Ermənistan isə əgər yenə də bizə qarşı düşmənçilik siyasətindən əl çəkməsə, nəinki öz hərbi gücünü və məhv edilmiş ordusunu, eyni zamanda, iqtisadi durumunu bərpa edib dirçəlişə nail olmaq imkanları olmayacaq. Prezidentin dediyi kimi, Azərbaycan müharibə istəmir, ancaq Ermənistan savaş istəyirsə, cavabı keçən ilin payızındakı kimi, hətta ondan da sərt olacaq!


Seçim özlərinindir...


Azerbaycanrealligi.com


Bizimlə əlaqə saxlayın