Ərdoğanın tarixi Şuşa səfərinə sayılı günlər qaldı

12, 06, 21
13:30

Ərdoğanın tarixi Şuşa səfərinə sayılı günlər qaldı


Qələbə Paradındakı mesajların davamı Qarabağda veriləcək


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 15-16 iyun tarixlərində Azərbaycanda səfərdə olacaq. Qardaş ölkənin lideri bu dəfə öz ailəsi ilə birlikdə ölkəmizə gələcək. Səfər çərçivəsində Ərdoğan Şuşaya gedəcək, oradan qayıdıb iyunun 16-da Avropa Çempionatının Türkiyə-Uels matçını izləyəcək. Səfər proqramı bununla yekunlaşacaq.

Ekspertlər səfərin əhəmiyyətini olduqca yüksək qiymətləndirirlər. Xüsusilə, 44 günlük II Qarabağ savaşından az sonra Türkiyə liderinin ikinci dəfə Azərbaycana səfər günləri təyin etməsi dünyaya birlik, dostluq, ən əsası, qardaşlıq mesajının ünvanlanması kimi qiymətləndirilir. Ərdoğanın Bakıya ailəsi ilə gəlməsinin də bir başqa mesaj olduğu vurğulanır. Türkiyə prezidentinin qələbəmizdən sonra Bakıda keçirilən Qələbə Paradında iştirakı, çıxışı zamanı səsləndirdiyi fikirlərin davamının Bakı və Şuşada olacağı gözlənilir.

AĞ Partiya başqanı Tural Abbaslı tarixi səfərin reallaşacağına sayılı günlərin qaldığını söylədi: “Bu səfər Türkiyə-Azərbaycan dostluğunun, qardaşlığının davam etdiyinin göstəricisidir. Daxili auditoriyaya hesablanmış mesajlar var. Bilirsiniz ki, hər iki qardaş ölkə daxilində bəzi qüvvələr bu iki dövlət arasında münasibətlərdə guya çatların əmələ gəldiyi barədə mesajlar verirlər. Bununla bağlı çıxışlar edilir. Eyni zamanda, Azərbaycan və Türkiyədə bu dostluq və qardaşlığın pozulmasına çalışan qüvvələr var. Dövlət Baxçalı ilə bağlı son yaşanan xoşagəlməz durumda bu, bir daha özünü açıq şəkildə göstərdi. Belə məqamdan sonra Ərdoğanın ”biz ailəlikcə gələcəyik" deməsi çox önəmlidir. Çünki adətən belə səfərlər protokol qaydasında olur. Yəni bu cür səfərləri şəxsləşdirmirlər. Amma Ərdoğanın ailəsi ilə gələcəyini deməsi bu səfəri şəxsləşdirməsi anlamına gəlir. Bu, həm də iki dövlət arasında qardaşlıq, dostluq münasibətindən əlavə, eyni dövlət olmaları anlamına gəlir.
Tural Abbaslı (@TuralAbbasli) | Twitter
 Tural Abbaslı 

Ərdoğan Vətən müharibəsindən sonra ölkəmizin üzərinə gələn müxtəlif təzyiqlərin fonunda səfər edir. Burada ən çox Minsk Qrupunun üç həmsədr ölkəsinin təzyiqlərindən söhbət gedir. Bu, həm də həmin ölkələrə mesaj olacaq ki, Azərbaycan tək deyil, Türkiyə yenə də onun yanındadır və yanında da olacaq. Qardaş ölkənin bu regiona olan təsirlərinin nə qədər yüksək olduğu, Azərbaycanın bir daha Rusiyaya deyil, Türkiyəyə böyük önəm verdiyi mesajı dünyaya çatdırılacaq. Düşünürəm ki, bu Azərbaycan və Türkiyə üçün çox önəmli, tarixi səfər olacaq".
Hikmət Babaoğlu: Milli Məclisdə aparılan islahatlar səmərəliliyi daha da  artıracaq
 Hikmət Babaoğlu

“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, deputat Hikmət Babaoğlu bildirdi ki, qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri çoxdan gözlənən və olduqca arzu edilən bir səfər idi: “İki qardaş ölkənin milli iradəsi və liderlərinin dostluq və qardaşlığı istər Azərbaycan-Türkiyə münasibətlərinin indiki yüksək həddə çatması, istərsə də, tarixi Qarabağ zəfərimizin əldə olunmasında mühüm rol oynadı. Əslində iki qardaş ölkənin Prezidentləri, ”Bir millət iki dövlət" fikrini real münasibətlərdə gerçəyə çevirdilər. Bu strateji reallıq millətimizdə haqlı qürur hissi yaradır. Hazırda Türkiyə-Azərbaycan münasibətləri öz tarixi qardaşlıq ənənələrinin ən yüksək zirvəsini yaşamaqdadır. Artıq Azərbaycan və Türkiyə münasibətlərinin yaratdığı yeni geostrateji reallığın təkcə iki ölkəyə deyil, bütövlükdə regiona yeni inteqrasiya perspektivləri və əməkdaşlıq imkanları gətirdiyi hamıya aydındır. Bu isə bölgəmizə sülhün və rifahın gəlməsi deməkdir. Ona görə də, iki qardaş ölkə liderinin görüşündə regionumuzun gələcək inkişaf perspektivlərinin ələ alınması və bu istiqamətdə konkret olaraq növbəti addımların atılması gözlənilir.

Türkiyə və Azərbaycan Prezidentlərinin birlikdə Şuşaya səfər etməsinin nəzərdə tutulması isə ayrıca bir tarixi hadisədir. Çünki Şuşa təkcə mədəni irsimiz, musiqi tariximiz, milli və dini mədəniyyətimiz baxımından mühüm şəhər deyil, həm də hərbi-strateji baxımdan olduqca əhəmiyyətli coğrafi ərazidir. İki qardaş ölkənin prezidentləri bir daha Şuşada Azərbaycan xalqının yaratdığı tarixi mədəniyyət nümunələrini, ermənilərin isə onlara qarşı necə barbarcasına terror törətdiyini bütün dünyaya nümayiş etdirmiş olacaqlar. Eyni zamanda, bundan sonra da iki tarixi-təbii və strateji müttəfiq kimi istənilən mürəkkəb geostrateji şərtlərdə bu müttəfiqliyin gərəkdiyini yerinə yetirməyə qadir olduğunu göstərəcəklər. Bu müttəfiqlik isə regionumuzda təhlükəsizliyin, inteqrasiyanının və sülhün təminatçısıdır".
Ədalət Partiyası sədrinin müavini Elxan Şükürlü: “SİYASİ BARIŞ ÜÇÜN  FƏALLIĞIMIZI ARTIRACAĞIQ" - Müsahibə
Elxan Şükürlü

Ədalət Partiyasının sədr müavini Elxan Şükürlünün fikirləri xüsusi diqqət çəkir: “Şuşa qələbəsiylə yekunlaşan 44 günlük Qarabağ zəfərinin əsas müəlliflərindən biri, şübhəsiz ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandır və onun ölkəmizə, xüsusən də Şuşaya səfərinin çox ciddi siyasi məzmunu, mahiyyəti var. Diqqət yetirdinizsə, Ərdoğanın Azərbaycana səfər proqramı rəsmi şəkildə məhz ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Rikerin Bakıda olduğu, Rusiya və Türkiyə nümayəndələrinin Moskvada görüşdüyü, eləcə də Rusiya xarici işlər naziri Sergey Lavrovun Qarabağın statusunun gələcəyə saxlanmalı olduğu və Zəngəzur dəhlizinin regional əhəmiyyəti haqda çıxışlarının yayıldığı bir vaxtda elan edildi. Üstəlik, məlum oldu ki, Ərdoğan məhz Bayden-Putin görüşünün nəticələrini gözləmədən Bakıya və Şuşaya gəlir. Yəni görünən bütün bu detallar onu deməyə əsas verir ki, Türkiyə, Rusiya və Azərbaycanın 44 günlük Qarabağ savaşında əldə etdiyi nəticələri artıq bölgənin əsas xarici oyunçuları da qəbul edir. Bu baxımdan, gözləntim odur ki, iyunun 14-16 aralığında keçirilən Bayden-Ərdoğan və Bayden-Putin görüşlərində də Dağlıq Qarabağ münaqişəsinin həllində əldə edilmiş bu reallıqlar ABŞ tərəfindən qəbul ediləcək və gələcək sülh danışıqlarında ABŞ, Rusiya və Türkiyə uzlaşdırılmış mövqe ifadə edəcəklər. Bu isə o deməkdir ki, artıq bölgədə yeni irimiqyaslı savaşın başlanmasını tərəflərdən heç kim arzulamır və Ermənistandakı 20 iyun seçkilərindən sonra 10 noyabr və 11 yanvar razılaşmalarının müddəalarının yerinə yetirilməsi prosesi sürətlənəcək. İyunun 16-da keçiriləcək Putin-Bayden görüşünün nəticələrini gözləmədən Ərdoğanın Bakıya gəlişi və Şuşaya səfəri isə, ilk növbədə bütün dünyaya ABŞ-Rusiya münasibətlərinin necəliyindən asılı olmayaraq, Türkiyə və Azərbaycanın bir yerdə olacağının açıq mesajı sayılmalıdır. Həmçinin bu, o deməkdir ki, Rusiya və Türkiyə Qarabağ məsələsində vahid və razılaşdırılmış plan üzrə hərəkət edir, tərəflər bir-birlərinə problem yaratmaq niyyətində deyillər. Ərdoğanın Şuşaya səfərinin ən böyük təsirini isə biz Ermənistandakı seçkilərin gedişində hiss edəcəyik. Ərdoğanla Əliyevin Şuşadan ermənilərə verəcəkləri mesajlar, şübhəsiz ki, revanşistlərin mövqeyinə zərbə olmaqla yanaşı, müharibədə məğlub olmuş və qorxmuş erməni cəmiyyətində Azərbaycan və Türkiyə ilə sərhədlərin açılmasını, sülh razılaşmasını istəyənlərin mövqeyini gücləndirəcək. Səfər müddətində Azərbaycanla Türkiyənin hərbi əməkdaşlığını daha da gücləndirəcək, gələcəkdə Azərbaycan Ordusu ilə Türkiyə Ordusunun ortaq təhlükələrə qarşı vahid mövqedən çıxış etmələrinə imkan verən sənədlərin, müqavilələrin imzalanması da gözləniləndir”.

Azerbaycanrealligi.com



Bizimlə əlaqə saxlayın