Müharibədən sonrakı “SAVAŞ”: Sahil Babayev qazilərin haqqının tapdanılmasına niyə göz yumur?

Manşet / Gündəm
 1-06-2021, 09:00     665

44 gün davam edən və Azərbaycanın işğalçı Ermənistan üzərində qələbəsi ilə yekunlaşan Vətən Müharibəsindən təqribən 7 ay vaxt keçir. Geridə qalan müddət ərzində 28 illik işğalın və hərbi əməliyyatlar zonasında döyüşlərin ağır nəticələrinin aradan qaldırılmasına yönəlik işlər görülməkdədir.

İşğaldan azad olunmuş ərazilərimizdə infrastrukturun bərpası və məcburi köçkünlərin öz yurdlarına qayıtmalarının tezləşdirilməsinə dair müvafiq dövlət proqramları nəzərdə tutulan qrafik üzrə davam etdirilir. Azərbaycanla xoş münasibətlərə malik ölkələrin çoxsaylı şirkətlərinin də bu işlərə cəlb edilməsi abadlıq-bərpa prosesinin vaxtında və keyfiyyətlə başa çatdırılacağını söyləməyə əsas verir.

Əlbəttə, postmüharibə dövründə işğaldan qurtarılmış ərazilərimizin bərpası ilə yanaşı həlli vacib olan digər mühüm məsələlər də mövcuddur. Bu sırada isə ilk olaraq, şəhid ailələri ilə qazilərimizin vəziyyəti, onların üzləşdikləri sosial və digər xarakterli problemlərin aradan qaldırılmasının zəruriliyi qeyd olunmalıdır.

Xatırlatmaq yerinə düşər ki, müharibənin yekunlaşdığı ilk günlərdən etibarən, bu seqmentin sosial müdafiəsinin təmin edilməsi və gücləndirilməsi üçün konkret qərarlar qəbul edilib. Həmin qərarlar əsasında şəhid ailələrinin və qazilərin problemlərinin həlli ön plana keçirilib. Bu çərçivədə şəhid ailələri və qazilərin mənzil şəraitlərinin, həmçinin sosial vəziyyətlərinin yaxşılaşdırılması istiqamətində ardıcıl addımlar atılır.

Eyni zamanda, yardıma ehtiyacı olan şəhid ailələri və qazilərimizə dəstək olmaq üçün bir neçə ümummilli dəstək fondu yaradılıb. Dövlətlə yanaşı, xalq da bu problemlərin aradan qaldırılmasına təkan vermək üçün həmin fondlara iri həcmdə ianələr keçirməklə, prosesdə yaxından iştirak edir.

Bununla belə, bəhs olunan çərçivədə qəbul edilən qərarlara baxmayaraq, bir sıra dövlət qurumları, o cümlədən, yerli icra hakimiyyəti orqanları şəhid ailələri və qazilərin problemlərinə nəinki yetərincə həssaslıqla yanaşmır, hətta onlarla yolverilməz qaydada davranmaqdan belə çəkinmirlər. Ona görə də, müharibədən 7 ay keçsə də, bir sıra şəhid ailələri ilə qazilərin diqqətsizliklə bağlı şikayətləri səngimir. Bu şikayətlərin əsas ünvanı isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və başqa rəsmi strukturlardır.

Media və sosial şəbəkələrdə yayılan məlumatlara, paylaşımlara əsaslanaraq deyə bilərik ki, adıçəkilən nazirlik bu məsələdə üzərinə düşən funksiyanı normal yerinə yetirmir. Bu üzdən, şəhid ailələri ilə qazilərin həmin nazirlikdən şikayətlərinin azalmaması haradasa təbii qarşılanmalıdır.

Həqiqətən də, sosial şəbəkələrə nəzər saldıqda, həm sözügedən Nazirliyin, həm də yaradılan fondların ünvanına xeyli tənqidlə qarşılaşırıq. Təsəvvür edin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, eləcə də o fondlar şəhid ailələri ilə qazilərin problemləri haqda, əsasən, sosial şəbəkələrdən xəbər tuturlar.

Reallıqda isə həmin qurumların özləri Səfərbərlik Xidməti və başqa dövlət qurumları ilə koordinasiyalı qaydada fəaliyyət göstərərək, yardıma ehtiyacı olan şəhid ailələri və qazilərlə tez əlaqə qurmalı, onların problemlərini həll etməlidirlər. Ancaq təəssüf ki, bu işlər hələ də öz “rels”inə düşməyib.

Daha bir acınacaqlı vəziyyət isə yerli icra hakimiyyəti orqanlarının haqqında danışılan ailələrə münasibəti ilə bağlıdır. Bu sırada Pirallahı Rayon İcra Hakimiyyəti tərəfindən qazi, baş leytenant İqbal Səfərova süpürgəçi işinin təklif olunmasının doğurduğu ictimai qəzəb hələ də səngiməyib.

Bu da ilk və son deyil. Mediada az qala hər gün məmur biganəliyindən əziyyət çəkən şəhid ailələri və qazilərin şikayətlərinə dair materiallar dərc olunur. Ötən ilin oktyabrın 2-də yaralanan İmişli rayonu Muradxanlı kəndindən olan qazı Nicat Əmirli ailəsi ilə birlikdə uçuq daxmanı xatırladan evdə yaşayır. Qazi indiyə kimi bir neçə xəstəxanada müalicə alsa da, səhhətində irəliləyiş yoxdur. Daha effektli müalicəyə ehtiyacı olsa da, Nicat bu məsələdə dəstək görmür.

Qəbələnin Uludaş kəndindən olan qazimiz Zair İsrafilov da diqqətsizlikdən şikayətçidir. Ali təhsilli qazimiz müharibədə ağır yaralandığı üçün nə özünə, nə də ağır vəziyyətdə yaşayan ailəsinə dəstək ola bilir.

Vətən Müharibəsinin Göyçay rayonundan olan iştirakçısı, qazı İsmayıl Rəhimov isə döyüşlərdə ağır yaralanmasına baxmayaraq, hələ də real əlillik dərəcəsi ala bilməməsindən şikayətçidir.

Sol ayağının topuqdan yuxarı hissəsi amputasiya edilən qazi Murad Həsənova III (?) dərəcəli əlilliyin təyin olunması isə nəinki onun, eləcə də ictimaiyyətin kəskin narazılığına səbəb olub.

Vətən Müharibəsi iştirakçısı, Kürdəmirin Qarasaqqal kəndindən olan qazi, döyüşlərdə gözünü itirmiş Rəhman Nuriyev isə Mərkəzi Hərbi Hospitalın hərbi tibbi komissiyasından, özünə qarşı hörmətsiz davranışdan şikayətçidir.

Cəbrayıldan və Goranboydan olan qazilər Novruz Novruzovla Müzəffər Abbasov da problemlərdən, biganəlikdən, ağır şəraitdən narazılıqlarını bildiriblər.

Qazi, döyüşlərdə iki dəfə yaralanan Bakı Dövlət Universitetinin (BDU) tələbəsi Nicat Nəzərov isə təhsil haqqını ödəyə bilmədiyi üçün təhsildən kənarda qalıb. Qazinin ailəsi dövlətdən heç nə yox, sadəcə, Nicatın təhsilini davam etdirməsinə yardım göstərməsini istəyir.

Təəssüf ki, bu sayaq problemlər yalnız maddi-sosial xarakterli deyil. Son altı ayda bir neçə qazimizin intihara əl atması onların yaşadıqları problemlər barəsində təsəvvür yaradır. Qazilər Vüsal Musayev, Fərid Quliyev, Fərman Həsənov, Rüfət Nəbizadə həmin problemlərdən öz canlarına qıyaraq, “xilas olmaq” yolunu seçdilər.

Bütün bu sadalananlar dövlət qurumlarını və rəsmi şəxsləri şəhid ailələri ilə qazilərin problemlərinə daha həssas yanaşmalarının zəruriliyini bir daha ortaya qoyur. Əks halda, “bumeranq effekti” qaçılmaz olacaq.(yenicag.az)

Azerbaycanrealligi.com