Prezidentin düşmənə göz dağı olan Şuşa qərarı

09, 05, 21
13:00

Prezidentin düşmənə göz dağı olan Şuşa qərarı


Fərhad Bədəlbəyli: “Şuşada çalınacaq zəfər nəğmələrinin səsi  bütün dünyaya yayılacaq”


Prezident İlham Əliyev mayın 7-də Şuşanı rəsmən Azərbaycanın mədəniyyət paytaxtı elan etdi. Bəs bu status Şuşa üçün nə deməkdir və onun inkişafı baxımından hansı üstünlüklər vəd edir? 

Heç şübhəsiz, Prezidentin bu sərəncamı Şuşanı “qaytarmaq” xülyası ilə yaşayan və bunu ideoloji müharibəyə çevirməyə çalışan ermənilərin status iddiasına və bədnam “miatsum” ideyasına növbəti ağır zərbədir. Çünki rəsmi Bakı bununla bir daha Şuşanı hələ də keçmiş DQMV-nin tərkib hissəsi sayan erməni tərəfinə, eləcə də ermənipərəst Minsk Qrupu “üçlüyü”nə aydın mesaj verir ki, heç bir status söhbəti baş tutan deyil. Bu sərəncamı vasitəçilərin Minsk Qrupunu diriltmək cəhdlərinə Bakının orijinal cavabı da saymaq olar. Hansı vasitəçilər ki, son  bir ayda 2 dəfə bəyanat yayaraq, guya Dağlıq Qarabağ konfliktinin hələ həll olunmadığını və “uzunmüddətli nizamlama”nın isə “tərəflərə yaxşı məlum olan 3 prinsip əsasında” mümkün ola biləcəyini bəyan ediblər. O prinsiplərdən biri də öz müqəddəratını təyinetmə ilə bağlıdır. 
Fazil Mustafa: “FETO-çu olan namussuzdur, nakişidir!” - Modern.Az  Azərbaycan və dünya xəbərləri
Fazil Mustafa

Millət vəkili Fazil Mustafa mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “Birtərəfli qaydada Azərbaycan öz ərazisində öz suverenliyini bərpa edib. Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi də bu addımlardan biridir. Ölkə Prezidentinin Şuşa üzərində bu qədər həssas dayanmasının əsas məqsədi həm ermənilərin psixoloji olaraq Şuşa ilə bağlı bütün xəyallarına, xülyalarına son verilməsi, həm də Azərbaycan xalqının Şuşa üzərində gələcəyinin bu ərazidə qurulmasıdır.  Şuşanın mədəniyyət paytaxtı elan edilməsi  o deməkdir ki, bu şəhərin statusu, formatı başqa yerlərdən fərqli olacaq. Ona görə də Şuşa üzərində hər hansı manipulyasiya artıq yersizdir. Eləcə də Qarabağ üzərində manipulyasiyalar artıq yavaş-yavaş mənasızlaşır. Bu proses uzandıqca ATƏT-in Minsk Qrupunun da əvvəlki ləngidici, işğalçını dəstəkləyən vasitələri əlindən çıxmağa başlayıb. Onlar bunun narahatlığını yaşayır. Ona görə də tez-tez bəyanatlar verməklə ”işin içərisindəyik, prosesə müəyyən mənada aidiyyəti olan insanlarıq və yaxud dövlətlərik" demək istəyirlər. Lakin Azərbaycan hər dəfə onları geri qaytarır və bir daha bəyan edir ki, Azərbaycan dövlətinin qərarını elə Azərbaycan verir. Azərbaycan xalqı Prezidentin bu qərarını birmənalı şəkildə dəstəkləyir. Çünki Şuşa bizim üçün həqiqətən də mədəniyyətimizin beşiyidir və bu beşiyi biz yenidən yırğalanan, övlad böyüdən beşiyə çevirməliyik".
Şəkil:Tofiq Zülfüqarov.jpg — Vikipediya
 Tofiq Zülfüqarov

Politoloq Tofiq Zülfüqarov isə mövzuya bu cür şərh bildirdi: “Ümumiyyətlə, bu stereotipdən uzaq olmalıyıq ki, ”kimsə xaricdə nəsə deyibsə, deməli, bu, həlledici bir amildir". Bəzən öz qələbəmizin səviyyəsini tam dərk edə bilmirik. Bəli, bu gün xaricdə, həmçinin Ermənistanda kimsə nəsə deyir. Hesab edirəm ki, onlar hələ bundan sonra da, yəni özlərinə gələndən, zərbələri tam hiss etdikdən sonra daha çox danışacaqlar. Reallıq budur ki, Azərbaycan öz ərazisini bərpa edib, Ermənistan ordusu ərazimizdən rədd olub, Şuşa, digər ərazilər bizim nəzarətimizdədir. Sərhədin o biri tərəfində kim nə deyirsə, özü bilər. Biz özümüzü müzəffər, qalib kimi hiss etməliyik. Azərbaycan mədəniyyətinə, tarixinə verdiyi töhfəsini nəzərə alaraq, təbii ki, Şuşa Azərbaycan mədəniyyətinin paytaxtıdır və buna heç kəsin şübhəsi yoxdur. Hesab edirəm ki, bununla bağlı verilən sərəncam vaxtında verilən qərardır. O ki qaldı məni narahat edən məsələlərə, düşünürəm ki, zaman keçdikcə hər şey öz qaydasına düşəcək, sadəcə, bir qədər səbirli olmaq lazımdır".

“Cənab Prezidentin Şuşanı mədəniyyət paytaxtı elan etməsi tarixi və ədalətli  sənəddir. Çünki Şuşa buna layiqdir. Şuşa yüz illər ərzində Xan qızı Natəvan, Üzeyir Hacıbəyov, Niyazi, Soltan Hacıbəyov, Fikrət Əmirov, Süleyman Ələsgərov, Vasif Adıgözəlov, Xan Şuşinski kimi dahilər yetişdirib. Bilirsiniz, bu insanların hamısı Şuşanın rəmzidir. Şuşa doğrudan da həmişə mədəniyyətlə bağlı şəhər idi. Şuşa ustadların şəhəri idi. Şəhərin hər bir sakini bir ustad idi, kimisi xalçaçı idi, kimisi papaqçı, kimisi tar-kamança düzəldirdi. Bütün işlər mədəniyyətlə bağlı idi”.
Bakupost.az - Fərhad Bədəlbəylinin xanımı vəfat etdi
Fərhad Bədəlbəyli 

Bu barədə  Modern.az-a açıqlamasında əslən Şuşadan olan bəstəkar, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli ölkə başçısının Şuşanı Azərbaycanın mədəniyyət paytaxtı elan etməsi ilə bağlı danışarkən bildirib.  F.Bədəlbəylinin sözlərinə görə, ölkə başçısının son sərəncamı həm də düşmən üçün göz dağıdır:

“Bu o deməkdir ki, onlar gələcəkdə bir də Azərbaycana göz tikməsinlər və birdəfəlik məsələ bağlansın. Gələcək nəsillər biz çəkdiyimiz dərdi çəkməsinlər. 28 il idi ki, bu dərd bizi içimizdən yeyirdi, bu dərd bizi qocaltdı. Amma indi əksinə, Şuşanın azadlığı ilə cavanlaşacağıq. Allah qoysa, Şuşada bir-birindən gözəl musiqi festivalları, Vaqif poeziya günləri, Üzeyir bəyin doğum gününü keçirəcəyik. Biz həmişə deyirdik o gün olsun Şuşada ”Koroğlu" uvertürasına qulaq asaq, artıq o gün bu gündür. Musiqi böyük silahdır, Şuşada çalınacaq zəfər nəğmələrinin səsi bütün dünyaya  yayılacaq. Cıdır düzündə simfonik orkestrin ifası düşmənə bir işarə verəcək ki, ağıllı olun, qurtarın oyunları. Ya Azərbaycan vətəndaşı olun, ya da bu torpaqdan rədd olun. Vaxtilə Vasif Adıgözəlov “Laylay Şuşa”nı yazanda, biz hamımız ağlayırdıq. İnşallah, 3-4 gün sonra onun “ Qarabağ aratoriyası” Cıdır düzündə Dövlət Simfonik Orkestri Dövlət Kopellası ilə ifa olunacaq. Dirijor isə onun oğlu, Xalq artisti Yalçın Adıgözəlov olacaq. Bu, simvolik konsert olacaq. Mən həmişə deyirdim ki, ən böyük arzum Cıdır düzündə ifa etməkdir. Çünki biz, vaxtilə maestro Niyazi ilə birlikdə Şuşada çıxış edirdik. İndi yenə o vaxt gəldi. Bu, böyük bayramdır, mən hər bir azərbaycanlını təbrik edirəm".

Bəstəkar Şuşa ilə bağlı arzularını da dilə gətirib: “Mənim arzumdur ki, Şuşada akademiyamızın filialını açaq. Yay fəslində orada ustad dərsləri keçək. Ən yaxşı professorlar, ustadlar akademiyaya dəvət olunsun. Şuşa beynəlxalq statusa layiqdir. Turistlər gəlməlidir, simpoziumlar, şahmat yarışları keçirilməlidir. Niyə şahmat? Çünki vaxtilə Xan qızı Şuşada Aleksandr Düma ilə şahmat oynayıb. Şuşa belə şəhər idi. Bir sözlə, Şuşa ilə bağlı saysız-hesabsız planlarımız var. Biz Şuşaya qayıtmışıq və bundan sonra Azərbaycan xalqı Şuşada əbədi yaşayacaq”.

Azerbaycanrealligi.com



Bizimlə əlaqə saxlayın