Tanınmış pəhləvan şəhid ailəsinə qarşı dələduzluq edib - ŞİKAYƏT+VİDEO

03, 07, 18
14:43

Tanınmış pəhləvan şəhid ailəsinə qarşı dələduzluq edib - ŞİKAYƏT+VİDEO

Tanınmış pəhləvan Nurəddin Beyləqanlıya qarşı cinayət işi başlanıb. O, cinayət məcəlləsinin 178.3.2-ci maddəsi ilə dələduzluqda ittiham olunur. İttihama səbəb onun müharibə veteranı, ikinci qrup əlil və şəhid qardaşı olan Alışov İlham və onun qonşusuna onların etibarından sui-istifadə edərək təxminən 20 min AZN ziyan vurması olub.

Azerbaycanrealligi.com saytı məsələ ilə bağlı İlham Alışovla əlaqə yaradıbdır. İ.Alışov ittihamda göstərilən hadisəni təsdiq edib: "Maşın almaq üçün Nürəddinə pul verdik. O zamanlar o, Almaniyadan maşın gətirirdi. Qonşumla ona 10 min 500 dollar, 500 avro, bir də 500 manat pul verdik. O maşını gətirmədi. Dəfələrlə bizə müxtəlif bəhanələr gətirirdi. Hadisə ilə bağlı Nərimanov rayon 18-ci polis bölməsinə şikayət etdik. Ona qarşı ittiham irəli sürüldü. Cinayət işi Nərimanov Rayon Polis İdarəsinə verildi. Daha sonra məhkəmə Nurəddin Beyləqanlı barəsində 1 ay 14 gün həbs qəti imkan tədbiri seçdi. O, Rusiyada olduğundan Beynəlxalq axtarışa verildi. Rusiyada onu tutub Azərbaycana gətirəndə vəkili Nərimanov Rayon Məhkəməsinin qərarından sonra Apelyasiya Məhkəməsinə şikayət etdi və Apelyasiya Məhkəməsi ona seçilmiş həbs qəti imkan tədbiri qərarını ləğv etdi.  Bu qərardan bir neçə gün sonra onun özü polisə getmişdir. Hal-hazırda Nərimanov Rayon Polis İdarəsində həmin iş üzrə araşdırma istintaqı gedir."

İlham Alışov Fotosu
Şikayətçi İlham Alışov bildirir ki, pəhləvan Nurəddin Beyləqanlı kimi tanınan şəxs təkcə onlara qarşı belə dələduzluq əməlləri törətməyib, çox sayda vətəndaşı da müxtəlif yollarla aldadıb. Belə ki, Nurəddin Almaniyadan 800-900 min kilometr sürülmüş, vaxtı keçmiş maşınları alaraq Türkiyəyə gətirir, orada maşının sürülmə kilometrajını 50 min-100 minə endirir, daha sonra vurulmuş maşınların rəngini dəyişdirərək Bakıya gətirir və vətəndaşlara satırmış. Maşın alan vətəndaşlar bir neçə gündən sonra bunu biləndə onları təhdid edir, İlham Alişov bildirir ki: "Özüm Qarabağ müharibəsi vetranıyam 2-ci qurup əliliyəm, qardaşım da 1992-ci ildə gedən döyüşlərdə şəhid olub. Məqsədim mənə Nurəddin Beyləqanlı tərəfindən dəymiş ziyanın ödəməsini təmin etməkdə köməklik göstərməyinizdir. Deyirlər ki, onun arxasında Bakı şəhər prokurorunun köməkçisi dayanıb. Buna görə də, mən baş vermiş hadisə ilə bağlı ölkə başçısına, Bakı səhər və Respubilka prokurorluğuna teleqramlar vurmuşam, vəziyyət barəsində məlumat vermişəm və bu məsələnin qanuni həllində yaxından iştirak etmələrini xahiş etmişəm. Axı mən də pulu kimdənsə borca almışdım, pul mənim deyildi, borc aldığım insan da hər gün evimə gəlib pulunu tələb edir. Mənim işim düzgün aparılmasa, bütün hüququ yollardan istifadə edərək mübarizəmi davam etdirəcəyəm. Çünki adam açıq-aşkar deyir ki, mənim arxamda adamım var, heç kim mənə bata bilməz. Arxasında adam olan şəxs bəyəm vicdanı unudub onu-bunu belə zalımcasına aldatmalıdır?"

 Məsələ ilə bağlı Nurəddin Beyləqanlıyla əlaqə yaratmağa çalışdıq. Telefonuna zəng çatmadı və digər nömrəsinə zəng etdik. Bildirdilər ki, sabah sizinlə əlaqə saxlayacaq. Deyilən vaxtda əlaqə saxlamadıqlarından yenidən zəng vurduq. Bu dəfə telefona qızı cavab verdi və bildirdi ki, atası bir neçə saata bizimlə danışacaq. Yenə də zəng edən olmadı. Daha sonra dəfələrlə əlaqə yaratmağa çalışsaq da telefona cavab verən olmadı.

Araşdırmamız davam edir. Bir neçə gündən sonra şikayətçi İlham Alışovun hüquq-mühafizə orqanlarına videomüraciəti olacaq. Onu da saytımız vasitəsi ilə sizlərə təqdim edəcəyik.



Azerbaycanrealligi.com

Şikayətiniz varsa Whatsapp: 055 8288841




Bizimlə əlaqə saxlayın