Cəbrail rayon icra hakimiyyətindən bir ayağını itirmiş qaziyə hörmətsizlik: Biz qazi ilə bir dəfə görüşə bilərik - VİDEO

27, 04, 21
19:30

Cəbrail rayon icra hakimiyyətindən bir ayağını itirmiş qaziyə hörmətsizlik: Biz qazi ilə bir dəfə görüşə bilərik - VİDEO


44 günlük Vətən müharibəsinin daha bir qəhrəmanı, Vətən uğrunda, torpaq uğrunda sağlamlığını qurban verən daha bir igidimiz, qazi eyni zamanda əslən Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndindən olan məcburi köçkün Novruzov Novruzun müraciəti əsasında onun qonağı oldu.

Təəssüflər olsun ki, son günlər bütün yerli medianın əsas gündəm mövzusu Vətən müharibəsi qazilərinin və şəhid ailələrinin incidilməsi, onların hüquqlarının tanınmaması, onlara qarşı hörmətsizliklərdir.

Hansı ki, dəfələrlə də vurğuladığımız kimi şəhid ailələri və qazilərimizin problemləri bütün vətəndaşların olduğu qədər, Cənab Prezident İlham Əliyevin də diqqət mərkəzində olan, həssas yanaşdığı məsələlərdəndir. Elə bu səbəbdən də Prezident öz çıxışında da bütün dövlət qurumlarına səsləndi ki, yerlərdə ilk növbədə müharibə iştirakçıları və qazilərimiz işlə təmin olunmalıdır.

Bu dəfəki mövzumuzun qəhrəmanı, Qarabağ əlili Novruz Novruzov Biləsuvar rayon ərazisində yerləşən Cəbrayıl qəsəbəsində yaşayır. Ali təhsilli İqtisadçıdır. Təhsil aldıqdan sonra Vətən borcunu yerinə yetirmək üçün hərbi xidmətə yollanıb. Xidmətdə olduğu dövrdə ikinci Vətən müharibəsi başlayıb və Novruz da döyüşlərə qatılıb. Göstərdiyi şücaətləri Prezident tərəfindən də dəyərləndirilib, "cəsur döyüşçü" medalı ilə təltif olunub.

Novruz Novruzov

Novruz bu döyüşlərdə sağlamlığını, 1 ayağını itirsə də, şükürlər olsun ki, sağ qalıb. Onu da qeyd edək ki, Novruzun qollarında və ayaqlarında hələ də qəlpələr var. Müalicəsi davam etdirilir.

N. Novruz yaşadığı qəsəbədə hər hansı bir işlə təmin olunması üçün dəfələrlə Cəbrayıl rayon İcra Hakimiyyətinə müraciət etsə də İcra Başçısı Kamal Həsənov onu qəbul edib dərdini dinləməyib. Hər dəfə də başçının müavinləri cavab verirlər ki, "iş yoxdur, gələcəkdə olarsa sizi nəzərə alarıq".

Novruzun Atası B.Malik deyir ki, "Mən dəfələrlə Rayon İcra Hakimiyyətinə ərizə ilə rəsmi müraciət göndərmişəm. Mənə gələn cavablarda belə Kamal Həsənovun özünün deyil, müavini Fəridə xanımın imzası olub. Başçı o qədər məşğuldurmu imza atmağa belə vaxtı yoxdur?”

B.Malikin yerində verilmiş sualını doğuran səbəb hər dəfə başçının qəbuluna gedərkən, “başçının qonağı var, sizinlə görüşməyə vaxtı yoxdur” cavabıdır.

B.Malik daha sonra qeyd edirki, “hazırda rayonda bir neçə boş vakant yerləri mövcuddur. Başçının müavini Fəridə xanım mənə deyir ki, "o iş sənin oğlunluq deyil".”

Fəridə xanımın bu cavabında bir neçə məna, yaxud səbəb gizlənir.

"Sizlik deyil" yəni "öz adamımız var" mənası daha məntiqə uyğundur. Çünki, əgər işi olan ingilis dili müəllimini (hələlik naməlum səbəblərə görə) İcra Hakimiyyətinə gətirib, ona vəzifə verib, işsiz qazilərimizi isə "gələcəyə ümid" vədiylə yola salırlarsa bunu başqa cür düşünmək məntiqsiz olar.

"Müəllim" demişkən aldığımız çoxsaylı gileyli məlumatlara görə Cəbrayıl rayonunda təhsil sahəsində də vəziyyət ürəkaçan deyil. Hətta, bərbaddır desək daha dolğun ifadə etmiş olarıq. (Mövzumuz hazırda bu olmadığı üçün növbəti yayımlarımızda Cəbrayıl rayon Təhsilini də açıq və dolğun şəkildə diqqətinizə çatdıracağıq.)

Qazinin iş tələbi onun haqqıdır, mümkünsüz də deyil.

Bir ayağını itirib, bu gün "qoltuq ağacı"na tutunaraq ayaq üstə duran igidimiz bütün bu çətinliklərinə baxmayaraq, yenə də özü çalışıb, öz ayağı üzərində dayanmaq istəyir. Düşünürük ki, Cəbrayıl rayon İcra Hakimiyyətinin kimlər üçünsə boş saxladıqları vakansiyalar üzrə qazi N.Novruzovu və digər qazi və şəhid ailələrini işlə təmin etsələr bu problemlər də aradan qalxmış olar.

Başqalarının qazi və şəhid ailələrinə göndərdiyi yardıma "bələdçi"lik edərkən fotosessiya edib sosial şəbəkələrdə paylaşmaq heç də sizi işində məsuliyyətli qurum olaraq göstərmir. Bu kimi saxta görüntülərə bu millətin "qarnı tox"dur. Artıq, o nağıllara inanan millət sizlərin sayəsində böyüdü. Daha hər kəs nağıl deyil, reallığı görür və haqqını tələb edir. Onların haqqını tanımaq və təmin etmək də sizin fəxr etdiyiniz, sizi "toxunulmaz" etdiyini sandığınız vəzifənizin borcudur.

Həsənov Kamal

Diqqətinizə çatdırırıq ki, bu Cəbrayıl rayon İcra Hakimiyyətindən olan yeganə narazılıq deyil. Dəfələrlə bu barədə redaksiyamıza mənfi məlumatlar daxil olub və yayımlanıb.

Cəbrayıl rayonunda olan bu qədər sakinlərin narazılıqları onu sübut edir ki, İcra Hakimiyyəti başçısı Kamal Həsənov ya vəzifə səlahiyyətlərinin nələrdən ibarət olduğunu bilmir, ya da bacarmır.

Bir sözlə əgər İcra Hakimiyyətinin başçısı olduğu rayonun sakinləri onun üzünü tanımırsa, bütün gün kabinetində əyləşib "çay keyfi" yaşayırsa, dərdini deməyə gələn sakinləri qəbul etməyə "ərinir"sə, İdarəçiliyində olan rayon üçün yararlı bir iş görməyibsə, bu o deməkdir bu adam özü sahib olduğu vəzifə üçün yararlı deyil.

P.S: Əlavə edək ki, N.Novruzov dəfələrlə rayon İcra Hakimiyyətinə yazılı şəkildə müraciət edib. Lakin, heç bir müsbət reaksiya görmədiyi üçün üçün daha bir ərizə yazaraq sosial şəbəkələrdə paylaşım edib. Maraqlıdır ki, Cəbrayıl Rayon İcra Hakimiyyətinin rəsmi facebook səhifəsi onun bu paylaşımına “smile” işarəsi ilə reaksiya verib.

Özünün çarəsiz buraxdığı Qarabağ qazisinin bu addımında onlarda gülüş doğuran məqamın hansı olduğu isə həm bizə, həm də qazi N.Novruzun özün maraqlı sual olaraq qalır.

İnformasiya agentliyi hər zaman olduğu kimi KİV haqqında qanunları rəhbər tutur. Elə bu qanunlara əsasən də Cəbrayıl rayon İcra Hakimiyyəti başçısı Kamal Həsənovun mobil nömrəsi ilə əlaqə saxlamağa çalışdıq, lakin telefon sönülü olduğu üçün onun məsələyə münasibətini öyrənə bilmədik. Belə olduğu təqdirdə biz İcra Hakimiyyətinin internet saytında yerləşdirilən əlaqə nömrəsi vasitəsilə Başçının müavini İctimai-Siyasi və humanitar məsələlər şöbəsinin müdiri İbayeva Fəridə Məmmədəli qızı ilə əlaqə saxladıq.

Fəridə İbayeva

Fəridə xanım qazi N.Novruzun narazılığını aqressiv şəkildə təkzib etdi və bildirdi ki, "dəfələrlə şəxsən mən özüm və digər müavinlər onların evində olmuşuq, yardım göstərmişik."

Fəridə xanım bu cavabı ilə özü də bilmədən N.Novruzun fikirlərini təsdiqləmiş oldu ki, Kamal Həsənov özü deyil, müavinləri qazi ilə görüşür.

"Kamal müəllim neçə dəfə görüşüb?" sualımıza da "bir dəfə qəbrəstanlıqda görüşüb" cavabını verdi.

Bəli, Novruz da öz müraciətində təxris olunduğu gün şəhid məzarını ziyarət edərkən təsadüfən başçının da şəhidlər xiyabanında olduğunu qeyd etmişdi.

Bizim "Kamal müəllim Novruzu ziyarət edibmi?" Sualımıza isə Fəridə xanım çox aqressiv bir şəkildə şəkildə "ay xanım, o başçıdı ee. O hər yerə özü getməli deyil. Biz gedib görüşürük"cavabını verdi.

Maraqlıdır. İcra başçısı nə üçündür?

Dövlət Başçısı onları nə üçün vəzifəyə təyin edib?

Dövlət Başçısı şəxsən özü vaxt ayırıb, gedib qaziləri və yaralıları hospitallarda ziyarət etdiyi halda, onun vəzifəyə təyin etdiyi İcra Hakimiyyəti başçısının müavini deyir ki, "başçının 80 min əhalisi var, onun da filan qədər qazisi var. Başçı bir dəfə Novruzla görüşə bilər, onu da görüşüb."

Fəridə xanımın sözündən belə çıxdı ki, N.Novruzovun artıq "başçıyla görüş limiti" bitmişdir. Eyni zamanda diqqət etdinizsə bu ifadəsilə Fəridə xanım Cəbrayıl rayonunu ümumilikdə "Kamal Həsənov" adlandırdı. "Başçının 80 min əhalisi var" deməklə İcra başçısının vəzifəsini bu qədər şişirdən dövlət məmuru bu ifadəni səsləndirərkən, 10 milyonluq əhalisi olan Azərbaycanı idarə edən Dövlət Başçısını unutdu sanırıq.

Hansı ki, dövlət başçısı xalqa xidmət etmələri üçün rayonlarda İcra Hakimiyyəti başçısı təyin edir və vəzifəsinin icrası müqabilində onlara Dövlət büdcəsindən əmək haqqı ayırır.

Çox təəssüflər olsun ki, əmək haqqını "zəhmətinin haqqı" olaraq qəbul edən bir çox İcra başçıları aldıqları maaşı haqq edəcək zəhmət çəkmir, əksinə sakinlərin xidmətlərindən yararlanmağa çalışırlar. (DogruXeber.az)


Redaksiyamız hər kəsin söz haqqını tanıyır. 


Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın