Prezident İlham Əliyevin “Zəngəzura qayıdacağıq” bəyanatı Ermənistanı qarışdırdı

22, 04, 21
17:00

Prezident İlham Əliyevin “Zəngəzura qayıdacağıq” bəyanatı Ermənistanı qarışdırdı

Politoloq: “Ermənistan və bu ölkənin özünü ərköyün uşaq kimi aparan əhalisi başa düşməlidir ki, şərti biz qoyuruq, onlar yox!”


Aprelin 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Hacıqabul rayonuna səfəri zamanı Azərbaycan Televiziyasına müsahibə verib. Son aylarda yerli və xarici media orqanlarına müsahibələri ilə geniş ictimai müzakirələrə rəvac verən ölkə başçısı bu dəfə də dövlətimiz və millətimizin maraqlarını özündə ehtiva edən bir sıra vacib məqamlara toxunub.
Prezident işğaldan azad olunmuş ərazilərlə bağlı danışarkən deyib ki, indiki mərhələdə orada müxtəlif istiqamətlər üzrə işlər görülür, minalardan təmizləmə prosesi gedir. “Burada ən böyük çətinlik ondan ibarətdir ki, Ermənistan tərəfi bizə mina xəritələrini vermir, bundan imtina edir. Halbuki biz dəqiq bilirik ki, onlarda belə xəritələr var. Sadəcə olaraq, bu xəritələri verməmək Ermənistanın növbəti hərbi cinayətidir” - deyə, dövlət başçısı bildirib.

Müharibə başa çatandan sonra mina xəritələri verilmədiyi üçün 100-dən çox ancaq mülki vətəndaşın yaralandığı və həlak olduğunu deyən ölkə başçısı qeyd edib ki, minaların təmizlənməsi üçün yeni avadanlıq alınır, Minatəmizləmə Agentliyinin ştat vahidlərinin artırılması ilə bağlı sərəncam verilib: “Çalışacağıq, bütün güclərimizi maksimum səfərbər edək ki, minatəmizləmə işləri sürətlə getsin. Eyni zamanda həm Türkiyədən, həm Rusiyadan bu sahədə kömək göstərən hərbçilər də bu işlərlə məşğuldurlar. Mənim göstərişimlə Azərbaycan Müdafiə Nazirliyində bir neçə istehkamçı tabor yaradılıb ki, onlar da bu işlərdə fəal iştirak edirlər və bu günə qədər ən böyük sahəni məhz Müdafiə Nazirliyi təmizləyib”.

Bölgədə həyata keçirilən infrastruktur layihələrdən bəhs edən Prezident İlham Əliyev qeyd edib ki, bu işlərlə paralel olaraq, vurulmuş ziyanın hesablanması prosesi davam etdirilir, xarici mütəxəssislər cəlb edilib: “Bildiyiniz kimi, bizim planlarımız Ermənistanı beynəlxalq məhkəmələrə verməkdir. Bunu biz təbii ki, edəcəyik və xarici mütəxəssislər bu sahədə bizə kömək göstərəcəklər. Bizim təbii sərvətlərimizdən qanunsuz istifadə etmiş Ermənistan və onun xarici tərəfdaşları da beynəlxalq məhkəmə ilə üzləşəcəklər. Çünki qızıl yataqlarımızın, mis yataqlarımızın, digər təbii sərvətlərimizin ermənilər tərəfindən talanması, qanunsuz istismarı beynəlxalq cinayət hesab olunur və bu istiqamətdə də hüquqi prosedurlara start verilib. Xarici tərəfdaşlar artıq bu işlərə cəlb olunublar”.
Prezident İlham Əliyev Şuşaya səfər edib – "Mən Şuşaya Qələbə yolu ilə  gəlmişəm" (TAM MƏTN)
Ölkə rəhbəri deyib ki, erməni faşizmi bütün ölkələrdə olmuş faşizmlərin ən eybəcəridir, ən qəddar faşizmdir: “Biz bu müharibədə təkcə öz ərazi bütövlüyümüzü bərpa etməmişik, həm də erməni faşizmini məhv etmişik. Bu, bizim tarixi missiyamızdır - təkcə Azərbaycan xalqı qarşısında yox, dünya qarşısında. Erməni faşizmi məhv edilib”. Dövlət başçısı düşmənə və havadarlarına xəbərdarlıq da edib: “Bu gün Ermənistanda bəzi revanşist qüvvələr baş qaldıranda bilməlidirlər ki, onların başı lazım olarsa, istənilən zaman əziləcəkdir. Biz imkan verə bilmərik ki, erməni faşizmi yenə baş qaldırsın. Biz imkan verə bilmərik, Ermənistan yenə də öz ordusunu o vəziyyətə gətirib çatdırsın ki, bizə hansısa bir təhdid olsun. Biz əgər mümkün olan təhdidi təsbit etsək, dərhal onu məhv edəcəyik. Bunu hər kəs bilməlidir - həm Ermənistan, həm də onun havadarları. Çünki bu, milli müdafiədir, milli təhlükəsizlik məsələsidir”.

Düşmən ölkənin vandalist davranışlarını, müharibə cinayətlərini unutmamağı tövsiyə edən Prezident eyni zamanda qeyd edib ki, bununla paralel olaraq, biz əməkdaşlığa da hazırıq, baxmayaraq ki, Ermənistan azərbaycanlılara qarşı dövlət səviyyəsində soyqırımı törətmişdir. Sitat: “Baxmayaraq ki, bizim bütün tarixi, dini abidələrimiz dağıdılıb, biz gələcəyə baxmalıyıq. Biz, əlbəttə ki, erməni vəhşiliyini heç vaxt unutmayacağıq. Bu gün Ermənistanda böyük hay-haraya səbəb olan Hərbi Qənimətlər Parkının yaradılmasının əsas məqsədi odur ki, Azərbaycan xalqı bu vəhşiliyi heç vaxt unutmasın. Biz heç vaxt unutmamalıyıq. Biz bunu heç vaxt bağışlamayacağıq. Bunu hər kəs bilsin. Amma bununla paralel olaraq, biz öz maraqlarımızı təmin etmək üçün lazımi addımları atmalıyıq. Zəngəzur dəhlizinin yaradılması bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir. Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik. Necə ki, mən müharibədən əvvəl və müharibə dövründə demişdim ki, bizim torpağımızdan öz xoşunuzla rədd olun, yoxsa sizi zorla çıxaracağıq. Belə də oldu. Zəngəzur dəhlizinin taleyi də eyni olacaq”. Ardınca dövlət başçısı tarixi torpaqlarımızla bağlı çox mühüm tarixi mesaj verib. “Bizim əsas rəqibimiz zamandır. Çünki dəmir yolunun, avtomobil yolunun çəkilişi vaxt tələb edir. Ona görə bütün güclər səfərbər olunub ki, bu layihə icra edilsin. Beləliklə, Azərbaycan xalqı 101 il bundan əvvəl bizim əlimizdən alınmış Zəngəzura qayıdacaqdır”, ölkə başçısı əminliklə bildirib.
İlham Əliyev ''İsgəndər-M'' barədə Rusiyadan cavab istəyir - BBC News  Azərbaycanca

Ali Baş Komandan: “Azərbaycan xalqı 101 il bundan əvvəl bizim əlimizdən alınmış Zəngəzura qayıdacaq”; dövlət başçısının tarixi bəyanatından sonra satqın adlandırılan Nikol Paşinyan Zəngəzurdan qovuldu...


İ.Əliyev Azərbaycan ərazisinə atılan “İsgəndər-M” raketi barədə də rəsmi Bakının Moskvadan cavab gözlədiyi barədə Hərbi Qənimətlər Parkında səsləndirdiyi fikirlərin davamı olaraq vurğulayıb: “Bu sözləri deyəndən sonra ertəsi gün Rusiya Müdafiə Nazirliyi Azərbaycan Müdafiə Nazirliyinin məktubuna cavab göndərmişdir. Mən bu cavabla tanış oldum. Azərbaycan xalqına hər şeyi olduğu kimi deməliyəm. Çünki bu, çox ciddi məsələdir. Bu, sıradan olan məsələ deyil. Ona görə burada hər hansı bir məxfiliyə yol vermək olmaz. Cavabda göstərilmişdir ki, Rusiya tərəfi ballistik raketlərin buraxılmasını müəyyən etməmişdir. Bu, əslində bizim məktubumuza olan tam cavab deyil. Çünki bizim məktubumuzda əsas sual ondan ibarət idi ki, ixrac üçün qadağan edilən və ölümcül ”İsgəndər-M" raketləri Ermənistanın əlinə necə düşüb? Axı bu, mümkün deyil. Bunun iki yolu var: ya qaçaqmalçılıq yolu ilə, ya da ki, beynəlxalq normaları, qaydaları pozmaq yolu ilə. Çünki Ermənistan ordusunda ancaq “İsgəndər-E”, yəni eksport - ixrac variantı ola bilər. Onların arasında böyük fərq var. “İsgəndər-E” raketlərinin atəş məsafəsi 280 kilometrdir. “İsgəndər-M” raketləri daha uzaqmənzilli raketlərdir. Burada məsafə 500 kilometrdir. Yəni Ermənistan ordusunda “İsgəndər-M” raketləri ola bilməzdi. Bunun ancaq iki yolu var. Başqa yolu ola bilməz. Çünki heç bir başqa ölkədə bu raketlər yoxdur. Bax, bu suala bizə cavab verilməlidir. Biz bu cavabı gözləyirik, Azərbaycan xalqı gözləyir. Biz bir çox məsələləri özümüz üçün aydın etmişik. Biz bilirik bu raketlər nə vaxt və nə üçün atılıb. Ancaq bizə rəsmi cavab verilməlidir, bu raketləri bizə atan Ermənistandan və Rusiyadan. Bu raket sistemləri ya Ermənistana verilib, yaxud da ki, qanunsuz yollarla Rusiyadan oğurlanaraq çıxarılıb. Bu suallara cavab yoxdur. Əlbəttə ki, bu, xoşagələn vəziyyət deyil. Rusiya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq əlaqələri var. Rusiya sülhməramlı qüvvələri Azərbaycanın razılığı ilə bizim torpağımıza - Qarabağa, Xankəndinə və ətraf yerlərə gətiriliblər. Biz hesab edirdik ki, bu yeni əməkdaşlıq formatı bizim əlaqələrimizi möhkəmləndirəcək. Əslində möhkəmləndirməlidir. Ancaq “İsgəndər-M” raketlərinin Şuşa şəhərində tapılması və bu məsələ ilə bağlı bu günə qədər bizə tam cavabın verilməməsi, əlbəttə ki, Azərbaycan xalqında və Azərbaycan rəhbərliyində haqlı olaraq təəssüf və təəccüb hissi oyadır. Biz ümid edirik ki, bu məsələyə aydınlıq gətiriləcək. Strateji tərəfdaşlar arasında münasibətlər səmimi olmalıdır".

Azərbaycan Prezidentinin fikirləri, o cümlədən Zəngəzura qayıdışın anonsu Ermənistanda ciddi rezonansa səbəb olub. Məhz bunun nəticəsidir ki, Ermənistanın baş naziri Nikol Paşinyanı Zəngəzur bölgəsinə səfəri zamanı peşman ediblər. Mehri şəhərinə gələn Paşinyan sürprizlə qarşılanıb. Yerli əhali onu “Nikol xaindir!”, “Nikol türkdür!” şüarları ilə qarşılayıblar. Modern.az erməni mediasına istinadən xəbər verir ki, etiraz aksiyası polislərlə sakinlər arasında davaya çevrilib. Sakinlər Paşinyanın şəhər meydanına girməsinin qarşısını almağa çalışıblar. Paşinyan Mehri şəhəri boyunca yürüş keçirməyə çalışıb. Baş nazir çox sayda təhlükəsizlik işçisinin müşayiəti ilə şəhərdə gəzib. Yerli sakinlər Paşinyana lənət və təhqir dolu söyüşlər yağdıraraq, onun Mehridən çıxmasını tələb ediblər. Dava-dalaş zamanı Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Sarkis Ovannisyanın pencəyi cırılıb. Yerli sakinlər Paşinyanın Azərbaycan Prezidentinin vaxtaşırı təhdidlərinə susmasından qəzəbləndiklərini bildiriblər. Bir gün əvvəl İlham Əliyevin yenidən “Zəngəzur dəhlizi”nin açılacağını bəyan etməsi bölgədə təşvişə səbəb olub. Qeyd edək ki, baş nazirin Mehri səfəri əvvəlcədən elan olunmamışdı. Son məlumata görə, bölgədə vəziyyət gərginləşdiyindən Paşinyan Mehri şəhərini tərk etmək məcburiyyətində qalıb.

E.Mirzəbəyli qeyd etdi ki, Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində erməni faşizminin bütün bəşəriyyət üçün təhlükəli olduğunu deyəndə, məhz bu tarixi həqiqətlərdən çıxış edir, yüksək mədəniyyət və humanizm ideyalarının daşıyıcısı olan bir xalqın lideri kimi insanlığa səslənirdi:
“Unutmayacağıq və bağışlamayacağıq! Çünki sivil bəşəriyyərin gələcəyi ədalətin və humanizmin vəhdətindədir”.  Dövlət başçısının Zəngəzur xəbərdarlığı ilə bağlı dediklərinə gəldikdə, E.Mirzəbəyli bildirdi ki, Zəngəzur dəhlizi ilə bağlı məsələ 10 noyabr bəyanatının tərkib hissəsi kimi, razılaşmanın ən önəmli müddəalarından biri kimi öz həllini tapmalıdır: “Azərbaycan yalnız bu şərtlər çərçivəsində atəşkəsə, daha dəqiq desək, Ermənistanın kapitulyasiyasına razılıq verib. Ermənistan və bu ölkənin özünü ərköyün uşaq kimi aparan əhalisi başa düşməlidir ki, şərti biz qoyuruq, onlar yox! Əgər 10 noyabr bəyanatının hər hansı bir müddəası yerinə yetirilməszə, şübhəsiz ki, bu, güc yolu ilə gerçəkləşəcək. Bunun alternativi yoxdur”.Politoloq Elçin Mirzəbəyli isə hesab edir ki, ermənilərin Azərbaycan ərazilərində törətdikləri cinayətlərə bəşəriyyətin bizə bəlli olan tarixində rast gəlmək mümkün deyil: “Erməni faşizmi faşizmin bütün təzahürlərindən daha amansız və daha dəhşətlidir. Ermənizm vandalizmin ən amansız, ən qəddar nümunəsidir”.

Dövlət başçısının dediyi məşhur ifadə yerinə düşür: “Biz nəyi, nə zaman etmək lazımdır, yaxşı bilirik”. Həm da illər öncə vaxt gələcək, Azərbaycan bayrağı Şuşada dalğalanacaq, ifadəsi işlədilmişdi, ötən ilin 8 noyabrından zəfər bayrağı Şuşada dalğalanır. Zəngəzura qayıdışın anonsu da təsadüfi deyil, əminik! Ermənilər Xankəndi şəhərinə qayıdırsa, azərbaycanlılar niyə öz dədə-baba yurdlarına dönməsin?! Əslində daha normalda bu qayıdışlar qarşılıqlı olaraq həyata keçirilməlidir. Ermənilər cəmi 1-2 əsr öncə qonaq gəliblər bu torpaqlara, unutmasınlar!

Azerbaycanrealligi.com



Bizimlə əlaqə saxlayın