Rəsmi Bakı hədələyir, savaş mesajı verir: Ermənistan isə artıq suverenliyini itirməyə başlayıb

21, 04, 21
21:00

Rəsmi Bakı hədələyir, savaş mesajı verir: Ermənistan isə artıq suverenliyini itirməyə başlayıb


Ermənistanın gələcək taleyini həll edə biləcək önəmli proses hələlik başlanğıc mərhələdədir; Belə davam edərsə, Ermənistan rəsmi Bakının təlimatlarını icra etmək məcburiyyətində qala bilər...


Azərbaycanın son davranışları Ermənistanda ciddi siyasi-psixoloji gərginlik yaradıb. Hətta Ermənistan cəmiyyətində panik durumun yaşandığı da qətiyyən nəzərdən yayınmır. Və bu, rəsmi Bakının Ermənistanın ictimai-siyasi həyatına olduqca ciddi təsirinin mövcudluğunu təsdiqləyir.

Məsələ ondadır ki, Azərbaycan Prezidenti İlham Əliyevin atdığı bütün addımlar, verdiyi mesajlar dərhal Ermənistanın istimai-siyasi gündəmini dəyişir. Müzakirələr məhz bu istiqamətə yönəlir. Yəni, Ermənistanın istimai-siyasi həyatı müəyyən mənada, Bakıdan idarə olunmaqdadır. Bu baxımdan, rəsmi İrəvanın yaxın gələcəkdə bütün daxili və xarici siyasət faktorlarını məhz Azırbaycanın mövqeyinə uzlaşdırmaq məcburiyyətində qalacağı qətiyyən istisna deyil.

Sön günlərə qədər Ermənistanda əsas müzakirə mövzusu Azərbaycan Prezidenti İlham Əliyevin açılışında iştirak etdiyi Hərbi Qənimətlər Parkı ilə bağlı idi. Bu düşmən ölkənin ictimai-siyasi dairələrinin Bakıda açılmış tarixi parkdan sarsıntı keçirtdiyi açıq-aşkar nəzərə çarpır. Və onların şikayət üçün ünvan tapmaq ümidləri isə heç bir nəticə vermir.

Ancaq rəsmi Bakı Ermənistan cəmiyyətinə hər hansı mövzunu uzun müddət müzakirə etmək şansı tanımır. Ermənistanda gündəmi tez-tez dəyişməyə üstünlük verir. Və bu, düşmən ölkədə artıq siyasi-psixoloji discomfort yaratmağa başlayıb.

Maraqlıdır ki, Azərbaycan Prezidenti İlham Əliyevin son açıqlamaları yenə Ermənistanda təlaşa yol açıb: "Bu gün Ermənistanda bəzi revanşist qüvvələr baş qaldıranda bilməlidirlər ki, onların başı lazım olarsa, istənilən zaman əziləcəkdir. Biz imkan verə bilmərik ki, erməni faşizmi yenə baş qaldırsın. Biz imkan verə bilmərik, Ermənistan yenə də öz ordusunu o vəziyyətə gətirib çatdırsın ki, bizə hansısa bir təhdid olsun. Biz əgər mümkün olan təhdidi təsbit etsək, dərhal onu məhv edəcəyik. Bunu hər kəs bilməlidir - həm Ermənistan, həm də onun havadarları... Çünki bu, milli müdafiədir, milli təhlükəsizlik məsələsidir".

Prezident İlham Əliyevun bu dedikləri Ermənistanda olduqca ciddi narahatlıq yaradıb. Ermənistan mətbuatı Azərbaycan Prezidentinin açıqlamalarını açıq təhdid kimi dəyərləndirib. Bəzi erməni politoloqlar isə rəsmi Bakının Ermənistana ordunu bərpa etmək imkanı tanımayacağı qənaətinə gəliblər. Ona görə də, Cənubi Qafqazda bəzi məsələlərin həlli zamanı Ermənistan hakimiyyətinin rəsmi Bakının mövqeyini nəzərə almaq məcburiyyətində qala biləcəyini vurğulayırlar.

Təbii ki, burada Ermənistanı çıxılmaz vəziyyətə salan əsas faktor qüvvələr nisbətinin Azərbaycanın xeyrinə olmasıdır. Hazırda elə vəziyyət yaranıb ki, rəsmi Bakı hətta Ermənistanın daxili ictimai-siyasi proseslərinə belə, müdaxilə etmək mexanizmlərinə sahibdir. Rəsmi İrəvanın isə Azərbaycana qarşı müqavimət imkanları qətiyyən ümidverici deyil.

Ancaq rəsmi Bakının Ermənistana qarşı xüsusi düşmənçilik münasibəti də müşahidə edilmir. Əksinə, Azərbaycan tərəfi bütün regionun gələcək inkişaf şansları naminə bölgədə sülhün və əminamanlığın bərqərar olmasında maraqlıdır.

Prezident İlham Əliyevin son açıqlamalarında bu məsələyə xüsusi vurğu nəzərə çarpır: "Bununla paralel olaraq, biz əməkdaşlığa da hazırıq - baxmayaraq ki, Ermənistan azərbaycanlılara qarşı dövlət səviyyəsində soyqırımı törətmişdir. Baxmayaraq ki, bizim bütün tarixi, dini abidələrimiz dağıdılıb, biz gələcəyə baxmalıyıq. Biz, əlbəttə ki, erməni vəhşiliyini heç vaxt unutmayacağıq. Biz bunu heç vaxt bağışlamayacağıq. Bunu hər kəs bilsin. Amma bununla paralel olaraq, biz öz maraqlarımızı təmin etmək üçün lazımi addımları atmalıyıq”.

Göründüyü kimi, rəsmi Bakı əməkdaşlıq və inkişaf faktorlarını ön planda tutur. Ermənistan isə belə sivil münasibətlər sisteminə qətiyyən vərdişli deyil. Halbuki rəsmi İrəvan artıq düşmənçilik üçün resurslara da sahib deyil. Bu isə o deməkdir ki, Ermənistan istənilən halda, rəsmi Bakının qərarlarını icra etməli olacaq.

Təbii ki, Azərbaycan Prezidenti İlham Əliyevin son açıqlamasında buna yönəlik açıq məzmunlu mesajlar da mövcuddur: “Zəngəzur dəhlizinin yaradılması bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir. Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də... İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik”.

Prezident İ.Əliyev Azərbaycanın maraqları çərçivəsində qarşıya qoyulmuş strateji hədəfi qətiyyən gizlətmir. Əksinə, onu konkret və açıq şəkildə bəyan edir. Eyni zamanda, bu strateji hədəfin reallaşması məsələsində Ermənistanın mövqeyinin  heç bir əhəmiyyət daşımadığına da eyham vurur: “Ona görə də bütün güclər səfərbər olunub ki, bu layihə icra edilsin. Beləliklə, Azərbaycan xalqı 101 il bundan əvvəl bizim əlimizdən alınmış Zəngəzura qayıdacaqdır”.

Onu da qeyd edək ki, Azərbaycan Prezidentinin bu açıqlamaları hazırda Ermənistanda geniş şəkildə müzakirə edilməkdədir. Buna baxmayaraq, rəsmi İrəvan hələlik hər hansı reaksiya verə bilməyib. Böyük ehtimalla Paşinyan hakimiyyəti Azərbaycan Prezidentinin açıqlamalarına reaksiya verməkdən ehtiyatlanır. Yəni, rəsmi Bakının qəzəbləndirilməsinin Ermənistan üçün qətiyyən arzuolunan olmadığını anlayırlar.

Əslində, Ermənistan XİN-in mətbuat katibi Anna Naqdalyanın bu məsələyə verdiyi reaksiyanın məzmunu da rəsmi İrəvanın təşviş içərisində olduğunu göstərir. Belə ki, o, rəsmi İrəvanın Rusiya və Cənubi Qafqazda sülhün bərqərar olmasında maraqlı olan bütün tərəfdaşları ilə təmas qurduğunu vurğulayıb: “Ermənistan öz suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün bütün addımları atacaq”.

Anlaşılan odur ki, cəmisi 6 ay əvvələ qədər 30 il Azərbaycanın ərazi bütövlüyünü pozmuş Ermənistan artıq eyni təhlükə ilə üzləşdiyini hiss edir. Üstəlik, rəsmi İrəvan Ermənistanın ümumiyyətlə, suverenliyinin təhlükədə olmasından narahatdır. Ən əsasısa, rəsmi İrəvan Ermənistanın Azərbaycana qarşı hər hansı müqavimət şansının olmadığından əmindir. Ona görə də, rəsmi İrəvan Rusiya və digər himayədarlarına ümidlidir.  
Maraqlıdır ki, Ermənistanda Rusiya və digər himayədarlara olan ümidlərin doğrulmaya biləcəyini düşünənlər də olmamış deyil. Ermənistan baş nazirinin keçmiş müavini Armen Gevorqyan Ermənistanın xilasının o qədər də asan olmayacağını vurğulayıb: “İlham Əliyevin Nikolun Sünikə (Zəngəzura) gizli səfəri fonunda Zəngəzurla bağlı son açıqlamaları geridönməz bir prosesin başlanğıcıdır. Söhbət milli suverenliyin itirilməsinin başlanğıcından gedir”.

Armen Gevorqyanın fikrincə, suverenlik yalnız ərazi cəhətdən deyil, Ermənistanın düşmənlərinin sərt bəyanatlarına adekvat reaksiya verilmədiyi zaman da pozula bilər: “Məsələn, əminəm ki, Ermənistan Xarici İşlər Nazirliyinin dünənki açıqlamasından sonra özümüzü daha inamlı hiss etmədik və Sünik (Zəngəzur) sakinlərinin həyatı daha təhlükəsiz hala gəlmədi”.

Belə anlaşılır ki, Armen Gevorqyan Ermənistanın suverenliyini itirmək üzrə olduğu qənaətinə gəlib. Əslində, onun arqumenti kifayət qədər əsaslı görünür. Çünki rəsmi İrəvan Azərbaycanın atdığı addımlara qətiyyən cavab verə bilmir. Əksinə, rəsmi İrəvanın reaksiyaları Ermənistanın artıq Azərbaycandan qorxduğunu biruzə verir. Öz rəqibindən qorxan dövlət isə onun maraqlarına boyun əyməyə məhkumdur.

Təbii ki, rəsmi Bakı Azərbaycanın hərbi-siyasi gücünü tam dəqiqliyi ilə bilir. Bu gücün Ermənistanı regionun xəritəsindən silmək üçün yetərli olduğuna əmindir. Ona görə də, rəsmi Bakı Azərbaycanın maraqlarının reallaşdırılması barədə açıqlama verərkən Ermənistanın mövqeyini nəzərə almağa ehtiyac durmur. Və Ermənistanın Azərbaycandan gələn sifarişləri mütləq yerinə yetirməli olacağını düşünür. Yəni rəsmi Bakı Ermənistanın hədələnərək, savaş mesajına hədəf seçilməsinin tamamilə yetərli olduğuna əmindir.

Bütün bu reallıqları Ermənistanda da anlayırlar. Ona görə də, Ermənistanda ictimai-siyasi xofun yaşanmasi qətiyyən təəccüblü deyil. Və bu, Ermənistanın gələcək taleyi ilə bağlı önəmli bir prosesin yalnız başlanğıcıdır.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın