Qəhrəmanlar can verir yurdu yaşatmaq üçün - FOTOLAR

17, 03, 21
22:00

Qəhrəmanlar can verir yurdu yaşatmaq üçün - FOTOLAR


44 günlük Vətən Müharibəsində Ermənistan silahlı birləşmələrinə qarşı mərdliklə vuruşan, düşmənin onlarla hərbi texnikasını, canlı qüvvəsini məhv edən, qəhrəmancasına şəhid olan oğullarımızdan biri də Vüqar Xaləddin oğlu Məmmədovdur. O, 23 yanvar 1990-cı ildə Beyləqan rayonunun Qəhrəmanlı qəsəbəsində anadan olub. 1997-2008-ci illərdə qəsəbədəki Tağı Məmmədov adına məktəbdə tam orta təhsil alıb. 2008-ci ildə Vətən borcunu verməyə - əsgərliyə yollanıb, Qazax rayonundakı “N” saylı hərbi-hissədə xidmət edib. 2010-cu ilin yanvar ayında müddətli hərbi xidmətini uğurla başa vursa da hərbiyə olan marağı, torpaqlarımızı işğal etdiklərinə görə erməni hərbi birləşmələrindən qisas almaq istəyi, bu məqsədlə nə vaxtsa başlayacaq müharibəyə özünü hazır etmək niyyəti Vüqar Məmmədovun taleyini yenidən Azərbaycan Silahlı Qüvvələrinə bağlayıb. O, əvvəlcə hərbi kurslara cəlb olunub və 2010-cu ilin aprel ayında müddətdən artıq hərbi qulluqçu kimi yenidən Ordu sıralarında xidmətə başlayıb. Sumqayıt şəhərindəki “N” saylı hərbi-hissədə ağır zirehli texnikada sürücü-mexanik, yəni tank sürücüsü vəzifəsini daşıyıb. 2015-ci ildə Beyləqan rayonundakı “N” saylı hərbi-hissəyə təyinat alıb. Burada o, özüyeriyən haobitsa zirehli topunda sürücü-müxanik kimi xidmətini davam etdirib.

V.Məmmədovun öz ixtisasını dərindən mənimsəməsi, üzərinə düşən vəzifəni, döyüş tapşırıqlarını layiqincə yerinə yetirməsi xidmət etdiyi hərbi hissədə ona böyük hörmət və sevgi qazandırıb. Onun bu fədakarlığı və bacarığı Azərbaycan Müdafiə Nazirliyi, o cümlədən hərbi-hissə komandanlığı tərəfindən daim yüksək qiymətləndirilib. V.Məmmədov 15 iyul 2014-cü ildə “Silahlı Qüvvələrin 95 illiyinə görə” medalı ilə təltif olunub. 21 mart 2016-cı ildə keçirilən hərbi təlimlərdə döyüş tapşırığının yüksək səviyyədə və qüsursuz yerinə yetirildiyinə, V.Məmmədovun idarə etdiyi artilleriya qurğusu ilə şərti düşmən hədəflərinin, mövqelərinin sərrast atışla məhv edildiyinə görə hərbi-hissə komandiri tərəfindən top heyəti Fəxri Fərmanla təltif olunub. V.Məmmədov öz bilik və bacarıqlarını, döyüş qabiliyyətini 2016-cı ilin aprel müharibəsində real düşmənə qarşı da nümayiş etdirib. O zaman düşmənin hücum cəhdinin qarşısının alınmasında hərbçi yoldaşları ilə birlikdə böyük şücaət göstərib. İdarə etdiyi hərbi texnikanın – özüyeriyən artilleriya qurğusunun şəxsi heyəti ilə erməni silahlı birləşmələrinə ağır və sarsıdıcı zərbələr vurub, onların çoxsaylı canlı qüvvəsini, texnikasını məhv edib. Nəticədə hücumun qarşısı alınıb, düşmən ağır itkilər verərək geri çəkilməyə məcbur olub.

Təlimlərdə və Aprel döyüşlərində fəal iştirak edən V.Məmmədov xidmət etdiyi “N” saylı hərbi-hissə komandiri tərəfindən 20 mart 2018-ci ildə Fəxri Fərmanla da təltif olunub. Bununla yanaşı, o, həmin il “Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi”, 26 iyun 2019-cu il tarixdə “Qüsursuz xidmətə görə” III dərəcəli medallarına layiq görülüb. Nümunəvi xidmət göstərdiyinə görə 2020-ci ilin yanvar ayında əlavə hərbi kurslara cəlb olunur. Aprel ayında kursu müvəffəqiyyətlə bitirərək Gizir hərbi rütbəsini alıb və təyinatla Füzuli rayonundakı “N” saylı hərbi-hissəyə göndərilib. Burada o, texnik vəzifəsini icra edib. İyun ayında isə Beyləqan rayonundakı “N” saylı hərbi-hissədə artilleriyaçı kimi xidmət etməyə başlayıb. Gizir V.Məmmədov Vətən Müharibəsi başlayan gündən hərbçi yoldaşları ilə birlikdə düşmənə qarşı mərdliklə savaşıb. Bir artilleriyaçı kimi Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının yaşayış məntəqələrinin azad olunmasında iştirak edib. Oktyabrın 20-də Qubadlının azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla həlak olub, şəhidlik zirvəsinə ucalıb, doğulduğu Beyləqan rayonunun Qəhrəmanlı qəsəbəsində dəfn olunub. 

Gizir V.Məmmədovun Vətən qarşısındakı xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla o, “Cəbrayılın azad olunmasına görə”, “Cəsur döyüşçü”, “Vətən uğrunda” medallarına layiq görülüb. Hər bir azərbaycanlı Qarabağ naminə, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olanları, o cümlədən Vətən Müharibəsi şəhidlərini hörmətlə anır, onların əziz ruhuna sayqı duyur. Azərbaycan var olduqca şəhid gizir Vüqar Məmmədov da daim xalqımız tərəfindən xatırlanacaq, qəlblərdə yaşayacaqdır.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın