“Xankəndiyə, Xocalıya yolumuzun açılması üçün sülhməramlılar Qarabağdan getməlidir” - İlham Rəhimov

31, 01, 21
10:00

“Xankəndiyə, Xocalıya yolumuzun açılması üçün sülhməramlılar Qarabağdan getməlidir” - İlham Rəhimov


Ölkənin ən məlumatlı adamlarından olan İ.Rəhimovla Azərbaycanda, regionda, dünyada baş verən proseslər haqda danışdıq. Təbii ki, söhbətin əsasını Qarabağ məsələsi, Azərbaycanın 44 günlük Vətən Müharibəsində qazandığı zəfər, Rusiyanın, Qərbin ölkəmizə yönəlik siyasəti, qardaş Türkiyənin Azərbaycanla bağlı sərgilədiyi mövqe təşkil etdi.

- Sözsüz ki, siz çox informasiyalı şəxssiniz. Belə çıxır, Azərbaycan Ordusunun Şuşaya gedib çıxacağını heç siz də bilməmisiz... Söylədiklərinizi belə qəbul edə bilərikmi?

- Yox, mən elə demədim. Böyük qızım Səbinə hər kəndin, hər qəsəbənin alınmasını böyük sevinclə, çox emosional qarşılayırdı. Hətta mənə yarızarafat deyirdi ki, ata, sən bu qələbələri yaman sakit qarşılayırsan. Düz deyirdi - ona baxanda xeyli təmkinli idim.

Lakin Şuşa bizim üçün tam başqadır. Biz, sözün əsl mənasında böyük qələbə qazanmışıq. İndi bir qədər də bizi bu qələbəyə aparan yol haqqında düşünməyimiz yaxşı olardı. Fikrimcə, 44 gündə Azərbaycanın qazandığı qələbə bir neçə faktorun birləşməsindən yaranıb. Ən əsas səbəb xalqın birliyi idi. Savaş başlayandan ta sonuna qədər o birlik qorundu. İkinci, sıravi əsgərdən generala, Ali Baş Komandana kimi bütün orduda sarsılmaz ruh, qələbəyə böyük inam vardı. Bu iki faktor olsaydı belə, indi deyəcəyim üçüncü faktor olmasaydı, biz qələbə çala bilməzdik - dövlət başçısının iradəsi. Qərarı o verir. Tarixdə çox faktlar var ki, xalq da hazırdır, ordu da, sərkərdə qərar verə bilmir. Biz sıravi insanlarıq, prosesə kənardan baxırıq. Bütün məsuliyyət qərarı verən şəxsin üzərindədir. Bu, son dərəcə çətin məsələdir. O, nəticəni dəqiq hesablamalıdır. Dövlətin, millətin gələcəyi, xalqın qarşısında olan məsuliyyət, hakimiyyəti saxlamağın mümkün olub-olmayacağı, ümumiyyətlə fiziki cəhətdən qalıb-qalmamaq... Hər kəs belə bir məsuliyyəti boynuna götürə bilməz. Xalqın birliyi, ordunun yüksək döyüş ruhu prezident İlham Əliyevin iradə nümayiş etdirməsinə təkan verdi və o, məsuliyyəti boynuna götürdü. Bu, çox çətin bir məsələdir. Dördüncü, qardaş Türkiyənin bizə hər mənada böyük dəstəyi. Beşinci, Rusiyanın neytral olmağı. Qələbəmiz bu 5 faktorun birliyindən yarandı.

- Azərbaycanın apardığı və qələbə ilə yekunlaşdırdığı 44 günlük Vətən müharibəsini necə qiymətləndirirsiz? Bu məsələdə Rusiyanın mövqeyi, hətta Azərbaycandan yana olması sizin üçün təəccüblü olmadı ki? Bizi bir az sadəlöhvlükdə qınaya bilərsiz. Amma məsələ bundadır ki, müharibə başlayandan bitənə kimi Rusiyanın mövqeyi ilə bağlı Azərbaycan ictimaiyyətində birmənalı fikir olmadı. Əksəriyyət iddia edirdi ki, Rusiya bu müharibəyə dözümlü yanaşmayacaq. Tezliklə müdaxilə edəcək və savaş dayanacaq. Bunu deyənlər o qədər də haqsız deyildilər. Ortada 2016-cı ilin aprel təcrübəsi var. Üstəlik, Rusiya Sovet dönəmindən Qarabağ məsələsində daim Ermənistandan tərəf olub. Bəs indi nə dəyişdi, nə baş verdi ki, Rusiya bu müharibənin bu qədər uzanmasına və Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsinə səbir göstərdi?  

- Bir daha xatırladıram: 20 ildir deyirdim ki, biz genişmiqyaslı hərbi əməliyyatlara başlasaq, Rusiya neytral qalacaq. Elə də oldu. Rusiya deyəndə, sözsüz ki, söhbət onun başçısından gedir. İnanın mənə, o adam hakimiyyətə gələndən çalışırdı ki, problem savaşsız həll edilsin. Bu sözləri sizə tam məsuliyyətlə deyirəm. Özü də necə həll edilsin?.. Azərbaycanın işğal edilmiş və bütün dünya tərəfindən tanınmış tarixi əraziləri sülh yolu ilə geri qaytarılsın. 20 ildir o çalışırdı ki, məsələ danışıqlar yolu ilə çözülsün. Ancaq görəndə ki, bu, mümkün deyil, onda Rusiyanın neytral qalmaqdan başqa çıxış yolu qalmadı. Çünki Qarabağ bütün dünya tərəfindən Azərbaycanın ərazisi kimi qəbul edilir.

- Rusiyanın Ermənistan üzərində təsiri şəksizdir. Deyirsiniz ki, Ermənistanın Kreml qarşısında belə ipə-sapa yatmaması Qərbin təsiridir?

- Biz hər zaman məsələyə bir qədər sadəlövh yanaşırıq. Bizə elə gəlir, Kreml nə diktə edir, Ermənistan onu edir. Reallıqda isə qətiyyən belə deyil. Əslində məsələ belədir ki, hər iki ölkənin ortaq maraqları var. Ermənistan Rusiyanın cənubunda NATO ilə sərhəddə yerləşən və hərbi bazası olan ölkədir. Bu artıq Ermənistanın da Rusiya üçün önəm daşıdığını göstərir.

- “Ərköyünlükləri” də bununla bağlıdır, demək...

- Təbii. Qərbin təsirini heç bir zaman unutmamalıyıq. Bu öz yerində... Ermənistan bir çox məsələlərdə Qərbə arxalanır. Ancaq Rusiya ilə münasibətlər çoxlarının təsəvvür etdiyi kimi deyil. Rusiya da görürdü ki, başqa yol yoxdur, erməniləri yola gətirmək mümkün deyil, eyni zamanda Azərbaycan da boğaza yığılıb və biz artıq Şuşadayıq.

- İlham müəllim, Paşinyan personasının savaşda Rusiyanın məhz bu cür mövqe tutmasına nə qədər təsiri oldu?

- Yadınıza gəlir, o, hakimiyyətə gələndə, Bakıda hamı onu söyəndə, deyirdim ki, söyməyin, o, bizə lazım olacaq. Niyə? Çünki mən onun necə ağılsız siyasət yeritdiyini görürdüm. Nəticə ortadadır... Ermənilər çox arxayın idilər ki, Rusiya Azərbaycana öz torpaqlarını işğaldan azad etmək şansı verməyəcək. İnanmırdılar ki, Rusiya müdaxilə eləməyə. Amma olan oldu...

- 10 noyabr üçtərəfli razılaşmasından sonra da Rusiya, Putin qara rəngdə göstərilməyə başlandı Azərbaycanda. İlham Əliyevin siyasi rəqibləri ictimai rəyə belə bir tezis atdılar ki, Rusiya Qarabağı yenidən işğal etdi. Buna sıravi insanlar arasında da inananlar var. 1960 nəfərlik hərbi kontingentin sülhməramlı kimi Qarabağa gəlməsini necə qiymətləndirirsiniz? Rusiya gerçəkdən Qarabağı işğalmı edib? Onun belə bir planı, həvəsi, istəyi ola bilərmi?

- Şəxsən mən də hamı kimi öz vətənimdə hər hansı bir xarici ölkənin ordusunun yerləşməsini istəməzdim. İstənilən xarici dövlətin əsgərinin çəkməsinin Azərbaycan torpağında görünməyinə qarşıyam. Lakin biri var arzu, istək, biri də var reallıq...

- Bəs, Türkiyə?

- Türkiyə-Azərbaycan münasibətləri tam fərqlidir. Bunu Tovuz hadisələrindən sonra da demişdim. Hətta demişdim ki, Türkiyə gecikib, daha tez gəlməliydi. Mənə görə, “Bir millət-iki dövlət” modeli getdikcə köhnəlir. Biz bu mərhələni keçdik. İndi biz “Bir millət-bir dövlət” modelinə doğru getməliyik. Tovuz hadisələrindən bu günə qədər Türkiyənin hər mənada Azərbaycana açıq dəstəyi sübut edir ki, artıq iki ölkənin münasibətlərinə yeni bir format lazımdır. Heç kimə elə gəlməsin ki, ermənilərlə münaqişə bitib. Ermənilər çox hiyləgər millətdir. Onlar bizim ordumuzun onlara çəkdiyi dağı heç zaman unutmayacaqlar. Biz bunu hər an yadda saxlamalıyıq. Onlar bir az toparlanan kimi yenidən Azərbaycana qarşı hazırlıqlara başlayacaqlar. İndi ermənilər daha yaxşı başa düşür ki, bizimlə təkbaşına bacarmaqları mümkün deyil. Ona görə çalışacaqlar Qarabağ məsələsində bir neçə xarici dövlətin dəstəyini qazansınlar. Bu dəfə faktiki onları sona qədər heç bir dövlət müdafiə etmədi. Ermənilər öz dərslərini aldılar. Azərbaycan isə Rusiyadan bundan artığını gözləməməlidir. Rusiya münaqişənin bundan sonrakı mərhələsində ən yaxşı halda neytral qala bilər. Ən yaxşı halda... Ona görə də biz Türkiyə ilə münasibətləri sürətlə yaxınlaşdırıb “bir millət-iki dövlət” formatından “bir millət-bir dövlət” formatına keçməliyik. Rusiya ilə Belarus arasında da oxşar münasibətlər vardı. Lukaşenko yaxın aylara qədər birlik prosesini uzadırdı. Ancaq son seçkidən sonra ölkə qarışanda başa düşdü ki, doğru qərar verməyib. Mənə elə gəlir, ən qısa zamanda Rusiya-Belarus birliyi yaranacaq. Biz də perspektiv planlarımızı Türkiyə ilə birlik modelinə uyğun qurmalıyıq.

- Bu birliyi hansı formada mümkün sayırsınız?

- Bütün istiqamətlər üzrə birlik yaratmalıyıq. Azərbaycan dövlətinin təhlükəsizliyinin qarantı Türkiyə ilə birlikdədir. Yavaş-yavaş bu, bizim düşüncəmizə oturuşmalıdır.

- Bu halda Rusiya Azərbaycana basqıları gücləndirməzmi?

- Bu məsələdə Rusiyanı bir məqam narahat edə bilər - Türkiyənin NATO üzvü olması. Bu öz yerində. Dediyim odur ki, heç bir çətinliyə, maneəyə baxmayaraq, biz Türkiyə ilə birlik modelini həm millətə, həm dünyaya bəyan etməliyik. 44 günlük savaşda o da ortaya çıxdı ki, Rusiyanın özündə də bir çox siyasətçilər bizim bir millət olduğumuzu bilmirdilər, heç ağıllarına da gəlmirdi ki, Türkiyə Azərbaycana belə dəstək verə bilər.

- Jirinovski illərdir deyir ki, türk cümhuriyyətləri Turan qurur...

- Burda Jirinovskini o qədər populyar ediblər ki... Rusiyada onu heç kim ciddiyə almır. Biz də almamalıyıq. Sülhməramlı qüvvələr məsələsinə bir də qayıtmaq istəyirəm. Bayaq dediyim kimi, mən heç bir ölkənin ordusunu Azərbaycanda görmək istəmirəm. Amma istək ayrıdır, reallıq ayrı. Reallıq budur ki, bizim ölkəmizdə sülhməramlılar var. İndi siz mənə deyin, bütün savaş dönəmində, ABŞ-dan tutmuş ta bölgədə marağı olan kiçik bir dövlətə, hətta BMT-yə qədər hansı ölkə, qurum Qarabağda sülhməramlı qüvvələr yerləşdirmək üçün real təklif verdilər?

- BMT Finlandiyaya təklif elədi, onlar da imtina etdilər.

- Finlandiyada heç ordu yoxdur, sadəcə, polis var. Bir yığma komanda haqqında səthi bir söhbət getdi, orda da səngidi. Yəni Qərb faktiki olaraq yaxasını kənara çəkdi. Belə bir məqamda boşluğu kim dolduracaqdı? Təbii, Rusiya. İndi biz bu sülhməramlı faktı ilə qarşı-qarşıyayıq. Gərək köhnə kişilər kimi papağımızı qoyaq qabağımıza, düşünək ki, biz bu qoşunların vaxtından qabaq, ya da lap elə vaxtları tamam olan kimi - dörd il yarımdan sonra Azərbaycandan getməsi üçün nə etməliyik? Gəlin fikirləşək, sülhməramlılar nə zaman burdan gedər? Biz onlarla yaxşı münasibət saxlasaq, yoxsa onları qıcıqlandırıb bütün rus xalqını düşmən elan etsək? İkinci variantı seçsək, onlar bir bəhanə tapıb 5 illik müddəti bir də uzadacaqlar. Bu, bizə lazımdır?

- Sizcə, indi bizim Xankəndiyə, Xocalıya, bütünlükdə işğal altında olan ərazilərə yolmuz tamam bağlanıb?

- O yerlərə yolumuzun açılması üçün sülhməramlılar Qarabağdan getməlidir. Biz də bütün gücümüzlə, ən əsası da ağılla buna çalışmalıyıq. Kommunikasiyaların açılması üçün bir proses başlayır. Biz üzərimizə nə düşürsə, hamısını etməliyik. Rusiyaya da, dünyaya da göstərməliyik ki, Azərbaycan heç bir öhdəlikdən yayınmır, nəyi razılaşdırıbsa, əməl edir. Belə olsa, biz dörd il yarım sonra Rusiyaya deyə bilərik ki, öhdəliklərimizi yerinə yetirdik, xahiş edirik, siz də artıq sülhməramlı missiyanızı başa vurasınız.

- Çətin prosesdir... Həm də sənəddə yazılıb ki, tərəflərdən biri istəsə, Rusiya missiyanın müddətini daha 5 il artıra bilər.

- Düşünək ki, sülhməramlılar gəlməyəydi. Nə olacaqdı?

- Ordumuz irəliləyəcəkdi.

- Sonra? Hara qədər? Yadınıza gəlirmi, savaşın gedişində Paşinyan Azərbaycan Ordusunun sürətli irəliləyişini görüb müsahibələrində daha çox nəyi vurğulayırdı? Bütün dünyaya car çəkirdi ki, Azərbaycanla Türkiyə birləşib erməniləri qırır, ermənilər 1915-ci ildən sonra ikinci türk soyqırımı yaşayır. Hələ onda biz heç Şuşanı işğaldan azad etməmişdik. Amma ermənilər dünya birliyini bu yalanlara inandırmağa çalışırdı. Biz irəliləsəydik, inanın ki, dünya erməniləri eşidəcəkdi. Bəyanatlar, sanksiyalar... Qərb birləşib erməniləri təzədən Qarabağa yerləşdirəcəkdi. Təsəvvür edin, biz də orda, ermənilər də. Bizim sülhməramlısız yaşamağımız, keçinməyimiz mümkün ola bilərdi? Təbii, yox. Qərb yığma bir sülh missiyası gətirəcəkdi Qarabağa. Nələr olacaqdı, bunu proqnozlaşdırmaq çətindir. Şərqi Avropada o sülh missiyasının nələr etdiyini dünya da görüb, biz də... Torpaqların işğaldan azad edilməsi uzunmüddətli bir prosesdir. Biz bir mərhələni başa vurduq. Özü də uğurla başa vurduq. İgid oğullarımızın sayəsində nə qədər ərazimizi işğaldan azad etdik. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Biz növbəti mərhələdə bundan daha hazırlıqlı olmalıyıq.

- Savaşda Türkiyənin Azərbaycana dəstəyini xüsusi vurğuladınız. Türkiyə-Rusiya münasibətlərini necə qiymətləndirirsiniz? Bəs, hansısa müstəvidə Türkiyə-Azərbaycan-Rusiya birliyi qurula bilərmi ki, onun sayəsində Qafqazda Rusiya üçün Ermənistanın önəmi azalsın, Azərbaycanın önəmi artsın?

- Türkiyə-Rusiya münasibətləri hər iki ölkənin liderlərinin sayəsində bugünkü mərhələyə gəlib. Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğan çox az zaman fərqi ilə hakimiyyətə gəliblər. O zaman Sovetlər Birliyinin soyuq münasibətlərinin buzu tam əriməmişdi. Ancaq hər iki lider dərk edirdi ki, bu iki böyük dövlət regionda bir şəkildə işbirliyi qurmalıdırlar. Artıq yollar açıq idi. Millətlər yaxınlaşırdı, ticarət qurulurdu, turizm genişlənirdi, Türkiyə şirkətləri Rusiyanın tikinti sektorunda yer almağa başlamışdı. Elə bir vəziyyət yaranmışdı ki, dövlətlərarası münasibətlər millətlərarası münasibətlərdən geridə qalmışdı. Xalqların çox rahat anlaşdığını, işbirliyi qurduğunu görəndən sonra hər iki lider diplomatik münasibətlərin də bu müstəviyə qaldırılması qərarını verdi və bu, çox müsbət addım idi. Bir dəfə biz Putinlə Türkiyə-Rusiya münasibətlərini müzakirə edəndə dedim ki, xəbərin varmı, nə qədər rus qızı türklərlə ailə qurub? Bu sözlərim onun üçün yenilik oldu. Həmin vaxt Türkiyə Ədliyyə Nazirliyi hesabat yaymışdı, artıq 20 mindən çox ortaq nikah vardı. Hələ bu rəsmi nikahlar idi. Qeyri-rəsmi nikahlar bəlkə də 2 dəfə çox idi... Dedi ki, prezident Ərdoğanla danışıqlarda bu faktdan istifadə edəcəm. Bilirsinizmi, bu yaxınlaşma hər iki ölkə üçün əlverişlidir. Türkiyə rus turistlərdən milyardlar qazanır, Rusiya Türkiyə kənd təsərrüfatı məhsulları, tekstili, tikinti sektoru üçün böyük bazardır.

- Başlanğıcda Rusiyanın siyasi elitasının bu yaxınlaşmaya münasibəti necə idi?

- Rusların tarixi şüuru güclüdür. Tarixdə də görün neçə türk-rus savaşı olub?.. Çoxunda da ruslar qalib gəlib. Millətçi siyasətçilərin alt şüurunda bu savaşların izi qalıb. Ona görə də birdən-birə çox isti münasibətlərin yaranacağını gözləmək yersiz idi. Buna baxmayaraq, Putin hakimiyyətə gəlişinin ikinci ilində Ankaraya səfər etdi. Tarixi səfər idi. Bilirsiniz, buna qədər Rusiya tarixində heç bir rəhbərin, Sovetlər Birliyi dönəmi də daxil Türkiyəyə rəsmi səfəri olmamışdı. Bu iki ölkənin yeni tarixi o gündən başladı. Həmin səfərə qədər mən Türkiyə Böyük Millət Məclisinin Rusiya Federasiyası ilə Parlamentlərarası Dostluq Qrupunun Moskvaya səfərini təşkil etmişdim.

Dövlət Dumasında önəmli görüşlər oldu. Az sonra Rusiya Dövlət Duması üzvlərini Ankaraya apardım. Rəsmi səfər idi. Çox yüksək səviyyədə görüşlər oldu. Çox səmimi, çox isti...

- İki ölkənin qarşılıqlı münasibətlərində Azərbaycan faktoru önəmlidir. Masada Azərbaycan olanda Türkiyə də arxayın olur, Rusiya da. Professor, bu fikrimizi bölüşürsünüz?

- Azərbaycan bu iki böyük dövlət arasında sağlam bir körpüdür. Elə o dönəmdə anladım ki, Qarabağ məsələsini biz yalnız bu iki dövlətin yaxınlaşması sayəsində çözə bilərik. Ondan sonra da bu münasibətlərin yaxınlaşması üçün çox çalışdım. Detallara varmaq istəmirəm, amma bugünkü tariximiz göstərdi ki, yanılmamışam. Bütün hallarda mən bu münasibətlərdə liderlərin rolunu bir daha önə çəkmək istəyirəm. Nə “uçaq krizində”, nə Rusiyanın Türkiyədəki böyükelçisinin öldürülməsində onlar provokasiyaların genişlənib iki ölkənin kövrək münasibətlərini pozmasına imkan vermədilər. Putinin bu məsələlərdə təmkini, səbri çox önəmli idi. Təsəvvür edin, onda Rusiya necə qaynayırdı. Artıq bu da sirr deyil ki, FETÖ Türkiyədə dövlət çevrilişi etmək istəyəndə Rusiya Ərdoğana dəstək verdi. İki ölkə münasibətlərin təməlini o qədər sağlam qurub ki, Yaxın Şərqdə üz-üzə dayananda belə, bu, dövlətlərin əsas strateji xəttinə ziyan vura bilmir. Bu münasibətlər belə dərinə getməsəydi, NATO dövləti olan Türkiyə Rusiyadan S-400 kimi bir silahı ala bilərdi? Bəlkə də bu gün iki ölkənin münasibətlərində elə dərin məqamlar var, biz onu bilmirik. Bildiyimiz odur ki, bugünkü münasibətlər həm iki ölkənin, həm də Azərbaycanın maraqlarına cavab verir. 

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın