İki dövlətin bir millətinin zəfəri - Bakıdan dünyaya verilən mesaj

11, 12, 20
12:00

İki dövlətin bir millətinin zəfəri - Bakıdan dünyaya verilən mesaj


Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olunmuş möhtəşəm parad keçirildi; Azərbaycan və Türkiyə prezidentləri dostlara və düşmənlərə birliyini nümayiş etdirdi 

Dekabrın 10-da Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradı keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan Zəfər paradında iştirak ediblər.

“Dəmir yumruq” əməliyyatında - Azərbaycanın Vətən müharibəsində möhtəşəm Qələbəyə həsr olunmuş Zəfər paradına müdafiə nazirinin müavini, “Zəfər” ordenli general-leytenant Kərim Vəliyev komandanlıq edib.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevə və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana raport verib.
Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər  paradı keçirilib - <font color=red>YENİLƏNİB-1</font>
Dövlət başçıları əsgərləri salamlayıblar.

Hərbi orkestr Azərbaycanın və Türkiyənin dövlət himnlərini ifa edib.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev paradda çıxış edib.

“Bu gün tarixi bir gündür. Bu gün Azadlıq meydanında Zəfər paradı keçirilir. Mən çox şadam ki, bu paradda mənim dəvətimi qəbul edərək Türkiyə Prezidenti, əziz qardaşım Rəcəb Tayyib Ərdoğan iştirak edir. Eyni zamanda Türkiyədən gəlmiş böyük nümayəndə heyəti iştirak edir və türk əsgər və zabitləri iştirak edir. Bu, bir daha bizim birliyimizi, bizim dostluğumuzu, qardaşlığımızı göstərir”, - deyə, Prezident bildirib. 
Azadlıq meydanında paradlar çox keçirilib, bu paradın xüsusi önəmi var, bu,  “Zəfər paradı”dır” - Prezident

Dövlət başçısı qeyd edib ki, əslində Ermənistanın aqressiv, təcavüzkar siyasəti hələ 80-ci illərin sonlarından başlanmışdı: “O vaxt indiki Ermənistan Respublikasında yaşamış yüz minlərlə azərbaycanlı öz dədə-baba torpaqlarından didərgin salındı. Zəngəzur, Göyçə, İrəvan mahalı bizim tarixi torpaqlarımızdır. Bizim xalqımız bu torpaqlarda əsrlər boyu yaşayıb. Ancaq Ermənistan rəhbərliyi o vaxt yüz minlərlə azərbaycanlını öz doğma torpaqlarından didərgin salmışdır. Ondan sonra Dağlıq Qarabağda eyni mənzərə müşahidə olunurdu. Ermənistan tərəfi zor gücü ilə Azərbaycanın dinc əhalisinə qarşı hərbi cinayət törətmişdir, Xocalı soyqırımını törətmişdir. Ondan sonra Şuşa şəhərinin 1992-ci ilin may ayında və Laçın şəhərinin işğala məruz qalması Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi bağlantı yaratmışdır. 93-cü ilin aprel ayında Kəlbəcər rayonunun işğal altına düşməsi bizim vəziyyətimizi daha da ağırlaşdırdı. Və faktiki olaraq sonrakı işğalçılıq siyasətinin davam etdirilməsinə səbəb oldu”.

Prezident deyib ki, Vətən müharibəsinin hər günü bizim şanlı tariximizdir: “Hər gün Azərbaycan irəli gedirdi. 44 gün ərzində bir gün də olmamışdır ki, biz geri çəkilək. Biz Ermənistanın 30 ilə yaxın müddət ərzində qurduğu istehkamları yararaq keçmişdik. Bu istehkamlar elə qurulmuşdur ki, Azərbaycan oradan keçə bilməsin, əsgərimiz oradan keçə bilməsin. Eyni zamanda Dağlıq Qarabağ ərazisinin coğrafi relyefi də Ermənistan tərəfi üçün daha əlverişli idi”.

Dövlət başçısı hərbçilərimizin göstərdiyi qəhrəmanlıqdan danışıb: “Azərbaycan əsgər və zabiti böyük qəhrəmanlıq, şücaət göstərərək şərəfli missiyanı yerinə yetirdi və öz doğma torpaqlarını işğalçılardan azad etdi. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonları, eyni zamanda Suqovuşan qəsəbəsi, Hadrut qəsəbəsi, Xocalı rayonunun bir hissəsi, Kəlbəcər rayonunun bir hissəsi, Murovdağ silsiləsi, Laçın rayonunun cənub hissəsi, strateji yüksəkliklər döyüş meydanında düşməndən azad edildi, orada Azərbaycan bayrağı qaldırıldı. Şanlı müharibəmizin yekunu da Şuşa şəhərində vuruldu. Noyabrın 8-də Şuşa şəhərinin azad edilməsi tarixi nailiyyətimizdir. Şuşa işğal altına düşmüş birinci şəhərimiz idi və işğaldan azad olunan sonuncu şəhər oldu”.

Şuşanın azad edilməsini tarixi hadisə kimi dəyərləndirən Prezident deyib: “Bizim Ordumuz, qəhrəman övladlarımız dağlardan, dərələrdən, meşələrdən, cığırlardan keçərək, sıldırım qayaları qət edərək, qayalar vasitəsilə dırmaşa-dırmaşa Şuşaya qalxaraq orada əlbəyaxa döyüşdə düşməni məhv etdi, Azərbaycan bayrağını Şuşada qaldırdı. Ondan bir gün sonra daha 70 kənd işğalçılardan azad ediləndən sonra Ermənistan artıq təslim oldu, ağ bayraq qaldırdı, diz çökdü, öz layiqli cəzasını aldı və imdad dilədi. Biz Ermənistanı döyüş meydanında məhv etdik. Biz ermənilər tərəfindən uzun illər yaratdıqları mifi darmadağın etdik. Onlar öz ordusu haqqında yalan məlumat ötürərək mif yaratmışdılar, sanki Ermənistan ordusu yenilməz ordudur. Cəmi 44 gün ərzində Ermənistan ordusu məhv edildi, hərbi texnikası məhv edildi, canlı qüvvəsi məhv edildi və Azərbaycan öz gücünü göstərdi, öz qüdrətini göstərdi”.

Prezident deyib ki, Azərbaycan qələbəni həm peşəkarlıq, qəhrəmanlıq hesabına, eyni zamanda milli ruh hesabına qazanıb: “Biz haqlı idik, haqq-ədalət bizim tərəfimizdə idi və bizim əsgər və zabitlərimiz hücuma keçəndə bir amalla yaşayırdı ki, öz doğma torpaqlarını işğalçılardan azad etsin.

Noyabrın 10-da Ermənistan məcbur olub kapitulyasiya aktına imza atıb və bu kapitulyasiya aktına görə bir güllə atmadan Kəlbəcər, Laçın və Ağdam rayonları Azərbaycana qaytarıldı, Azərbaycan bayrağı orada qaldırıldı. Bu onu göstərir ki, biz müharibəni həm döyüş meydanında, həm siyasi müstəvidə qazanmışıq. Halbuki bir çoxları, xüsusilə bu məsələ ilə məşğul olan vasitəçilər dəfələrlə demişdilər ki, münaqişənin hərbi həlli yoxdur. Amma biz sübut etdik ki, münaqişənin hərbi həlli var. Əks təqdirdə, bu nə hərb, nə sülh vəziyyəti bundan sonra da 30 il davam edə bilərdi.

Nə qədər biz buna dözə bilərdik? Nə qədər səbir göstərə bilərdik? Dəfələrlə mən demişdim ki, Azərbaycan xalqının səbri tükənib və əgər Ermənistan öz xoşu ilə işğal edilmiş torpaqlardan çıxmasa, biz onları oradan qovacağıq, onlar rədd olmalıdırlar bizim torpaqlarımızdan. Bunu mən müharibədən əvvəl və müharibə dövründə demişəm, xalqa müraciətlərdə demişəm, xarici mətbu orqanlarına verdiyim müsahibələrdə demişəm. Dedim ki, rədd olmalıdır Ermənistan bizim torpaqlarımızdan öz xoşu ilə, etiraf etməlidir və çıxmalıdır. Əks təqdirdə, sona qədər gedəcəyik və sona qədər getdik. Ona görə biz döyüş meydanında qələbə qazandıq. Ondan sonra, siyasi müstəvidə qələbə qazandıq, düşməni məcbur etdik ki, o, Kəlbəcər, Laçın və Ağdam rayonlarını azad etsin və bizim torpaqlarımızı tərk etsin". Qələbəmizi bir daha yüksək qiymətləndirən Prezident çıxışını “Qarabağ Azərbaycandır” deyərək bitirib.

Sonra Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib. Bəxtiyar Vahabzadənin şeirindən iqtibasla çıxışına başlayan Türkiyə Prezidenti deyib ki, Türkiyə apardığı mübarizədə lap əvvəldən bütün imkanları ilə Azərbaycanın yanında olub.
Azərbaycan İlham Əliyevin liderliyi altında dastan yazmağa davam edəcək -  Ərdoğan

“Türkiyə olaraq Azərbaycanla münasibətlərimizdə özümüzə həmişə böyük öndər Heydər Əliyevin ”Bir millət, iki dövlət" şüarını rəhbər tutmuşuq. Qazi Mustafa Kamal Atatürkün təbirincə, “Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir”. Bu anlayışla Qarabağı 30 il boyunca sinəmizdə yara etdik. Bu gün bu yaranın sağalmasının sevincini paylaşmaq üçün birgəyik. Azərbaycanın ərazilərini işğaldan azad etməsi mübarizənin bitmiş mənasına gəlmir. Bu günədək siyasi və hərbi sahədə aparılan mübarizə bundan sonra çox fərqli cəbhələrdə davam edəcək", -  deyə, o qeyd edib.

Ərdoğan daha sonra deyib: “İllərdir doğulduğu yerlərdən uzaq qalan, məmləkət həsrəti ilə yanan 1 milyon qaçqın və məcburi köçkün qardaşımız artıq doğulduqları ərazilərə qayıtmaq üçün səbirsizlənir.

İnşallah, ən qısa müddətdə bu qardaşlarımızın həsrətinin sona çatacağına inanırıq. Əziz qardaşlarım, Dağlıq Qarabağa dağıntı, qətliam və göz yaşından başqa heç nə gətirməyənlərin də artıq ağıllarını başına yığması lazımdır. Erməni rəhbərlər xalqın resurslarını Azərbaycanın ərazilərini işğal altında saxlaya bilmək üçün istifadə edib. Halbuki bu resurslar mənasız müdafiə xətlərinə, silahlara, gözlərini kin və qan bürümüş rəhbərlərin ehtiraslarına xərclənməmiş olsaydı, bu dəqiqə mənzərə tamam fərqli olardı. Erməni siyasətçilərin bunu yaxşı təhlil edərək sülh və sabitliyin əsasında gələcəyini qurması yolunda cəsur addımlar atacağına ümid edirik. Ermənistan xalqının da keçmişin yalanları ilə başını qatan, kasıblığa məhkum edən diasporun əsarətindən qurtulmasını diləyirik. Qərb imperialistlərinin dəstəkləməsi ilə heç nəyə nail olunmayacağı görülməli, düşmənçilik yerinə mehriban qonşuluq əsasında münasibətlər yenidən müzakirə olunmalıdır. Ermənistan xalqı Qarabağda yaşananlardan dərs çıxararsa, bu, bölgədə yeni bir dövrün başlanğacı olacaq".

Dövlət başçılarının çıxışlarından sonra Zəfər paradı başlayıb. Silahlı Qüvvələrimizin şəxsi heyəti Azərbaycan Respublikasının Dövlət bayrağı və şanlı hərb tariximizə qızıl hərflərlə yazılmış 44 günlük Vətən müharibəsinin Zəfər bayrağı altında tribunaya doğru irəliləyib. Dövlət bayrağı və Zəfər bayrağının ardınca Azərbaycan Ordusunun qoşun növlərinin bayraqları Azadlıq meydanına gətirilib.

Vətən Müharibəsi Qəhrəmanı general-mayor Zaur Məmmədovun başçılıq etdiyi döyüş bayraqdarları qrupu Böyük Qələbənin qazanılmasında müstəsna xidmətləri olan hərbi hissələrin döyüş bayraqlarını Azadlıq meydanına gətirib.

Sonra Vətən müharibəsində müqəddəs döyüşlərdə əsl qəhrəmanlıq, şücaət, rəşadət və yüksək peşəkarlıq nümunələri göstərərək xalqımıza Böyük Qələbənin sevincini yaşadan Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin hərbi qulluqçuları tribunanın önündən keçdilər. Üç kolondan ibarət parad heyətinə Xüsusi Təyinatlı Qüvvələrin komandanı, Vətən Müharibəsi Qəhrəmanı general-leytenant Hikmət Mirzəyev başçılıq edib.
Ardınca Hərbi Dəniz Qüvvələrinin dəniz piyadaları birinci dərəcəli kapitan Zaur Quliyevin başçılığı ilə tribuna önündən keçiblər.

Sonra Xarici Kəşfiyyat Xidmətinin və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarından ibarət parad heyətləri tribunanın önündən addımladılar. Dövlət Təhlükəsizliyi Xidmətinin parad heyətinə general-mayor Rövşən Muxtarov başçılıq edib.

Daha sonra polkovnik Səid İsayevin başçılığı ilə Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlıları, polkovnik Taleh Məşədiyevin rəhbərliyi ilə Birinci Ordu Korpusunun döyüşçüləri, polkovnik Nemət Müseyibovun başçılığı ilə İkinci Ordu Korpusunun, polkovnik-leytenant Kamran Ağabalayevin rəhbərliyi ilə Üçüncü Ordu Korpusunun, polkovnik İlham Məmmədovun başçılığı ilə Dördüncü Ordu Korpusunun və polkovnik-leytenant Dəyanət Müslümovun rəhbərliyi ilə Altıncı Ordu Korpusunun hərbi qulluqçuları tribuna önündən keçiblər.

Zəfər paradında qardaş Türkiyə Respublikası Silahlı Qüvvələrini təmsil edən hərbi qulluqçular minbaşı Harun Ergenin rəhbərliyi ilə tribuna önündən keçiblər.

Dövlət Sərhəd Xidmətinin parad heyətləri general-mayor Rəsul Tağıyevin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının parad heyəti general-mayor İnqilab Muradovun, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin Milli Qvardiyasının hərbi qulluqçularından ibarət parad heyəti isə mayor Eldar Quliyevin rəhbərliyi ilə mətin addımlarla Azadlıq meydanına daxil olublar.

Sonra general-mayor Füzuli Salahovun rəhbərliyi ilə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin parad heyəti, general-mayor Bəkir Orucovun başçılığı ilə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin kursant və zabitlərinin keçidi olub.

Naxçıvan Muxtar Respublikasındakı Heydər Əliyev adına Hərbi Liseyin kursantları ilk dəfə olaraq Azadlıq meydanında keçirilən paradda iştirak edirdilər. Parad heyəti general-mayor Məhəmməd Həsənovun başçılığı ilə tribuna önündən keçib.
Daha sonra hərbi texnikaların keçidi başlayıb.

Vətən müharibəsində Qələbəyə həsr olunan Zəfər paradına Hərbi Dəniz Qüvvələrinin və Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin döyüş gəmiləri və katerləri dənizdən dəstək verib. Dənizdə fəxri keçid edən hərbi gəmilərimiz yüksək döyüş hazırlığı nümayiş etdirib.

“Dəmir yumruq” əməliyyatının - Vətən müharibəsi qazilərinin Zəfər paradında tribuna önündən keçidi olub.

Azadlıq meydanına 44 günlük Vətən müharibəsində düşməndən qənimət götürülmüş hərbi texnikaların bir qismi gətirilib. Vətən müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələrinin işğaldan azad olunan ərazilərdə ermənilərdən qənimət götürdüyü və sıradan çıxardığı 2 mindən çox avtomobilin nömrə nişanlarından hazırlanan kompozisiya paradda nümayiş olunub. Dağlıq Qarabağ ərazisinin əzəli Azərbaycan torpağı olduğu kompozisiyanın üzərinə həkk olunan “Qarabağ Azərbaycandır!” şüarı ilə bir daha bəyan edilib.

Döyüşlərdə qənimət götürülmüş istifadəyə yararlı texnikalar - “KamAZ” markalı avtomobilin qoşqusunda D-30, “Ural” markalı avtomobilin qoşqusunda D-20 topları, qoşqu üzərində zenit qurğuları, “ŞİLKA”, “OSA-1T”, “KUB” zenit-raket kompleksləri, piyadaların döyüş maşınları (PDM), “T-72" tankları, eləcə də istifadəyə yararsız texnikalar - zirehli ”UAZ Patriot", “UAZ Hunter” minik, “ZİL-131", ”Ural", “KamAZ” markalı yük avtomobilləri, 122 millimetrlik “Qvozdika” özüyeriyən artilleriya qurğusu, BM-21 “Qrad” qurğuları, PDM-1 və PDM-2 texnikaları, T-72 tankları qəhrəman Azərbaycan Ordusunun düşmənə sarsıdıcı zərbələr vurduğunun əyani təsdiqidir.

Bundan sonra xüsusi təyinatlı avtomobil, zirehli texnika və silah sistemləri kolonu Azadlıq meydanına daxil oldu. Kolona “Qarabağ” ordenli general-leytenant Nizam Osmanov başçılıq edib.

Azadlıq meydanında keçid edən, üzərində 12,7 millimetrlik NSV pulemyotları, tank əleyhinə idarə olunan “SPIKE-ER”, “NLOS”, “LAHAT” raketləri, 120 millimetrlik “SPEAR” minaatanlar quraşdırılan “SandCat-Stormer” zirehli idarəetmə, çevik hərəkət maşınları, piyada daşıyan zirehli maşınlar, “Kobra” və “BTR-82A” zirehli transportyorları, PDM-2 və PDM-3 texnikaları, “T-72", ”T-90S" tankları Azərbaycan Ordusunun hərbi qüdrətini nümayiş etdirilib.

Daha sonra Azadlıq meydanında Hava Hücumundan Müdafiə silahları sistemləri kolonunun keçidi oldu. Kolona müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı, “Zəfər” ordenli general-leytenant Ramiz Tahirov başçılıq edib. Tribuna önündən modernləşdirilmiş “OSA-1T”, “S-125 TM”, “BUK-MB”, “İldırım” zenit-raket komplekslərinin, “S-300 Favorit” sistemlərinin keçidi olub. Ardınca Vətən müharibəsində Qələbənin əldə edilməsində çox mühüm rol oynayan “Orbiter-1KM” - “İti qovan”, “Orbiter-2B”, “Orbiter-3B”, “Orbiter-4", ”Aerostar-BP", “Heron” pilotsuz uçuş aparatları (PUA), eləcə də ən müasir PUA-lar - “Bayraktar-TB2", habelə ”Hermes-450", “Hermes-900", ”Quzğun" və “Harop” PUA-ları nümayiş olunub.

Ardınca Azadlıq meydanına artilleriya silahları sistemlərinin kolonu daxil olub. Kolona “Zəfər” ordenli general-mayor Ağamir Sultanov başçılıq edirdi. Meydanda özüyeriyən haubitsa və artilleriya qurğuları - 152 millimetrlik “Akasiya”, 152 millimetrlik “MSTA-S”, 203 millimetrlik “Pion”, eləcə də 220 millimetrlik “TOS-1A” ağır odsaçan, tank əleyhinə “Xrizantema-S” kompleksləri, “DANA” özüyeriyən top-haubitsaları, “Qrad”, “RM-70/85", ”BM-21", “Smerç” yaylım atəşli reaktiv sistemləri, “TR-300 Qasırğa”, “Ekstra” taktiki, “Polonez” və “LORA” əməliyyat-taktiki raket sistemlərinin keçidi olub.

Bundan sonra Azadlıq meydanı üzərində Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələrinin və helikopterlərin uçuşu başlayıb. “Qarabağ” ordenli polkovnik Həsən Əlövsətovun rəhbərlik etdiyi “Mİ-17" hərbi nəqliyyat-desant helikopterləri cütlüyü Azərbaycan və Türkiyə respublikalarının dövlət bayraqları ilə Bakı buxtasının üzərindən uçaraq Zəfər paradının iştirakçılarını salamladı. Bunun ardınca Vətən Müharibəsi Qəhrəmanı polkovnik-leytenant Rəşad Nadirovun başçılığı ilə ”Mİ-35" hücum helikopterləri qrupunun uçuşu olub. Polkovnik-leytenant Rəhim Quluzadənin başçılığı ilə “LAHAT” və “SPAYK” uzunmənzilli raketləri ilə silahlanmış “Mİ-17" helikopterlərinin və ”Qarabağ" ordenli polkovnik Zaur Rüstəmovun rəhbərliyi ilə “MİQ-29" çoxməqsədli qırıcı təyyarələr qruplarının uçuşları da maraqla qarşılandı. Zəfər paradında döyüş təyyarə və helikopterlərinin çıxışını müasir silahlarla təchiz olunmuş ”Su-25" hücum və hava dəstək təyyarələr qrupu tamamlayıb. Vətən Müharibəsi Qəhrəmanı general-mayor Namiq İslamzadənin başçılıq etdiyi qrupun səmada Azərbaycan Respublikasının dövlət bayrağının təsvirini yaratması üçrəngli şanlı bayrağımızın daim yüksəklərdə dalğalanacağını təcəssüm etdirib.

Azerbaycanrealligi.com




Bizimlə əlaqə saxlayın