Himayəsız Paşinyanın ən etibarlı müttəfiqi: Qolundakı bahalı saat ona “faciəvi final”ın vaxtını göstərəcək

21, 08, 20
23:30

Himayəsız Paşinyanın ən etibarlı müttəfiqi: Qolundakı bahalı saat ona “faciəvi final”ın vaxtını göstərəcək


Ermənistanın baş naziri səfilləşmiş əhalinin və məğlubiyyətə köklənərək, ruh düşkünlüyü yaşayan cəmiyyətin qəzəbindən xilas olmaq üçün yeni “təbliğat nağılları” icad etməyə çalışır...


Ermənistanda iyul avantürasının müzakirəsi hələ də davam edir. Həm də bu müzakirələr Paşinyan hakimiyyəti israrlı təşəbbüskarlığı ilə aparılır. Və rəsmi İrəvan Ermənistanın Azərbaycanla sərhəd bölgəsində - Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribatı az qala böyük hərbi zəfər kimi təbliğ etməyə çalışır.

Təbii ki, Paşinyan hakimiyyətinin belə bir təbliğata ehtiyacı var. Ən azından ona görə ki, Ermənistanın hərbi təxribatlarından sonra yaranmış situasiyanın real təsirləri artıq bu düşmən ölkənin cəmiyyətində ortaya çıxmağa başlayıb.

Belə ki, Azərbaycanın sarsıdıcı hərbi zərbələri Ermənistan cəmiyyətində ruh düşkünlüyü yaradıb. Ermənistan əhalisi Azərbaycanın hərbi və iqtisadi gücü qarşısında duruş gətirməyin mümkün olmayacağını anlamağa başlayıb.

Hətta əksər erməni ekspertləri Paşinyan hakimiyyətini iyul avantürasına görə sərt şəkildə tənqid etməyə üstünlük verirlər. Onların ortaq rəyinə görə isə rəsmi İrəvanın hərbi təxribatlarına verilən sarsıdıcı cavab Ermənistanın gələcək taleyinin ciddi təhlükə altında olduğunu göstərir. Və Paşinyan hakimiyyəti bundan sonra atacağı addımlarda birmənalı şəkildə qarşı tərəfin hərbi-siyasi, maliyyə-iqtisadi imkanlarını nəzərə almalı, “öz başı üzərindən tullanmağa” çalışmamalı, mövcud situasiyanın tələblərinə uyğunlaşmağa üstünlük verməlidir.

Erməni politoloqlar artıq əmindirlər ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmək qərarı versə, Ermənistanın buna müqavimət göstərmək imkanları olmayacaq. Çünki Azərbaycanın hərbi gücü belə bir qərarın istənilən vaxt verilməsi üçün yetərli səviyyədədir.

Politoloq Artur Danielyanın gəldiyi qənaət isə Ermənistan üçün daha ağır dövrün hələ irəlidə olduğunu göstərir. Belə ki, erməni politoloq hesab edir ki, Ermənistan artıq dalana dirənib və mövcud situasiya Paşinyan hakimiyyəti üçün pat vəziyyəti yaradıb.

Artur Danielyan vurğulayıb ki, bundan sonrakı mərhələdə Paşinyan hakimiyyəti Dağlıq Qarabağ məsələsi ilə bağlı müzakirələrdə güzəştlərə meyilli mövqe tutmaq məcburiyyətində qala bilər. Üstəlik, Paşinyan hakimiyyəti Ermənistan ordusundakı vəziyyətə nəzarəti əldən verdiyini də qətiyyən unutmamalıdır.

Göründüyü kimi, erməni ekspertlər həm Ermənistan, həm də Paşinyan hakimiyyəti üçün uğursuz dövrün başlandığını iddia edirlər. Onlar hətta Paşinyan hakimiyyətinin özü üçün də sayılı günlərin qaldığına əmin olduqlarını birmənalı şəkildə vurğulayırlar.

Şübhəsiz ki, Paşinyan hakimiyyəti də mövcud situasiyanın Ermənistan üçün əlverişsiz, hətta olduqca təhlükəli olduğunu anlamamış deyil. Ölkədaxili ictimai rəyin məğlubiyyətə köklənmiş əhval-ruhiyyədə olması isə birbaşa Paşinyan hakimiyyətinin özü üçün real siyasi təhlükə qaynağına çevrilib.

Təbii ki, belə vəziyyət Paşinyan hakimiyyətini ciddi şəkildə narahat etmiyə bilməz. Ona görə də, Paşinyan hakimiyyətinin ictimai rəyi dəyişmək istiqamətində təbliğati addımlar atması, real vəziyyəti müvəqqəti də olsa, pərdələmək üçün “böyük hərbi zəfərlər” barədə “nağıllar” uydurmağa və əhalini buna inandırmağa çalışması qətiyyən təəccüblü deyil.

Maraqlıdır ki, baş nazir Nikol Paşinyan Ermənistan Təhlükəsizlik Şurasının son toplantısında “nağıl uydurma qabiliyyəti”ni növbəti dəfə nümayiş etdirməyə çalışıb: “İyuldakı qələbə döyüşləri sübut etdi ki, Qarabağ münaqişəsinin hərbi yolla həlli mümkün deyil”.

Göründüyü kimi, olduqca təzadlı açıqlamadır. Çünki adamdan soruşarlar ki, iyulda qələbə qazanıbsansa, ölkənizin hərbi gücü varsa, nədən narahatsan, işğal etdiyin torpaqları Ermənistan ərazisi elan etməyə niyə cəsarətin çatmır? Axı, qalibləri adətən, mühakimə etmirlər...

Yox, əgər, Qarabağ münaqişəsinin hərbi yolla həlli mümkün deyilsə, onda niyə Azərbaycanla sərhəddə hərbi təxribatlar törətməyə çalışırsan? Nəyə nail olmağa çalışırsan? Onsuz da Ermənistanın savaş meydanında təkbaşına duruş gətirmək üçün hərbi gücü olmadığı heç kəsə sirr deyil, axı...

Bu sualların cavabları çox sadədir. N.Paşinyan hər hansı qələbə qazanılmadığını, əksinə, Ermənistanın sarsıdıcı hərbi zərbə aldığını hamıdan yaxşı bilir. Sadəcə, bunu etiraf etməyə cəsarəti çatmır.

Onun açıqlamasının siyasi tərcüməsinə gəldikdəsə, N.Paşinyan bir “hərbi blef” etməyə çalışdı. Gözləmədiyi zərbəni aldıqdan sonra başqalarına güvənməklə, “hərbi lovğalıq” etmək dövrünün artıq sona çatdığını birdəfəlik anlamış oldu. Və nəticədə indi Qarabağ münaqişəsinin hərbi yolla həllinin mümkün olmadığını bəyanlamaq məcburiyyətində qalıb.

Halbuki N.Paşinyan cəmisi bir neçə ay əvvəl lovğa görkəm alıb, arxayın şəkildə Qarabağın Ermənistana məxsus olduğunu iddia edirdi. Artıq budur, hərbi qarşıdurmanı bir kənara buraxıb, danışıqlar prosesinin ön plana çıxarılmasına tərəfdar olduğunun mesajını verməyə çalışır: 

“Bizim mövqeyimiz budur ki, Qarabağ problemi sülh danışıqları yoluyla nizamlanmalıdır. Ermənistanın mövqeyi həmişə belə olub”.

Ancaq N.Paşinyan indi onun özünü məcburən sülh danışıqları tərəfdarı kimi təqdim etməyə çalışmasının siyasi riyakarlıq xarakteri daşıdığını hər kəsin anladığını deyəsən, nəzərə almır. Amma onu bu siyasi riyakarlığa sürükləyən əsas səbəbin məhz Ermənistanın hərbi himayədarlarının qarşısına bu dəfə Türkiyənin çıxıb, savaş poliqonunda qüvvələr nisbətini və regiondasa, geopolitik vəziyyəti birmənalı şəkildə Azərbaycanın xeyrinə dəyişməsinin olduğunu gizlədə bilmir: 

“Hesab edirəm ki, Türkiyənin destruktiv fəaliyyəti bizim Yaxın Şərq, Avroasiya və Avropadakı tərəfdaşlarımızda ciddi narahatlıq doğurub. Biz bundan sonra öz təhlükəsizliyimizi gücləndirmək istiqamətində ciddi addımlar atmalıyıq”.

Elə məsələnin ən maraqlı məqamı da məhz burada ortaya çıxır. Belə ki, indiyə qədər Azərbaycanla hərbi qarşıdurmada Ermənistanın təhlükəsizliyini məhz rəsmi İrəvanın sadalanan xarici himayədarları təmin edə bilirdilər. Amma Ermənistanın iyul hərbi avantürasına cavab olaraq, Türkiyə savaş poliqonuna girdi və onlara öz yerlərini göstərdi.

Ona görə də indi Ermənistanın həmin himayədarları Türkiyə ilə savaş meydanında üzləşmə ehtimalından narahatdırlar və buna qətiyyən həvəsli deyilllər. Deməli, geriyə o qalır ki, bundan sonra “başqalarının qoltuğuna sığınmaq” şansını itirmiş Ermənistan “öz başının hayına qalmaq” və özünün təhlükəsizliyini təkbaşına təmin etmək məcburiyyətindədir.

Bütün bunlardan isə belə nəticə çıxartmaq olar ki, baş nazir N.Paşinyana öz qoluna taxdığı 1.3 milyon dollarlıq saat daha çox lazım olacaq. Çünki bir tərəfdən, ölkədaxili sosial problemlər, maliyyə-iqtisadi böhran, digər tərəfdənsə, Ermənistanın hərbi acizliyi barədə ictimai rəy, əhali arasındakı hərbi məğlubiyyətə indeksli ruh düşkünlüyü Paşinyan hakimiyyətinin sonunu sürətlə yaxınlaşdırır.

Ona görə də, baş nazir N.Paşinyan üçün qolundakı bahalı saat onu “acınacaqlı finala” yaxınlaşdıran amansız zamana münasibətdə ən etibarlı müttəfiq rolunu oynaya bilər. Hər halda, əhalisi səfil vəziyyətində olan Ermənistanın baş nazirinin məhz qolundakı həmin bahalı saatın sayəsində öz sonuna nə qədər vaxtın qaldığını təxmini də olsa, müəyyənləşdirə biləcəyi istisna deyil.

Azerbaycanrealligi.com




Bizimlə əlaqə saxlayın