Həbsdə olan Qarabağ qazisi ölkə başçısına müraciət etdi

05, 08, 20
10:30

Həbsdə olan Qarabağ qazisi ölkə başçısına müraciət etdi



Azərbaycan Respublikasının prezidenti, Ali Baş Komandan, cənab İlham Əliyevə, Hazırda Penitensiar Xidmətin Müalicə Müəssisəsində müalicə olunan və cəza çəkən müharibə veteranı Həmid Rövşən oğlu Əliyev tərəfindən   

M Ü R A C İ Ə T

Cənab Prezident! Mən hazırda məhkəmələrin məsuliyyətsiz hakimlərinin qanunsuz həbsə sürüklədiyi, haqsız yerə cəzaya məhkum edilmiş Qarabağ qazisiyəm. Özümü burada məhbus yox, girov kimi hiss edirəm. Nəzərinizə çatdırım ki, bu haqda mətbuatda dəfələrlə yazılıb. 2015-ci il aprel ayının 25-də Nəsimi RPİ-nin bir qrup əməkdaşı tərəfindən qeyri-qanuni saxlanılaraq, idarəyə aparıldım. Orada mənə deyildi ki, səndə çanta var, onu bizə verməlisən. Bildirdim ki,həmin çanta sərnişin daşıdığım maşının baqaj hissəsindədir və çantanın sahibi Məhəmməd Nəsibovdur. Həmin gecə Məhəmməd Nəsibovu polis idarəsinə çağırdılar. Əməliyyatçı Ruslan Məmmədov Məhəmməddən 20 000 (iyirmi min) AZN  alaraq, onu cinayət məsuliyyətindən azad etdi.

Lakin uzun sürən hüquqi mübarizədən sonra, 2018-ci il dekabrın 19-da  Bakı Ağır Cinayətlər məhkəməsinin hakimi Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə hökm oxundu. Hökmə əsasən, çantanın sahibi Məhəmməd Nəsibov  9 il 6ay müddətində azadlıqdan məhrum edildi. Amma əsil təqsirkar layiqli cəzasını alsa da, mən hələ də azad esilməmişəm. Cənab Prezident! Müraciət etmədiyim dövlət qurumu qalmayıb. Bütün məmurlar işlə tanış olduqdan sonra görürlər ki, məndə günah yoxdur. Amma tədbir görmürlər. Ölkənin qanunları zorlanır və ayaqlar altında tapdanır.

Həmid Rövşən

Beynəlxalq hüququn norma və prinsiplərindən ölkədə əsər-əlamət yoxdur. Anarxiya, xaos və özbaşınalıq baş alıb gedir. Günahsız olaraq həbsə sürüklənmişəm. Dərdimi kimə deyim? Baş Prokuror Kamran Əliyevin səlahiyyəti çatır ki, bu işlə əlaqədar Ali Məhkəməyə protest versin. Buradan Baş Prokurora səslənirəm ki, o, keçmiş Baş Prokurorun səhvlərini düzəltsin. Sizdən və Baş Prokurordan xahiş edirəm ki, mənim işimə Ali Məhkəmədə baxılması üçün göstəriş verilsin. Cənab Prezident, mən sizə inanıram. Ancaq bu işlə məşğul olan əlaqədar təşkilatlara inanmıram. Ona görə ki, mənim onlara verəcək pulum yoxdur. Mənim aldığım veteran pulu ancaq uşaqlarımın quru çörək almasına bəs edir. Cənab Prezident! Ümid edirəm ki, siz verdiyiniz sözə əməl edəcək, "Hər bir Azərbaycanlının prezdenti olacağam!" vədini icra edəcəksiniz. Mənim və ailəmin başına gələn haqsızlıqlara son qoyacaqsınız.

İnanıram ki, sayənizdə qanunların şah olduğu qərar veriləcək və illərdir ağır xəstəliklərdən əziyyət çəkən iki azyaşlı körpənin atasının haqq etdiyi azadlığa çlxmasına kömək edəcəksiniz.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın