Şuşa: Rey Kərimoğlu Yazır...

08, 05, 20
12:20

Şuşa: Rey Kərimoğlu Yazır...


Rey Kərimoğlu [email protected]

Şuşadan əvvəl Qala sözünü eşitmişəm. Tutun saplağını qırıb, əncirin qabığını soyub yeyən adamlara “qalalı” deyirdilər özümüzdən böyüklər. Şuşalı yox, məhz Qalalı!

Bizim kənddə “Qalalı” deyərkən adamın şəhərli olduğuna işarə edirdilər. Onlar şəhərli hesab edilirdilər...Sonra qulağım Şuşa sözünə öyrəşdi.

Kəndimizdən Şuşada qohumu olan xeyli adam var idi. Uşaq vaxtı payızın ortalarında kəndimizdəki Qara təpədən baxıb Füzuli-Ağdam yolunda belində bir qarış qar olan maşınlar keçdiyin görəndə elə həmin böyüklərin dilindən eşidirdik ki: “beyjə Şuşaya qarrıyıb”. Biz tərəflərə qar xəbəri beləcə Şuşadan gəlirdi, özü də sovet maşınlarının belində. Bununla da hamı öz payını götürürdü... Şuşaya qar yağıbsa, deməli qış gəlib... Pah, bax onda bizim sevincimizin həddi-hüdudu olmazdı! Qar yağacaq, min illərlə yaşı olan Qara təpədə qartopu oynayacağıq, sürüşəcəyik üzü aşağı...

Mən böyüdükcə Şuşayla bağlı xatirələrim çoxalmağa başladı. 1980-ci il - SSRİ paytaxtı Moskvada Olimpiada keçirilən il bizi Şuşaya pioner düşərgəsinə apardılar. Ağdamın özündən və müxtəlif kəndlərindən xeyli şagirdi avtobusla Şuşaya-Zarıslıya apardılar. Ömrümdə ilk dəfəydi Şuşaya gedirdim. Nəhayət, özümüzdən böyüklərin əsasən Şuşa “Pirvalı” dediyi yeddi dolamanı da görəcəkdik. Avtobus Xankəndindən keçib dolamaları dolandıqca başımız gicəllənirdi. Adamın ürəyi yerindən çıxırdı.

...Şuşaya az qalmış Xankəndi adamın ayağının altında qalmış kimi görünürdü. Şuşaya çatıb Zarıslıya getdik. Burada pioner düşərgəsi yaradılmışdı. Düşərgə bir dağın üstündəydi - dağdan aşağıda çay axırdı, çaydan o yana isə sıx meşəlik idi. Elə birinci gecə düşərgənin sehri məni tutdu. Pioner şeypuru, pioner tonqalı...

Pioner dəstə rəhbərlərinin hazırladığı proqrama uyğun kimi şeir deyir, kimi mahnı oxuyurdu. Yay gecəsində təbiətin özünəməxsus səsi, qoxusu, yaxınlıqda axan çayın şırıltısı...İlahi, necə də izaholunmaz hislər idi onlar. Cəmi 13 yaşım var idi onda. Qonşu kənddən olan iki bacının ikisinə də birdən vurulmuşdum. Bilmirdim, hansına ürəyimi açıb deyim. Axırda heç birinə bir söz deyə bilmədim. Elə Şuşada sevib, Şuşada da içimdə dəfn elədim o sevgimi...

Gündüzlər proqramda meşə gəzintisi, çayda çimmək də olurdu. Meşədə gəzib kəklikotu, qantəpər, çiyələk yığardıq. Əyilib bir çiyələk üzəndə, elə bil cənnət qoxusu yayılırdı bütün meşəyə. Düz 30 gün qaldıq Zarıslıdakı pioner düşərgəsində...

Bir də 1988-ci ildən - 21 yaşımdan başladım Şuşaya getməyə. Ağdamda texnikumda oxuyanda tələbə yoldaşlarımla tez-tez gedərdik. Əsasən də xəngəl yeməyə, Cıdır düzündə gəzməyə. Cıdır düzündə düz qayanın ucuna çıxıb aşağı, Daşaltına baxardıq. Aşağıdakı evlər kibrit qutusu kimi görünərdi. Topxana meşəsini seyr edərdik. Hər dəfə Cıdır düzündə düz qayanın ucuna gəlib hər tərəfi seyr edəndən sonra uşaqların xahişi ilə əlimi qulağımın dibinə qoyub bir-iki ağız oxuyardım...

Sonuncu dəfə Şuşaya 1991-ci ildə, sevdiyim bakılı bir qıza Xarı bülbülü gülünü göstərmək üçün getdim. Onda hələ hərbiçilərin, polisin müşayiəti ilə gedib-gəlmək olurdu Şuşaya. Səhv etmirəmsə may, ya da iyun ayı idi. Avtobusla Şuşaya çatıb, Cıdır düzünə tərəf qalxdım. Bir az Xarı bülbülü gülü tapıb yığdım. Az olduğundan gedib bazardan bir dəstə də aldım. Aşağı düşüb avtovağzalda xəngəl və yarım litir araq sifariş verdim. Xəngəli yeyib, arağın yarısını içdim, yarısını da yerə töküb, araq şüşəsinin başını qırdım və su ilə doldurub, gülləri suya qoydum...

Eləcə o gülləri araq şüşəsində gətirib düz Ağdama çıxartdım. Ağdamdan da Bakıya gəlib sahibinə çatdırdım...

Bu Şuşayla bağlı son gözəl xatirəmdi. Daha mən Şuşanı görə bilmədim.

1992-ci ilin əvvəllərində komandirimiz Şirin Mirəzyev batalyonda 40 nəfərlik bir dəstə hazırlamağa başlamışdı. Deyirdi Şuşa təhlükədədir, özümüzü ora çatdırmalıyıq.

Amma çatdıra bilmədik, gec oldu. Şuşa işğal olundu...

P.S. Bu yazı istedadlı qələm sahibi Xuraman xanım Hüseynzadə ilə facebookda Şuşayla bağlı söhbət nəticəsində qələmə alınıb.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın