"Azərbaycan sakit inqilaba şahidlik edir" - nüfuzlu sayt ölkəmiz haqda mükəmməl yazı dərc etdi

07, 02, 20
20:56

"Azərbaycan sakit inqilaba şahidlik edir" - nüfuzlu sayt ölkəmiz haqda mükəmməl yazı dərc etdi


 
Nüfuzlu intpolicydigest.org saytı Azərbaycanda gedən proseslərlə bağlı mükəmməl yazı dərc edib. Bu yazı 06.02.2020-ci il tarixdə Google Alerts sistemində Azərbaycan üzrə axtarışda birinci yerdə dayanır. Musavat.com həmin məqalənin tərcümə olunmuş variantını təqdim edir.

Yazının orijinal versiyasının linki: https://intpolicydigest.org/2020/02/06/new-generation-at-the-fore-as-azerbaijan-heads-to-polls/

Azərbaycanda seçki ərəfəsində yeni nəsil birinci sırada dayanır

Azərbaycan sakit inqilaba şahidlik edir. Heç bir qarışıqlıq və zorakılıq yoxdur, lakin inqilabdır. Qonşuluğundakı narahat vəziyyətə baxmayaraq, Azərbaycan minimum səs-küylə nəsil dəyişikliyinin aparılmasına dəstək nümayiş etdirir. Bu mühüm irəliləyişin bazar günü ölkədə keçiriləcək parlament seçkilərində möhkəmlənəcəyi gözlənilir.

9 fevral növbədənkənar parlament seçkiləri Prezident İlham Əliyevin islahat proqramının bir hissəsidir. Bu, islahatları sürətləndirmək üçün onun tərəfindən təyin edilmiş gənc qərb təhsilli administratorlara dəstək məqsədi daşıyır. Ötən il hökumətdə möhtəşəm dəyişikliklər baş verdi. Belə ki, Harvard, Oksford və Sorbonna kimi prestijli qərb universitetlərində təhsil almış yeni simalar hökumətdə əsas vəzifələrə təyin olundular.

Əliyev iqtisadiyyatın və prezident komandasının idarə edilməsinə kömək məqsədilə gənc siyasətçilərdən ibarət bu yeni nəsli irəli çəkmişdir. Bununla demək istəmişdir ki, o, şəxsi maraqların və möhkəmlənmiş nazirlərin islahat proqramını yavaşıtmasına icazə verməyəcək. O, 2019-cu ilin oktyabr ayında iqtisadçı Əli Əsədovu baş nazir vəzifəsinə təyin etdi. Prezident administrasiyasında da əsaslı yer dəyişiklikləri edildi. Belə ki, Duke Universiteti məzunu 44 yaşlı Samir Nuriyev administrasiya rəhbəri vəzifəsinə, vitse-prezidentin keçmiş köməkçisi Anar Ələkbərov və Azərbaycan Respublikası Dövlət Neft Fondunun keçmiş rəsmisi və Harvard universiteti məzunu Şahmar Mövsümov prezidentin köməkçiləri vəzifələrinə təyin edildilər.

McGeorge Hüquq Məktəbinin məzunu, Vergilər naziri Mikayıl Cabbarov keçən il İqtisadiyyat naziri vəzifəsinə təyin edildi. O, eyni zamanda vergi və dövlət əmlakının özəlləşdirilməsi məsələlərinə baxır.

Azərbaycanın gömrük sisteminin şəffaflaşdırılması məqsədilə rəqəmsal sistemə keçilmişdir və Dövlət Gömrük Komitəsinin gömrük rüsumlarının yığılmasına qarışması yığışdırılmışdır. Bu, idxalat və ixracat şirkətləri üçün bərabər şərtləri təmin etmiş və inhisarlaşmanın qarşısının alınmasıda müvəffəqiyyətli olmuşdur.

Ölkə institutlarında belə yüksək səviyyəli dəyişiklik islahatlar prosesinin sürətləndirilməsində və korrupsiyaya son qoymaq üçün müasir sistemlərin icrasında effektiv olmuşdur. Bu müstəvidə ölkə rəhbərliyi də öz dəstəyini göstərir. Belə ki, Birinci Vitse-Prezident Mehriban Əliyeva xüsusilə iqtisadiyyat, sosial və ədliyyə sahələrində islahat siyasətini koordinasiya edir.

Azərbaycanın elektron hökumət modeli olan ASAN İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) və BMT tərəfindən təqdir edilmişdir. O, dünya miqyasında ən yaxşı dövlət xidmətləri göstərməsinə görə BMT-nin Dövlət Xidmətləri Mükafatına layiq görülmüşdür.

Belə islahatlar sayəsində ölkə iqtisadiyyatı 2007 və 2019-cu illər arasında 80% artmışdır və bu müddət ərzində ümumilikdə 111 milyard dollar xarici investisiya cəlb olunmuş, yoxsulluq səviyyəsi dörd dəfədən çox azalmış, işsizlik səviyyəsi 4,9 % təşkil etmişdir.

Ölkənin cəhdləri Dünya Bankının “Doing Business” İndeksi tərəfindən tanınmışdır, belə ki, bu indeksdə Azərbaycan 190 ölkə arasında 34-cü yerdə qərarlaşmışdır. O, eyni zamanda əmlakın qeydiyyatı, kredit alınması, azlıq investorlarının qorunması və müqavilələrin icrası sahələrində ilk 20 islahatçı arasında yer almışdır.

Strateji cəhətdən Avropa ilə Asiya arasında yolların kəsişməsində yerləşən Azərbaycan qlobal tranzit mərkəzidir və Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərində aparıcı rol oynayır. Azərbaycanın təşəbbüsü ilə salınan və Azərbaycan, Gürcütsan və Türkiyəni birləşdirən Bakı – Tbilisi – Qars dəmiryol xətti 2017-ci ilin oktyabr ayında öz işinə başladı. O, Azərbaycanı Çin və Avropa arasında logistika və nəqliyyat marşrutlarının ayrılmaz hissəsi edir. Azərbaycan eyni zamanda Xəzər Dənizində ən böyük liman Bakı Beynəlxalq Dəniz Ticarət Limanını inşa etmiş və 2018-ci ilin may ayında limanın açılışı olmuşdur.

Ölkə on illərlə Qərbin davamlı və etibarlı müttəfiqi olmuşdur. Avropanın neftlə təmin edilməsindən əlavə, Azərbaycan qazının Avropaya ötürülməsi üçün 2019-cu ilin noyabr ayında Azərbaycan Türkiyə ilə TANAP layihəsini müvəffəqliyyətlə tamamlamışdır.

Prezident Əliyev ölkənin strateji mövqeyindən istifadə edərək, belə narahat bir regionda ölkəsini sabitlik və uzaqgörənlik mayakına çevirmişdir. Azərbaycan ictimaiyyəti xüsusilə dini dözümlülüyünə görə məşhurdur. Müsəlmanların əksəriyyət təşkil etdiyi bu ölkə həmçinin xristianların, yəhudilərin və çoxsaylı digər dinlərin evidir.

Lakin Ermənistanla əlaqələr gərgin qalmaqda davam edir. BMT-nin Ermənistan qüvvələrinin dərhal və qeyd-şərtsiz geri çəkilməsinə çağırış edən dörd qətnaməsinə baxmayaraq, Azərbaycanın Dağlıq Qarabağ əyaləti və ətraf ərazilər 30 ilə yaxındır ki, Ermənistanın işğalı altındadır. Münaqişəyə həll yolu tapılmayıb.

Bütün bunlara baxmayaraq, Azərbaycanın gələcək üzərində qətiyyətlə möhkəmlənən baxışları və islahatlar məşəlini irəliyə aparmaq üçün addımlayan yeni nəsli vardır. Ölkənin iqtisadiyyatını və administrativ sistemlərini daha da müasirləşdirmək məqsədi daşıyan qətiyyətli planların iki qitənin kəsişməsində yerləşən və gələcəyə baxan millət üçün zəngin mənfəətlər əldə etməsi gözlənilir.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın