Jurnalistin yazısına görə həbsi istənilir

07, 01, 20
10:23

Jurnalistin yazısına görə həbsi istənilir



Criminal.az saytının baş redaktoru Anar Məmmədov yenə həbs təhlükəsi ilə üzləşib 

Uzun müddətdir keçmiş Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Füzuli Ələkbərovla məhkəmədə əmlaka görə çəkişən “Məlahət” MMC-nin rəhbəri Məlahət Qurbanova indi də “criminal.az” saytının baş redaktoru Anar Məmmədovun həbs olunmasını istəyir. O, jurnalistin Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələrilə cəzalandırılması üçün Ağdam Rayon Məhkəməsində xüsusi ittiham qaydasında iddia qaldırıb. Sahibkarın iddiasına yanvarın 7-də hakim Mahir Niftiyevin sədrliyilə baxılacaq. 

“Criminal.az” saytında M.Qurbanova ilə keçmiş nazir arasındakı mülk qalmaqalı, məhkəmə çəkişməsi barədə məqalələr yayımlanıb. Həmin məqalələrdə “Lombard Məlahət” kimi təqdim olunmasına etiraz edən M.Qurbanova iddia edir ki, lombard sahibi olması barədə yazılanlar böhtandır, onun şərəf və ləyaqətinə, işgüzar nüfuzuna zərbə vurulub.

A.Məmmədov isə bildirir ki, M.Qurbanova iddiasında heç bir lombard fəaliyyəti ilə məşğul olmadığını vurğulasa da, “Lombard N:1”in saytında həmin təşkilatın rəhbəri kimi məhz onun adı göstərilib. Jurnalistin sözlərinə görə, qarşı tərəfin etiraz etdiyi təqdimat (“Lombard Məlahət”) əslində, onun özünün fəaliyyəti ilə bağlıdır:


​​​​“Məlahət Qurbanovanın iddiası absurddur. Əksinə, Məlahət Qurbanova iddiası ilə mənə qarşı böhtana yol verib. Eyni zamanda, Məlahət xanımın bu addımı mənim əsassız məhkəməyə çəkilməyimə və susdurulmağıma hesablanıb. Bunun özü qanunsuzluqdur”.

Bundan əvvəl Yasamal rayon məhkəməsi iki dəfə M.Qurbanovanın jurnalistə qarşı iddiasını qəbul etməyib.

A.Məmmədov 2019-cu ilin martında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə 5 il 6 ay şərti cəzaya məhkum edilib. İddia olunur ki, onun Gəncə hadisələri (sabiq icra başçısı Elmar Vəliyevin davranışı və s.) haqda yazıları bir neçə vətəndaşda narahatlıq yaradıb və onlar jurnalistin cəzalandırılması üçün prokurorluğa şikayət ediblər. A.Məmmədov özünü təqsirli bilməyib və jurnalist fəaliyyətinə görə cəzalandırıldığını vurğulayıb.

Bir sıra beynəlxalq jurnalist təşkilatları, habelə ATƏT-in KİV azadlığı üzrə xüsusi nümayəndəsi Arlem Dezir A.Məmmədov barəsindəki hökmü pisləyib.

A.Məmmədov saytda yayımlanan yazılara görə dəfələrlə hüquq-mühafizə orqanlarına çağrıldığını, təhdid olunduğunu açıqlayıb. O, sonuncu dəfə 2019-cu il dekabrın 30-da Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinə çağrıldığını bildirib. Jurnalistin sözlərinə görə, idarədə ondan iki nəfərin şikayətçi olduğunu, Xədicə İsmayıl vasitəsilə qrant alıb, sayt idarə etdiyini deyiblər:

“Mən bunu təkzib edib bildirdim ki, Xədicə İsmayılı jurnalist kimi tanıyıram, elə bir əlaqəmiz yoxdur”.

​​​​M.Qurbanova ilə keçmiş nazir arasındakı qalmaqala gəlincə, mübahisəyə səbəb Səbail rayonu, A.Əlizadə küçəsi 5 ünvanında yerləşən 253 kvadrat metrlik qeyri-yaşayış sahəsidir. Həmin əmlakın “Rolls-Royce Motors” satış mərkəzinin zirzəmisi olduğu bildirilir.

F.Ələkbərov məhkəməyə üz tutaraq, xüsusi mülkiyyətində olan torpaq sahəsinin boşaldılmasını tələb edib.


M.Qurbanova isə sözügedən əmlakın ona məxsus olduğunu, sabiq nazirin vaxtilə vəzifəsindən sui-istifadə edib onu ələ keçirdiyini iddia edir.

Azerbaycanrealligi.com



Bizimlə əlaqə saxlayın