“2-ci cəbhə”: Ermənistanla haqq-hesab 2020-yə qaldı

27, 12, 19
13:34

“2-ci cəbhə”: Ermənistanla haqq-hesab 2020-yə qaldı

Azərbaycan bu il azadlıq müharibəsi üçün daha əsaslı zəmin hazırlaya bildi; erməni diplomat: “Qarabağ problemi - Ermənistanın ”Axilles dabanı"dır, müharibə başlasa..."

Kövrək ümidlər bəslənilən 2019-cu il də Dağlıq Qarabağ nizamlanması üçün itirilmiş il olaraq tarixə qovuşur. Əfsus ki, rəsmi Bakının bu il Ermənistan rəhbərliyinə tanıdığı və Qarabağla bağlı ədalətli sülhü yaxınlaşdırmağa yönəlik unikal fürsətlər İrəvan tərəfindən qaçırıldı, düzgün dəyərləndirilə bilmədi. Nəticədə münaqişə tərəfləri arasında nəinki yaxınlaşma yönündə hər hansı pozitiv meyl müşahidə edilmədi, əksinə, ənənəvi kontaktlar və müzakirələr də öz mənasını itirdi.

Beləcə, “Qarabağ yükü” olduğu kimi 2020-ci ilə miras qalır. Gələn bu il bu “yük”lə bağlı nələrin olacağı, hansı qərarların veriləcəyi, belə görünür ki, təkcə üç vasitəçi dövlətdən - Rusiya, ABŞ və Fransadan yox, həm də bölgədəki proseslərdən və geosiyasi şərtlərdən asılı olacaq. Bir şeyi əminliklə söyləmək olar ki, danışıqların nəticəsizliyi fonunda atəşkəs rejimini saxlamaq ildən-ilə çətinləşir. Ermənistan rəhbərliyi isə heç cür anlamaq istəmir ki, atəşkəs - məqsəd deyil, məqsəd ola bilməz. O, yalnızca böyük sülh anlaşması yolunda vasitədir.
Ermənistan musavat.com ile ilgili görsel sonucu
Təəssüf ki, düşmən ölkə atəşkəsi məhz hədəfə çevirib. Bu isə yeni müharibəni qaçılmaz edir. Çünki atəşkəs sülhlə yekunlaşmırsa, müharibə ilə bitəcək. Üçüncü yol yoxdur. Üçüncü yol - “nə hərb, nə sülh” vəziyyəti sonsuzadək sürə bilməz. Azərbaycan isə müharibə haqqını özündə saxlayır. Üstəlik, ölkəmiz bu il də Ermənistan üzərində öz hərbi üstünlüyünü qoruyub saxlaya bilib. Hətta bir az da böyüdüb. Ona görə ki, işğalçı ölkədən fərqli olaraq, Azərbaycan öz iqtisadi potensialını artırmaqda davam edir.

Bundan əlavə, başa çatmaqda olan ildə Ermənistan Dağlıq Qarabağla bağlı diplomatik cəbhədə də ard-arda uğursuzluq yaşadı. Bakıda düzənlənən nüfuzlu beynəlxalq tədbirlər və forumlarda (Türk dövlətlərinin, TürkPA-nın, Qoşulmamaq Hərəkatının sammitləri və s.) Ermənistan bir daha işğalçı kimi damğalandı. Erməni baş nazir Nikol Paşinyanın Dağlıq Qarabağdakı separatı rejimi birbaşa danışıqlara qoşmaq səyləri, “Qarabağ Ermənistanındır və nöqtə” sərsəmləməsi isə hətta işğalçının 1 nömrəli müttəfiqi Rusiyada, erməni kökənli XİN başçısı Sergey Lavrovda qıcıq və təpki yaratdı.   

Bununla belə, Ermənistan belə görünür, hələ də ümid edir ki, zaman keçdikcə Azərbaycan və beynəlxalq birlik işğalla barışacaq, Bakı təslimçi sülhə vadar ediləcək. Belə şey isə gözlənilmir. Ən azı ona görə ki, Azərbaycanda erməni tərəfinin israr etdiyi “torpaq əvəzinə torpaq”, yəni Dağlıq Qarabağ əvəzinə 5-6 rayonu almaq formulu əsasında sülhə razılıq verəcək şəxs, rəhbər, siyasətçi yoxdur. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, sülh danışıqlarında ərazi bütövlüyümüz alver və müzakirə predmeti olmayıb, olmayacaq. Bunu son olaraq, prezident İlham Əliyev ilin yekunları ilə bağlı yerli telekanallara verdiyi müsahibədə bir daha qəti şəkildə bəyan etdi. 
Qarabağa dair BMT ile ilgili görsel sonucu
Beynəlxalq hüquq, Qarabağa dair BMT qətnamələri, digər nüfuzlu təşkilatların qərar və sənədləri də sözsüz ki, birmənalı şəkildə Azərbaycanın haqlı olduğunu təsdiqləyir. Bu isə o deməkdir ki, Azərbaycan və işğalçı Ermənistan arasında daimi, möhkəm sülh yalnızca “torpaq əvəzinə sülh” formulu əsasında mümkündür. Düşmən ölkənin rəhbərliyi, toplumu bu gerçəyi nə qədər tez anlasa, bir o qədər erməni xalqı uduşda olar... 

“Dağlıq Qarabağ problemi Ermənistan üçün ”Axilles dabanı" kimidir". “Yeni Müsavat”ın məlumatına görə, bu sözləri erməni diplomat Arman Milerkyuan “Yerevan today” portalına açıqlamasında Qarabağ konflikti ətrafında durumu şərh edərkən söyləyib.

Onun sözlərinə görə, əgər Qarabağ məsələsi ətrafında baş verənlərə diqqət edilsə, o zaman üstünlüyün Azərbaycan tərəfində olduğunu görmək olar. “Bakı təhlükəsizlik məsələsi ilə status məsələsini birləşdirməyi bacarıb. Erməni tərəfinin bu xüsusda problemləri var və bu həqiqətən də bizdən ötrü “Axilles dabanı”dır", - deyə o qeyd edib.

Melikyana görə, Dağlıq Qarabağ ətrafındakı hazırkı situasiya İrəvan üçün neqativ hesab edilməlidir. “Danışıqlarda rəsmi İrəvanın dəstəklədiyi müddəalar bizdən ötrü neqativdir. Hazırkı status-kvo istənilən halda pozulacaq. Ancaq pozulma anında bizim siyasi, hüquqi, diplomatik və danışıqlarla bağlı mövqeyimiz olduqca həssas və kövrək olacaq, - deyə erməni diplomat xəbərdarlıq edib.

Erməni diplomat əslində etiraf edir ki, Azərbaycan bu il Vətən müharibəsi üçün diplomatik və təbliğati alanda daha əsaslı zəmin hazırlaya bilib. İstənilən halda, işğalçıya qarşı “ikinci cəbhə”nin açılması, ümumən Ermənistanla haqq-hesab 2020-yə qalır. Danışıqlarda daha bir il nəticəsizlik düşmənə baha oturacaq...

Azerbaycanrealligi.com


Bizimlə əlaqə saxlayın