Ermənipərəst rus jurnalisti susduran qarabağlı xanıma Bakıdan ciddi dəstək

30, 10, 19
10:46

Ermənipərəst rus jurnalisti susduran qarabağlı xanıma Bakıdan ciddi dəstək

Diaspor Komitəsi “nə kömək lazımdırsa, hazırıq” deyir; Asim Mollazadə: “Ona qarşı hər hansı xoşagəlməz addımlar olarsa, mən əminəm ki, həm konsulluq, həm Kaliforniyada yaşayan soydaşlarımız ABŞ-ın müvafiq orqanları ilə əlaqə saxlayaraq, onu qorumağa çalışacaqlar”

ABŞ-ın Kaliforniya ştatında rusiyalı məşhur telejurnalist, ermənipərəst mövqeyi ilə seçilən Vladimir Poznerlə təşkil edilən görüş zamanı  azərbaycanlı jurnalistin Arzu Məmmədovanın sualı qarşısında çətin vəziyyətə düşməsi geniş rezonans doğurub.

Hətta Ermənistan mətbuatı da bu mövzuya biganə qala bilməyib. Düzdür, ermənilər azərbaycanlı xanımın arqumenlərinin və rusiyalı jurnalisti mat vəziyyətə salan suallarının üstündən keçiblər və daha çox Poznerin ermənipərəst mövqeyinə diqqət çəkməyə çalışıblar. Ancaq fakt faktlığında qalır. A.Məmmədova Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən olduğunu, ölkəmizdə bir çox xalqların sülh və əmin-amanlıq şəraitində yaşadığını və İsrail vətəndaşlarına qarşı ayrıseçkiliyin olmadığını söyləyib. Arzu xanım bildirib ki, Vladimir Pozner kimi səviyyəli jurnalist qərəzsiz olmalıdır. “Dağlıq Qarabağ Ermənistanın rəsmi olaraq işğal etdiyi ərazidir. İşğal olunmuş Azərbaycan torpaqlarının qeyd-şərtsiz azad edilməsini tələb edən bir sıra BMT qətnamələri var. Dünyanın heç bir ölkəsi, o cümlədən Ermənistan da Dağlıq Qarabağı müstəqil kimi tanımır”.

A.Məmmədova Dağlıq Qarabağda azərbaycanlıların və ermənilərin illərdir birgə yaşadıqlarını qeyd edərək, Bakının mərkəzində hələ də erməni kilsəsinin olduğunu diqqətə çatdırıb: “Siz Ermənistanı dəstəkləməklə qadın və uşaq qatillərini alqışlayırsınız və bununla da minlərlə azərbaycanlıya, məcburi köçkünlərə, o cümlədən mənə və ailəmə qarşı ayrı-seçkilik edirsiniz. Söz azadlığı ilə nifrət hissi arasındakı xətt haradan keçir?” (Report) Vladimir Pozner isə A. Məmmədovanın sualları qarşısında aciz qalaraq “Dağlıq Qarabağ Ermənistanın rəsmi olaraq tanıdığı ərazidir” dediyi zaman A. Məmmədova onun sözünü kəsərək, Dağlıq Qarabağın rəsmi şəkildə Azərbaycan Respublikasının tərkibində olan ərazi olduğunu vurğulayıb.
Arzu Məmmədova ile ilgili görsel sonucu
Arzu Məmmədova daha sonra bu hadisə haqqında danışıb. Musavat.com xəbər verir ki, o, özünün sosial şəbəkədəki səhifəsində Azərbaycan xalqına xitabən 45 saniyəlik çıxış edib. Arzu xanım “Çox sağ ol, Azərbaycanım!” başlığı altında ona göstərilən dəstəyə görə Azərbaycan xalqına təşəkkür edib. O deyib ki, Poznerin qarşısında çıxış edərkən, cəsarəti Azərbaycan xalqından alıb. Arzu Məmmədova sonda qısa çıxışının məqsədini açıqlayıb: “Qonşularımız (ermənilər) oyanmağa başlayıblar. Ona görə də sizdən dəstək istəyirəm”, deyə, Arzu bütün soydaşlarımıza müraciət edib.

A.Məmmədova kökəncə ağdamlıdır, lakin Ağdam heç yaddaşında da qalmayıb, körpə ikən qaçqın düşüb. Bununla belə, o, mümkün olan bütün platformalarda, o cümlədən də təhsili ilə bağlı yaşadığı Kaliforniyada hər fürsətdə Qarabağla bağlı həqiqətləri paylaşır.

Bəs Azərbaycandan A.Məmmədovaya nə kimi dəstək var?
Vəsilə Vahidqızı ile ilgili görsel sonucu
Vəsilə Vahidqızı 

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat katibi Vəsilə Vahidqızı “Yeni Müsavat”a bildirdi ki, komitə Arzu Məmmədovanın fəaliyyətindən məlumatlıdır: “Biz onun fəaliyyətini izləyirik. Həmçinin komitəmizdəki Amerika şöbəsinin əməkdaşları ilə Arzu xanım çoxdan tanışdılar. Diasporla İş üzrə Dövlət Komitəsi daim onun arxasındadır. Nə kömək lazımdırsa, etməyə hazırıq”. V.Vahidqızı əlavə etdi ki, yaxın saatlarda komitə əməkdaşları A .Məmmədova ilə əlaqə yaradacaq və onun nə kimi dəstək istədiyi ilə maraqlanacaq.

Qeyd edək ki, Kaliforniya ermənilərin kompakt yaşadığı ştatdır. Bu mənada qarabağlı xanımın həyatına təhlükə yarana biləcəyi narahatlıq doğurur.
Asim Mollazadə ile ilgili görsel sonucu
Asim Mollazadə

Azərbaycan-Amerika Birləşmiş Ştatları parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, deputat Asim Mollazadə “Yeni Müsavat”a bildirdi ki, məsələdən xəbərdardır: “Arzu xanımın Kaliforniyada fəaliyyət göstərən diaspor təşkilatlarımızla sıx əlaqəsi var. Bizim Baş Konsulluğumuz da oradadır. Mənim onlarla əlaqəm var. Bilirəm ki, Arzu xanım da bu əlaqələrə malikdir. Ona qarşı hər hansı xoşagəlməz addımlar olarsa, mən əminəm ki, həm konsulluq, həm Kaliforniyada yaşayan soydaşlarımız ABŞ-ın müvafiq orqanları ilə əlaqə saxlayaraq, onu qorumağa çalışacaqlar”. A.Mollazadə dedi ki, azərbaycanlı xanım Poznerini ifşa etdi, həqiqətləri açıqladı: “Bizim gənclər dəfələrlə bu cür addımlar atıblar. Düşünmürəm ki, ona qarşı hansısa təhlükə yarana bilər. Baxmayaraq ki, Kaliforniyada bir sıra cinayətkar dəstələr erməni diasporu tərəfindən idarə olunur. Lakin ABŞ-da artıq antiterror əhval-ruhiyyə çox güclüdür və ermənilər 80-90-cı illərdəki oyunları təkrarlamağa çəkinəcəklər”. 
Qeyd edək ki, A.Məmmədova  Qarabağ Azadlıq Təşkilatının üzvü Cahid Məmmədovun qızıdır. Bəs QAT onun müdafiəsi üçün nə kimi addımlar atmağı planlaşdırır?
Akif Nağı ile ilgili görsel sonucu
QAT sədri Akif Nağı qəzetimizə dedi ki, Arzu xanım çox böyük cəsarət nümunəsi göstərib, həmçinin düşmənin, onun havadarlarını məntiqlə, ağılla susdurmağın da mümkünlüyünü nümayış etdirib: “Onun hərəkəti həm də ”nə etməli?" sualı qarşısında dayanan yüz minlərlə xaricdə yaşayan soydaşımız üçün də stimul olmalıdır. Biz QAT olaraq bu gənc xanımın hərəkətini tam dəstəkləyir, alqışlayırıq! Təbii ki, iş yalnız alqışlardan ibarət olmamalıdır. Onun hərtərəfli müdafiəsi təşkil olunmalıdır. Biz artıq sosial şəbəkələrdə təbliğat işinə başlamışıq. Azərbaycanda və bütün dünyada Arzu xanımın real dəstəklənməsinə nail olmağa çalışırıq. Hesab edirik ki, ABŞ-da, xüsusilə Kaliforniya ştatında yaşayan soydaşlarımız Arzu xanımla birlikdə olmalı, ona qarşı istənilən təxribatların qarşısını almalıdır". A.Nağı dedi ki, bu yöndə ABŞ-ın hüquq-mühafizə orqanlarının diqqətinin məsələyə cəlb olunması vacibdir: “Ermənilər hər cür təxribata əl ata bilərlər, bunu hər kəs bilir. Azərbaycan hökuməti, oradakı səfirliyimiz, konsulluğumuz təcili şəkildə uyğun tədbirləri görməlidir! Bu gün Arzu xanımın müraciəti yayılıb, hər kəs bu müraciətə uyğun öz üzərinə düşən işləri görməlidir. Biz də bunun üçün əlimizdən gələni edir və edəcəyik. Atası Cahid bəylə də əlaqə saxlayırıq, bir narahatçılıq olsa, dərhal müdaxilə edəcəyik. Hələlik ciddi bir problem yoxdur. Sabah (29 oktyabrda-E.P.) idarə heyətimizin iclasında bu məsələni xüsusi müzakirə edəcəyik, idarə heyətinin iclasından sonra mənim canlı yayınımda ayrıca müraciətlərim də olacaq. Arzu xanım orada həm təhsil alır, həm də rus dilindən dərs deyir, professorun assisenti kimi də çalışır. Allah bu cür gənclərimizi qorusun!”

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın