ABŞ-ın təhdidləri və Fransanın “Bizans oyunları” işə yaramır: Türkiyə “S 400”-ləri aktivləşdirməkdə qərarlıdır

08, 09, 19
17:09

ABŞ-ın təhdidləri və Fransanın “Bizans oyunları” işə yaramır: Türkiyə “S 400”-ləri aktivləşdirməkdə qərarlıdır

Fransa ABŞ-Türkiyə ziddiyyətlərini siyasi və maliyyə qazancına çevirməyə can atır

ABŞ və Türkiyə arasında hava hücumundan müdafiə sistemləri ilə bağlı narazılıq davam edir. Üstəlik, son günlər bu narazılığın daha da dərinləşdiyi müşahidə olunur.

Məsələ ondadır ki, rəsmi Ankara Ağ Evin bütün tələblərini və təhdidlərini “qulaqardı” etdi. Və Rusiyadan “S 400” tipli zenit-raket kompleksinin alınmasını reallaşdırdı.

Düzdür, bu proses hələ tam yekunlaşmayıb. Belə ki, Rusiya müqavilə üzrə Türkiyəyə “S 400”-lərin yalnız ilk partiyasını göndərib. Növbəti partiya isə yaxın həftələrdə Türkiyə ordusunun ixtiyarına təqdim olunacaq.
Ağ Ev rəsmi Ankaranın “S 400” inadından qəzəblidir. Və ixtiyarındakı bütün imkanları rəsmi Ankaranın “S 400”-lərdən imtinasına nail olmağa yönəltmişdi.
Belə ki, Rusiya və Türkiyə arasında müqavilənin imzalanmasından dərhal sonra Ağ Ev əvvəlcə rəsmi Ankaranı maliyyə-iqtisadi sanksiyalarla hədələdi. Təbii ki, gözlədiyi nəticəni ala bilmədi.

Ardınca Ağ Ev F-35 tipli müasir savaş təyyarələrinin Türkiyəyə satışı üçün ortaq istehsalı və bu təyyarələri idarə edəcək türk pilotların təlimi ilə bağlı layihənin icrasını dayandıracağını bəyanladı. Türkiyə bu təhdidə də boyun əyməyəcəyini qətiyyətlə biruzə verdikdən sonra Ağ Ev “sözünü tutdu” və layihənin icrasını dayandırdı.

Halbuki bu layihə müqaviləyə əsasən məhz Türkiyə tərəfindən maliyyələşdirilirdi. Və rəsmi Ankara layihənin müqavilə dəyəri olan 3.5 milyard dollar məbləğində maliyyə vəsaitini əvvəlcədən ödəmişdi.
ÃÂðÃÂÃÂøýúø ÿþ ÷ðÿÃÂþÃÂàf 35
Hazırda Ağ Ev nə layihənin bərpasına, nə də ödənilən maliyyə vəsaitinin geri qaytarılmasına yanaşmır. Bu isə ABŞ və Türkiyə arasında daha bir narazılıq səbəbi olaraq qalmaqdadır.

Daha sonrakı mərhələdə ABŞ Türkiyə ilə anlaşmaq üçün öz taktikasını nisbətən dəyişmək məcburiyyətində qaldı. Belə ki, Ağ Ev rəsmi Ankaraya “S 400”-lərdən imtinanın qarşılığında “Patriot”ların satışını təklif etdi. Ancaq rəsmi Ankaradan yenə də umduğu reaksiyanı ala bilmədi.

Səbəblər isə çox sadəydi. Birincisi, hava hücumundan təxminən eyni müdafiə imkanlarına malik olan bu iki raket sistemindən rusların satdığı – “S 400”-lər daha ucuz başa gəlir. Hətta bəzi məlumatlara görə, “Patriot”lar “S 400”-lərdən az qala iki dəfə bahadır.

Digər tərəfdən, ABŞ istehsalı olan strateji silahlar “nəzarət olunan hərbi döyüş vasitələri” kateqoriyasına aid edilir. Çünki həmin silahlara yerləşdirilmiş xüsusi cihazlar həlledici məqamlarda yekun qərar hüququnu istifadəçiyə deyil, məhz istehsalçıya verir. Bu isə analoji silahlardan ölkənin hərbi maraqları çərçivəsində istifadə imkanlarını məhdudlaşdırır.   

Nəticədə rəsmi Ankara qəti şəkildə Ağ Evə etiraz etməsə də, ABŞ-ın bu təklifinə - “S 400”-lərin əvəzinə “Patriot”ların alınmasına həvəslı yanaşmadı. Və bununla da Ağ Evin qəzəbini yenidən alovlandırmış oldu.
ÃÂðÃÂÃÂøýúø ÿþ ÷ðÿÃÂþÃÂàs 400
İndi ABŞ yenidən əvvəlki taktikasına qayıdıb. Belə ki, Ağ Ev yenidən Türkiyəni təhdid etməyə üstünlük verir. Ağ Ev rəsmi Ankaradan tələb edir ki, Türkiyə “S 400”-lərin alınması prosesini dərhal dayandırsın, aldığı “S 400”-ləri isə aktivləşdirməsin.

Anlaşılan odur ki, Ağ Ev Türkiyənin milyardlarla dollar xərcləyib, aldığı silahlardan istifadə etməsini istəmir. Yəni Ağ Ev həmin silahların anbarlarda yararsız əşya kimi saxlanmasını tələb edir.

Təbii ki, Türkiyənin belə əsassız və məntiqsiz tələblərə boyun əyəcəyinə inanmaq çox çətindir. Çünki rəsmi Ankaraya Türkiyənin NATO-dan çıxarıla biləcəyi eyham vurulduqda, “Türkiyəni NATO-dan çıxartmaqdan öncə qazanacaqlarınızla itirəcəklərinizi daha yaxşı hesablamanızı tövsiyə edirik” cavabıyla qarşılıq verilmişdi. Və təhdidli eyhamın müəllifləri istər-istəməz pərt olmuşdular.

Çünki Şimali Atlantika hərbi-siyasi blokunun tərkibindəki ikinci ən böyük ordiya sahib olan Türkiyənin NATO-dan çıxarılmasının ABŞ və Qərbin strateji maraqlarına zidd olduğunu onların özləri də çox gözəl anlayırlar. Bu isə vəziyyətdən daha uyğun çıxış yolunun tapılmasını zəruri edir.
Maraqlıdır ki, bu böhranın NATO-ya doğru uzanan istiqaməti üzrə çıxış yolunun tapılması cəhdini Fransa öz üzərinə götürmüş kimi görünür. Belə ehtimal etmək olar ki, Fransa Türkiyəyə münasibətdə dost ölkələr sirasına daxil olmasa da, rəsmi Paris mövcud situasiyadan öz maraqları çərçivəsində yararlanmağa çalışır. Müəyyən mənada düşünmək olar ki, Fransa “bulanıq suda balıq tutmaq” həvəsinə düşüb.
ÃÂðÃÂÃÂøýúø ÿþ ÷ðÿÃÂþÃÂàsamp/t battery
Hər halda Fransanın Türkiyədə hava hücumundan müdafiə sistemləri yerləşdirməyi təklif etməsini başqa cür yozmaq bir qədər çətindir. Belə ki, Fransa Türkiyədə müvəqqəti olaraq, özünün “SAMP-T” hava hücumundan müdafiə sistemini yerləşdirməyi təklif edib.

Halbuki rəsmi Paris də Türkiyənin Rusiyadan analoji sistemləri artıq aldığını və almaqda davam etdiyini bilməmiş deyil. Bütün bunlara baxmayaraq, Fransanın Türkiyədə özünün hava hücumundan müdafiə sistemlərini yerləşdirməyi israrla təklif etməsi isə bu dövlətin həm Rusiya, həm də ABŞ ilə beynəlxalq rəqabət ehtiyaclarından qaynaqlanır. Rəsmi Paris həm Rusiyanın, həm də ABŞ-ın Avropa məkanında hərbi cəhətdən ön planda yer almasını qıcıqla qarşılayır.

Xüsusilə də son dövrlərdə Fransanın ABŞ-la kifayət qədər ciddi siyasi problemlərinin olduğunu nəzərə aldıqda, rəsmi Parisin bu təklifi incə manevr təsiri bağışlayır. Belə ki, Fransa Avropa Birliyi ölkələrinə yeni Avropa ordusunun yaradılmasının təklif etmişdi. Bunun qarşılığında ABŞ-ın sərt reaksiyası ilə üzləşmişdi. Ardınca isə geri çəkilməyən rəsmi Paris Ağ Ev sahibi Donald Trampın sərt təhdidləri ilə qarşılaşmışdı.

Həmin təhdidlərin ardınca Ağ Evin də dəstəklədiyi artıq qətiyyən şübhə doğurmayan “sarışiletlilər” hərəkatı Fransanı sarsıtmağa başlamışdı. Yəni ABŞ-Fransa qarşıdurması açıq müstəviyə keçmişdi.

Təbii ki, rəsmi Paris bütün bunlardan sonra Ağ Evə güvənmir. Ona görə də Avropa məkanında gücü çatdıqca ABŞ-ın hərbi-siyasi planlarını pozmağa çalışır.

Yuxarıda da qeyd etdiyimiz kimi, son dövrlərdə Türkiyənin Rusiyadan “S-400” zenit-raket kompleksləri alması ABŞ tərəfindən qəzəblə qarşılanır. Və Ağ Ev Türkiyəni maliyyə-iqtisadi sanksiyalarla hədələməkdə davam edir.

Şübhəsiz ki, rəsmi Paris Türkiyə-ABŞ qarşıdurmasını çox diqqətlə izləyir. Və bu qarşıdurmadan Ağ Evin qalib çıxacağı təqdirdə, ABŞ-ın Avropa məkanında daha da möhkəmlənə biləcəyindən narahatdır. Çünki öz hava hücumundan müdafiə sistemini ABŞ “Patriot”ları ilə quracağı təqdirdə, Türkiyə istər-istəməz ABŞ-ın siyasi iradəsiylə hesablaşmaq məcburiyyətində qala bilər.
ÃÂðÃÂÃÂøýúø ÿþ ÷ðÿÃÂþÃÂàPetriot
Bütün bunlar isə Fransanın milli maraqlarına qətiyyən cavab vermir. Ona görə də rəsmi Paris həm rus “S-400”-lərinə, həm də ABŞ “Patriot”larına alternativ olaraq, Türkiyəyə özünün hava hücumundan müdafiə sistemlərini təklif edir. Bununla da Fransa “bir daşla iki quş” vurmağa çalışır.
Ancaq rəsmi Ankaranın Fransanın bu təklifinə müsbət cavab verməsi gözlənilməz olardı. Çünki Fransa Türkiyə ilə dost və müttəfiq dövlət deyil. Əksinə, Fransanın Türkiyəyə yönəlik düşmənçilik münasibəti daha ön planda dayanır.

Göründüyü kimi, “S 400” zenit-raketləri ətrafında yaranmış mübahisəli situasiya hər kəs öz maraqlarını təmin etməyə çalışır. Türkiyə öz hava hücumundan müdafiə sistemini qurmağa can atır. Rusiya istehsal etdiyi strateji silahlara yeni alıcı və bazar axtarışlarını genişlətmək istəyindədir. ABŞ NATO üzrə müttəfiqi olan Türkiyənin Rusiya silahjlarının alıcısına çevrilməsini əngəlləməyə çalışır. Fransa isə “Bizans oyunları” ilə bütün bu qarışıqlığı siyasi və maliyyə qazancına çevirməyin yollarını sınaqdan çıxarır.

Bu qarışıqlıqdan hansı tərəfin “işıq gələn istiqamətə” çıxa biləcəyi hələlik məlim deyil. Çünki ABŞ-ın bütün israrlı müqavimət cəhdlərinə baxmayaraq, Türkiyə Rusiyadan aldığı “S 400”-ləri 2020-ci ilin yaz aylarında aktivləşdirəcəyini bəyanlayıb. Yəqin ki, bu qarşıdurmanın əsas mərhələsi də məhz həmin dövrə təsadüf edəcək.

Azerbaycanrealligi.com




Bizimlə əlaqə saxlayın