Prezident qiymətləri qaldıranlara xəbərdarlıq etdi: “Buna yol verə bilmərik”

01, 08, 19
09:12

Prezident qiymətləri qaldıranlara xəbərdarlıq etdi: “Buna yol verə bilmərik”


“Baxmayaraq ki, inflyasiya aşağı səviyyədədir, ancaq bəzi hallarda süni qiymət artımı da müşahidə olunur”.

Azerbaycanrealligi.com xəbər verir ki, bunu prezident İlham Əliyev sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədə deyib. O, bildirib ki, müvafiq qurumlar bu məsələ ilə ciddi məşğul olmalıdırlar. 

“Mənə məlumat verilən kimi, dərhal göstərişlər verilir. Yəni, istehlak bazarına daim nəzarət olmalıdır. Çünki burada kartel sövdələşmələri də istisna deyil. Əlbəttə ki, biz süni qiymət artımına yol verə bilmərik. Çox ciddi nəzarət mexanizmi olmalıdır. Bu sahə daim diqqət mərkəzində olmalıdır.
Bakı şəhərində bir çox layihələr icra edilir, o cümlədən kommunal təsərrüfat yenilənir, 400-dən çox lift alınıb və quraşdırılır, abadlaşdırılan 50-dən çox nümunəvi həyət artıq vətəndaşların sərəncamına verilib. Şəhər nəqliyyatı üçün 300 yeni müasir avtobus gətirilir və bu, doğrudan da böyük irəliləyiş olacaq. Çünki şəhər nəqliyyatının müasirləşməsi bizim üçün çox önəmlidir - vətəndaşların rahatlığı, təhlükəsizlik tədbirləri üçün. Metro vaqonları alınır və metro tikintisi həyata keçirilir. Deyə bilərəm ki, Bakı o şəhərlərdəndir ki, burada metro tikintisi aparılır və postsovet məkanında biz bu sahədə də sayılan şəhərlər arasındayıq. Ümumiyyətlə, Bakı şəhərinin abadlaşması, müasirləşməsi, gözəlləşməsi istiqamətində çox böyük işlər görülüb. Bu gün Bakı dünyanın ən gözəl şəhərlərindən biridir. Ancaq, eyni zamanda, mövcud problemlər də var. Bu problemlərin həlli daim diqqət mərkəzində olmalıdır.

Küçə işıqlandırılması hələ də lazımi səviyyədə deyil. Şəhərin mərkəzi təbii ki, işıqlandırılır, ancaq bəzi yerlərdə küçə işıqlandırılması yoxdur.

Bu məsələyə çox ciddi diqqət göstərilməlidir. İndi məişət tullantılarının idarə olunması istiqamətində addımlar atılır. Bir neçə il bundan əvvəl Balaxanıda böyük məişət tullantıları zavodu inşa edilmişdir, poliqon salınmışdır, çeşidləmə aparılır. Biz zəncir yaratmalıyıq. Qapıdan ta məişət tullantıları zavoduna qədər vahid zəncir olmalıdır. Hazırda beynəlxalq məsləhətçilərin iştirakı ilə bu layihə Bakı şəhərində icra edilir. Şəhərətrafı dəmir yolu xəttinin çəkilişi davam edir. Bu da çox önəmli layihədir. Bakıda yeni istirahət zonaları yaradılır. Bakı bu gün parklar, bağlar şəhəridir, istirahət zonaları vətəndaşların sərəncamına verilir və bu, əhali tərəfindən yüksək qiymətləndirilir.

İnşaat sektorunun canlandırılması istiqamətində addımlar atılır. Hazırda Bakı şəhərində bir neçə yüz yaşayış binasının tikintisi gedir. Bu, müsbət haldır. Bu, inşaat materialları sektoruna da müsbət təsir göstərir, iş yerlərinin açılması üçün şərait yaradır. Onu da bildirməliyəm ki, ilin əvvəlindən 60 min yeni iş yeri açılmışdır. Onların bir hissəsi dövlət sektorunda açılmışdır. Biz bunu ona görə edirik ki, işsizlik aşağı səviyyədə olsun. Ona görə ödənişli ictimai iş yerlərinin yaradılması istiqamətində önəmli addımlar atılıb və təxminən 40 minə yaxın ödənişli ictimai iş yeri yaradılıbdır.
Yəni, bu, bizim sosial sahədə gördüyümüz işlərdir. Yəni, buna görə bu iş yerləri açılır ki, vətəndaşlar işlə təmin olunsunlar. Ancaq hamımız yaxşı bilməliyik ki, özəl sektor iş yerlərinin yaradılmasına öz töhfəsini daha böyük həcmdə verməlidir. Özəl sektorun nümayəndələri ilə aparılan işlər nəticəsində biz bu sahədə də artım görürük. İqtisadi canlanma, əlbəttə ki, iş yerlərinin yaradılmasına da gətirib çıxarır. Çünki bu, daimi proses olmalıdır.

Bizim əhalimiz artır. Müstəqillik dövründə əhalimiz təxminən 3 milyon nəfər artıb. Bu il biz 10 milyonuncu vətəndaşın dünyaya gəlməsini sevinclə qeyd etmişik. Bu, bizim böyük sərvətimizdir, amma digər tərəfdən onu deməyə əsas verir ki, biz daim iş yerlərinin yaradılması ilə məşğul olmalıyıq. Sosial infrastrukturun yaradılması ilə məşğul olmalıyıq, nəqliyyat sahəsində əlavə tədbirlər görülməlidir ki, artan əhali, vətəndaşlar özlərini rahat hiss etsinlər, işlə təmin olunsunlar. Bir daha demək istəyirəm ki, bu, daimi prosesdir.

Çünki Azərbaycanın uğurlu inkişafı, sənaye sahəsində, iqtisadi sahədə inkişaf əhalinin artımına bilavasitə təsir edən amildir və biz buna daim hazır olmalıyıq.

İqtisadi artım üçün yeni mənbələr axtarılmalıdır ki, bu, dayanıqlı olsun. Qeyri-neft sektorunun inkişafı burada əsas rol oynayır. Ancaq onu da bilməliyik ki, bu gün iqtisadi inkişafımız üçün əsas sektor neft-qaz sektorudur. Bu sahədə də çox önəmli addımlar atılıb. Cənub Qaz Dəhlizinin icrası ilə bağlı çox əhəmiyyətli işlər görülüb. Hazırda Cənub Qaz Dəhlizinin icrası sona yaxınlaşır. Artıq onun sonuncu seqmentinin icrası başa çatır. Bu, tarixi layihədir. Cənub Qaz Dəhlizinin fəaliyyətə başlaması nəticəsində Azərbaycan əlavə gəlir əldə edəcəkdir. Hesab edirəm ki, altı ayda görülmüş işlər təqdirəlayiqdir.

Azərbaycan dayanıqlı inkişaf yolu ilə gedir. Bir neçə il bundan əvvəl dünyanı sarsıdan və bizə də təsirsiz ötüşməyən iqtisadi-maliyyə böhranı artıq arxada qalıb. Biz bu böhrandan şərəflə çıxa bilmişik. Öz valyuta resurslarımızı qoruya bilmişik və artırmışıq. Qeyd etdiyim kimi, təkcə altı ay ərzində 4 milyard dollar əlavə valyuta ehtiyatları toplamışıq. Əlbəttə ki, bu, bizim gələcək işlərimiz üçün də yaxşı şərait yaradır. Ancaq vergi, gömrük sistemində aparılan islahatlar, inzibatçılıq sahəsində görülən işlər və daxilolmaların artımı əlbəttə ki, büdcəmizin əsas mənbəyi olmalıdır. Biz vəsaitdən çox qənaətlə istifadə etməliyik. Xüsusilə dövlət investisiya layihələrinə çox ciddi nəzarət olmalıdır. Dövlət şirkətlərində korporativ idarəetmə sistemi yaradılmalıdır. Bu məsələ ilə bağlı göstərişlər verilib. Hesab edirəm ki, biz tezliklə müasir korporativ qaydalarla idarə olunan şirkətləri görəcəyik. Yəni, bu, çox önəmli məsələdir. İqtisadi sahədə bundan sonrakı inkişaf üçün əlbəttə ki, biz xarici ekspertləri də cəlb etməliyik və edirik. Biz beynəlxalq maliyyə qurumları ilə fəal işləyirik və bu iş bundan sonra da davam etdiriləcək. Yəni, iqtisadiyyatın yeni modeli – bu gün tələbat bundan ibarətdir. 2025-ci ilə qədər nəzərdə tutulmuş Strateji Yol Xəritəsi bu məsələlərə cavab verir.

Azərbaycan innovasiyalar, müasir idarəetmə, liberal iqtisadiyyat yolu ilə inkişaf etməlidir. Yəni, bütün lazımi tədbirlər görülüb. Təsadüfi deyil ki, bunu beynəlxalq maliyyə qurumları qeyd edir.

Biznes mühitinin yaxşılaşdırılması istiqamətində aparılan işlər bunu göstərir ki, bu gün iqtisadi sahədə Azərbaycan dünya miqyasında uğurla inkişaf edən ölkələr sırasındadır. Bununla paralel olaraq, biz sosial sahəyə də çox böyük diqqət göstəririk. Bu il reallaşan layihələr - milyardlarla dollar həcmində ölçülən bu layihələr, bu təşəbbüslər bizim niyyətimizi, bizim siyasətimizi göstərir. Göstərir ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Bizim iqtisadi gücümüz sosial sahəyə bilavasitə təsir etməlidir və edir. Biz bundan sonra da bu yolla gedəcəyik. Əminəm ki, ilin sonuna qədər nəzərdə tutulan bütün vəzifələr icra ediləcəkdir”.

AZƏRBAYCANREALLIĞI.COM   

Bizimlə əlaqə saxlayın