"Bacım Suriyaya gedib, 10 yaşlı qızını ərə vermişdi"- iki bacısını amansızlıqla öldürən Muxtarın şok ifadəsi

28, 07, 19
10:30

"Bacım Suriyaya gedib, 10 yaşlı qızını ərə vermişdi"- iki bacısını amansızlıqla öldürən Muxtarın şok ifadəsi

Həbsxanadan çıxdıqdan sonra iki bacısını öldürən şəxs hakim qarşısına çıxarılıb.


Azerbaycanrealligi.com Musavat.com-a isitnadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində bacılarını bıçaqlayaraq, öldürməkdə təqsirləndirilən 1976-cı il təvəllüdlü Əlimanov Muxtar Şirbala oğlunun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Hakim Azər Paşayevin sədrliyi ilə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı ittiham aktını elan edib.

İttihamda yazılır ki, daha əvvəl də həbsxana həyatı yaşayan Muxtar Əlimanov islah olunmayaraq, bu dəfə iki nəfəri həyatdan məhrum edib. Şəxsi münasibətlər zəmnində bacılarını qətlə yetirib.
Elan olunmuş ittihamla Muxtar Əlimanov özünü təqsirli bilib.

Deyib ki, hadisənin baş verməsini istəməzdi, amma gördükləri, yaşadıqları bunu etməyə vadar edib:

"Cəmi 91 gün idi ki, azadlığa çıxmışdım. Həmin günlərdə elə şeylər gördüm ki, mənim yerimə kim olsaydı, bunu edərdi. Dəfələrlə həmin bacılarımla mübahisələrimiz olub. Həmişə də torpaq, mülk üstündə dava eləmişik. Məni məcbur edirdilər ki, nəsə edim və məni aradan çıxarsınlar. Deyirdilər ki, nəsə eləsəm, məni içəri basdıracaqlar. İndi basdırdılar, axırı necə oldu? Onların sonu necə oldu? Onlar məni buna məcbur etdilər".
Muxtar Əlimanov bacıları ilə sonuncu mübahisəsini danışan zaman ilginc faktlar açıqlayıb.

Bildirib ki, üç bacısı olub. Onlardan yaşda kiçik olanı 2015-ci ildə Türkiyəyə gedib, oradan da Suriyaya:

"Bunlar nə dinə, təriqətə qulluq edirdilər məni maraqlandırmır. Mən həbsdə olanda - 2015-ci ildə kiçik bacım iki uşağını da götürüb Suriyaya gedib. Orada 10 yaşlı qızını ərə verib. 16 şəhərdə yaşayıblar. Sonra Türkiyəyə qayıdıblar. Onları Azərbaycana deportasiya ediblər. Mən həbsdən çıxandan sonra bu məsələdən xəbər tutdum. Böyük bacılarıma dedim ki, siz necə böyüklük etmisiniz? Dedim ki, o bacım mənim gözümə görünməsin, onu parçalayaram. Bunlar da məni acıladı. Bu hadisədən bir gün qabaq qardaşım arvadının doğum günü idi. Bir yerə yığışmışdıq. Mən orda dedim ki, bu söhbətdən xəbərim var. Onlara dedim ki, 10 yaşlı uşağın həyatını niyə məhv eləmisiniz? Gördülər ki, aləm qarışacaq, qaçdılar. Kiçik bacımın 14 yaşlı uşağı qarşıma keçib dedi ki, anam ölsə, mən yaşaya bilmərəm. Bu söz məni tutdu. Ona görə də heç nə eləmədim".

Muxtar Əlimanov qətl hadisə baş verən gün yaşananları də danışıb. O, deyib ki, həmin an nə etdiyini xatırlamır:

"Neçə bıçaq vurduğumu xatırlamıram. Mən evdən çıxanda elə söz dedilər ki, özümdən çıxdım. Yenə eyni mövzuları açdılar. Mənim bir xəstə qızım var idi. Evi satıb onu müalicə etdirmək istəyirdim. Amma bacılarım imkan vermirdi. Deyirdilər ki, onsuz da anası ilə çıxıb gedib, unut onları. Mənə deyirdilər ki, sənə də bir başı bağlısını alaq. Mən də dedim ki, lazım deyil. Evi satmaq istəyirdim, amma problem yaradırdılar. Gündə bir bəhanə gətirirdilər. Məni saymırdılar. Hər dəfə məcbur edirdilər ki, onlara nəsə deyim, əlimdən nəsə xəta çıxsın. Axırda bunu bacardılar. Həmin gün də evdən çıxanda yenə eyni mövzuları açdılar. Başladılar üstümə gəlməyə. Mənə axırda elə söz dedilər ki, baş getdi, bədən qaldı yiyəsiz. Biqeyrət sözünü götürə bilməzdim. Özümü itirdim. Başladım vurmağa. Əlimdəki bıçaq qırıldı. Neçə dəfə vurduğumu bilmirdim. Amma xatırlayıram ki, Səadətə banka və ayağımla da vurmuşam. Birinci Səadəti vurdum".

Muxtar Əlimanov bacılarının müxtəlif şəxslərlə internet vasitəsi ilə ərəbcə danışdığını da məhkəmənin diqqətinə çatdırıb. Bildirib ki, bacısının 10 yaşlı qızı Suriyada ərə verməsi və onların digər əməlləri ilə bağlı Dövlət Təhlükəsizlik Xidmətinə də məlumat verib.

Məhkəmə iclasında o da məlum olub ki, Muxtarln qardaşı ilə də əlaqəsi yoxdur. Onunla da mülk üstündə fikir ayrılığı yaşayıb. Muxtar həmin qardaşını da bacısının Suriyaya getməsinə göz yumduğuna görə bağışlamır.

"O necə qardaşdı? Kişi idi qabağıma çıxardı. Qaçıb gizlənmişdi. Yaxşı kişi idisə, bunu biləndə bacısını belin altına qoyub iki yerə bölərdi"- deyə Muxtar son sözündə deyib.

Təqsirləndirilən Muxtar son sözündə ömürlük həbsə getdiyini bildiyini və əməlindən peşman olmadığını deyib.
Məhkəmə araşdırması davam etdirilir.

Hadisə Xəzər rayonu, Buzovna qəsəbəsində baş verib. 1976-cı il təvəllüdlü Əlimanov Muxtar Şirbala oğlu ailə münaqişəsi zəminində yaşadığı evin qonaq otağında bacısı, 1964-cü təvəllüdlü Əlimanova Səadət Şirbala qızını mətbəxdən götürdüyü bıçaqla bir neçə zərbə endirərək öldürüb.

Daha sonra həmin bıçaqla digər bacısı, 1962-ci il təvəllüdlü Əlimanova Məlahət Şirbala qızına bir neçə bıçaq zərbəsi vuraraq ağır bədən xəsarətləri yetirib.

Ağır yaralanan hər iki şəxs xəstəxanaya yerləşdirilsə də, onların həyatını xilas etmək mümkün olmayıb.
M.Əlimanova qarşı Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.7-ci (xüsusi amansızlıqla iki və daha çox şəxsi qəsdən öldürmə), 120.2.3 (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə) və 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.7 və 120.2.9-cu maddələri ilə ittiham verilib.
Bu ittihamla onu ömürlük azadlıqdan məhrum etmə cəzası gözləyir.

Qeyd edək ki, M.Əlimanov daha əvvəl də qətl törətdiyinə görə 2007-ci ildə həbsxanaya düşüb. O, 11 il 6 ay cəza çəkdikdən sonra azadlığa çıxıb.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın