Prezidentdən kardinal kadr dəyişiklikləri – 20 iyun tarixə bu sərəncamlarla düşdü (BİZİM ŞƏRH)

20, 06, 19
18:45

Prezidentdən kardinal kadr dəyişiklikləri – 20 iyun tarixə bu sərəncamlarla düşdü (BİZİM ŞƏRH)

Prezident İlham Əliyev komandasında kadr dəyişiklikləri edib. Onun müvafiq sərəncamları ilə hüquq-mühafizə və güc strukturlarına rəhbərlik edən çox tanınmış simalar, iqtidarın əsas dayaqları sayılan generallar fərqli vəzifələrə təyin olunublar.

İlk diqqətə çarpan detal budur ki, Prezident heç bir komanda oyunçusunu cəzalandırmayıb - kimlərsə yeni yerindən daha razı, ya da daha narazı ola bilərlər; lakin əsas mesaj budur ki, İlham Əliyevin generallarına etimadı tamdır, onlara güvənir və genişlənən islahatlar prosesində onları yanında görmək istəyir. 

Müşahidəçilərin fikrincə, 20 iyun tarixli sərəncamların ən maraqlısı 25 il Daxili işlər naziri vəzifəsində çalışmış Ramil Usubovun yeni siyasi vəzifəyə təyinatı və onun boşalmış olan yerinə birinci müavini Vilayət Eyvazovun gətirilməsidir. Ramil Usubov Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi təyin edilib. Bu, dövlət strukturunda kifayət qədər yüksək vəzifədir və dövlətə 25 il nazir kimi xidmət göstərmiş Ramil Usubova etimadın göstəricisi sayıla bilər.
Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi olan Mədət Quliyev isə nazir postuna yüksəldilib. O, bundan sonra Müdafiə Sənayesi nazirliyinə rəhbərlik edəcək. DTX-ya isə köhnə peşəkar, Eldar Mahmudov kimi yırtıcı ilə döyüşdən qalib çıxmış Əli Nağıyev gətirildi. O, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində öz zəfər qayıdışını səbrlə gözləyirdi.

Vilayət Quliyevin Daxili İşlər naziri təyin olunması da Prezidentin unikal gedişi sayıla bilər. Vilayət Eyvazov Ramil Usubovun yetişdirməsi və bir növ varisi sayılır: hər zaman siyasi kluarlarda dolaşan bir söhbəti yəqin çoxları xatırlayır: “Usubovdan sonra nazir Vilayət Eyvazov olacaq”. Proqnozlar doğruldu: həm də Azərbaycan prezidentinin polis nazirliyinə hansı dərəcədə etimad etdiyini ortaya qoyaraq.

“Yeni Müsavat” Media Qrupu arzu edir ki, yeni təyinatlar ölkəmiz- millətimiz - dövlətimiz və təyin olunanlar üçün uğurlu olsun.
Əminik ki, ölkə prezidenti İlham Əliyevin ölkəni islahatlara aparan yolunda hələ çox maraqlı dəyişikliklər və tarixi qərarlar görəcəyik

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın