Cavid Qurbanov Ziya Məmmədovu hədəfə çıxardı

01, 06, 19
20:54

Cavid Qurbanov Ziya Məmmədovu hədəfə çıxardı

Cavid Qurbanov Ziya Məmmədovu hədəfə çıxardı
“Azərbaycan Dəmir Yolları” (ADY) Qapalı Səhmdar Cəmiyyətinin (QSC) fəaliyyətindən narazılıq davam edir. 

ADY daim tənqid yazılan qurumlardandır. Əvvəlki rəhbərlik dövründə də, bu gün də bu qurumun fəaliyyəti qənaətbəxş hesab olunmayıb.
Baxmayaraq ki, mütəmadi olaraq bu quruma infrastrukturun yaxşılaşdırılması və xidmət səviyyəsinin yüksəldilməsi üçün milyonlarla vəsait ayrılır. Fəaliyyətini müşahidə etdikdə “Azərbaycan Dəmir Yolları” QSC-nin işinin öhdəsindən gələ biımədiyini, insanları narazı saldığını aydın görmək olur. Hazırda quruma Cavid Qurbanov rəhbərlik edir. 

C.Qurbanov dövlət televiziyasına müsahibəsində qurumun keçmiş rəhbərliyini tənqid edir, dəmir yolu nəqliyyatının inkişafı üçün heç bir işin görülmədiyini deyir.

Qeyd edək ki, C.Qurbanovdan əvvəl “Azərbaycan Dəmir Yolları” QSC-yə dolayısı ilə keçmiş nəqliyyat naziri Ziya Məmmədov rəhbərlik edirdi. Çünki qurum ləğv edilən Nəqliyyat Nazirliyinin tərkibində idi və o zaman nazir postunu Ziya Məmmədov tuturdu. “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri isə Arif Əsgərov idi. Sonradan qurum Nəqliyyat Nazirliyinin tərkibindən çıxarıldı və müstəqil xidmət qurumuna çevrildi. Rəhbər postu isə Cavid Qurbanova tapşırıldı.

C.Qurbanov deyir ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri vəzifəsinə təyinat alanda vaqon parkı acınacaqlı vəziyyətdə olub, bu sahədə heç bir iş görülməyib. QSC-nin sədri bildirib ki, əgər yeni vaqonlar alınmasaydı, bu ilin sonunda “Azərbaycan Dəmir Yolları” böyük çətinliklərlə üzləşə bilərdi. Cavid Qurbanovun dedikləri təbii ki, həqiqətdir. “Azərbaycan Dəmir Yolları” QSC-nin keçmiş rəhbərliyi haqqında yayılan məlumatlardan da bunu görmək mümkündür.

Məsələn, “Bombardier” şirkətinin bir neçə top-meneceri “Azərbaycan Dəmir Yolları” QSC ilə 2013-cü ildə bağlanmış müqaviləyə görə geriyə 56 milyon dollar “atkat” ötürülməsinə dair sövdələşmədə iştirak ediblər.

Bununla bağlı İsveç məhkəməsi Kanadanın beynəlxalq nəqliyyat infrastrukturu şirkəti olan “Bombardier”in bu ölkədəki törəmə şirkəti “Bombardier Transportattion”un əməkdaşı olan Rusiya vətəndaşını həbs etmişdi.
“Bombardier” şirkəti ilə əməkdaşlıq zamanı “Azərbaycan Dəmir Yolları” QSC Nəqliyyat Nazirliyinin tərkibində idi və bu struktura Arif Əsgərov rəhbərlik edirdi. Nəqliyyat naziri postunu isə Ziya Məmmədov tuturdu.

Ümumiyyətlə bu qurumun həyata keçirdiyi müəmmalı tender layihələri daim müzakirə predmeti olub. Milyonluq tender layihələrində olan qaranlıq məqamlar bu gün də qalmaqdadır. Buna misal olaraq isə, “Azərbaycan Dəmir Yolları” QSC-nin son tender layihəsini göstərmək olar.

Belə ki, Cavid Qurbanovun rəhbəri olduğu qurum Bakı-Böyük Kəsik dəmiryolu xətti boyunca yeni enerji təchizatı və işarəvermə sistemlərinə keçid, elektrik lokomotivlərinin alınmasına dair Texniki Nəzarət üzrə Məsləhət Xidmətləri ilə bağlı açıq tender keçirib və 10 milyon dollar məbləğində razılaşma əldə edib. Tenderin qalibi İspaniyanın "JV TPF Getinsa Eurorestudios - Auxitec Tecnica V Control” birgə müəssisəsi olub.

Müqayisə üçün bildirək ki, 2 il əvvəl Azərbaycan hökuməti ölkənin ümumi iqtisadi modeli üçün məsəhət alamaq üçün dünyanın ən nüfuzlu konsaltinq şirkəti ilə cəmi 1.2 milyon dollara müqavilə bağlamışdı.

Cavid Qurbanov isə ölkə iqtisadiyyatı ilə müqayisədə çox kiçik bir layihənin texniki məsləhətini beynəlxalq nüfuzu olmayan, tanınmayan bir şirkətdən 10 milyon dollara alacaq. Cavid Qurbanovun dediyi kimi, ondan əvvəlkilər heç bir iş görməyib, bəs, o, özü nə iş görüb? C.Qurbanovun fəaliyyətindən razı qalmağa dəyərmi? Görünən odur ki, C.Qurbanovun fəaliyyətindən yalnız özü razıdır.

“Azərbaycan Dəmir Yolları” QSC fəaliyyətini ona görə uğurlu hesab edir ki, Bakı-Gəncə, Bakı-Sumqayıt, Bakı-Ankara (Hələ fəaliyyətə başlamayıb-müəl.) və planlarında olan digər bölgələrimizə sürət qatarlarının xəttə buraxılmasını təmin edib. Amma bu xidmət xərclənən milyonlara adekvatdırmı? Bu sualın cavabı üçün beynəlxalq təcrübə ilə qısaca müqayisə aparaq.

Türkiyə daxilində bəzi marşrutlar üzrə qiymətlərə nəzər salaq. Ankara-Eskişehir xəttində hərəkət edən sürət qatarı 245 km məsafəni 1 saat 25 dəqiqəyə qət edir. Ən son istifadəyə verilən Ankara-Konya qatarında isə 306 km məsafəyə sərf olunan zaman 1,5 saatdır. Özbəkistanda 2012-ci ildə istifadəyə verilən "Afrosiyob" qatarı Daşkənd-Buxara marşrutu üzrə 600 km məsafəni 3 saat 20 dəqiqəyə qət edir. Sürət qatarının xüsusiyyəti belədir və məhz bu səbəbdən tələbat çox olur. 

Bu növ qatarlarda hərəkət sürəti 200 km-dən yuxarıdır. Hazırda bu tip qatarlardan Almaniyada, Belçikada, Çində, Finlandiyada, Fransada, Cənubi Koreyada, İngiltərədə və başqa ölkələrdə sərnişin daşınmasında istifadə olunur.Sürəti saatda 200 km-dən az olan qatarlar sürət qatarı hesab olunmur. 

C.Qurbanovun sürət qatarı isə Bakı-Gəncə 364 km-lik məsafəni 4 saat 28 dəqiqəyə, Bakı-Sumqayıt qatarı 49 km-lik yolu 40 dəqiqəyə gedir. Bakı-Ankara qatarı isə ilkin məlumatlara görə, təxminən 2 min km-lik məsafəni 40 saata gedəcək. Cavid Qurbanovun dediyinə görə, yaxın gələcəkdə Quba-Qusar, Lənkəran və Qəbələ istiqamətlərinə də Bakıdan sürət qatarı yola düşəcək.

Onun sözlərinə görə, şimal zonasında bu infrastrukturun qurulması üçün maliyyə vəsaiti ayrılıb. Hazırda “Şahdağ” istirahət zonasına da dəmir yolunun layihələndirilməsi başa çatdırılır. Yenə C.Qurbanovun özü deyir ki, həmin sürət qatarı Qəbələyə, təxminən 3 saata gedəcək.

Bakıdan Qəbələyə qədər yol məsəfəsi 225 km-dir. Beynəlxalq təcrübədə istifadə olunan sürət qatarı ilə bu məsafəni maksimum 1 saat 12 dəqiqəyə qət etmək mümkündür. Hazırda avtomobillə Bakıdan Qəbələyə 2.5 saata getmək mümkündür. Belədirsə, Cavid Qurbanov hansı inkişafdan danışır? Sürət qatarı budurmu?

“Azərbaycan Dəmir Yolları” QSC-nin qiymət siyasətinə və hərəkətdə olan qatarların rentabelliyinə nəzər saldıqda isə bu da xərclənən milyonlarla dövlət vəsaitinə adekvat olmadığını görürük. Qiymətlər baha olduğu üçün vətəndaşlar Cavid Qurbanovun “sürət qatar”ına maraq göstərmir.
Belə ki, hazırda Bakı-Gəncə sürət qatarında biletlər standart 10, biznes 25, birinci sinif sərnişinlər üçün isə 100 manata satılır. Amma bu qiymət siyasəti də quruma gəlir gətirəcək səviyyədə deyil. Çünki sərnişinlər yol maşını ilə həm daha ucuz, həm də daha qısa zamanda mənzil başına çata bilirlər.

Bundan əlavə, Bakı-Sumqayıt qatarında da qiymətlər baha olduğu üçün sərnişin azlığı müşahidə olunur. Hazırkı qiymətlər belədir: plastik kartla standart 1, biznes 2 manat, çap olunmuş biletlə isə standart 1.10, biznes 2.10 manat. Qatarın mənzil başına çatma müddəti isə 40 dəqiqədir. Bu qiymətlərlə isə qatar demək olar ki, hər gün öz əməkdaşları və azsaylı sərnişin qonaqları ilə Bakı-Sumqayıt yolunu boş qoymamaq üçün gedib gəlirlər.

Bütün hallarda, “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbərliyi son 4 ildə Ziya Məmmədovdan Cavid Qurbanova keçsə də, dəyişən heç nə olmayıb. Bərbad xidmət, baha qiymət. Dəyişən yalnız qatarlardır ki, onlar da sürət qatarı deyil. Bunu da bütün hallarda, inkişaf kimi təqdim etmək sadəcə olaraq, Cavid Qurbanovun göstərilən etimaddan sui istifadə etməsidir. QSC sədrinin keçmiş naziri gündəmə gətirəsi isə yalnız “xal” qazanmağa və hədəfdən çıxmağa hesablanmış addımdır.

Azerbaycanrealligi.com 

Bizimlə əlaqə saxlayın