Qax rayonunun icra başçısı Musa Şəkiliyev prezidentə qarşı çıxır? - VİDEO və FOTOLAR

27, 01, 19
16:12

Qax rayonunun icra başçısı Musa Şəkiliyev prezidentə qarşı çıxır? - VİDEO və FOTOLAR


“Torpaqlarımız, hava, su ərazimiz Azərbaycanda kənd təsərrüfatının ikişafına, kənd məhsullarının istehsalının sürətlə artmasına yönəlməli, istifadə edilməlidir”.
Ümummilli lider Heydər Əliyev

            Onlarla fermer Qax rayonunun icra başçısından şikayət ediblər. Onlar bildiriblər ki, hal-hazırda 150 min baş xırdabuynuzlu heyvanları
var. Rayonun başçısı Şəkiliyev Musa Şaban oğlu bu təsərrüfatı məhv etməyə qərarlıdır. Çünki otlaq yerinin 7500 hektar torpaq sahəsini qanunsuz şəkildə kiməsə satıb. 

            Fermerlər bildiriblər ki, dəfələrlə icra başçısının görüşünə gediblər, böyük bir təsərrüfatın təhlükə altında qaldığını izah ediblər, lakin çox təssüf ki, başçı onların fikirlərini əsassız sayıb. Qeyd edib ki, mən 24 000 hektar örüş sahəsinin yalnız 7500 hektarını satmışam. Yerdə qalan hissə sizin təsərrüfatla məşğul olmağınıza kifayət edir. Başçı həmçinin bildirib ki, o torpaqlar dövlətə məxsusdur. İndiyə qədər qoyunçuluq üçün sizə vermişdisə, indi də dövlət o yerlərə badam əkmək istəyir. İllik 250 milyon manat gəlir əldə olunacaq. Atıq gecdir, biz torpaqları vermişik gedib. Gedin, başınızı salın aşağa, işinizlə məşğul olun. Zaman irəli gedir, qoyunçuluğa maraq azalır. Gənclər bu sahə ilə məşqul olmaq istəmir. 

            Gənc fermer Alacanov Tağı Yusif oğlu isə bildirir ki, biz fermerik. Biz bu işi yaxşı bacarırıq. Bizim hər birimizin yanında 15-20 gənc ailə başçısı işləyir. Bizimlə bərabər onlar da evinə bir tikə çörək aparır. Bizim əlimizdən torpaqları almaq yüzlərlə insanı ac qoymaqdır. 

            Fermerlər bildirir ki, biz sonuncu dəfə başçının qəbulunda olanda bildirdik ki, Musa müəllim, biz bura prezidentin yanına gəlmişik. Siz onun başçı təyin etdiyi adamsız. Ona nə qədər məktub yazırıqsa, cavabsız qalır. Sizdən xahiş edirik, bizi pis vəziyyətdə qoymayın. Bizim kənlərin gəlirlərinin 80 faizi qoyunçuluqdan çıxır. Bu kəndlərin qoyunçuluğunu əlindən almaq bu kəndləri məhv etməkdir. 

            Təsərrüfatçıların dediyinə görə, icra başçısı otlaq sahəsinin qoyunçuluğ üçün ən əlverişli yerlərini əllərindən alıb. Musa Şəkiliyev bildirib ki, heyvanlarınızı qalan yerdə otarın. Ancaq ömürlərinin böyük hissəsini qoyunçuluğa həsr etmiş insanlar bildirir ki, sahənin qalan hissəsi qoyunçuluğ üçün əlverişli deyil. Şoranlıq, ot bitməyən, çoxlu dərin quyular yaranmış torpaqda bu qədər qoyunu becərmək olarmı?

            “Qeyri-neft sektoru Azərbaycanın gələcəyidir, Azərbaycan iqtisadiyyatının hərtərəfli inkişafı üçün başlıca şərtdir”.
Prezident İlham Əliyev

Fermer Mirzəyev Oruc bildirir ki, 1999-cu ildən qoyunçuluq təsərrüfatını yaratmışam. İndiyə qədər çox çətinliklərimiz olub. Min bir əziyyətlərlə bu təsərrüfatı qurmuşuq. İndi isə bizim sahələrimizi şumlayırlar. Bu addım təsərrüfatımızın sonu deməkdir. Qax rayonunun ərasizində yerləşən örüş sahəmiz əlimizdən alınsa, biz məcburuq ki, qoyunlarımızı sataq, təsərrüfatı dayandıraq. Əsrlər boyu o torpaqlarda biz qoyunçuluqla məşqul olmuşuq. 1956-cı ildə Nazirlər kabineti o torpaqları rəsmi şəkildə bizim təsərrüfatımız üçün ayırdı. Bir 45 fermerik. 150 min qoyunumuz var. Torpaq sahəsinin təyinatını dəyişdirəcəklər. Bizim müqavilələrimizin bəziləri bitib, təkrar verilmir. Mənim ərazimin 300 hektarını şumlayıblar. Məcbur oldum ki, qoyunlarımın yarısını satım. 


O sahələrdə elə otlar var ki, şumlansa, hamısı məhv olacaq. O otlar qoyunçuluq üçün yaxşıdır. O bitkilərin nəslini kəsmək olmaz. Yəqin ki, taxıl əkəcəklər. Taxıl əkilsə, zərərverici heyvanlardan qorunmaq üçün dərmanlar da vurulacaq. O dərmanlar ceyranların da məhv olmasına gətirib çıxaracaq. Mənim yadımdadır ki, 1975-də taxıl sahələrində dərmandan zəhərlənərək xeyli sayda ceyran ölmüşdü. Bizə iribuynuzlu heyvanların o sahələrə aparılmasını qadağan ediblər ki, ağır heyvanların dırnağı otları məhv etməsin. Özləri isə şum edirlər. 

Fermer Ağacanov Yusif Məhərrəmoğlu: mən Bakı sakiniyəm. 20 il bundan qabaq bura gəlmişəm ki, ata-baba yurdumda qoyunçuluqla məşqul olum. Bu bizim qanımızdadır, maraqlıyıq. Ancaq bu gün bizim maraqlarımız tükənir. Çünki pis vəziyyətdə qalmışıq. Bəlkə də əlli dəfə prezidentə, Nazirlər kobinetinə və başqa qurumlara müraciət etmişik. Nazirlər kabineti isə məktubumuza cavab verib ki, gedin Neft şirkətinə müraciət edin. Mən başa düşmürəm, qoyunçuluq hara, neft şirkəti hara? 

Mənim 67 yaşım var. 4 il öncə pensiya üçün müraciət etdim. Dedilər ki, 67 yaşında 66 manat pensiya alacaqsan. Gələn aydan almalıyam. Humanist prezidentimizin sərəncamı ilə pensiyam artacaq və 70 manat olacaq. Bu məni təmin etmir. Bu fermer təsərrüfatı ilə məşğul olmasam ailəm acından ölər. Mən beş nəvə böyüdürəm. O uşaqlar sabah vətənin keşiyini çəkəcək. Mən 70 manatla bu uşaqları necə böyüdüm? Dəfələrlə prezidentə müraciət etmişik, münasibət bildirməyib. Ərdoğan hicablı qadınların təhqir edilməsinə qədər ən kiçin məsələlərə belə münasibət bildirir. Bizim isə 150 min qoyunun döl vaxtında məhv olmasına münasibət yoxdur. Bizim əlimizdən torpaqları alıb badam əkmək istəyirlər. Badam 7 ilə bar verir. Bu, hansı məntiqlə atılan addımdır?

“Kənd təsərrüfatı bizim iqtisadiyyatın çox önəmli bir sahəsidir. Eyni zamanda sosial sahədir. Əhalinin təxminən yarısı kənd şəraitində yaşayır və bu sahəyə biz daim diqqət yetirməliyik”. 
Prezident İlham Əliyev

Mən prezidentimiz İlham Əliyevin haqqında bir şey demək istəmirəm. Ancaq cənab prezident bilməlidir ki, məmurlar bizi çox sıxır. Biz dövlətimizi sevirik, dövlətə qarşı çıxmırıq. İstəyirik dövlətimiz bütün dövlətlərdən yaxşı olsun. Ancaq bizi bu məmurlar müxalifət olmağa məcbur edir. Konstutsiyanın birinci maddəsində yazılıb ki, xalq hakimiyyətin bünövrəsidir. Bizim isə vətəndaş hüquqlarımız pozulur. Hansısa oliqarx orada badam əkəcək və aparıb xaricdə xərcləyəcək? Biz balalarımıza hardan çörək verəcəyik? Biz uşaqlarımızı böyütməli deyilikmi? Biz bu gün Qax rayonu İcra hakimiyyəti başçsı Musa müəllimin yanında olduq. O yenə də bizə etirazını bildirdi. Biz yenə öz hüquqlarımızın qorunması üçün prezidentə müraciət edirik. Xahiş edirik ki, bizim səsimizi eşitsinlər.

Hüquqşünas Mübariz Məsimoğlu: buradan 45 dən çox fermer var. 6 aydan çoxdur ki, bu adamların yediklərini burunlarından gətirmək istəyirlər. Mənim araşdırmalarıma görə bu qışlaq sahənin bir hissəsini “Aqroinkişaf 2017” adlı MMC-nə veriblər. Bu cəmiyyət guya ki, burada dövlətə fayda verəcək, qoz, badam əkəcək. Bunların fikiri başqadır. Badam əməliyyatı altında oyun oynayırlar. Bu  MMC-nin qeydiyyatdan keçəndən bəri bir qəpik vergi ödədiyinin görməmişik. Fermerlərin isə dövlətə verdiyi vergini hesabladım, təxminən, hər il 150 min manat ödəyirlər. Bu adamların 150 min qoyunu var, bu qoyunların südü, qatığı, əti, yunu var. Dövlətin ət təminatı, süd, yun təminatında böyük rol aynayır. Rayon rəhbərliyi  dövlətin yox, öz ciblərinin mənafeyi üçün qondarma şirkətlərlə müqavilə bağlayıb əsilsiz şəkildə dövlətə, millətə faydalı insanların, onların əlindəki imkanlarını əldən çıxarmağa çalışırlar. Gəlin hesablayaq, təxminən hər il 150 ton yun əldə olunur. Bu adamlar burada təsərrüfata uyğun fabrik aça bilərdi. Ancaq bu adamlar bu fürsətləri əldən verib badam əkmək istəyirlər. Badam isti yerlərdə əmələ gəlir. Mən inanmıram ki, bu soyuqda badam ağacı yetişsin, bar gətirsin. Badam əməliyyatı altında yəqin ki, taxıl əkmək istəyirlər, taxıl olsa, dərmanlar da vurulacaq, dərmanlar isə ceyranları öldürəcək. 

Bayaq mənə sənəd göstərdilər ki, Nazirlər kabineti məktuba cavab yazıb ki, siz Neft şirkətinə müraciət edin. Bu ölkədən baş açmaq olmur. Həkim xəstə ayağı qoyub salamat ayağı kəsir, Nazirlər kabineti fermeri Neft şirkətinə göndərir. Qoyunçuluq hara, Neft şirkəti hara? Deməli, bunlar məktub da oxumur. 

Hüquqi cəhətdən deyim ki, burada bəzi fermerlərlə bağlanan müqavilənin vaxtı bitməyib. Əgər bitməyibsə, başqa şəxslə müqavilə bağlanması qeyri-qanunidir. Bu fermerlər deyir ki, yüz ildən çoxdur ki, bu torpaqlar bunların ata-babalarınındır. Hətta, bunların təsərrüfatında yüz min kvadrata yaxın tikintilər də var. Bu mülkləri də sıradan çıxarmağa çalışırlar. Qoyunçuluq üçün hər cürə şərait yaradılmış yeri dağıdıb badam əkmək istəyirlər. Bu işlər hansı məntiqə sığır?

Sağlam məntiqlə düşünən dövlət məmurları bu işə getməməlidirlər. Mən cənab prezidentdən xahiş edirəm ki, bu məsələləri öz diqqətinə götürsün. Bu cür bir təsərrüfüatı dağıdıb yerində badam əkmək olmaz. Mən hesab edirəm ki, bu məsələlər məhkəmədə öz həllini tapmayacaq. Bu məsələni cənab prezident öz üzərinə götürməlidir. Onun nəzarəti altında bu məsələlər həllini tapmalıdır. Qanuni və hüquqi baxımdan bu adamların torpağı özünə qaytarılmalıdır. Dövlət büdcəsinə heç bir qəpik də vergi verməyən hansısa “Aqroinkişaf 2017” adlı MMC 2016-cı ldə qeydiyyatdan keçib. Həm də fiziki şəxs kimi. Belə olan halda bu kimi təsərrüfatın dağıdılaraq bu şirkətə verilməsinin altında hansısa oyunlar gedir. Bunun qarşısı alınmalıdır. Məncə bu məsələ yalnız cənab prezidentin şəxsi iradəsi nəticəsində öz həllini tapacaq. Burada hər təsərrüfatda 10-15 ailə işləyir, bu da o deməkdir ki, 450-500 nəfər işçisi olan təsərrüftı dağıdıb yerində xəyali bir təsərrüfat tikmək ağılsızlıqdır. 

VİDEO



Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın