Baş redaktor deputat blankında yazılan hədə məktubu aldı

22, 11, 18
12:11

Baş redaktor deputat blankında yazılan hədə məktubu aldı


Əfv Komissiyasının üzvü Elmira Axundova "Criminal.az” saytının baş redaktoru Anar Məmmədova deputat blankında məktub yazıb. Məktubda deputat xanım oğlu Həbib Axundovun və özünün adı keçən məhkəmə ilə bağlı yazılardan narazılığını ifadə edir.
Xüsusilə deputat xanımı əndişələndirən "Deputat oğlunun işində şahid Zarina Xanbabayeva düyünü” başlıqlı, 19 noyabr 2018-ci il tarixli məqalədir.
"Deputat Elmira Axundova oğlunun qurduğu kartric biznesinə pul yatırmağı ətrafında olan şəxslərə məsləhət bilib. Bir çox hallarda bunu vacib bir addım kimi təqdim edib”, "Katric biznesindən pulların deputat Elmira Axundovaya çatması haqda da ifadə var”.

 Elmira Axundova
Bu yanlış, mənbəyi bəlli olmayan və təsdiqini tapmamış məlumatları hansı əsaslarla yayırsınız, siz məhkəmə ya da hər hansı bir istintaq orqanısınız?”
 
Xanım deputat Elnur İbrahimovun işi üzrə məhkəmənin olduqca biabırçı bir şəkildə keçşirilməsinə toxunmur, əvəzində belə məqalələri "Bu çox ağır cinayətdir və bütün məsuliyyəti baş redaktor daşıyır” yazır.

Elmira Axundova deputat blankında ad çəkmədən, oğlunun adı keçən gənc xanım, model Günel Mirzəyevanın müəmmalı ölümü ilə bağlı yazır:
"2017-ci ilin noyabr ayında da, siz Fövqəladə Hallar Nazirliyinin rəsmi məlumatını saxtalaşdıraraq, onlara məxsus olmayan və həqiqəti əks etdirməyən məlumatı dərc etmişdiniz. Lakin bizim müraciətimiz əsasında həmin qurumdan rəsmi olaraq bildirildi ki, sizə və ya başqa bir media qurumuna belə bir cavab verilməmişdir. Bu sizin məsələyə qərəzli və tərəfli yanaşmanızın bariz nümunəsidir. Mən bununla əlaqədar Mətbuat Şurasına da müraciət etmişdim və sizə bu barədə xəbərdarlıq olunub. Həmin vaxt sizi məhkəməyə verə bilərdim, bunun üçün əlimdə kifayət qədər əsaslı sübutlarım vardı. O zaman sizi məhkəməyə vermədim”.
Elmira Axundova deputat blankında yazıdığı məktubda kimlərinsə ondan üzr istəməsindən bəhs edir, özü barəsində "tanınmış bir ictimai xadim kimi mənim nüfuzuma xələl gətirəcək məlumatlar yayırsınız. Bildirirəm ki, bu cinayətdir” yazır. 

Anar Məmmədov 
Deputat xanım məktubunu "Mən sizə sonuncu dəfə olaraq çox ciddi şəkildə xəbərdarlıq edərək bildirirəm ki, tezliklə belə yazılara və qeyd etdiyim hallara son qoyasınız. Əks təqdirdə mən sizin barənizdə hüquq mühafizə orqanlarına müraciət edəcəyəm və sizinlə məhkəmədə görüşəcəyəm” sözləri ilə bitirir.
Deputat xanımın hədələyici tonda məktub yazması birbaşa olaraq mətbuat və söz azadlığına basqıdır. "Criminal.az” saytının hər hansı bir şəxsə, o cümlədən deputat Elmira Axundovaya qarşı qərəzi yoxdur. Hər dəfə Elmira Axundova, onun oğlu Həbib Axundovun adı keçən məqalələrlə bağlı xanım deputatın mövqeyini öyrənməyə çalışmışıq. Lakin Elmira Axundova, onun oğlu Həbib Axundov əksər hallarda münasibət bildirməkdən yayınıblar. Münasibət bildirdikləri məsələrlə bağlı mövqeləri bu gün də saytdakı məqalələrdə yer alıb.
Bir daha deputatın Criminal.az saytının hər hansı bir şəxsə qarşı qərəzinin olmadığını, hər bir şəxsin, o cümlədən Elmira Axundovanın da adı keçən məqalələrdə cavab haqqını tanıdığımızı bəyan edirik. Təəssüf edirik ki, xanım deputat dövlətin ona verdiyi səlahiyətlərdən medianı susdurmaq üçün istifadə edir. Elmira Axundovanın deputat blankında redaksiyamıza məktub yollaması qanunsuzdur, özünün vətəndaşlardan üstün mövqeyə malik olmasını nümayiş etdirməyə hesablanmış addımdır. Medianın susdurulması ümumilikdə cəmiyyətin inkişafının qarşısının alınması deməkdir.

Elmira Axundova deputat olmazdan əvvəl mətbuatda, "Azadlıq” radiosunda çalışıb. Yəni mətbuatın, media nümayəndələrinin cəmiyyəti maraqlandıran bu və ya digər hadisələrlə bağlı bütün tərəfləri müəyyən edib dinləmək, onların fikirlərini cəmiyyətə çatdırmaq kimi bir funksiya daşıdıqları xanım deputata bəllidir. Bu baxımdan "Criminal.az” saytı öz üzərinə düşən funksiyaları yerinə yetirərkən belə bir hədə məktubu alması, belə bir məktubun deputat blankında yerləşdirilməsi özü də təəssüfedicidir.



Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın