"Heydər Əliyevin hərbi forma geyinməsini, alqışlayıram ona Vətənə ləyaqətlə qulluq etməsini arzulayıram" - Vəkil Aslan İsmayılov

26, 09, 18
19:59

"Heydər Əliyevin hərbi forma geyinməsini, alqışlayıram ona Vətənə ləyaqətlə qulluq etməsini arzulayıram" - Vəkil Aslan İsmayılov

Azerbycanrealligi.com xəbər verir ki, bir neçə gün bundan əvvəl vəkil Aslan İsmayılov ölkə başçısı İlham Əliyevin oğlu Heydər Əliyevin hərbi xidmətə getməsinə dair öz facebook səhifəsində status paylaşıb. Həmin statusu olduğu kimi təqdim edirik.

Bu gün Prezident İlham Əliyevin oğlu Heydər Əliyevin andiçmə mərasimi ilə bağlı statuslara diqqət yetirdim. Bilirəm ki, bu yazım da birmənalı qarşılanmayacaq, fürsət gözləyənlər bolluca istifadə edəcəklər. Bununla belə fikirlərimi Sizinlə bölüşməyi vacib sayıram.

Məni tanıyanlar, diqqətlə izləyənlər hakimiyyətə münasibətimi bilirlər. Həmin şəxslər həm də onu bilirlər ki, daim müxalif fikirli insanlarla davam ondan ibarət olub ki, bu iqtidarın zərrə qədər də olsa yaxşı işini görəndə onu olduğu kimi vurğulamaq lazımdır. Hər şeyə qara eynəklə baxmaq olmaz. 100 pis əməlinin içində 1 yaxşısı olsa da ona vurğulayın ki, sabah heç olmasa bir-birləri ilə oturanda deməsinlər ki, bu millət onsuz da hər şeyə pis deyir, yaxşı iş görməyin nə xeyiri var?! Mənim əqidəmə görə də hər bir insan üçün vacibdir ki, düşməninlə də ədalətli davransın. Başqa cür bu iqtidarla onu tənqid edənlərin heç bir fərq olmur.

H.Əliyevin hərbi forma geyinməsini, hərbi andiçməsini alqışlayıram və ona Vətənə ləyaqətlə qulluq etməsini arzulayıram. Bütün əsgərlərimizə olduğu kimi ona da arzulayıram ki, növbəti hərbi xidmət sahələri cəbhə bölgələrində olsun, Qarabağ uğrunda müharibə başlayarsa öndə olsun, ləyaqətlə vuruşsun və sağ-salamat qalib əsgər kimi ata-anasının yanına qayıtsın.

İndi isə baş verənlərin ancaq reklam üçün edildiyini deyənlərə fikrimi bildirim. Qəbul edirəm ki, Siz deyən kimidir. Bununla belə əminəm ki, bu gün öz oğluna çoxlarının yazdığı kimi reklam üçün də olsa hərbi forma geyindirən Prezident sabah tabeçiliyində olanlardan da bunu tələb edəcək. Tələb etməsə də yarınmaq üçün növbəyə düzülən vəzifəyevlər özləri bunu edəcəklər. Onlar da heç olmasa bir günlüyünə hərbi hissəyə gedib orada olan abu-havanı görəcəklər. Bu günə qədər hansı nazirin, oliqarxın balasının hərbi forma geyindiyini görübsünüz?! Onların hərbi hissəsinin qapısını tanımadan hərbi bilet aldıqlarını bildiyiniz haqda nə isə edə bilibsinizmi?! Vəzifəli şəxslərin balaları hərbidə olan kasıb balalarının heç olmasa bir neçəsi ilə ayaqüstü olsa da tanış olacaqmı?! Həmin kasıb balalarından bir hissəsi elə ayaqüstü üzləşdikləri özbaşnalıqdan onlara deməsinin təsirini anlayırsınızmı?! Bu gün vəzifədə olanların hamısı bir-biri ilə ya qohum, yaxud tələbə, əsgər dostları olduğunu hamınız bilirsiniz. Ən azından Prezidentin oğlunun da hərbidə olmasının orduda olanlara hansı ruh yüksəkliyi verəcəyini təsəvvür edirsinizmi?! Bir də Sizdə haradandır o əminlik ki, bunlar hamısı ancaq reklam üçündür?!

Mən isə başqa cür düşünürəm. Fikirləşirəm ki, Qarabağ uğrunda müharibə qaçılmazdır və Prezident ölkədə, birinci növbədə orduda olan ruh düşkünlüyünü bildiyindən belə edir. Ümid edirəm H.Əliyev hərbi xidmətini həqiqətən çəkəcək, özü də tək Zığda deyil, həm də cəbhə bölgələrində olan hərbi hissələrdə. Müharibə başlayacağı təqdirdə isə orduda olanlara döyüş əzmi aşılamaq üçün Prezidentin oğlu ön cəbhədə olacaq. Yazılası, deyiləsi çox sözüm var...

Ancaq bir daha çalışaq ki, Dövlətimizə, Vətənimizə azacıq da olsa fayda verəcək cüzi bir işi görəndə onu təqdir edək, çalışaq ki, xalqla hakimiyyət arasındakı uçmuş körpünü bərpa edək. Bu gün bu körpünün uçmuş olması dövlətimiz üçün böyük təhlükədir. Əminliklə deyirəm ki, bu minvalla Qarabağ uğrunda müharibə başlayacaq. Ona görə də bu gün bizə Milli birlik heç vaxt olmayan qədər vacibdir. Dediklərim hakimiyyətdə olanlara da aiddir.

P.S. Məni tanıyıb sağalmaz “nikbinlik xəstəsi” adlandıranlara isə deyirəm: bəlkə də bu gün məni ayaqda saxlayan elə həmin sağalmaz nikbinlik xəstəliyimdir

Azerbycanrealligi.com

Bizimlə əlaqə saxlayın