*9111 və *8111 taksi şirkətinin saytımıza məktubu və bizim cavab

18, 08, 18
16:01

*9111 və *8111 taksi şirkətinin saytımıza məktubu və bizim cavab

Dünən 17 avqust 2018-ci il tarixində Azərbaycan Reallığı İnternet saytına “APOGEY-7” MMC şirkətindən 01/2018 saylı məktub daxil olub. Məktubda Azerbaycanrealligi.com saytının təqdim etdiyi “Bakıda fəaliyyət göstərən ermənipərəst *9111/*8111 taksi şirkəti kimindir” başlıqlı məqaləsinə münasibət bildirilib. *9111 və *8111 taksi şirkətinin “işgüzar nüfuzuna ziyan vuran” “böhtan xarakteli” “həqiqətə uyğun olmayan məlumatlar verildiyi” vurğulanaraq məqalənin Azerbaycanrealligi.com saytından və Azərbaycan Reallığı facebook səhifəsindən silinməsi, məqalənin paylaşıldığı formatda, ölçüdə və qaydada təkzininin paylaşılması, həmçinin, şirkətin hazırki məktubunun silinmiş formatda, ölçüdə və qaydada paylaşılmasını təmin etməyimiz xahiş olunur.
Biz, Azerbaycanrealligi.com və Azərbaycan Reallığı facebook səhifəsinin rəhbərliyi olaraq yuxarıda deyilmiş məsələləri nəzərdən keçirdik və şirkətin məktubunun paylaşımı ilə onun mətnini oxuculara təqdim etmək istəyirik. Azerbaycanrealligi.com və Azərbaycan Reallığı facebook səhifəsində gedən “Bakıda fəaliyyət göstərən ermənipərəst *9111/*8111 taksi şirkəti kimindir” başlıqlı məqalənin əsasında ciddi milli dövlətçilik maraqlarının dayandığını bildirmək istəyirik. Belə ki, şirkətin işlətdiyi naviqasiya sisteminin Azərbaycan dövlətinin əleyhinə təqdim etdiyi məlumatlarını ictimailəşdirməklə bir informasiya orqanı olaraq üzərimizə düşən vəzifə borcumuzu yerinə yetirmişik. “APOGEY-7” MMC şirkətinin bu naviqasiya sisteminin təqdim etdiyi məlumatların yanlışlığı ilə bağlı qeyd etdiyi məqamları dəstəkləyir və “GOOGLE MAPS” naviqator sistemi tərəfindən yol verilən bu halı haqlı olaraq təxribat adlandırmasını  təqdirəlayiq hal hesab edirik. Məktubda diqqət önünə gətirilən tədbirlər kimi Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin beynəlxalq qaydalara uyğun olaraq həm GOOGLE şirkətinə, həm də BMT-ə müraciət etdikləri və bu təxribatın aradan qaldırılması ilə bağlı hökumət səviyyəsində lazımi tədbirlər görüldüyü vurğulanır.

Bundan əlavə məktubda bu haqda Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyaevin 1NEWS.AZ saytına müsahibəsində də bu məsələyə münasibət bildirdiyi qeyd edilir.(1news.az-ın Xezerxeber.az-a istinadən verdiyi xəbərə görə, bu qanunsuzluğa “Google maps”-də yol verilib. Adıçəkilən elektron xəritədə işğal altında olan Dağlıq Qarabağ ərazisi və ətraf rayonların adları həm Azərbaycan, həm də erməni dilində yazılıb. Üstəlik, bu təxribatçı addım artıq bir neçə dəfədir ki təkrarlanır. Məsələdən Xarici İşlər Nazirliyi də xəbərdardır. Nazirliyin mətbuat xidmətinin rəhbəri Hikmət Haciyev deyir ki, bununla bağlı dəfələrlə “Google” şirkətinin mərkəzi ofisinə müraciətlər göndərilib və rəsmi diplomatik kanallarla birgə məsələ şirkət qarşısında qaldırılıb.

Şirkətdən verilən cavab isə ondan ibarət olub ki, “google maps” istifadəçilərin fərdi yaradıcılığı prinsipi əsasında fəaliyyət göstərir.) Bütün bunları bildirməkdə məqsədimiz Vətənimizin belə bir nüfuzlu beynəlxalq sistemdə təxribata məruz qaldığını bilərək vətənpərvər bir mövqe tutmağımızın niyə “oxucularına dəqiqləşdirilməmiş, həqiqətə uyğun olmayan və tamamilə şər və böhtandan ibarət informasiya təqdim etmiş” kimi qiymətləndirilməsi bizə tam aydın deyil. Çünki saytın oxuculara təqdim etdiyi məqalədə göstərilən *9111 və *8111 taksi şirkətinin istifadəsində olan naviqator məlumatlarına etiraz etməsinə baxmayaraq onu hələ də istifadə etdiyini açıqlamışıq və şirkətə fikrimizi çatdırmışıq.

Media orqanı kimi Vətənimizin ərazisində tamamilə yalan erməni yer adlarına etiraz edirik. Əgər həqiqətən də, Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin dediyi kimi şirkətdən verilən cavaba əsasən“Google Maps” istifadəçilərin fərdi yaradıcılığı prinsipi əsasında fəaliyyət göstərirsə, bəs niyə “APOGEY-7” MMC şirkəti həmin məlumatların doğruluğunu təmin edən addımlar atmayır və ərazimizdəki həqiqi toponimik adları işləyib “Google Maps” sisteminə yerləşdirmədən həmin sistemdən istifadə edir. Əlbəttə, anlayırıq ki, bu işlər sistematik və böyük əmək sərf edən fəaliyyətdir. Amma nəticə olaraq, həmin sistem Azərbaycanda istifadə edilirsə, buna məhz Azərbaycanda ondan istifadə imkanları olan şirkətlər həssas yanaşmalıdırlar. “APOGEY-7” MMC şirkətinin rəhbərliyinə bildiririk ki, verdiyiniz məlumatlar çox dəyərlidir və bunları oxucular arasında yayınlamağı vacib hesab edirik. Amma cəmiyyətdə və real həyatda qarşılaşdığımız neqativ və təxribat xarakterli məsələləri işıqlandırmaq da media orqanı olaraq bizim borcumuzdur. Belə hallara reaksiya vermək vəzifəmizin əsas amalıdır və buna görə də, məqalənin silinməsini Azərbaycançılıq ideologiyasına müvafiq olmadığını bildirib məqsədəuyğun hal hesab etmirik. “APOGEY-7” MMC şirkətinin Azerbaycanrealligi.com saytında və Azərbaycan Reallığı facebook səhifəsində dərc olunmuş “Bakıda fəaliyyət göstərən ermənipərəst *9111/*8111 taksi şirkəti kimindir” başlıqlı məqaləsinə münasibətini təqdim edirik.

*9111\*8111 taksi şirkətin saytmıza göndərdiyi məktub


Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın