Tural Sadıqlının qardaşına qarşı növbəti təxribat

17, 08, 18
10:04

Tural Sadıqlının qardaşına qarşı növbəti təxribat



Azerbaycanrealligi.com xəbər verir ki, mühacirətdə olan Tural Sadıqlının qardaşı Elgiz Sadıqlıya qarşı növbəti polis təzyiqi olub. Polis əməkdaşları onun üzərində ictimai yerdə digər şəxslərin qarşısında axtarış aparıb. Elgiz və Tural Sadıqlı qardaşlarının atası Əlövsət Sadıqlı facebook sosial şəbəkəsində bu haqda status yerləşdirib. Statusu olduğu kimi təqdim edirik. Qeyd edək ki, Elgiz Sadıqlı Avropada olan qardaşı Tural Sadıqlının siyasi fəaliyyətinə görə bir dəfə cinayət məsuliyyətinə cəlb olunub, bir neçə dəfə də inzibati qaydada həbs olunub.

"QARA BULUDLAR BAŞIMIZIN ÜSTÜNDƏN ƏSKİK OLMADI SON İLLƏRDƏ... ƏL ÇƏKMƏK İSTƏMİRLƏR, DEYƏSƏN...!? 

Bu gün yenə saat 17:00 radələrində iş yerinin qarşısında oğlum Elgiz Sadıqov dövlət nömrə nişanının son rəqəmi 085 olan Volkswagen cip markalı avtomobildən düşən Nəsimi RPİ-nin 3 nəfər mülki geyimli polis əməkdaşı tərəfindən saxlanılıb. Onlar Elgiz Sadıqovu tanıyanların gözü qarşısında zorakı rəftar nümaiş etdirməklə onun üzərində qeyri-qanuni axtarış aparıblar və onun nüfuzuna bilərəkdən zərbə vurublar... Sonra isə deyiblər ki, güya, kiminləsə dəyişik salıblar (?)

Qəribədir ki, bu hadisə həmin vaxt "təsadüfən" orada olan və Elgiz Sadıqovu yaxşı tanıyan cinayət-axtarış üzrə ərazi müvəkkilinin gözü qarşısında baş versə də, o, hadisəyə müdaxilə etməyib və ümumiyyətlə, heç bir reaksiya verməyib...(?)

Ölkəni necə qarışdırıblarsa, bilmək olmur ki, polis orqanı siyasi qurumdur, yoxsa daxili asayişə cavabdeh orqan?! Mən biləsi, polis daxili asayişə cavabdeh orqandır axı! Elədirsə, daxili ərazilərimiz olan Dağlıq Qarabağda, işğal olunmuş ərazilərimizdə asayişi qorumaq əvəzinə, polis orqanları sosial şəbəkələrdə kimin nə yazması kimi özünə aid olmayan işlərlə niyə məşğul olmalıdır? 25 il keçdi, cənablar! Bəs öz işini nə vaxt görəcək, görəsən, bu Daxili İşlər Nazirliyi...?"

Azerbaycanrealligi.com


Bizimlə əlaqə saxlayın