Rüstəm Usubov MTN-də şantaj edilib? - Yeni detallar

29, 03, 23
22:00

Rüstəm Usubov MTN-də şantaj edilib? - Yeni detallar


Bakı Apelyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin sabiq rəisi general-mayor Mövlam Şıxəliyev, 2-ci şöbənin rəisi Vüsal Ələkbərov, İbtidai İstintaq İdarəsinin rəis müavini Yasin Məmmədov və şöbə rəisinin müavini olmuş Sahib Ələkbərovun apellyasiya şikayəti üzrə məhkəmə prosesi bu gün də davam edib.

"Azərbaycan Reallığı" xəbər verir ki, zərərçəkən Qulam Bağırov MTN polkovniki Sahib Ələkbərovun ötən prosesdə səsləndirdiyi iddialara cavab verib. O, çıxışında Sahib Ələkbərovun baş prokurorun birinci müavini olmuş Rüstəm Usubovu şantaj etdiyini bildirib: 

"Sahib Ələkbərov deyir ki, guya baş prokurorun birinci müavini Rüstəm Usubov ona təzyiq göstərib. Bu inandırıcı deyil. Çünki, Sahib Ələkbərov öz otağında Rüstəm Usubovdan izahat aldığını dəfələrlə bildirib. Belə qənaətə gəlmək olar ki, MTN-in İstintaq İdarəsi Rüstəm Usubovun günahlarını ifşa etməklə onu şantaj edərək, pis niyyətlərinə nail olaraq, millətdən külli miqdarda, hədə-qorxu ilə pul almaq üçün həmin təzyiq vasitəsi ilə baş prokurorun müavinindən tələb olunan qərarları və təqdimatları almağa nail olublar”.

Zərərçəkən daha sonra MTN polkovnikinin onda video görüntülər və səs yazıları olması barədə iddialarına toxunub:

"Sahib Ələkbərov çıxışında bildirib ki, onda video görüntülər və səs yazıları var, onları ortaya çıxarsa, faciə baş verəcək. Möhtərəm hakimlər, Sahib Ələkbərov bu ifadəsi ilə bir daha subut edir ki, o MTN-də yuva salmış mütəşəkkil cinayətkar quldur dəstənin tərkibində olub. Özünü sığortalamaq üçün dəstə tərkibindəki cinayətləri videoya çəkib, səslər yazıb. Onun bu ifadəsi həm də ittihamı sübut edir.

Əgər cinayət əməlləri olmayıbsa, MTN İstintaq İdarəsi Azərbaycan Respublikasının qanunlarına riayət etməklə fəaliyyətdə olubsa, orada müstəntiq işləyən Sahib Ələkbərov niyə özünü sığortalamaq haqda düşünüb, gizli videolar çəkib və yaxud səs yazırdı? Sahib Ələkbərov hər iki məhkəmə instansiyasında şantaj xarakterli çıxışlar etməklə özünün də MTN-dəki cinayətkar dəstənin tərkibində olmasını sübut edir. Təsəvvür edək ki, Sahib Ələkbərovda həmin səs yazıları və video görüntülər var, onu ortaya çıxardı.

Həmin materiallar bizim məhkəməyə aiddir ya yox, bunu bilmirəm. Fərz edək ki, həmin yazılarla bağlı kimisə cəlb elədilər və o, hansısa ifadələr verdi. Bu zaman o da üzə çıxacaq ki, Sahib Ələkbərovun özü də həmin cinayətlərin içində olub və bu səsli və yaxud video görüntüləri lentə alıb. Buyurun aydınlıq gətirin, mən düz deyirəm, yoxsa Sahib Ələkbərov?” 

Qulam Bağırov Mövlam Şıxəliyevin məşhur vəkil Elçin Qəmbərova 510 min manat rüşvət verməsindən danışıb: 

"Bu məhkəmə kürsüsündən Mövlam Şıxəliyevə ritorik sual verirəm: Niyə Elçin Qəmbərovdan 510 min manat görə şikayət etmisiz? Belə qənaətə gəlmək olar ki, siz 510 min manat pul itkisi ilə heç cürə razılaşa bilməmisiniz. Necə olur? Sizin qanunsuz yolla əldə etdiyiniz pullarınız dəyərlidir, amma bizim ailənin mənzilini satırmaqla aldığınız pullar dəyərli deyil?! 

Əvvəlki məhkəmə prosesində Mövlam Şıxəliyevin çıxışını diqqətlə dinləmişəm və analiz etmişəm. Mən hüquqşunas deyiləm, amma ali savadlı maliyyəçiyəm və ümumiyyətlə analiz etmək mənim bilavasitə peşəmdir. Mövlam Şıxaliyevin çıxışı çap olunmuş vərəqlərdə idi və Şıxəliyev vərəqdən oxuyurdu.

Burdan belə qənaətə gəlmək olar ki, həmin çıxış ona vəkilləri tərəfindən verilib. Çünki onun saxlandığı Bakı İstintaq  Təcridxanasında printer və kompyuterə dustaqların çatımlılığı yoxdur. Mövlam Şıxəliyev uzun illər MTN İstintaq Baş İdarəsinin rəisi olub, 2 vəkili var. Bunlar çıxışa necə hazırlaşıblar ki, yazılı çıxışın əvvəli ilə sonunda ziddiyyət yaranır?

Mən sualı boşuna vermədim, düşünürdüm ki, sualıma Şıxəliyev yox, onun vəkilləri cavab verib, çıxışın saxtalığını ört-basdır edərlər. Məsələn, deyə bilərdilər ki, "Şıxəliyev öz otağında heç kimi qəbul etməyib, müstəntiqlərin otağında görüşüb Fuad Kərimov və yaxud digərləri ilə”. Amma vəkilləri susdular. Şıxəliyevin cavabı şok oldu: "Təbii”. Düşünürəm ki, Şıxəliyev baş verənlərdən nəticə çıxarmalıdır!”

Seyid 

AZƏRBAYCANREALLIĞI.COM    

Bizimlə əlaqə WhatsApp (055) 8288841
 

Bizimlə əlaqə saxlayın