“Tərtər işi” ilə bağlı son hədd: Xanlar Vəliyevin istefası tələbi - nə dəyişəcək?

Kriminal / Manşet
 21-06-2022, 18:00     646


 “Tərtər işi” ilə bağlı növbəti etirazlar, narazılıqlar davam etməkdədir. Günahsız həbs olunduğunu iddia edən, işgəncə görən, öldürülən şəxslərin yaxınları Hərbi Prokurorluğun inzibati binasının qarşısında etiraz aksiyası keçiriblər. Onlar məsələnin ədalətli araşdırılmasını və günahkarların cəzalandırılmasını tələb ediblər. Aksiya iştirakçılarının sözlərinə görə, həmin iş üzrə həbsdə olan hərbçilər günahsız ola-ola işgəncələrə məruz qalıblar. Onlar müttəhimlərin azadlığa buraxılmasını tələb ediblər. “6 aydır istintaq gedir, mənim oğlum günahsızdır, niyə hələ də həbsdədir”, - deyə aksiya iştirakçılarından biri qeyd edib. Etirazçılar həmçinin hərbi prokuror Xanlar Vəliyevin istefasını tələb ediblər. Aksiya iştirakçıları bunu yenilənmiş istintaqın obyektiv aparılması üçün zəruri olması ilə izah ediblər.

Mediaya açıqlamasında hərbi prokuror Xanlar Vəliyev bildirib ki, istefa çağırışı etmək absurddur: “Mən o işgəncələrin qarşısını alan adamam. Mən olmasam, Allah bilir nələr olacaqdı”. Onun sözlərinə görə, Hərbi Prokurorluq qarşısına toplaşan şəxslərin bir çoxu məlum işgəncədən zərərçəkənlərin yaxınları olmayıb: “Biz o adamları qəbul etdik. Məlum oldu ki, onların arasında dövlətə xəyanət ittihamı ilə cəza çəkən şəxslərin yaxınları, həmçinin qazi adı ala bilməyənlər, hansısa nazirlikdən şikayətçi olanlar var. Bir neçə nəfər də var ki, onların şikayətləri araşdırılır. Bu barədə Baş Prokurorluqdan soruşa bilərsiniz. Çünki İstintaq Qrupu Baş Prokurorluqda yaradılıb”.

Hərbi prokurorun “Mən olmasam, Allah bilir nələr olacaqdı” fikri cəmiyyətdə birmənalı qarşılanmayıb. Onunla bağlı ictimaiyyət arasında müxtəlif fikirlər səsləndirilir. Bəzi ekspertlər hesab edir ki,  Xanlar Vəliyev bu açıqlamanı verməklə, cinayətin onun üzərinə yönləndirilməsi mesajını vermiş olub. “Əgər Xanlar Vəliyev işgəncələrin qarşısını alıbsa, niyə işgəncə verənlərin və onlara rəhbərlik edənlərin adlarını açıqlamır” deyə suallar da verilir. Digər tərəfdən, X.Vəliyev əvvəllər işgəncə iddialarını ümumiyyətlə “nağıl” adlandırmışdı. İndi isə bu işgəncələrin qarşısını aldığını deyir...
Novella Cəfəroğlu: “Bəzi QHT rəhbərləri xarici donorlardan əldə etdikləri  pula ev, kostyum alır”
Novella Cəfəroğlu: “O, ”Gəncə işi"nə də çox müdaxilə etmişdi, ona görə..."

Hüquq müdafiəçisi Novella Cəfəroğlu mövzu ilə bağlı dedi ki, “Tərtər işi” ən çətin məhkəmə işidir: “Hazırda araşdırmalar davam etdirilir. İnsanların Xanlar Vəliyevin istefasını tələb etməsi nəyəsə əsaslanır. Hesab edirəm ki, hökumət bu işə baxmalıdır. ”Tərtər işi" ilə bağlı çox adam buraxılıb. Etirazlar varsa, vəzifəlilər işindən azad edilməlidir. Amma Xanlar Vəliyev Gəncə məsələsində də çox müdaxilə etmişdi. Neçə insan “Gəncə işi”ndə həbs olunmuşdu. Hüquq müdafiəçiləri, jurnalistlərin müdaxiləsi ilə çox insan azad olundu. Onda Xanlar Vəliyev məhkəməyə çox təsir edirdi. Ona görə kimi saxlayıb, kimi işdən çıxarmaq barədə hökumət dərin analiz etməlidir. Çünki vəziyyət getdikcə ağırlaşır".
9 may Qələbə Günü bizə XATIRLATDI
Alp Arslan İmamqulu: “Bu işdə qəsdən və ya səhlənkarlıq ucbatından iştirak etmiş adamlar ən ağır şəkildə cəzalandırılmalıdırlar”
Hərbi analitik, “M5 Müdafiə və Strategiya jurnalı”nın Qafqaz və Orta Asiya üsrə nümayəndəsi Alp Arslan İmamqulunun da “Yeni Müsavat”a verdiyi açıqlama diqqət çəkir: 

“Hazırda bu işin Müdafiə Nazirliyi çərçivəsində araşdırılması aparılır. Nəzərə alınmalıdır ki, Müdafiə Nazirliyi sistemində qulluq edən hərbçilərin hər biri əmrə tabedir. Onlar verilən əmr və təlimatlar daxilində fəaliyyət göstərirlər. Hər hansı birlik və ya birləşmə komandiri və daha aşağı rütbəli  hərbi qulluqçular müəyyən fəaliyyətlər icra edirlərsə,  deməli, belə bir əmr yuxarı komandanlıqdan verilib. Həmin əmrləri ən üst səviyyədə verənlərin əsas məqsədi nə olub? İşgəncələrin olduğu dövrdə bu məsələlərdən xəbərdar olan qurumlar zamanında nədən bu qanunsuzluqların qarşısını almayıblar? Nəticə etibarı ilə Azərbaycan vətəndaşları olan hərbi qulluqçuların təhqirlərə, işgəncələrə və haqsızlıqlara məruz qalmasına niyə laqeyd yanaşılıb? Nəticə etibarı ilə bu təxribat Azərbaycan dövlətinə və xalqına qarşı edilmiş ən ağır təhqirlərdəndir. Bu səbəblə bu işdə qəsdən və ya səhlənkarlıq ucbatından iştirak etmiş adamlar ən ağır şəkildə cəzalandırılmalıdırlar. Mənəvi və maddi olaraq zərər çəkmişlərə isə kompensasiya ödənməlidir”.

Hərbi analitik qeyd edib ki, ümumiyyətlə, “Tərtər işi”nin araşdırılmasının uzun illər davam etməsi və həll edilməməsi məyusluq doğurur: “Bu işdə bir çox ziddiyyətli məqamlar var. Bir çox hallarda yüksək vəzifəli şəxslərin sorğu-sual edilməsi lazım olduğu halda, onların yerinə kiçik rütbəli çavuş və zabitlərin dindirilməsi, cavabdeh tutulması doğru yanaşma deyil. Tərtər işində Müdafiə Nazirliyindən başqa digər qurumlar da cavabdehdir. Bu iş ən ali səviyyədə, detallı olaraq araşdırılmalıdır. İş üzrə sadəcə birlik və ya birləşmə komandirlərini cavabdeh tutmaqla, istintaqa cəlb etməklə sonuca varmaq mümkün olmayacaq. Çünki onlar yuxarılardan verilmiş əmrləri icra ediblər. Amma bununla yanaşı, səlahiyyətləri aşma halları olubsa bir daha hüquqi müstəvidə səbəblər araşdırılaraq qiymətləndirilməlidir. Nəticə etibarı ilə zərərçəkmiş Azərbaycan vətəndaşları ortadadır və səbəbkarlar araşdırılıb gərəkli addımlar atılmalıdır”.
Ərəstun Oruclu yazır...
Siyasi şərhçi Ərəstun Oruclu isə mediaya açıqlamasında diqqətçəkən fikir bildirib: “Xanlar Vəliyev düz deyir, o, istefa verməli deyil. Həbs olunaraq mühakimə edilməli və həyatını həbsxanada başa vurmalıdır”, - deyə o qeyd edib.

Qeyd edək ki, İşgəncələr Əleyhinə Ümumdünya Təşkilatının ötən ilin aprelin 13-də yaydığı bəyanatında qeyd olunurdu ki, “Tərtər işi” çərçivəsində ən azı 78 nəfər Azərbaycan vətəndaşı saxlanılıb və dövlətə xəyanət ittihamı ilə 12 ildən 20 ilədək həbs cəzasına məhkum edilib. Ötən il iyunun 28-də İşgəncə Qurbanlarına Dəstək Günü ərəfəsində Avropa Şurası Parlament Assambleyasının 24 üzvü Azərbaycanda işgəncələrin araşdırılması təşəbbüsü ilə çıxış etmişdi. Sənəd müəllifləri “Tərtər işi”ndə miqyaslı işgəncələr faktı ilə əlaqədar araşdırmaların zəruriliyini vurğulayıblar. Bildirilib ki, 200-dən artıq hərbçi bu işin qurbanı olub, onlardan 11-i vəfat edib: “Bundan sonra həbsdə olan hakimiyyət tənqidçilərinə qarşı qeyri-insani rəftarın və işgəncələrin olması barədə xəbərlər yayılıb”.

AZƏRBAYCANREALLIĞI.COM