Bir cinayətin izi ilə: İki gəncin taleyi necə məhv edilir?

19, 04, 22
18:00

Bir cinayətin izi ilə: İki gəncin taleyi necə məhv edilir?


Azərbaycanda hüququn öldüyü, onun heç bir işə yaramadığı gün kimi aydın məsələdir. Bu ölkədə məhkəmənin müstəqil olmadığı, yalnız notarius funksiyasını yerinə yetirdiyi də dəqiqdir. Biri tutur, biri yazır, biri isə hökmü ilə təsdiq edir. Bəhs edəcəyimiz olay da bunlardan biridir.

Hadisə 28.09.2019-cu ildə Xətai rayonu ərazisində yerləşən Zeytun bağlarında baş verib. Belə ki, Kənan Ağayev qardaşı Ramil Ağayevlə birlikdə bağdan zeytun toplamaq istəyiblər. Həmin vaxt Bağır Piriyev, Filman Piriyev və Rəhman Əliyev ora gələrək, Ağayev qardaşlarına hücum çəkiblər. Nəticədə, tərəflər arasında dava düşüb, Piriyev və başının dəstəsi isə əllərində gətirdikləri ağac dəyənəklə Kənan və Ramilə ağır xəsarətlər yetiriblər.

Özlərini “Abşeron Zeytun” MMC-nin işçiləri kimi təqdim edən bu adamların dava salması da tam təsdiqlənir. Yəni, qarşı tərəfi təhqir edib, onları ilk vuran da bu adamlar olub. Vəziyyət o həddə çatıb ki, Kənan və Ramil bu şəkildə döyülərlərsə, elə zeytun bağı yaxınlığında öldürüləcəklərini görüb, müqavimət göstəriblər. Həmin vaxt Bağır Piriyevin əlindəki ağac dəyənək təsadüfən Kənan Ağayevin əlinə keçir, o özünü qorumaq və müdafiə etmək məqasədi ilə əvvəlcə qarşı tərəfə xəbərdarlıq edir. Lakin Piriyev və başının dəstəsi dayanmaq bilmir və onları vurmağa davam edirlər. Belə olan halda Kənan Ağayev özünü müdafiə etmək məqsədi ilə Bağır Piriyevin başına bircə zərbə vurub. Nəticədə, Bağır Piriyevin başı bir yerdən yaralanır, dərisi partlayır. Amma geri çəkilmək əvəzinə, Kənandan əl çəkmir. O, Kənanı yerə yıxaraq, döyməyə davam edir.

Hadisə yerinə gələn ilk adam, həm də bu cinayətin ilk təşəbbüskarı Filman Piriyev isə Ramil Ağayevi döyərək, ona xeyli bədən xəsarətləri yetirib. Ürəkləri bununla soyumayan Piriyevlər bir neçə dəqiqəlik “antrakt” elan etdikdən sonra, onlara köməyə gələn Rəhman Əliyevin də köməkliyi ilə Kənan və Ramil Ağayevi vurmaqda davam ediblər.

Hadisə haqqında danışan Kənan və Ramil Ağayevlərin atası, eyni zamanda vəkil olan Akif Ağayev bildirir ki, hadisədən sonra DİN-in “102 Qaynar Xətti”nə zəng edərək, əraziyə polis əməkdaşları çağırıb. Kənan və Ramil Ağayevlər , habelə Bağır Piriyevi PPX maşını ilə Xətai RPİ-nin 35 saylı PB-ə aparılır. “Bölmədə Bağır Piriyev istifadəsində olan mobil telefonundan 11:56 dəqiqədə zəng edərək, özü üçün Təcili Tibbi Yardım Maşını çağırır. Elə bölmədə onun başına sarğı qoyulur, orada ərizəsi alınır. Ardından isə heç kimin köməyi olmadan TTYXM-in maşınına minərək, 3 saylı Şəhər Klinik Xəstəxanasına gedir. Lakin bundan 2 saat sonra Bağır Piriyev dünyasını dəyişir. Həmin xəstəxananın verdiyi diaqnoza görə , Bağır Priyevin ölməsinə səbəb ağ-ciyər arteriyasının tromboemboliyası fonunda artan ürək-damar çatışmazlığı nəticəsində infarkt keçirməsi olub”.

Qeyd edək ki, bu hadisə ilə əlaqədar Xətai rayon Prokurorluğunda cinayət işi açılır. Həmin hadisə üzrə Ağayev Kənan Akif oğluna Cinayət Məcəlləsinin 120.2.1 , 120.2.2 və 221.3-cü maddələrinə əsasən ittiham elan edilir. Akif Ağayev deyir ki, həmin ittihama əsasən Kənan Ağayev xuliqanlıq , yəni bir qrup şəxs halında təkrar olaraq ictimai qaydanı kobud şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan əşyadan istifadə etməklə şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edib. “Bundan başqa, xuliqanlıq niyyəti ilə xidməti vəzifəni yerinə yetirən şəxsi qəsdən öldürüb, yəni digər şəxsi qəsdən həyatdan mərhum edib. Amma bir müddət sonra Xətai rayon Prokurorluğu “öz təşəbbüsü” ilə qəbul etdiyi “təqsirləndirilən şəxsə elan olunmuş ittihamın dəyişdirərək, ona əlavələrin edilməsi və yenidən ittihamın elan olunması haqqında” 16.07.2020-ci il tarixli qərarı ilə Kənan Ağayevə Cinayət Məcəlləsinin 120.2.2 , 120.2.3 və 221.3-cü maddələri ilə yeni ittiham elan edilib. Nəhayət, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rasim Sadıxovun sədrliyi ilə qəbul edilmiş 01.03.2022-ci il tarixli hökmünə əsasən , təqsirləndirilən şəxs-Ağayev Kənan Akif oğlu Cinayət Məcəlləsinin 120.1 və 128-ci maddələri ilə təqsirli bilinərək,  12 il müddətinə azadlıqdan məhrum edilib”.

Vəkil, eyni zamanda Ağayev qardaşlarının atası Akif Ağayev bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin qəbul etdiyi məlum hökm əsassız və qanunsuzdur. Onun sözlərinə görə, CPM-nın 399.1.4-cü maddəsinə görə, cinayət qanunu normasının düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Vəkil qeyd edir ki, həmin Məcəllənin 403.0 və 403.3-cü maddələrinə görə , məhkəmə tərəfindən cinayət qanununun normasının düzgün şəhr edilməməsi həmin cinayət qanunun normasının düzgün tətbiq edilməməsi hesab edilir. “Cinayət Məcəlləsinin 120.1 və 128-ci maddələri ilə təqsirləndirilən şəxs-Ağayev Kənan Akif oğlunun əməlinin tövsif edilməsi əsassız və qanunsuzdur. Belə ki, Cinayət Məcəlləsinin 120 və 128-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlləri subyektiv cəhətdən yalnız qəsdlə törədilə bilər. Cinayət işinin məhkəmə araşdırması zamanı Kənan Ağayev tərəfindən əməlin qəsddən törədilməsi faktını mərhum-Bağır və Filman Piriyevlər barəsində verilmiş , lakin məhkəmə istintaqı zamanı tədqiq edilməmiş saxta və sifarişli məhkəmə-tibbi ekspert rəyləri, habelə Filman Piriyev və Fərhad İsmayılovun məhkəməyə verdikləri bilə-bilə yalan ifadələri istisna olmaqla, heç bir sübutla və həmçinin təqsirləndirilən şəxslər tərəfindən təsdiq edilmədi”.

Bundan başqa, Cinayət Məcəlləsinin 25.2-ci maddəsinə əsasən, “şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur” və həmin Məcəllənin 25.3-cü maddəsinə əsasən isə “şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş, lakin bunları arzu etməmiş və belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu halda cinayət dolayı qəsdlə törədilmiş hesab olunur”.

Akif Ağayev deyir ki, qeyd olunan hüquq normalarının tələblərini nəzərə alaraq , məhkəmə tərəfindən təqsirli bilindiyi ittihamda Kənan Ağayevin hərəkət və ya hərəkətsizliyində birbaşa və ya dolayı qəsdin mövcudluğunu hər hansı bir sübut, hər hansı bir fakt təsdiq etmir. “Kənan Ağayev şəxsi istehlakı üçün 5-10 kq hasarlanmamış, mühafizə və qadağa nişanı olmayan sahədə zeytun yığmaq istəmiş, ona mülki geymdə, müvafiq səlahiyyəti olmayan sonradan tanıdığımız Filman Piriyev yaxınlaşmış və qardaşlardan kobud şəkildə ərazini dərhal tərk etməyi tələb etmişdir. Onlar bu tələbi qanunsuz hesab edərək, onu yerinə yetirmirlər. Buna görə, Filman Piriyevin çağırışı ilə cinayətkar dəstənin digər üzvləri-Bağır Priyev, Fərhad İsmayılov və sonradan Rəhman Əliyev hadisə yerinə gəlmiş və onların təşəbbüsü ilə məlum dava-dalaş baş vermişdir. Bu dava-dalaş zamanı ehtimal olunur ki , Bağır Piriyev başının təpə nahiyəsinin sağ küncündən təsadüfən bir zərbə ilə xəsarət almış və başının dərisi yarılmışdır. Bağır Piriyev xəsarət almasına baxmayaraq, o, Kənan Ağayevdən əl çəkməmiş, zorakı hərəkətlərini davam etdirib.

Kənan Ağayev kimisə öldürmək istəsəydi və belə bir niyyəti olsaydı, əlindəki həmin dəyənəklə Bağır Piriyevə istənilən sayda zərbələr endirə bilərdi və ona bu niyyətini yerinə yetirməyə heç kim mane olmurdu. Lakin onun belə bir niyyəti olmadığı üçün əlindəki ağac dəyənəyi yerə tullayaraq, Bağır Piriyevin belindən tutmuş və onlar yerə yığılaraq süpürləşmişlər. Məlum hadisədən təxminən iki saat sonra, 3 saylı ŞKX-da Bağır Piriyevin başının yarılmış dərisinin cərrahi tikişi zamanı bizə məlum olmayan səbəbdən vəziyyəti qəflətən kəskin pisləşmiş və 10 dəqiqə ərzində ölmüşdür. Ən maraqlısı odur ki, Bağır Piriyevin xəstəxanada 10 dəqiqə ərzində ölməsinin səbəbləri nə 11 ay davam edən ibtidai istintaq zamanı , nə də 1 il 6 ay davam edən məhkəmə itintaqı zamanı məqsədli şəkildə araşdırılmamış və mərhuma tibbi yardım göstərmiş həkim heyətindən bir nəfər olsun belə indiyə kimi dindirilməmişdir. Hətta məhkəmə baxışı zamanı Bağır Piriyevin ölümü ilə bağlı verilmiş saxta və sifarişli ekspert rəyləri tədqiq edilməmiş, habelə müdafiə tərəfinin bununla bağlı vəsatətlər verməsinə baxmayaraq, bu rəyləri vermiş ekspertlər məhkəmə baxışında şahid qismində dindirilməmişdir”.

Akif Ağayev bildirir ki, “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12.12.2002-ci il tarixli 3 saylı qərarın 2-cü bəndinə əsasən, “Qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmişin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir”: “Elə isə sual olunur: Kənan Ağayev hansı əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etməli, hansı əməlinin (hərəkət və hərəkətsizliyinin) nəticələrini qabaqcadan görməli və həm də bunları arzu etməlidir? Mərhum Bağır Piriyev 2 kq zeytuna görə Kənan Ağayevi ağac dəyənəyin altına salıb çırpır və o da bu zorakılıqdan müdafiə olunur! Kimin döyüldüyünü və kimin döydüyünü hazırki cinayət işinə əlavə edilmiş saxta və sifarişli məhkəmə-tibbi ekspert rəylərində qeyd edilmiş və qeyd edilməmiş xəsarətlərin sayından rahat müəyyən etmək mümkündür. Təqsirləndirilən şəxsin əməlinin Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilməsi həm əsassız , həm qanunsuz , həm də müəmmalıdır. Kənan Ağayev bu dava-dalaş zamanı yalnız Bağır Piriyevə ona vurulan zərbələrdən xilas olmaq üçün sonuncunun əlindən aldığı həmin ağac dəyənəyi sağa-sola yellədib özünü müdafiə edərkən təsadüfən mərhuma bir zərbə ilə YÜNGÜL xəsarət yetirməsi ehtimat olunur. Buna görə işə baxan məhkəmə tərəfindən o , AR Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinmişdir”.

Maraqlıdır ki, Kənan Ağayevin Bağır Piriyevdən başqa kiməsə xəsarət yetirməsi təsdiq olunmur. “İşə baxan məhkəmə tərkibinin mövqeyini nəzərə alsaq, əgər Kənan Ağayev Filman Piriyevə xəsarət yetiribsə, onda Ramil Ağayev kimə xəsarət yetirib? Belə olan halda Ramil Ağayevin üzərində olan xəsrətləri ona kim yetirib? Əgər dava-dalaş zamanı Filman Piriyevin ənsə nahiyəsində olan yalançı xəsarəti Ramil Ağayev tərəfindən yetirməsinə görə, ona AR Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham elan edilmişsə, onda Kənan Ağayev kimə xəsarət yetirmiş və ona hansı əsasla AR Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham elan edilib? Nəzərə almaq lazımdır ki, Filman Piriyev barəsində verilmiş saxta və sifarişli məhkəmə-tibbi ekspert rəyinə əsasən , ənsə nahiyəsində olan 1 xəsarətə görə, onun barəsində sağlamlığına yüngül zərərvurmaya aid rəy verilib.

Yəni 1 xəsarət nəticəsində yaranmış hemotomaya görə, 2 nəfərə Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham elan edilməsi sadəcə gülüncdür”.
Akif Ağayev vurğulayır ki, həm ibtidai istintaq orqanı, həm də məhkəmə hadisənin aktiv iştirakçıları, həm də Ağayev qardaşlarına çoxsaylı xəsarətlər yetirən Filman Piriyev və Rəhman Əliyevi tam qanunsuz və əsassız olaraq cinayət məsuliyyətindən kənarda saxlayıb. “Bütün dəlil və sübutlar onua təsdiq edir ki, Kənan Ağayevin əməlində heç bir qəsd yoxdur, o mərhum Bağır Piriyevin zorakı hərəkətlərindən və qanunsuz tələblərindən müdafiə olunub. Mərhumun məlum zorakı hərəkətləri zamanı kəllə qapağının qırılması, hətta çatlamasına səbəb olmayan yeganə xəsarətdən ölməsi ibtidai istintaqın uydurmasından başqa bir şey deyildir və məhkəmə tərkibi məhkəmə istintaqı zamanı bu cinayətkar əməlləri ört-basdır etmək məqsədi ilə sözügedən ekspert rəylərini tədqiq etməyib. Məlum faktlar Kənan Ağayevin əməlinin Cinayət Məcəlləsinin 120.1 və 128-ci maddələri ilə tövsiv edilməsinin əsassız və qanunsuz olmasını təsdiq edir. Bu isə CPM-nın 399.1.4-cü maddəsinin tələbinə əsasən məlum hökmün ləğv edilməsi üçün əsasdır”.

Maraqlı məqamlardan biri odur ki, vəkillər məhkəmə prosesinin audiovizual aparılması ilə bağlı vəsadətlə çıxış etsələr də, məhkəmə bunu “məhkəmə iclasının protokolu yazılır” bəhanəsi ilə qəbul etməyib. Amma maraqlı olan bir başqa məsələ də odur ki, Kənan və Ramil Ağayevlərin vəkili olmaq üçün müraciət etmiş Akif Ağayev həmin gənclərin atası olması əsas gətirilərək, vəkillik hüququndan məhrum edilib. “Mənim vəkil kimi qəbul edilməməyim tamamilə qanunsuzdur.  Qeyd edim ki , Azərbaycan Respublikası Konstitusiyasının 66-cı  və AR Cinayət Prosessual Məcəlləsinin 20-ci maddəsinin tələbinə əsasən, mən ibtidai istintaq zamanı ifadə verməkdən imtina etmişəm, bu isə mənim şahid qismində dindirilməm demək deyil”.

Bu qəribə, həm də iki gəncin həyatını məhv etmiş hadisənin araşdırılması, oradakı qərəz, hüquq mühafizə orqanları və məhkəmənin ciddi qanunsuzluqlara yol verilməsi ilə bağlı digər detalları vəkil Akif Ağayevin dilindən eşidək:

Bildirirəm ki, mən hazırki cinayət işinin ibtidai istintaqında müdafiəçi qismində iştirakının təmin edilməməsi barədə qəbul edilmiş qərarlar AR CPM-nin 65.1-ci maddəsinin tələbinə əsasən, məlum cinayət işinin məhkəmə baxışında preyudisial xarakter daşımır və məhkəmə üçün heç bir məcburi qüvvəyə malik deyil. Belə ki, qeyd edilən hüquq normasının tələbinə görə cinayət prosesini həyat keçirən orqanın qərarı şəxsin cinayət təqibini istisna edən qərarlardan başqa, hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarılması ilə əlaqədar məcburi qüvvəyə malik deyil. Yəni məlum orqanların yalnız şəxsin cinayət təqibini istisna edən qərarları hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarılması ilə əlaqədar məcburi qüvvəyə malikdir.

AR CPM-nın 399.1.1-ci maddəsinin tələbinə görə , məhkəmənin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. AR CPM-nin 400.1 , 400.2 və 402.2.1-ci maddələrinin tələbinə əsasən, apellyasiya instansiyası məhkəməsində yeni sübutların tədqiqi zamanı məhkəmənin gəldiyi nəticələrin düzgünlüyünə təsir göstərən digər faktiki hallar müəyyən etdikdə bu məhkəmənin gəldiyi nəticələr üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması deməkdir. Məhkəmənin gəldiyi nəticələr üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması dedikdə , məhkəmə baxışında işin düzgün həll edilməsi üçün mühüm əhəmiyyətə malik olan halların təsdiq və ya təkzib edilməsi üçün şəxslərin dindiriməməsi , sənədlərin , maddi və ya digər sübutların tələb edilməməsi hesab edilir.

a) Məhkəmə tərkibi məhkəmə istintaqı zamanı gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən Əliyev Rəhman Elşən oğlunun anten dairələri göstərilməklə mobil telefon danışıqlarından çıxarışlar tələb etməmiş və məhkəmə baxışı zamanı müdafiə tərəfinin bu barədə verdiyi vəsatətlərini təmin etməmişdir. Rəhman Əliyev həm ibtidai, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrində bildirir ki, o, hadisə başa çatandan sonra məlum ərazidə olmuşdur. Buna baxmayaraq , Ramil və Kənan Ağayevlər , şahid-Orxan Niftullayev həm ibtidai, həm də məhkəmə istintaqı zamanı verdikləri ifadələrdə və zərərçəkmiş şəxsin hüquqi varisi Dilşad Piriyeva isə cinayət təqibinin ilk günündən Rəhman Əliyevin dava-dalaşda iştirak etməsi barədə müstəntiqə rəsmi surətdə məlumat vermişlər. Nəticədə , Rəhman Əliyev cinayət məsuliyyətinə cəlb edilməmiş , bu dava-dalaşın təşəbbüskarı Filman Piriyev isə nəinki cinayət məsuliyyətinə cəlb edilməmiş, hətta ibtidai istintaq orqanı tərəfindən tam qanunsuz və əsassız olaraq zərərçəkmiş şəxs kimi tanınmışdır.

b) Məhkəmə tərkibi məhkəmə istintaqı zamanı gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən müstəntiqin şübhəli şəxslərin dindirmə protokolların müddətlərinin saxtalaşdırılması faktını araşdırmamasıdır. Belə ki, Kənan Ağayevin dindirilməsi təxminən 29.09.2019-cu ildə saat 00:30 radələrində başa çatmış, lakin protokolda bu müddətin sonu 28.09.2019-cu il saat 21:40 dəqiqə qeyd edilmişdir. Ramil Ağayevin şübhəli şəxs qismində dindirilməsi təxminən 29.09.2019-cu ildə saat 01:30-da başa çatmış, lakin protokolda bu müddətin sonu 28.09.2019-cu il saat 23:20 dəqiqə qeyd edilmişdir.

Bu protokolların müddətlərinin saxtalaşdırılması faktı Kənan və Ramil Ağayevlərə təcili tibbi yardım göstərmiş həkim Əliyevanın raportu ilə təsdiqlənir.  Belə ki , Kənan  və Ramil Ağayevlərə dindirmə zamanı 29.09.2019-cu il tarixdə saat 00:20 dəqiqədə təcili tibbi yarım briqadası tibbi yardım göstərmişdir.

Bundan dərhal sonra Orxan Niftullayevin şahid qismində dindirilməsi başlanmış, lakin bu dindirmənin əvvəli 29.09.2019-cu il saat 10:00 dəqiqə və sonu isə 12:00 dəqiqə qeyd edilmişdir. Bu faktların təsdiqi və ya təkzibi üçün yuxarıda adları qeyd edilmiş şəxslər məhkəmə araşdırması zamanı məlum hallarla bağlı dindirilməmişdir.

c) Məhkəmə tərkibi məhkəmə istintaqı zamanı gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən Xətai RPİ-nin 35 saylı PB-nin foyesində 28.09.2019-cu il tarixdə saat 12:00 radələrində mərhum Bağır Piriyevlə bağlı faktları əks etdirən videogörüntünün əldə edilməməsinə dair faktları araşdırmamış və bu barədə müdafiə tərəfinin verdiyi vəsatətləri təmin, habelə tədqiq etməmiş və həmçinin həmin sübutlara hüquqi qiymət verməmişdir. Hərçənd ki, bu barədə müstəntiq Xətai Rayon Polis İdarəsinə 01.10.2019-cu il tarixli Əməliyyat tapşırığı ilə müraciət etmişdir. Məlum Əməliyyat tapşırığına cavab isə təxminən 6 aydan sonra Xətai RPİ həmin videogörüntünün təqdim edilməməsi barədə ibtidai istintaqa 13.03.2020-ci il tarixli saylı məlum olmayan məktub təqdim etmişdir. Məlum Əməliyyat tapşırığının icrası ilə bağlı Xətai RPİ-nin belə qeyri-peşəkar davranması inandırıcı deyildir. Həmin videogörüntü və məlum hadisədən sonra Xətai RPİ-nin 35 saylı PB-ə gedən zaman Bağır Piriyevin polis maşınında çəkdiyi selfi fotoşəkllə onun sap-sağlam olması, həyatı və sağlamlığı üçün hər hansı təhlükənin olmaması təsdiqlənir.

ç) Məhkəmə tərkibi məhkəmə istintaqı zamanı gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən Bağır Piriyevin ölməsi ilə bağlı 3 saylı ŞKX-dan ibtidai istintaqa təqdim edilmiş tibbi sənədlərin hazırki cinayət işinə əlavə edilməsinə dair müdafiə tərəfinin vəsatətlərinin təmin edilməməsinin səbəblərini araşdırmamış , bu vəsatətləri sübut kimi tədqiq etməmiş və onlara hüquqi qiymət verməmişdir. Halbuki , müdafiə tərəfi bu barədə Xətai rayon prokurorluğuna 28.10.2019-cu və 29.10.2019-cu il tarixli vəsatətlərlə müraciət etmişdir. Hesab edirəm ki , Bağır Piriyevin ölümünün səbəblərini tam, obyektiv və qərəzsiz araşdırılması, habelə həmin sənədlərdə təqsirləndirilən şəxslərin xeyrinə olan faktların müstəntiq tərəfindən saxtalaşdırılmasının qarşısının alınması üçün 3 saylı ŞKX-dan götürülmüş tibbi sənədlərin təsdiqlənmiş sürətləri məhkəmə tərəfindən alınıb hazırki cinayət işinə əlavə edilməlidir. Çünki Bağır Piriyevin 10 dəqiqə , yəni 12:45-12:55 dəqiqə ərzində müayinə zamanı başından aldığı və dərəcəsinə görə YÜNGÜL olan yeganə xəsarətdən qəflətən ölməsi qeyri-mümkündür. Təcrübəli neyrocərrah həkimlərin mövqeyinə görə, məhrumun beyninə qan sızması fərz edilsə belə, onun bu səbəbdən qəflətən ölməsi mümkün deyil. Mərhumun beyni əzildiyi təqdirdə isə onun həkim müayinəsinə kimi yaşaması, habelə sərbəst hərəkət etməsi mümkünsüzdür.

d) Məhkəmə tərkibi məhkəmə istintaqı zamanı gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən “cinayət aləti olan ağac dəyənəyin naturada və fotoşəkillər şəklində təqsirləndirilən və zərərçəkmiş şəxslərə , şahidlərə , habelə hal şahidlərinə tanınmaya təqdim edilməsi barədə” 25.01.2022-ci il tarixli müdafiə tərəfinin vəsatətlərini elan etməmiş , həmin vəsatətləri sübut kimi tədqiq etməmiş və onlara hüquqi qiymət verməmişdir.

Sözügedən cinayət işinin materialları ilə tanış olduqda məlum oldu ki, müstəntiq məhrum Bağır Piriyevin hadisə yerinə özü ilə gətirdiyi ağac dəyənəyi ağac budaqla dəyişdirmiş və cinayət işinin materiallarına əlavə edilmiş məlum ağac burağını güya Kənan Ağayev hadisə zamanı yerdən götürmüşdür. Bununla da müstəntiq Kənan Ağayevi etmədiyi cinayətdə ittiham etməklə bağlı uğursuz cəhd etmişdir. Hazırki cinayət işinə əlavə edilmiş ağac budaqla bağlı bütün sübutlar və ekspert rəylərində onun diametri 10 santimetr göstərilmişdir. Əslində isə ibtidai istintaqın başa çatması ilə əlaqıdar həmin ağac budağa baxış keçirərkən, onun diametrinin 3.5 santimetr olduğu  müəyyən edilmişdir.

Məhkəmə tərkibi məhkəmə istintaqı zamanı gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bu faktın təsdiqi üçün müdafiə tərəfinin “cinayət aləti olan ağac dəyənəyin naturada və fotoşəkillər şəklində təqsirləndirilən və zərərçəkmiş şəxslərə, şahidlərə, habelə hal şahidlərinə tanınmaya təqdim edilməsi barədə” 18.01.2022-ci il tarixli vəsatətlərin təmin etməsi kifayət idi.

ə) Məhkəmə tərkibi məhkəmə istintaqı zamanı gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən Bakı şəhəri Xətai rayon prokurorluğunun inzibati binasında müstəntiq Məhərrəm Əzizbəyovun xidməti otağında 28.09.2019-cu il tarixdə mərhum Bağır Piriyevin hadisə yerinə özü ilə gətirdiyi ağac dəyənəyə maddi sübut kimi baxış keçirilərkən çəkilmiş fotoşəklin hazırki cinayət işinin materiallarına əlavə edilməsi barədə verilmiş 15.02.2022-ci il tarixli vəsatət sübutların tədqiqi zamanı elan etməmiş, araşdırmamış, habelə həmin vəsatəti sübut kim tədqiq etməmiş və bu fotoşəkli maddi sübut kim qiymətləndirməmişdir.

Məlumat üçün bildirirəm ki , 28.09.2019-cu il tarixdə müstəntiq-Məhərrəm Əzizbəyovun xidməti otağında Kənan və Ramil Ağayevlərin üzərində olan xəsarətləri əks etdirən fotoşəkillərlə yanaşı, mərhum-Bağır Piriyevin hadisə yerinə özü ilə gətirdiyi ağac dəyənəyə maddi sübut kimi baxış keçirilərkən onun fotoşəkli çəkilimişdir. Hazırki cinayət işinin ilkin araşdırılması zamanı mühüm əhəmiyyət kəsb etmədiyi üçün məlum fotoşəkil istisna olmaqla , Kənan və Ramil Ağayevlərə yetirilmiş xəsarətləri əks etdirən fotoşəkillər indiyə kimi dəfələrlə şikayət ərizələrinə, habelə hazırki cinayət işinin materiallarına əlavə edilmişdir. Mərhum Bağır Piriyevin hadisə yerinə özü ilə gətirdiyi ağac dəyənəyin fotoşəklinin çəkilməsinə dair sübutun müdafiə tərəfində olması barədə ittiham tərəfinin təbii ki, məlumatı yox idi. Hesab edirəm, məhz bu səbəbdən prokurorluq orqanının vəzifəli şəxsləri etmədiyi cinayətdə Kənan Ağayevi ittiham etmək məqsədi ilə ağac dəyənəyi ağac budaqla dəyişdirmişlər.

e) Məhkəmə tərkibi məhkəmə istintaqı zamanı gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən Bağır Piriyevin qəfləti ölümü ilə bağlı təcili tibbi yardım briqadası daxil olmaqla ona tibbi yardım göstərmiş 3 saylı ŞKX-nın tibb işçilərinin dindirilməsi barədə müdafiə tərəfinin vəsatətlərinin təmin edilməməsinin səbəblərini araşdırmamış, həmin vəsatətləri sübutların tədqiqi zamanı elan etməmiş, məlum vəsatətləri tədqiq etməmiş və elan edilmiş ittihamla bağlı ədalətli, habelə qanuni hökmün qəbul edilməsi üçün bu fakta hüquqi qiymət verməmiş və həmçinin məhkəmə baxışı zamanı müdafiə tərəfinin müvafiq vəsatətlərini təmin etməmişdir.

f) Məhkəmə tərkibi məhkəmə istintaqı zamanı gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən Bağır və Filman Piriyevlər , habelə Kənan və Ramil Ağayevlər barəsində verilmiş saxta və sifarışli məhkəmə-tibbi ekspertiza rəylərini elan etsə də, həmin rəyləri araşdırmamış, hərçənd, qəbul edilmiş hökmdə məlum rəylərin araşdırılması barədə saxta məlumat vermişdir. Məhkəmə tərkibinin bu fəaliyyəti yalnız təəccüb doğurur! Hazırki cinayət işi üzrə verilmiş saxta və sifarişli məhkəmə-tibbi ekspert rəylərinin araşdırılmaması və onların tədqiq edilməməsi məqsədi ilə ekspertlərin məhkəmə baxışında dindirilməsi barədə müdafiə tərəfinin verdiyi vəsatətləri , habelə digər kobud prosessual pozuntuları nəzərə alaraq , müdafiəçilər hazırki cinayət işinin məhkəmə baxışı zamanı məhkəmə tərkibinə 2-ci dəfə etiraz etmiş və bu etirazın da baxılmamış saxlanması barədə məhkəmə tərkibi tərəfindən qanunsuz qərar qəbul edilmişdir.

Mərhum Bağır Piriyev barəsində verilmiş 73 saylı 23.10.2019-cu il tarixli və 13.02.2020-ci il tarixli T50/50 saylı rəylərdə ekspertlər mərhumun üzərində olan xəsarətlər-başın təpə nahiyəsinin əzilmiş yarası, sağ gicgah-təpə nahiyəsinin və sağda yuxarı ənsə nahiyəsinin qançırları, sağ diz oynağı nahiyəsinin sıyırığını dərəcəsinə görə ümumilikdə sağlamlığa AĞIR zərərvurmaya aid etmiş və ölümün səbəbini bu xəsarətlərlə səbəbli əlaqəli olmasını təsdiq etmişlər. Lakin AR Nazirlər Kabinetinin “Ağır, az ağır və yüngül xəsarət növlərinin Siyahısı”nın təsdiq edilməsi barədə 01.08.2014-cü il tarixli 269 saylı qərarına əsasən, yuxarıda qeyd edilmiş xəsarətlər sağlamlığa AĞIR zərərvurmaya aid edilməmişdir.
Həmin saxta rəylərlə müəyyən edilir ki, Bağır Piriyevin baş nahiyəsindən aldığı xəsarətlər onun kəllə tağı sümüklərinin daxili və xarici sınığına, çatlamasına səbəb olmamışdır. Xəstəxanada müayinə zamanı mərhum-Bağır Piriyevin baş nahiyəsinin rentgen şəkli çəkilmiş və heç bir patalogiya aşkar olunmamışdır.

Bildirirəm ki, Bağır Piriyevin ölümünün səbəbi qeyri-rəsmi sürətdə 30.09.2019-cu il tarixdən tərəfimizdən müəyyən edilmişdir. Qeyd edim ki , məlum xəstəxanada mərhumun başından aldığı yeganə yüngül xəsarətin cərrahi tikişi zamanı ona ağrıkəsici iynə vurulmuş, həmin  iynə onu şoka salmış və bu səbəbdən o, infark keçirərək ölmüşdür. Əks təqdirdə,  Bağır Piriyevin başına məlum zərbədən qan sızsaydı, o halsız olmalı, özündən getməli, ürəyi bulanmalı, qusmalı, nitqində qusurlar yaranmalı, bir müddətdən sonra isə komaya düşməli idi. Əgər mərhumun baş beyni əzilibsə onda o, hadisə yerində dərhal ölməli və ya sərbəst surətdə hərəkət etmək iqtidarında olmamalıdır. Bu çoxsaylı neyrocərrah həkimlərin mövqeyidir. Qeyd edim ki, ibtidai istintaq materallarına əlavə edilmiş sübutlar bu halların heç birini təsdiq etmir.

Bundan əlavə , Bağır Piriyevin döş qəfəsi və qarın boşluğu yarılmamış və müvafiq bionümunələr götürülmədən məlum ekspert rəyləri verilmişdir. Bu faktları cinayət işinə əlavə edilmiş fotoşəkillər də təsdiq edir. Məlum faktların doğruluğunu təsdiq etmək məqsədi ilə müdafiə tərəfinin “meyitin qəbirdən çıxarılması (ekshumasiyası) barədə” vəsatətləri həm Xətai rayon prokurorluğu, həm də məhkəmə tərkibi tərəfindən təmin edilməmişdir.
Bağır Piriyev hadisə yerinə özü ilə gətirdiyi ağac dəyənəklə Kənan Ağayevə müxtəlif dərəcəli çoxsaylı bədən xəsarətləri yetirmişdir. Amma , Kənan Ağayevin başında olan 2 hemotoma və digər xəsarətlər ekspert rəyində qeyd edilməmişdir. Baxmayaraq ki, qeyd olunan xəsarələrin mövcudluğu cinayət işinə əlavə edilmiş sübutlarla təsdiqlənir. Nəticədə, Kənan Ağayev barəsində aldığı xəsarətlər dərəcəsinə görə sağlamlığa zərərvurmaya aid edilməyən saxta və sifarişli 978 saylı 02.10.2019-cu il tarixli ekspert rəyi verilmişdir.

Filman Piriyev ilkin olaraq tək, bir müddət sonra hadisə yerinə gəlmiş Rəhman Əliyevlə birlikdə Ramil Ağayevə müxtəlif dərəcəli çoxsaylı bədən xəsarətləri yetirmişdir. Amma, Ramil Ağayevin başında olan 2 hemotoma və digər xəsarətlər verilmiş ekspert rəyində qeyd edilməmişdir.

Baxmayaraq ki, qeyd olunan xəsarətlərin mövcudluğu cinayət işinə əlavə edilmiş sübutlarla təsdiqlənir. Nəticədə, Ramil Ağayev barəsində aldığı xəsarətlər dərəcəsinə görə sağlamlığa zərərvurmaya aid edilməyən saxta və sifarişli 979 saylı 02.10.2019-cu il tarixli ekspert rəyi verilmişdir.
Filman Piriyevin üzərində heç bir xəsarət olmadığı halda, qoluna yalandan qips qoydurmuşdur. Filman Piriyevin ənsə nahiyəsində güya 1 (bir) hemotoma olmasına görə, ekspert ona vurulmuş xəsarəti dərəcəsinə görə sağlamlığa YÜNGÜL zərərvurmaya aid etmiş və bu barədə 980 saylı 30.10.2019-cu il tarixli saxta ekspert rəyi vermişdir. Cinayət işinin materialları ilə tanış olduqda məlum oldu ki, Filman Piriyevin ənsə nahiyyəsində aldığı xəsarətlə bağlı cinayət işinin materiallarına hər hansı bir sübut əlavə edilməmişdir.

Sədrlik edən hakim Rasim Sadıxov məhkəmə baxışı zamanı sübutların tədqiqi mərhələsində yuxarıda qeyd edilmiş ekspert rəylərini elan etdi və özü də həmin rəylərin nəticələrinin düzgünlüyünü təsdiq etdi. Hesab edirəm, hakim Rasim Sadıxov tərəfindən məhkəmə-tibbi ekspert rəylərinin bu qaydada tədqiq və araşdırılması cinayət-prosessual qanunvericiliyində yenilikdir və bu 1 il 6 ay davam edən məhkəmə baxışının bir o qədər də uzanmasının qarşısını almışdır. Əhsən, belə sübutların araşdırılmasına! (JAMAZ.İNFO)

(Ardı var)

AZƏRBAYCANREALLIĞI.COM     

Bizimlə əlaqə saxlayın