"Dəmirbank"ın xanım filial müdirinə 8 illik həbs cəzası verildi - 3 milyonluq mənimsəmə

05, 07, 18
17:07

"Dəmirbank"ın xanım filial müdirinə 8 illik həbs cəzası verildi - 3 milyonluq mənimsəmə

"Dəmirbank"ın xanım filial müdirinə 8 illik həbs cəzası verildi - 3 milyonluq mənimsəmə

Külli miqdarda mənimsəmədə ittiham edilən şəxslər növbəti dəfə hakim qarşısına çıxarılıb.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən "Dəmir Bank" ASC-nin Bayıl filialının sabiq müdiri Fərəh Rəşadətli, xəzinədarı Tamamgül Xanlarova və bankın əməkdaşı Fariz Qarayevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən Fərəh Rəşadətli 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdə bankın ev dustaqlığında olan əməkdaşı Fariz Qarayevin aylıq əmək haqqısından 20 faiz tutulması, bankın hazırda ev dustaqlığında olan xəzinədarı Tamamgül Xanlarovanın isə 1000 manat cərimələnməsi qeyd edilib.
İttihama əsasən F.Rəşadətli "Dəmir Bank" ASC-nin Bayıl filialının sabiq müdiri vəzifəsində çalışarkən qulluq mövqeyindən istifadə etməklə Əzizə Axundovaya məxsus 1 milyon 225 min manatı ələ keçirib. Ə.Axundova həmin məbləği banka depozit kimi qoymaq istəyirmiş. İttihama görə, F.Rəşadətli həmin məbləği sənədləri saxtalaşdırma yolu ilə ələ keçirib.
İttihama görə, F.Rəşadətli eyni üsulla Bəhruz Axundovu da aldadıb. Belə ki, onun 800 min manatını ələ keçirib. İttiham aktında yazılır ki, F.Rəşadətli eyni dələduzluq əməlləri ilə Əliyeva Pərvanənin 400 min, Gülnur Axundovanın 300 min, Sevda Xəlilovanın 300 min, Firəngiz Məmmədlinin 150 min dollarını, Ruslan Qasımovun isə 100 min dollarını ələ keçirib.
F.Rəşadətli ittiham üzrə qismən təqsirli bildiyini söyləyir. Digər təqsirləndirilən Fariz Qarayev və T.Xanlarova isə özünü qismən təqsirli bildiklərini söyləyirlər.
Qeyd edək ki, F.Rəşadətli Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə), 179.3.2-ci (mənimsəmə; külli miqdarda törədildikdə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), F.Qarayev və T.Xanlarova isə 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə ittiham edilirlər.
Təqsirləndirilən şəxslərdən F.Rəşadətli məhkəmənin hazırlıq iclasında həbs edilib. Digər şəxslər barəsində isə polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib.
Cinayət işində 8 nəfər zərərçəkmiş var. İttihama görə, həmin şəxslərin 3 milyon manata yaxın pulu ələ keçirilib.
İlkin Muradov,
Musavat.com

Bizimlə əlaqə saxlayın