''Bölmədə alışqanla bədənimi yandırırdılar ki, ölüm işini boynuma götürüm''

01, 02, 19
20:46

''Bölmədə alışqanla bədənimi yandırırdılar ki, ölüm işini boynuma götürüm''

SÉfÉr ÆliyevÉ verilÉn iÅgÉncÉnin rÉsmi
77 yaşlı kişinin ölümündə ittiham olunan qonşu, mobil telefon danışıqlarıyla bağlı cədvəlin saxtalaşdırılması...

“Məni polis bölməsində dəyənəklə döyürdülər, işgəncə verirdilər. Sinəmi, qoltuqlarımın altını, ayaqlarımın arasını, arxamı alışqanla yandırırdılar. Deyirdilər, qol çək ki, “qonşunu sən öldürmüsən, içində sənədlər və 500 manat pul olan pulqabını sən aparmısan”. Deyirdim, axı bunu mən eləməmişəm, necə boynuma götürüm?!”, - deyə 4 gün öncə həbsdən çıxan Səfər Əliyev başına gələnləri Meydan TV-yə danışır.
Onun yenidən həbs olunmaq ehtimalı var. Çünki Binəqədi Rayon Məhkəməsi yanvarın 28-də onun həbsdən buraxılması barədə qərar çıxarsa da, prokurorluq bu qərardan protest verib. Bugünlərdə Bakı Apelyasiya Məhkəməsi protestə baxıb qərar verəcək.

Qonşusu – 77 yaşlı Ələsgər Dadaşovu qətlə yetirməkdə ittiham olunan S.Əliyev deyir ki, onun ölümündən xəbərsizdir. Amma polis bölməsində ona günlərlə işgəncə verib, qətli boynuna qoymaqla, yeddi ay nahaqdan həbsdə saxlayıblar.

Hadisə Binəqədi rayonu, 7-ci mikrorayonda – Süleyman Sani Axundov küçəsi ev 5/34 ünvanında baş verib. Mərhum Ə.Dadaşov binanın ikinci, S.Əliyev isə beşinci mərtəbəsində yaşayır.

S.Əliyevin yaxınları danışır ki, hadisədən sonra təxminən bir ay hüquq-mühafizə orqanları cinayəti törədənləri tapmağa çalışıblar. Cinayətlərin açılmasıyla bağlı yarımillik hesabat vermə ərəfəsində - iyunun 22-də S.Əliyevi tutublar ki, sən öldürmüsən.

S.Əliyev əlildir, həbsindən sonra keçirilən ekspertiza da onda “az ifadəli üzvi şəxsiyyət pozuntusu” formasında psixi patologiya müəyyən edib. Yaxınları da bu fikirdədir ki, Səfər Əliyevin sağlam olmamasından istifadə edərək, onu qurban seçiblər.

Belə rəsmiləşdirilib ki, S.Əliyevin corabı yuxarıdan qonşunun eyvanına düşüb. Gəlib mərhumdan corabını alandan sonra onu bir əlinin baş və ikinci barmağıyla tutub boğub.

S.Əliyev deyir ki, ona işgəncə altında bu ifadəyə imza atdırıblar. Sonra mərhumun evinə aparıb, orada videoçəkiliş də ediblər: “Öyrədirdilər deyim ki, iki barmağımla boğazından tutmuşam, sıxmışam. Sonra da itələyib yerə yıxmışam. Birinci dəfə məni mənzilə apardılar, dediklərini təkrarladım. Çəkiliş qurtardı, çölə çıxanda mənim yanımda olan vəkilə pıçıldadım ki, Allaha and olsun, mən öldürməmişəm. Məni o evə apardıqları maşın vardı, mənə işgəncə verən əsas adam idi onu sürən. Məni “tok”a verirdilər, gözlərimi “skoç”la bağlamışdılar. Gah silahla hədələyirdilər. Belə yollarla mənə o kağızlara qol çəkdiriblər, video qarşısında danışdırıblar”.

Vəkil Adil İsmayılov S.Əliyevin müdafiəsinə onun həbsindən bir neçə ay sonra qoşulub. İşin halları, müəyyən sənədlərlə tanış olandan sonra vəkildə də əminlik yaranıb ki, bu adam təqsirsizdir. A.İsmayılov təqsirsiz adamın nahaqdan cəzalandırılmaması üçün Baş prokuror Zakir Qaralova da müraciət ünvanlayıb, istintaqın yol verdiyi qanunsuzluqların araşdırılmasını istəyib.

Vəkilin sözlərinə görə, Səfərlə elə ilk görüşlərində müvəkkili ona bu ölüm işindən xəbərsiz olduğunu deyib. A.İsmayılov onun dediklərini araşdırmaq məqsədilə müstəntiqə müraciət edib ki, tanış olmaq hüququ olan sənədlər verilsin, onlara baxsın. Amma müxtəlif bəhanələrlə müstəntiq Mobil Şəfiyev sənədləri təqdim etməyib. Bir müddət sonra istintaqı aparan müstəntiq dəyişib. Vəkil müəyyən sənədlərlə tanış ola bilib.

“Səfər Əliyev iyunun 22-də saxlanılıb. Təqsirləndirilən qismində cəlb edilməsi üçün kifayət qədər əsaslar müəyyən edilmədiyindən iki gün sonra – iyunun 24-də onun buraxılması barədə qərar verilib. Amma görünür, Mobil Şəfiyevin Səfər Əliyevi azad etmək fikri olmayıb. Bu qərardan sonra baş verənlər isə prokurorluq adına və qanunçuluğa ləkədir”, - deyə A.İsmayılov bildirir.

İş materiallarına görə, həmin gün S.Əliyev azad ediləndən sonra evə gedəndə küçədə asayişi pozub, ona məhkəmənin qərarıyla 10 gün inzibati həbs cəzası verilib. Bu müddətdə, o, inzibati həbs olunanların saxlanması üçün nəzərdə tutulan təcridxanada yox, polis idarəsində saxlanılıb. Bu 10 sutkalıq cəzanın başa çatmasına az qalmış – iyunun 30-da onun ölüm işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunmasına dair qərar verilib.

Bu işdə diqqətçəkən məqamlardan biri də mobil telefon danışıqlarıyla bağlı saxtalaşdırmadır. İstintaq orqanının versiyası budur ki, S.Əliyev hadisəni törədəndən sonra gecə saat 1 radələrində atasıyla dəfələrlə telefonla danışıb, onlar gecə yer təyin edib görüşüblər. Atası deyir ki,
sadəlövhlüyündən istifadə edib, ona da belə yazdırıblar. İş materiallarına bu halı sübut edə biləcək mobil zənglərin qeydiyyat cədvəli də əlavə ediblər. Amma bu cədvəl mobil operatorlardan alınmayıb. Ona görə də vəkilin vəsatəti əsasında mobil operatorların özlərinə də sorğu göndərilib. Operatorların təqdim etdiyi cədvəldən isə hadisə günü gecə saatlarında ata ilə oğul arasında telefon zənginin olmadığı görünür:

“Təkidimizdən sonra Binəqədi Rayon Prokurorluğu mobil operatorlardan Səfər Əliyevlə atasının telefon danışıqlarının çıxarışını aldı. Məlum oldu ki, onların arasında istintaqın qeyd etdiyi danışıq, ümumiyyətlə, olmayıb. Bundan sonra dedilər ki, guya sənədlərdə gecə ilə gündüz danışıqları səhv düşüb, Səfər Əliyev atası ilə gündüz dünışıb, lakin səhvə görə istintaqçılar həmin səhvi gecəyarısı kimi qəbul ediblər. Yəni bu sübutun da heç bir əsası olmadığı, əslində saxta olması üzə çıxdı”.

S.Əliyev haqqında qətl hadisəsilə bağlı həbs-qətimkan tədbiri seçilərkən, o, Binəqədi rayon Məhkəməsində hakimə də deyib ki, günahsızdır, cinayəti işgəncə yoluyla onun üzərinə atırlar. Hakim Rəşad Əliyev onun söylədiklərini nəzərə alaraq, istintaq orqanının istədiyi kimi, 4 ay yox, 1 ay müddətinə həbs-qətimkan tədbiri seçib. Qərarında da yazıb ki, S.Əliyev məhkəmədə özünü təqsirli bilməyib, Binəqədi rayonu, 5-ci polis bölməsinin əməkdaşları tərəfindən işgəncə və təzyiqə məruz qaldığından etirafedici ifadə verib.

“Məhkəmə iclasında təqsirləndirilən şəxs Səfər Əliyev bildirdi ki, şübhəli şəxs qismində saxlanılarkən 5-ci polis bölməsinin əməkdaşları müvəqqəti saxlama yerində ona qarşı ləyaqəti alçaldan, qeyri-insani rəftar edib, ona işgəncə verilib. Hesab edirəm ki, təqsirləndirilən şəxs tərəfindən ona qarşı polis əməkdaşlarının qanunsuz hərəkətlər etməsinə dair verdiyi məlumatlar araşdırma aparılması üçün aidiyyəti üzrə ibtidai istintaqa prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməlidir”, - deyə hakim prokurorluqdan S.Əliyevin şikayətinin araşdırılmasını istəyib. Qərar prokurorluğa da göndərilib, amma indiyədək nəticə yoxdur.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın