HODCUN KÖHNƏ AZƏRBAYCAN “SEVGİSİ”...

Köşə
 6-03-2022, 11:32     330



Ayşən Aslan-Məmmədli

Bakı Dövlət Universiteninin müəllimi; “Qarabağa dönüş” ictimai birliyinin “Beynəlxalq məsələlər” şöbəsinin əməkdaşı
Marqaret Hodcun İngiltərə parlamentində səsləndirdiyi fikirləri ölkəmizə qarşı təxribat olmaqla bərabər, həm də Avropadakı ermənipərəst dairələrin yaranmış böhran ətrafında fürsətcilliyi kimi dəyərləndirmək olar.

Xanım Hodc Ukrayna böhranı səbəbindən Rusiyaya qarşı yönəlmiş kəskin beynəlxalq ictimai rəyi heç bir əsas olmadan ölkəmizə qarşı da yönəltmək istəyir.

Məqsəd aydındır, İkinci Qarabağ müharibəsindən qalib çıxan ölkəmizin mövqelərini zəiflətmək, post münaqişə dövrünün həll olunmamış problemlərini Ermənistanın və bu ölkəni himayə edən dövlətlərin maraqlarına uyğun nizamlamaq.

Əslində isə Ukraynada Rusiyanın hərbi müdaxiləsi ilə başlanan müharibə ətrafında ölkəmizin mövqeyi xanım Hodcun ittihamlarından kəskin fərqlənir. Azərbaycan Rusiya ilə müttəfiqlik fəaliyyəti haqqında bəyannamə imzalasa da bu, ölkəmizin münaqişədə tərəf tutması anlamına gəlməməlidir.

Bakı və Kiyev arasında da strateji tərəfdaşlıq münasibətləri var və iki ölkə davamlı olaraq müxtəlif sahələrdə əlaqələrini inkişaf etdirir.

Yanvar ayında, Ukrayna böhranının şiddətlənən vaxtında belə ölkə başçısı Kiyevə rəsmi səfərə getməklə bu ölkənin ərazi bütövlüyünə, suverenliyinə növbəti dəfə dövlət olaraq dəstəyimizi ifadə etdi.

Nəhayət, müharibə başladıqdan sonra iki ölkə prezidentinin telefon danışığı və bu danışıqdan sonra Zelenskinin ölkə başçımıza humanitar, tibbi yardıma, dəstəyə görə təşəkkür etməsi dövlətlərimiz arasında münasibətlərin hansı səviyyədə olduğunu təsdiq edir.

Bu günlərdə Volodimir Zelenskinin Bakını Rusiya ilə aparılacaq danışıqlarda məkan olaraq şəhərlərlərdən biri kimi təklif etməsi də rəsmi Kiyevin ölkəmizə münasibətini nümayiş etdirir. Belə olan halda Marqaret Hodc ölkəmizə qarşı Rusiyanın müttəfiqi kimi sanksiyalar təklif etməsini ifrat qərəzin nümunəsi kimi qəbul etmək olar.

Bu arada, xanım Hodca Rusiya-Ukrayna müharibəsi ilə bağlı Ermənistanın da mövqeyinə nəzər salmağı tövsiyyə edərdik. Rusiya əleyhinə tətbiq olunan sanksiyalara qarşı çıxan və Moskva ilə eyni hərbi-siyasi blokda təmsil olunan Ermənistana.

Son günlərdə Rusiyanın Avropa Şurasından çıxarılmasını nəzərdə tutan səsvermədə buna qarşı çıxan yeganə dövlət(Rusiyadan başqa) Ermənistan oldu.

Azərbaycan balanslaşdırılmış xarici siyasət həyata keçirir və bu siyasətin mahiyyəti tələb edir ki, milli maraqlar gözlənilməklə Rusiya Federasiyası ilə də münasibətlər inkişaf etdirilsin. Mürəkkəb geosiyasi yerləşmə və hazırda post sovet məkanında cərəyan edən təhlükəli proseslər ölkəmizi Rusiya ilə kifayət qədər ehtiyatlı mövqe sərgiləməyimizi tələb edir. Bununla bərabər, Rusiya imzalanan müttəfiqlik bəyannaməsi heç də Moskvanın bütün addımlarına dəstək kimi qəbul edilə bilməz. Həmin bəyannamənin 2-ci maddəsində qeyd olunduğu kimi ölkəmiz milli maraqlarına uyğun xarici siyasət həyata keçirməkdə sərbəstdir. 

Fikrimcə, bütün bu həqiqətləri xanım Hodc da bilir, sadəcə olaraq, ölkəmizə qarşı köhnə “sevgisi” onu Britaniya parlamentində belə bir absurd fikirlərlə çıxış etməyə sövq edir.

AZƏRBAYCANREALLIĞI.COM