ERMƏNİLƏRİN SAHİBLƏNDİYİ TARİXİ ABİDƏMİZ: ALAGÖZ KİLSƏSİ...

24, 02, 22
10:17

ERMƏNİLƏRİN SAHİBLƏNDİYİ TARİXİ ABİDƏMİZ: ALAGÖZ KİLSƏSİ...

Ermənilərin Araqats adlandırdıqları kilsənin adı Alagöz olmuşdur. Kilsə Alagöz dağının ətəyində gölün içindəki adada inşa edilmişdi. XIX əsrin sonlarında həmin kilsənin xarabası qalmışdı (Шопен 1852. s.25). 

Bundan başqa Türkiyədə Kars vilayətində Alagöz adlı qala var idi (Пагирев 1913. s.19).

İlkin mənbələrin tədqiqi göstərir ki, yalnız Albaniyadakı yox, Sevan gölü vadisindəki, Van gölü sahilindəki qədim kilsələri ermənilər yox, bizim xristian soydaşlarımız tikdirmişdir.

Musa Xorenlinin “Tarix”inin 1809-cu il nəşrində kilsə, dağ və qala Araqats yox, Alaqezia adlandırılır (Хоренский Моисей 1809. s.230). Alaqezia Alagöz xalqının ölkəsi deməkdir.

Urartu mixiyazılı mətnlərinin tədqiqatçısı M.V.Nikolski yazır ki, Alaqez, yəni Alagöz erməni sözü deyildir (Никольский 1896. s.81).
Erməni tarixçilərinin çoxundan fərqli olaraq L.M.Meliksetbekov hələ 1911-ci ildə yazırdı ki, Araqats dağının ilkin adı Alagöz olmuşdur. Alagöz dağının ətəyində nəhəng Oğuz qəbirləri var idi (Меликсетбеков 1911. s.123). 

Ruslar Cənubi Qafqazı tutandan sonra ermənilər həmin qəbirləri dağıtdılar.

Biz YUNESKO qarşısında məsələ qaldırmalı, dağıdılan tarixi abidələrimiz üçün Ermənistandan izahat tələb etməliyik.

Alagöz və Qaragöz Ön Asiyanın qədim türk etnoslarıdır. Onların çoxu sonralar xristianlıqdan üz döndərmiş, İslam dinini qəbul etmiş, türk və müsəlman olaraq qalmışdır. Onlar Qazi Bürhanəddinin zamanında Türkiyənin Sivas və Kayseri şəhərləri arasında yaşayırdılar (Yaşar Yücel 1994. s.27).

Alagöz yeganə kilsə deyil ki, ermənilər Araqats adlandırıb divar yazılarını pozmuş, salnamələrini tərcümə edib ilkin nüsxələri yandırmışlar.

Biz Elmlər Akademiyasında bu problemi diqqət mərkəzində saxlamalı, dövlət orqanlarımıza zəruri məlumatları təqdim etməliyik. Yaxşı olar ki, Mədəniyyət Nazirliyində kilsə və monastırlarımızla bağlı davamlı olaraq müzakirələr keçirilsin.

İlhami Cəfərsoy 

AZƏRBAYCANREALLIĞI.COM

Bizimlə əlaqə saxlayın