“Ana südünün əhəmiyyətinin təşviqi” istiqamətində layihəyə start verildi.

Köşə
 17-02-2022, 10:17     388


"Uşaqların Gələcəyi Naminə" İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Ana südünün əhəmiyyətinin təşviqi” ilə bağlı layihəyə start verib. 01 fevral 2022-ci il tarixdən başlayan layihənin icra müddəti 3 ay ərzində nəzərdə tutulub. 

Təşkilat sədri Könül Quliyevanın QHT.AZ saytına verdiyi məlumata görə layihənin əsas mahiyyəti körpəni ana südü ilə qidalandırmanın, onun sağlam böyüməsində və eləcə də ananın hamiləlikdən sonrakı dövrünün normal keçməsində əvəzolunmaz rolu və əhəmiyyəti barədə gənc qadınların  maarifləndirilməsindən ibarətdir. 

Mövzunun ictimai əhəmiyyətinə gəldikdə isə bir çoxumuza məlumdur ki, bu gün dünyanın öndə gedən ölkələri texniki-iqtisadi cəhətdən inkişaf etsə də, sağlam nəsil naminə ana südünün vacibliyini nəzərdən qaçırmırlar. Təəccüblü olsa da ABŞ başda olmaqla dünyanın 20-dən çox ölkəsində ana südü bankı fəaliyyət göstərir. Hər bir dövlətin gücünün onun vətəndaşlarının fiziki və intellektual sağlamlığından asılı olmasını nəzərə alsaq, körpələrin ana südü ilə qidalanmasının bizim cəmiyyətimiz və eləcə də dövlətimiz üçün böyük əhəmiyyət kəsb etdiyinin fərqində olarıq. Körpənin bədən və ruh sağlamlığı üçün ən uyğun qida, ananın öz südüdür.

QHT sədri onu da qeyd edib ki, sözügedən layihə çərçivəsində Bakı şəhərində yerləşən Şüa Sağlamlıq Mərkəzində “Ana südü körpənin sağlamlığının qızıl zəmanətidir” adlı təlimlər keçiriləcək. Təlimdə pandemiya şəraiti nəzərə alınaraq 15-20 nəfər gənc analar və subay xanımlar iştirak edəcək. Təşkilat sədri onu da əlavə etdi ki, təlim zamanı faydalananlara mövzunun əhəmiyyətliliyini əks etdirən bukletlər paylanılacaq.

AZƏRBAYCANREALLIĞI.COM