Plombirdən ata, şokoladdan ana düzəldirik

07, 02, 22
09:49

Plombirdən ata, şokoladdan ana düzəldirik


Sizə bildiyiniz sirri açım. Əslində, anamızın plovu ideala ən yaxını, nənəmizin əlindən çıxanlar isə dünyanın ən dadlı kotlet-pirojkisi deyil. Bəlkə də plombirdən tutmuş naringiyədək hər şey öz ləzzətində, ətrində qalıb. Amma biz toxunduğumuz nəsnələri tragikləşdirib özümüzə plombirdən ata, şokoladdan ana düzəldirik. Əslində, elə bizi xoşbəxt edən də şokoladın dadı deyil, onu bizə gətirənlərlə bağlı şirin xatirələrimizdir.

Qəribə nostalgiyası var insanın. Ana südünü əvəzlədiyi bütün dadların ayağına mükəmməlik emblemi yapışdırır. Əslində isə müqayisə etmək imkanımız olmayan heç nəyi alilik şkalasına vurmağa ixtiyarımız yoxdur. Bizə kotletin də, plombirin də dadını sevdirən anamızın, nənəmizin doğmalıq dərəcəsidir. Bir də dönə bilməyəcəyimiz, yaddaşımızın korlaşmayan körpə nöqtəsində həmişəyaşıl saxlamaq istədiyimiz, özümüzü indimizin ləzzətindən məhrum edib içində yaşamağa can atdığımız xatirələrimiz...

Elm də sübut edir ki, sən demə, bizi şokolad yox, onu ovcumuza qoyanlar xoşbəxt edir. Dünyanın bütün duzu tək anamızın əllərinə batmayıb.
Bizi ömrümüzün körpə çağında qoruyan ən güclü əllərin məharətini ilahiləşdirmişik. 

Məncə, gəncliyimiz də duyğularımızın ilk ağız dadı, bütün təcrübələrin ana vətənidir. Ona görə ən çox qovduğumuz da, odunu söndürməyə çalışdığımız da, qucağından qopub ayaqyalın qaçdığımız da gəncliyimizdir.

Gənclik illərimiz Pasternakın “Fevral” şeiri kimidir. Söz də vaxtına çəkər axı...

Fevralın bütün rənglərinə içinə-çölünə sığan enerjinin pəncərəsindən baxan şair ömrünü o misraları yeniləməyə həsr edir. Həyatı boyu hər misranın sözlərinin, hər kəlimənin hərflərinin tozunu silir. Yeniləyir, vurur, bölür toplayır, çıxır. Ömrünü tamamlayanda anlayır ki, ideal variant elə ilk nüsxə imiş. 

Ömrünü geri qaytarmasa da, şeiri üzərində allahlıq etməyə nail olur. Fevral yenidən gəncliyinə qayıdır. Və əslində aləmin dilində əzbərə çevrilən şeirlərimiz də, həyat prinsiplərimiz də, pis-yaxşı təcrübələrimizin, seçimlərimizin aqibəti də öz əlimizdədir. Rəqəmləri ömrümüzdən silib, içimizin qırışlarını açmaq bizim ixtiyarımızdadır.

Sizinlə eyni yaşı paylaşan dayılara, xalalara rəğmən, içinizdəki fevral körpəsini ananızın plovu, nənənizin kotleti ilə bəsləməyə davam edin. 

Leyla Sarabi 

AZƏRBAYCANREALLIĞI.COM

Bizimlə əlaqə saxlayın