Poladın anasından sui-istifadə edənlər...

17, 01, 22
12:38

Poladın anasından sui-istifadə edənlər...



Aynur Camalqızı

Şəhid generalımız Polad Həşimovun anasının məlum müsahibəsi ilə bağlı dünəndən başlanan müzakirələri narahatlıqla izləyirəm. Mövzuya haqlı olaraq, son dərəcə həssas münasibət var. Məsələnin haqsız görünən tərəfi odur ki, həmişə olduğu kimi, peşəkarların əvəzinə, diletantlar fəallıq göstərir - bildiklərini də danışırlar, bilmədiklərini də. Dəfələrlə deyilib, mövzu Ordumuzdursa, şəhidlərimizdirsə, onların ailə üzvləri, ailə gizlinləridirsə, həssas davranmaq, yeri gəldikdə isə susmağı bacarmaq lazımdır. Elə məsələlər var ki, onları yaymaq, ictimailəşdirmək, tirajlamaq olmaz. Daxili senzuramız buna imkan verməməlidir.

Kim öz ailə üzvlərinin, doğmalarının səhvlərindən, ayıblarından yazar, yayar? Bu günədək hansı biriniz etmisiniz bunu?! Etməzsiniz, etməməlisiniz, çünki “ev içində” çözülməli problemlər “el içinə” çıxarılmaz, çıxarılmamalıdır.

Bir misal çəkəcəm: illər öncə, jurnalistikaya yeni başlayanda çox məşhur, dünya miqyaslı bir sənət adamından müsahibə alırdım. Yüksək vəzifə tuturdu, kabinetində görüşdük. Çox yaşlandığını gördüm, bəlkə də ömrünün son aylarıydı. Mənə bilirsiniz nələr danışdı? Yeri yerindən oynadacaq sensasiyalar. Dedi ki, arvadım da, qızım da əxlaqsızdır. Bütün ömrümü onları düz yola çəkməyə həsr etdim. Onlara görə heç kəsin gözünün içinə baxa bilmədim. Hətta dəfələrlə Mərkəzi Komitəyə (Azərbaycan KP MK – red.) məktublar yazdım ki, icazə verin, arvadımı boşayım, belə yaşaya bilmirəm. Qoymadılar...”

Cəmi 20 yaşım vardı. Mən o vaxt bu söhbəti yazsaydım, bir günə məşhurlaşar, qəzetimiz bir anda tiraj qırar, ölkədə çox böyük rezonans doğurardı. Amma düşündüm ki, bunu yaymaq olmaz. Bu böyük insanın ad-sanına, şəninə-şöhrətinə, böyüklüyünə, sanbalına kölgə salmaq bizə düşməz.

Ona görə diktafondan nələri yaymaq olardısa, onları köçürdüm. Xüsusi maraq doğurmayan bir müsahibə kimi çap olundu.

Bir misal da çəkim: bu günlərdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babyev media rəhbərləri ilə görüşürdü. Görüşün mediaya açıqlanmayan hissəsində çox maraqlı söhbətimiz oldu, suallarımızı cavablandırdı. Dedi ki, şəhid və qazi ailələrinin problemləri ilə bağlı cəmiyyətin həssaslığını başa düşürəm və sayğı ilə qarşılayıram. Narazılıqlar var, yayılır, hamı ƏƏSMN rəhbərliyini günahlandırır. Ancaq siz bilmirsiniz ki, o ailələrin problemlərini həll etmək üçün biz nələr edirik. Amma bir həddə qədər. Biz onların yox, bizim haqlı olduğumuzu göstərmək üçün həqiqətləri deməliyik, o ailələrin daxilindəki konfliktlərin detallarını açıqlamalıyıq. Ancaq mən işçilərimə birmənalı göstəriş vermişəm ki, bunları qətiyyən etmək olmaz. Qoy məni, nazirliyi günahlandırsınlar, ittiham etsinlər, amma şəhidlərimizin ruhu incidilməsin, əzilməsin...

Yəni bəzən fərd olaraq haqsız yerə ittiham da edilsən, təhqir də edilsən, dözüb-dayanıb, səssiz qalmaq lazımdır. Çünki susmaqla dəyərlərimizi mühafizə etmiş, qorumuş oluruq. Biz bəzi şəxsi məsələlərin - ifadələri son dərəcə ehtiyatla seçməyə cəhd edirəm – üstündən sükutla keçəndə şəhidlərimizin ruhuna yüksək ehtiramımızı göstərmiş olarıq. Bizimçün önəmlisi onların varlıqlarıdır, mövcudluqlarıdır. Axı onlar diridirlər, bizi görürlər, eşidirlər, hiss edirlər. Onların əziz ruhunu incitməyə, küsdürməyə nə haqqımız var?

Onlardan, onların yüksəkliyindən başqa nə söz-söhbət varsa, inanın ki, ictimailəşdirilməyə haqq etmir. Gücünüz, təpəriniz çatırsa, yerindəcə həll edin, bir Şəhid Anası narazıdırsa, hansısa məsələ ilə bağlı narahatlığı varsa, müvafiq icra orqanlarını məlumatlandırın, qoy, araşdırsınlar, həll etməyə çalışsınlar. Onlar etməsələr, daha yuxarı instansiyalara müraciət edin. Axı bu ölkədə əlçatmaz heç bir məmur, heç bir qurum yoxdur. Amma bu qədər ağrı-acının, dərdin-problemin arasında lazım olmayan söhbətləri tirajlamaqla, bir ananın ürəyinə yalan-yanlış məlumatlarla şübhə toxumları əkib, onu qızışdırıb, özündən çıxarıb danışdırmaqla dəyərlərimizə nə boyda, nə səviyyədə zərbə vurusunuz, fərqindəsinizmi?
Fərqində deyilsinizsə, çox pis. Əlinə mikrafon alıb Şəhid Anasının – özü də Polad Həşimovun anasının qarşısına çıxan jurnalist bu məsuliyyəti anlamırsa, dərk etmirsə, biz onları necə media sayaq? Bu düşmənçilikdir, dövlətə, onun onilliklərlə yaratdığı ənənələrə, dəyərlər sisteminə, milli və mental mövcudluğumuza, təhtəlşüurumuza, mənəviyyatımıza açılan atəşdir...

Yox, əgər bilərəkdən edirsinizsə, bu səhvləri etməyinizə səbəb cahilliyiniz və bisavadlığınız deyilsə, daha da pis, daha da ayıb, daha böyük düşmənçilik! Kimə işləyirsiniz, sifarişləri haradan alırsınız?!

Hər kəs bildiyi işin qulpundan yapışmalıdır. Ən böyük vətənpərvərlik vəzifəni vicdanla, peşəkarlıqla yerinə yetirməkdir. Media – başqa sahələrdə uğur qazana bilməyənlərin, nadürüstlərin, namərdlərin, cahillərin, orta məktəb attestatı almağa belə savadı yetməyənlərin, binamus və biqeyrətlərin gizləndiyi “səngər” olmamalıdır. Burada təxribat var, araşdırılmalı və günahkarlar cəzalandırlmalıdır.

Səmayə Ananın dilindən səsləndirilən ittihamlar Müdafiə Nazirliyinin rəhbərliyinə ünvanlanıb. Konkret olaraq MN Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevə. Mərhum Polad Həşimovun anasının həqiqətlə yaxından-uzaqdan heç bir əlaqəsi olmayan iddiası odur ki, K.Vəliyev onun oğlunun ölümündə günahkardır. Onu öldürüb ki, Polada verilməli olan vəzifə ona həvalə edilsin.

Kərim Vəliyevi az-çox tanıyanlar onun necə peşəkar hərbçi, milli və dövləti məsələlərdə dönməz mövqeli və korrupsiyaya bulaşmayan generallarımızdan biri olduğunu bilir. Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyevin şəhid olmasından sonra onun mediaya verdyi qısa açıqlamanı xatırlayırsınız? Yutubda var, baxmayanlar baxsın. Təcrübəli və hazırlıqlı hərbçi kameraların qarşısında üzgünlüyünü, göz yaşını, səsinin titrəməsini gizlədə bilmirdi. Bilirsiniz niyə? Çünki Poladı öz balası, yetirməsi kimi sevirdi. Poladı həmişə qoruyub - eşitdiyim, öyrəndiyim qədər. Ona edilən haqsızlıqların qarşısını gücünün yetdiyi qədər alıb. Hətta səhv etmirəmsə, nazir Səfər Əbiyevin dövründə P.Həşimov hərbi rütbəsinin azaldılması ilə cəzalandırılanda və ordudan küsəndə, bu barədə ölkə rəhbərliyini də məhz K.Vəliyev məlumatlandırıb. Bundan sonra Ali Baş Komandan İlham Əliyev Poladı daha yüksək rütbə ilə təltif edib və onu orduya bağlayıb. K.Vəliyev Polada dəstək olmasaydı, çox güman o, - istefa ərizəsi də yazmışdı, - ordudan gedəcəkdi və biz bu qəhrəman oğlanın varlığından xəbərsiz olacaqdıq. Hansı ki, o, İkinci Qarabağ savaşında bizi Qələbəyə ruhlandıran simvollardan biri oldu. Analar öz oğullarını Polada görə ürəklə ölüm-dirim savaşına yola saldılar. Çünki Polad bizə öyrətdi ki, Şəhidlik zirvədir. Bir gün hamımız ölüb gedəcəyik. Kimimiz bir az tez, kimimiz bir az gec. Hər gün ən müxtəlif səbəblərdən onlarla insan ölür gözümüzün önündə. Amma fərqi göstərən Poladdır. Ölümü Ölümsüzləşdirən Odur. Belə bir igidin, belə bir oğulun arxasından danışarlar heç, danışdırarlar heç? Anası olsa belə.


Gəlin, məsələyə geniş spektrdən baxaq: Polad kimi oğullar, bizim şəhid balalarımız bir ailənin, bir evin övladı olmaqdan çıxıblar. Onlar elin, millətin, dövlətin oğullarıdır. Bunu nəhayət, anlayaraq o Oğulları məişət, qeybət, umu-küsü səviyyəsinə endirmək olmaz. Hətta onların öz ailə üzvlərinə qadağan edilməli, öyrədilməlidir bu.

Yaxşı, bir ana, bir yaşlı qadın bunları bilməyə bilər, amma bunu yayanlar bilməliydi ki, Polad Həşimov korpus komandirinin müavini idi. Onun Müdafiə Nazirliyinin Baş Qərargah rəisi postuna gətirilməsi hərbi ənənələrə, qayda və ierarxiyaya uyğun deyildi və o zaman K.Vəliyev olmayan bir planın qarşısını necə ala bilərdi? Özü də Poladın fiziki məhvini “təşkil etməklə”?..

Çox təəssüflər olsun ki, Birinci Qarabağ müharibəsindən bu günədək ön cəbhədəki fədakarlıqlar, xidmətlər hansısa özləri görünməyən, üzdə olmayan qüvvələrin əliylə bax, beləcə gözdən salınır. Bu qara qüvvələr beyinlərə yeritməyə çalışır ki, Xocalı soyqırımını da özümüz törətmişik, Qarabağı da özümüz ermənilərə peşkəş etmişik, qəhrəman oğullarımızı da özümüz öldürmüşük. Nə qədər zərərli və təhlükəlilidir, fərqindəsinizmi? Xocalı qətliamını özümüz necə törədə bilərdik? Qarabağı özümüz necə uduza bilərdik? Ordunu necə qırğına verə bilərdik? Belə çıxır ki, ermənilərin heç bir günahı yoxdur? O vaxtkı rəhbərliyin səriştəsizliyi, bacarıqsızlığı vardı, amma bütün günahları özümüzə yükləmək düşmən dəyirmanına su tökməkdir. Qələbələrimizi gözdən salmaqdır. Tovuz təxribatlarını öz generallarımızın təşkil etdiyini iddia etmək ondan sonrakı bütün prosesi – müharibəyə hazırlığı, savaşı, Ali Baş Komandanın fədakarlıqlarını, bütün imkan və potensialı orduya yönəltməyini, Ordumuzun qəhrəmanlıqlarını gözdən salmaq, Ermənistanı ağa, təmizə çıxarmaq cəhdi dövlətə qarşı cinayət deyilmi?..

Ana, həmçinin, bildirir ki, ona qarşı diqqətsizlik var. Tovuz olayından bu yana Səmayə xanım qədər TV efirlərində gördüyümüz ikinci bir sima – şəhid anası, yaxını varmı? Hətta inanın ki, onun tez-tez efirlərə dəvət edilməsinə bir ara əsəbiləşirdim ki, dərdli anaya bu qədər əziyyət vermək, yormaq, incitmək olmaz. Millət vəkilləri tanıyıram ki, imkan düşdükcə yoluxurlar, Səmayə xanımın görüşünə gedirlər; ziyalılar, sənətçilər, jurnalistlər baş çəkirlər. Ali Baş Komandan İlham Əliyevin faciədən dərhal sonra Səmayə anaya zəng etməsi xatirimizdədir. Şəhid generalımıza “Azərbaycanın Milli Qəhrəmanı” kimi yüksək titul, ad verilib. Adına küçə, prospekt, parklar salınıb.

Təbii, oğlu ölən ananı ovutmaq, yarasını sarıb-sarmalamaq mümkünsüzdür. Nə etsək, azdır, əvəzini qaytara bilmərik. Amma Şuşanın azadlığı üçün şəhid əsgər yoldaşının nəşi ilə silah-sursatını çiyninə alıb sıldırım qayaları dırmaşan şəhid əsgərlərimizi heç tanımırıq axı. Onların anaları da şəhid analarıdır...

Şuşada – Zəfər günü ərəfəsində Cıdır düzündə generallara layiq has çadırdan Səmayə ana çıxıb xüsusi təyinatlılarımız qarşısında çıxış etmədimi? Diqqət, ehtiram göstərilməyən, unudulan Ana orada, o müqəddəs yerdə, o müqəddəs missiya ilə çıxa bilərdimi, görünə bilərdimi? Ən ali, ən nəcib münasibət deyildimi Şəhid Anasına?! Bu müqəddəs amalın arxasından Mehriban xanım Əliyevanın nəcibliyi görünmürdümü?..

Axı ölənlə ölmək olmur. Zaman unutdurmur, sağaltmır, amma ovudur, ağrılar ilk günlərdəki kimi acıtmır, yandırıb-yaxmır. O dərdlə yaşamağa alışırsan. Yasda ağlamaq, matəm tutmaq, bayramlarda şənlənmək adətdəndir. Bu ölkədə heç kəs 3000 Şəhidin ruhuna hörmətsizlik etmək niyyəti güdməyib fişəng atanda. Adam bəzən dərdlərdən də silkinmək, yenilənmək, həyata davam etmək istəyir. Bir bayram sevincini özümüzə niyə layiq görməyək, əziz insanlar?!

Və ən önəmlisi, Poladın qanı alındı axı, qisası yerdə qalmadı axı. Tovuz təxribatından az sonra Prezident İlham Əliyevin bir çıxışını xatırlayıram. Söz vermişdi ki, şəhid hərbçilərimizin qisası alınacaq. Onda heç birimizin ağlının ucundan keçmirdi ki, müharibə başlaya bilər Qarabağda. Amma İlham Əliyev torpaqlarımızı işğaldan azad etdi, Ermənistanı təslim olmağa nəcbur etdi və... şəhidlərimizin, Qarabağ uğrunda həyatını itirmiş bütün soydaşlarımızın, o cümlədən Polad Həşimovun intiqamını aldı!

Bildiyim, eşitdiyim qədər general-polkovnik Kərim Vəliyev 2 dəfə ziyarət edib Poladımızın anasını. Hər kəsin boynunun borcudur. Amma MN və yaxud digər qurumların rəsmiləri axı istəsələr belə, tez-tez ziyarətinə gedə bilməzlər o anaların, şəhidlərimizin ailə üzvlərinin. Yüksək çinli məmurlar var ki, öz valideynləri ilə görüşə bilmirlər. İşlərinin çoxluğundan: müharibədən çıxmış ölkəyik, üstəlik, koronavirus təhlükəsi var, hər yerə getmək, hər kəslə görüşmək olmur...

Çox şey yazmaq olar, problemin detallarınadək, amma yenə də daxili senzura imkan vermir. Müvazinətli, siyasi mədəniyyətin oturuşduğu toplumlarda bunları yüksək səslə ifadə etməyə zərurət yaranmazdı. Amma təəssüf ki, yaşadığımız coğrafiya, ətrafımızdakı dost kimi görünən düşmənlər, Azərbaycanın ucalmağını, ərazi bütövlüyünü təmin etməsini sinirməyən qüvvələr seyrçi qala bilmir. Ona görə “başları” şəhid doğmaları arasından da görünür.

Təəssüf...

AZƏRBAYCANREALLIĞI.COM

Bizimlə əlaqə saxlayın