OSMANQIZININ “KAŞ Kİ...”si VƏ “YUSİF VƏ KƏSRİF” HEKAYƏTİ

28, 12, 21
10:32

OSMANQIZININ “KAŞ Kİ...”si VƏ “YUSİF VƏ KƏSRİF” HEKAYƏTİ


Siyasət həddən artıq mürəkkəb, ağır və riskli qərarların qəbulunu diktə etdiyindən, ta qədimdən Şərq müdrikləri padşahlara tövsiyə edərdilər ki, qadınları siyasətdən, dövlət işlərindən uzaq saxlamaq gərəkdir. Bunu da belə əsaslandırardılar ki, Allah analıq duyğusu bəxş etdiyi qadını təbiətcə zərif və zəif - emosional yaradıb və qadın fitrətindəki bu emosionallıq da mütləq ən kritik anlarda onun davranışlarına, aldığı qərarlara təsir edər, onu sonda səhvə sürükləyər. Şərq müdriklərinin fikrincə, dövləti və xalqı idarəetmə sənəti sayılan siyasətsə qətiyyən emosionallığı sevməz, yalnız ağlın süzgəcindən keçirməklə verilən qərarlar daha doğru və uğurlu olar!

XI əsrdə iki nüfuzlu Səlcuq hökmdarının – Alparslanın və Məlikşahın vəziri olmuş, məşhur “Nizamiyyə” mədrəsələrinin banisi, dövrünün ən ağıllı, müdrik adamlarından sayılan Nizamülmülkün öz sultanları üçün yazdığı “Siyasətnamə” adlı nəsihətlər kitabında da qadın iradəsiylə qəbul olunan qərarın sonda nə ilə nəticələnə biləcəyini anladan çox ibrətamiz bir hekayət var.

Elə bilirəm, bu hekayəti təkrar bir də oxumaqla və sonra da uzun müddətdir Amerikada əyləşib Azərbaycan müxaifətinin bir hissəsini məharətlə idarə edən Sevinc Osmanqızının “Kaş ki prezidentimiz Paşinyan olaydı” hikkəsiylə bitən macərasını tutuşdurmaqla, həm ona uyanların aqibəti, həm də elə Nizamülmülkün nə qədər haqlı olub-olmadığı barədə yenidən düşünməli olacaqsınız.

Beləliklə, Nizamülmülkün “Siyasətnamə”sində bəhs edilən “Yusif və Kəsrif” hekayətinin qısa xülasəsini xatırladıram: “...Bəni-İsrail dövründə belə bir əqidə varmış: kim 40 il özünü böyük günahlardan saxlar və Allaha ibadətini də qüsursuz yerinə yetirərmişsə, bunun mükafatı olaraq, Allah da onun 3 arzusunu yerinə yetirərmiş. O vaxt Bəni-İsrail tayfasından olan Yusif adlı mömin bir şəxs düz 40 il qüsursuz şəkildə ibadətini başa vurur və Allahdan arzularını diləmək növbəsi çatır. Ancaq ha fikirləşsə də, dostlarıyla məsləhətləşsə də, Allahdan nə istəyəcəyinə qərar verə bilmir. Axırda bir gecə dərdini çox həyalı, abırlı və ismətli arvadına – Kəsrifə açır. Arvadı dərhal qərarını deyir: “Gəl, sən Allahdan xahiş et ki, məni cavanlaşdırıb, dünyanın ən gözəl qadınına çevirsin, elə sən də kef edib xoşbəxt olarsan, mən də”. Çox sevdiyi arvadının təklifi artıq yaşlanmış Yusifin ürəyincə olur və dərhal Allaha dua edir. Səhər ayılanda, gözlərinə inanmırlar: Kəsrif dünyanın ən gözəl qadını olmuşdu! O həddə ki, Kəsrifin gözəlliyindən Yusifin ürəyi gedib yıxılır, heç inana bilmir ki, bu gözəl qadın onundur...

Hər keçən gün Kəsrifin gözəlliyi daha da artır, yaşlı Yusif isə bir həftə sonra taqətdən düşür. Kəsrifin gözəlliyi bütün mahala yayılır, qadın-kişi, yaşlı-cavan demədən, hamı onu görməyə, ondakı hüsnü-camalı seyr etməyə yığışır, hətta uzaq saraydan - padşah hərəmxanasından belə, onunla təmasa can atanlar olur.

Camaatın və sarayın bu diqqəti, hüsnü-rəğbəti artıq Kəsrifin beyninə qurd salır. Bir yanda qoca və taqətdən düşmüş yoxsul əri Yusif, o biri yandan onu görmək üçün hər gün hasarlar arxasından ona tamaşa edən, onun üstündə bir-biriylə vuruşan igidlər, bu gözəlliyə ölkənin bütün sərvətini verməyə hazır Şah sarayı...

Kəsrif axırda o qənaətə gəlir ki, bu gözəlliklə o, Yusifə deyil, ölkənin padşahına layiqdir. Hər gün nəyisə bəhanə edib, Yusiflə dalaşır, uşaqlarına baxmaqdan imtina edir, axırda da qoca ərini döyür və deyir: “Mən necə sənin xörəyin olaram ki, məni doyunca yeməyə heç çörəyin də yoxdur”...

Arvadının bu harınlığından qəzəblənən və səbri tükənən yaşlı Yusif hönkür-hönkür ağlayaraq, Allah üz tutur və arvadını ayıya çevirməyi xahiş edir. Allah Yusifin ikinci duasını da dərhal qəbul edir: gözəllər gözəli Kəsrif bircə anda kələ-kötür dişi ayıya çevrilir!

Beləcə, günlər keçir, Kəsrif ayı cildindəcə evin ətrafında övladlarına baxa-baxa, gözüyaşlı halda dolaşır, nə yeyir-nə içir, arıqlayıb taqətdən düşür... Mömin Yusif arvadının bu halını gördükcə, ürəyi dözmür, qəzəbi soyuyur. Uşaqlarına da özü baxdığından, heç ibadətlərini də yerinə yetirə bilmir. Axırda çarəsiz qalıb, Allahdan üçüncü arzusunu da yerinə yetirməyi xahiş edir: “Ay Allah, bu ayıyadönmüşü lap əvvəlki halına qaytar, elə elə uşaqlara və mənə mehriban olsun, mən də ibadətlərimi yeinə yetirə bilim, daha heç nə istəmirəm”.

Beləcə, Allah Yusifin üçüncü istəyini də yerinə gətirir və onlar heç nə olmayıbmış kimi, yenə əvvəlki köhnə, kasıb hallarındaca yaşamağa davam edirlər. Yusifin 40 illik ibadətlə qazandığı 3 şansı isə arvadının ani bir həvəslə verdiyi qərar ucbatından heçə-puça çıxır...” 

Hə, dostlar, Sevinc Osmanqızının “Kaş ki bizim prezidentimiz Paşinyan olaydı” arzusu da, nədənsə, mənə ilk olaraq məhz bu hekayətdəki Kəsrifin arzusu, hikkəsi, şıltaqlığı və aqibətini çox xatırlatdı.

Kəsrifin ağlıyla qərar verən Yusif 40 illik ibadətini heçə-puça çıxardığı kimi, bizim bu Sevinc Osmanqızı da bircə kəlməsiylə onu püləyib, şişirib Azərbaycan cəmiyyətinə “azad mətbuatın qaranquşu”, “doğru sözün yeganə ünvanı”, “demokratiya mücahidi”, “xilaskar” kimi sırıyanların, efirindən Azərbaycan hakimiyyətini anti-millilikdə suçlayıb insanlarına da ağıl və siyasət dərsi keçənlərin 30 illik “ibadətini” – müxalifətçiliklərini, xidmət və zəhmətlərini bircə anda yerə vurdu!

Kəsrif cavanlaşdıqdan sonra Yusifi bəyənmədiyi kimi, bizim Sevinc Osmanqızı da hər gün efirinə çıxarıb danışdırdığı qos-qoca azərbaycanlı "müxalifət liderləri"ni də bəyənmədi, sonda məhz erməni Paşinyanı Azərbaycan prezidenti olmağa daha layiqli bildi... O millətin nümayəndəsini ki, onlar Sevincin atası Osmanı 30 il əvvəl qətlə yetirmişdilər və indi Osmanın qızının qaynar gözlərini də Azərbaycan hakimiyyətinə kin və nifrət yox, onun atasını qətlə yetirən ermənilərdən qisas almaq hissi tutmalıydı... Daha öz millətini bu qədər alçaldıb, aşağılamamalıydı!

Nə deyək? Seçim onundur. Seçdiyi, arzuladığı “prezident”iylə birgə həmişə gülərüz və xoşbəxt olsun!

AZƏRBAYCANREALLIĞI.COM

Bizimlə əlaqə saxlayın