Boş cibin utandırmağı

Köşə
 17-12-2021, 10:31     487


"Azərbaycan Reallığı" gənc şair Elşad Baratın son şeirini təqdim üdir:

Sizə görə utanıram, ciblərim.Utanıram dost-tanışın yanında.
Sizə görə qısalıbdı əllərim,
Bir qorxu var əllərimin canında.


O qorxuyla hörmətdən də düşürəm,
Məclislərdə yerim küncdü-bucaqdı.
Sizə görə mənə söz də verilmir,
Nə olsun ki, sözüm qucaq-qucaqdı.


Qucaq-qucaq utanıram özümdən,
Ayaqlarım yeriməkdən utanır,
Hərdən olur bir şad xəbər alıram,
Dodaqlarım sevinməkdən utanır.


Sevinmirəm dostlarımın toyuna,
Lal oluram, dilim üsyan eləyir,
Barmaqlarım bir-birinə yapışmır,
Utandıqca əlim üsyan eləyir.


Heç bilmirəm əllərimi neynəyim,
Utanıram öz balamın üzündən.
Sizə görə, sizə görə, ciblərim,
Adam düşür adamların gözündən.

Elşad Barat 

AZƏRBAYCANREALLIĞI.COM