Yazılan qanunlar

Köşə
 11-12-2021, 10:54     416


Biz toplum olaraq qanunları sevmirik. Əksər halda yazılmış deyil, yazılmamış qanunlar bizim üçün önəmli olub. Yazılmamış qanunları pozmaq olmaz. Yazılı qanunları pozduqda isə onsuz da onları yazılmamış qanunlar vasitəsi ilə yoluna qoyub məsuliyyətdən yayınmaq mümkündür. Prinsip, təfəkkür və qavrama dərəcəmiz bu qədər sadədir. 

Azərbaycan 30 ildir müstəqildir. Bu 30 ildə mətbuatımızla bağlı  qanunlar mövcud olub. O qanunlar kağız üzərində nəzərdə tutulduğu kimi tətbiq olunsaydı, bu gün dünyada Azərbaycan mediasından azad, güclü və mütərəqqi media olmazdı. Ən yaxşı qanun tətbiq olunmursa, o tətbiq olunan ən pis qanundan da pisdir. Biz “KİV haqqında” qanunun qüvvədə olduğu böyük bir mərhələni geridə qoymaq ərəfəsindəyik. Yeni qanunun qəbulundan sonra bu qanun öz ömrünü başa vuracaq. 

Mətbuatla az çox əlaqəsi olan adamlar və biz “KİV haqqında” qanunun qüvvədə olduğu dövrdə hansı qanunsuzluqlar edildiyini gözlərimizlə görmüş nəsilik. İndi “KİV” sözünü işlətdikdə istər-istəməz gözümüzün qarşısına KİVDF, KİVDF dedikdə isə Vüqar Səfərli – Əli Həsənov cütlüyü gəlir.

Adamlar KİV adı ilə dövlət büdcəsindən arvadın, baldızın, oğul və qızın adına açılan şirkətlər hesabına çırpışdırılan pullarla varidat yığmışdılar.

Media isə kölə vəziyyətində idi. Əli-qolu bağlı. Maddi durumu bir kənara qoyuram. Hətta qanunda nəzərdə tutulan peşə azadlığının onda birinə belə imkan verilmirdi. Nəinki hansısa dövlət qurumunda baş verən problemi, hadisəni işıqlandırmaq mümkün deyildi, hətta hansısa nazirin qonşusundan yazmaq da riskli sayılırdı. Yazardın, sabah qapına qıfıl vurulardı, qəzetin bağlanardı, domenin bloklanardı. Məhkəməsiz, filansız. Əli Həsənovun bir zəngi bəs edirdi...

İndi yeni mərhələ başlayıb. Zəlzələdən və ya vəlvələdən dünyanın qısa müddətə keçdiyi yolu biz tısbağa yerişi ilə gedirik. Olsun. Heç olmasa, bu yol irəliyə doğru olsun. İki ildir media azad nəfəs ala bilir. Dəmir pərdələr qaldırılıb. Buyurun saytlara baxın. İndi mediada daxili senzuradan başqa heç bir məhdudiyyət yoxdur. Nəyin necə təqdim olunacağını media rəhbərləri özü, media subyektinin iqtisadi, sosial və ictimai maraqlarını qorumaqla təyin edir. İndi icra başçısının xalası oğlu haqda material yayanda adamı polis idarəsinə çağırmırlar. Bu, müsbət dəyişiklikdir.
Başqa bir dəyişiklik “Media haqqında” qanunun hazırlanmasıdır. Görünən odur ki, dünyada dəyişən tendensiya Azərbaycanda da hüquqi olaraq tətbiq olunur. Bu başlanğıc sayıla bilər. 

Qanun layihəsində onlayn media haqda xeyli müddəalar var və bu ölkəmizdə ilk hüquqi baza sayıla bilər. İndi dünya ölkələri teleqram, yutub kanallarının media kimi tanınması üzərində müzakirələr aparır, bunu qanunvericiliyə salmağın yollarını axtarırlar. Gec də olsa, Azərbaycanda bu istiqamətdə ilk addımın atılması sadəcə alqışlanmalıdır. 

Bu yazıda qanun layihəsinin müddəalarına bir-bir diqqət yetirməyə ehtiyac görmürəm. Görmək istədiyim niyyətin saf olması, yanaşmanın peşəkarlığı, hədəfin dəqiqliyidir. Bunun belə olmasına isə şübhə yoxdur. Qanunlarla yaşamağı öyrənməliyik. Bu, təkcə bizə, jurnalistlərə aid deyil. Həm də məmurlara, ümumilikdə cəmiyyətə aiddir. Toplum olaraq yazılmış qanunlara əməl etmədikcə, dünyanın ən mükəmməl qanununu qəbul et, nə fayda? 

Elnur Məmmədli

AZƏRBAYCANREALLIĞI.COM